Modern.az

Kvas çəlləklərinə qurbağa atırmışlar

Kvas çəlləklərinə qurbağa atırmışlar

Reportaj

31 Avqust 2009, 15:09

RESPUBLİKA GİGİYENA VƏ EPİDEMİOLOGİYA MƏRKƏZİ 72 FİZİKİ ŞƏXSİ CƏRİMƏLƏYİB

Sərinləşdirici içkilərin keyfiyyəti ilə bağlı məsələ həmişə aktual olaraq qalır. Bakıda yolların kənarında, park və bağlarda qoyulan kvas çəlləklərini görməmiş olmazsınız. Kvas satanların yanından keçəndə, ayaq saxlaqıb bu sərinləşdirici içkinin dadına baxanlar az olmur. Kvas satanlar sanitar normalara riayət edirlərmi?

Bu istiqamətdə araşdırma aparmaq üçün metronun «Gənclik», «28 May», «Elmlər Akademiyası», «20 Yanvar» stansiyalarına  yaxın ərazilərdə kvas satanlarla söhbətləşdik. Məlum oldu ki, əksər yerlərdə çəlləklərdə satılan kvasın gigiyenik sertifikatı yoxdur və bu içkilər keyfiyyət standartlarına da cavab vermir. Stəkanlar təmiz yuyulmur, birdəfəlik stəkanlardan isə istifadə olunmur. Kvas satışındakı belə vəziyyət müxtəlif yoluxucu xəstəliklərin yayılmasına şərait yaratmaya bilməz.

«Gənclik» stansiyasının həndəvərində kvas satan azyaşlı İsmayılla söhbətləşdik. O, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən bu yerdə su satışına icazə verilməsi barədə sənədi bizə göstərdi. İsmayıl gigiyenik sertifikatın olduğunu bildirsə də, onu üzə çıxarmadı.

Ərazidə digər kvas satan oğlan isə bildirdi ki, sənədlər obyektin müdirində olur. Müdir Gündüz adlı şəxslə  əlaqə yaratmağa çalışsaq da, səylərimiz nəticə vermədi. Satıcı “birdəfəlik stəkandan niyə istifadə etmirsiniz» sualıma “heç kim onunla içmək istəmir” cavabı verməklə yalan danışmağa çalışdı.

Metronun «28 May» stansiyasının çıxışında (Milli Banka gedən yolda) kvas satan gənc oğlan da sənədlərin qaydasında olduğunu dedi, amma onları bizə göstərə bilmədi.

Həmin küçədə kvas satan digər satıcı da eyni sözü dedi. Müsahibimiz bildirdi ki, satış üçün zəbt etdikləri yerə görə yerhaqqı verirlər, amma «kimə» sualına cavab verməkdən yayındı.

«20 Yanvar» stansiyası yaxınlığında kvas satan Əli adlı şəxs etiraf etdi ki, kvas çəlləklərinə əvvəllər qurbağa atırmışlar ki, içkini sərin saxlasın. Amma indi bu üsuldan istifadə etmirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyinov Modern.az-a bildirib ki, kvas satışında qanunsuzluq baş alıb gedir, əhaliyə saxta içki təklif olunur. Ekspert onu da qeyd edib ki, küçələrdə satılan kvas çəlləklərinin heç birinin gigiyenik sertifikatı yoxdur. Onun sözlərinə görə, bu işlə Respublika Gigiyena və Epidemologiya Mərkəzi, İqtisadi İnkişaf  Nazirliyi maraqlanmalıdır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov saytımıza bildrib ki, onlar problemlə tanışdırlar, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları ilə birgə monitorinq də keçiriblər və 73 fiziki şəxs cərimələnib. Mərkəz monitorinqin nəticələrinə müvafiq olaraq, Daxili İşlər Nazirliyinə müvafiq məktublar göndərib. Şöbə müdiri bildirib ki, respublikanın baş dövlət sanitar həkiminin verdiyi qərarla açıq su və şirə satışı qadağandır. Amma əksər hallarda kimlərinsə himayəsində olan obyektlər qadağaya əməl etmir.

                              

Günay Musayeva

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir