Modern.az

İlham Əliyev: "Danışıqlar prosesində heç bir irəliləyiş olmadı"

İlham Əliyev: "Danışıqlar prosesində heç bir irəliləyiş olmadı"

Təhsil

9 Yanvar 2014, 23:26

Yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda çızış edən dövlət başçısı İlham Əliyev bir sıra məsələlərə toxunub.

Prezident 2013-cü ilin Azərbaycan üçün uğurlu il olduğunu qeyd edib. “Beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Şübhəsiz ki, beynəlxalq birlik bu amilləri nəzərə alaraq Azərbaycana dəstəyini daha da artıracaqdır”.
 
İlham Əliyev bildirib ki, 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğrayıb.
”Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır.
Bu hadisə bir də onu göstərmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır. Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar”.

Prezidentin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmayıb.

”Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir. Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır.
Ancaq əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial.
Hesab etmirəm ki, hansısa bir ölkə üçün ancaq xarici yardıma arxalanmaq böyük şərəf gətirir. Hər bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşünsün. Hər halda güclər nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi. Mən bu barədə hələ 5-6 il bundan əvvəl demişəm, öz fikirlərimi bildirmişəm. Artıq biz buna nail ola bilmişik və bundan sonrakı dövr də şübhəsiz, Azərbaycan dövləti üstünlüyünü daha da möhkəmləndirəcəkdir.
Ümid edirik ki, danışıqlar prosesində müsbət dəyişikliklər olacaqdır. Beynəlxalq vasitəçilər çalışırlar ki, burada irəliləyiş olsun. Ancaq mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ ki, heç bir nəticəsi olmamışdır. Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən müsbət bəyanatları eşidirik. Onların içində xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatlarında status-kvonun qəbuledilməzliyi haqqında sözlər deyilmişdir. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ vardır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir.
Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq”.


İlham Əliyev Azərbaycanın hərbi gücünün artdığını, 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atıldığını vurğulayıb.

”Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır. Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir.
Bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar, yaxud da, Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir.
Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il həll olunmuşdur, 20 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulur. Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik. Çünki hələ ki, məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda ağır vəziyyətdə yaşayan köçkünlər kifayət qədərdir. Artıq bu proses də başlamışdır və davam etdiriləcəkdir”.

Prezident Azərbaycanda ümumi daxili məhsulun 6 faiz, qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artdığını, inflyasiyanın 2,4 faiz olduğunu deyib.

“İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır...
Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir…
…Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür, 5,3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir”.

İlham Əliyevin sözlərinə görə, artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar bağlanıb. O, deyib ki, “Şahdəniz-2” investisiya sazişi Azərbaycana böyük dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi.

”Biz anlayırdıq ki, bu layihənin lideri olmalıdır və liderlik funksiyasını öz üzərimizə götürdük. Bu, böyük məsuliyyətdir. Həm siyasi məsuliyyətdir, həm maliyyə məsuliyyətidir. Ancaq son illər ərzində yaratdığımız güclü iqtisadiyyat bu gün imkan verir ki, biz bu layihələrdə də, qlobal xarakter daşıyan layihələrdə də liderlik keyfiyyətlərimizi ortaya qoyaq. Bu gün Avropanın enerji təhlükəsizliyi məsələlərinin bir hissəsi Azərbaycan tərəfindən irəli sürülmüş layihələr hesabına təmin ediləcəkdir. Bu layihənin əhəmiyyəti o qədər böyükdür ki, gələcək illər mənim sözlərimi bir daha təsdiqləyəcəkdir”.

”Biz bundan sonra da fəal işləməliyik, ölkəmizi gücləndirməliyik, Azərbaycan xalqının rifah halını təmin etməliyik”-deyə president vurğulayıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?