Modern.az

“Məmməd Nazimoğlunun mətbuatda çap olunmayan yazıları var”

“Məmməd Nazimoğlunun mətbuatda çap olunmayan yazıları var”

28 Sentyabr 2009, 10:29

Bu gün dəyərli həmkarımız mərhum Məmməd Nazimoğlunun doğum günüdür. Yaşasaydı, 50 yaşı tamam olacaqdı. Ailə üzvləri bu yubileyi onsuz qeyd edir, təmtəraqsız-filansız. Məmməd Nazimoğlunun 50 yaşının tamamında oğlu Orxan Məmmədli ilə həmsöhbət olduq.
- Ailəsi Məmməd Nazimoğlunu yubileyini necə qeyd etməyi düşünür?
- Hələ o gücdə deyilik ki, təmtəraqlı tədbir-filan düzənləyək. Amma ailə tədbiri təbii ki, olacaq. Gələcəkdə imkan daxilində onun 55-60 illiyini daha geniş şəkildə keçirmək istərdim. Bu mənə ən azı mənəvi təsəlli olardı...
- Atanın yaradıcılığı ilə çoxmu maraqlanırdın? Səncə Məmməd Nazimoğlu mətbuatda niyə “Çayçı Məmməd” imzası ilə çıxış edirdi?
- Bəli, onun yazı-pozularını sağlığında da izləyirdim, həyatdan köçəndən sonra da tez-tez əlyazmalarını vərəqləyirəm. Mənim mülahizəmə görə, bəzən siyasi söhbətləri oturub çayxanada müzakirə edirlər. Çünki çayxanada söhbət şirin olur. Yəqin buna görə o, bəzi yazılarında “Çayçı Məmməd” imzasından istifadə edirdi. Atamın yazılarında bir şirinlik, sadəlik vardı...
- Mən bilən ailədə üç qardaşsınız...
- Elədir, üç qardaşıq. Biz beş nəfər idik. Atam, anam və onların üç oğlu. Anam Ellada Umudlu da uzun müddət jurnalistikada çalışıb. Müxtəlif qəzetlərdə çıxış edib, dövlət televiziyasında işləyib. Sonra səhhəti ilə əlaqədar işləyə bilmədi. Böyük oğul mənəm. Ortancıl qardaşım Araz indi hərbi xidmətdədir. Hər ikimiz təhsilimizi bitirmişik. Kiçik qardaşım Aruz isə tələbədir. Demək olar ki, hər üçümüz eyni sahələrdə ixtisaslaşmışıq.
-Bilmirsən, atanla ananın tanışlığı necə olub?
-Bildiyim qədər onlar jurnalistika fakultəsində eyni qrup yoldaşı olublar. Elə tanışlıqları da ordan başlayıb...
-Oğlanlarından hansısa Məmməd Nazimoğlunun davamçısı olacaq?
-Heç birimiz jurnalistika ilə məşğul deyilik. Ancaq həyatın işini bilmək olmaz. Bəlkə də gələcəkdə onun davamçısı özüm oldum. Çünki çox istəyirəm ki, yaradıcı işlə məşğu olum.
-Atanın ən yaxın dostu kim idi?
- Deyərdim ki, dostu yox dostları vardı. Amma konkret ad çəkmək istəmirəm. Çünki ola bilsin kimisə yaddan çıxara bilərəm, inciyərlər.
- Məmməd Nazimoğlunun adını daşıyan Fonddan ailənizə köməklik göstərilibmi?
- Müəyyən qədər köməklik edilib.
- Bəs dostları necə, atanın ölümündən sonra onlardan kim daha çox sizə dəstək olub?
- Mən heç vaxt kimsədən maddi köməklik gözləməmişəm. Bunu qüruruma sığışdırmaram da. Ancaq atamın elə dostları vardı ki, ölümündən sonra həqiqətən onlardan mənəvi köməklik gözləyirdim, təəssüf ki, bunun şahidi olmadım.
Bizi yaddan çıxarmayan dostları var. Amma atamın ölümündən sonra onun ailəsini unudan dostları da mən başa düşürəm. Ola bilsin dostları ancaq ona yaxın olublar. Bu o demək deyil ki, atamla dost olublarsa, deməli heç vaxt bizi də yaddan çıxarmamalıdırlar. Vaxtında atama hörmət edib, xətrini istəyiblərsə, elə bu mənimçün xoşdur.
- Məmməd müəllimin elə bir yazısı varmı ki, hələ mətbuatda işıq üzü görməyib?
- Bəli belə yazılar var. Hətta bir şeirini də rəhmətə gedəndən sonra dostları tapmışdı.
- Bəlkə çap olunmayan yazıları mətbuatda dərc elətdirəsən?
- Buna söz verə bilmərəm. Axtarıb tapmaq lazımdır.
- Atanın yazılarını külliyyat halında nəşr etdirmək fikrin varmı?
-Necə deyərlər, söz vaxtına çəkər...Atamın ölümündən sonra bəzi dostları demişdi ki, Məmmədin 50 illik yubileyində yazılarını külliyyat halında buraxdıracaqlar. Hələlik deyəsən bu baş tutmayıb. İnşallah, çalışacam gələcəkdə bu işi özüm edim.

 

Günay Musayeva

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir