Modern.az

Keçmiş deputat: “Heç vaxt siyasətçi olmaq istəməmişəm, deputat seçilməyim də təsadüfən baş verdi” - MÜSAHİBƏ

Keçmiş deputat: “Heç vaxt siyasətçi olmaq istəməmişəm, deputat seçilməyim də təsadüfən baş verdi” - MÜSAHİBƏ

13 Yanvar 2014, 11:27

Rizvan Cəbiyev: “Memuar yazmaq fikrinə düşmüşəm”

Modern.az saytı “Sabiq deputatlar” layihəsini davam etdirir. Budəfəki müsahibimiz Milli Məclisin keçmiş üzvü, əməkdar jurnalist,  "KİV haqqında" və "İctimai Televiziya haqqında" qanunların yaradıcısı Rizvan Cəbiyevdir.  

-  Rizvan müəllim, hazırda nə işlə məşğulsunuz?

-  Qocalığın dadını çıxardıram. İnsan ömründə bütün yaşların öz ləzzəti var. Qocalığın ləzzəti də nəvələrlə oynamaqdır.

-  Təqaüdə çıxandan sonra sizə işləmək təklifləri gəldimi?

- Təbii ki, oldu. Amma mən istəmədim, çünki öz işim var.

Sirr deyilsə, harda çalışırsınız?

-  Peşəkar jurnalistin daimi iş yeri onun yazı masasıdır. Məni bu masadan ancaq ölüm ayıra bilər.

-  Onda sualı başqa cür verim: nə üzərində çalışırısınız? Memuar yazmaq fikriniz yoxdur ki?

-  Uzun, əzablı həyat yolu keçən ahıl jurnalist üçün həmişə yazmağa bir şey tapılır. Doğru bildiniz! Həqiqətən memuar yazmaq fikrinə düşmüşəm. Əvvəl xeyli tərəddüd etdim: dəyərmi? Sadə bir jurnalist ömrünə məna verən şeylər başqaları üçün maraqlı görünəcəkmi? Ən başlıcası isə həyatımın bütün döngə-dönəmlərini, gizlinlərini etiraf etməyə cəsarətim çatacaqmı? Uzun götür-qoy edəndən sonra ağlıma məni ruhlandıran bir fikir gəldi: Bir jurnalist kimi həyatım boyu çox dəyərli insanlarla görüşmüşəm. Mənim ömür yolum insanlar üçün maraqsız görünə bilər, ancaq Azərbaycanımızın taleyində çox mühüm rol oynayan görkəmli şəxsiyyətlərin, böyük ziyalıların, siyasət və əmək adamlarının, güclü cazibəsi mütləq oxucuları özünə çəkəcək. Cəsarətə gələndə... məhz cəsarətim uzun illər mənim qəbahətim sayılıb, həyatda irəli getməyimə mane olub. Beləliklə, indi üzərində işlədiyim xatirələrin başlıca qəhrəmanları həyatımdan keçən insanlar olacaq, ona görə də kitaba “Ömrümdən keçən insanlar” başlığını vermək istəyirəm. Yolun yarıdan çoxu keçilib artıq.

- Oxucular bu kitabla nə vaxt tanış olacaqlar?

- Qismət olsa, ömür vəfa etsə, bu ilin sonuna qədər yazını nəşriyyata təqdim etmək istəyirəm.

-Milli Məclisin deputatı Rizvan Cəbiyevin on illik həyatı  jurnalist Rizvan Cəbiyevin gözü ilə necə görünür?

- Düzünü desəm, mən özümə kənardan baxmağı bacarmıram. Ancaq parlament dönəminin yaddaşımda ayrı yeri var. İndi dönüb arxaya baxanda, o illəri bir az qüssə, bir az da həsrətlə xatırlayıram. Həyatımın ən dolu , ən faydalı, ən qürurverici illəri idi o illər. Mənim Milli Məclisə gəlməyim heç gözləmədiyim halda, tam təsadüfən baş verdi. Ümumiyyətlə, heç vaxt siyasətçi olmaq istəməmişəm, çünki siyasət meydanı yaradıcı adamın yeri deyil. Mən indi xırda təfərrüatlar üzərində dayanmaq istəmirəm, çox vaxt aparar.

Düzü, əvvəllər çox çətinlik çəkirdim, çünki alışmadığım bir aləmə düşmüşdüm. Təcrübəm yoxdu, biliyim çatmırdı, qanunvericlik yaradıcılığından xəbərsiz idim. Kənardan hər şey çox sadə görünə bilər, əslində deputatlıq fəaliyyəti çox çətin və mürəkkəb bir sahədir. Gərək hüquqi biliyini artırasan, dünya ölkələrinin qanunvericilik təcrübələrini öyrənəsən, yeni qanun layihələrinin hazırlanmasında və müzakirəsində fəal iştirak edəsən, rayonda kəndbəkənd gəzib seçicilərlə görüşəsən. Onların istəklərini və çətinliklərini öyrənəsən, problemlərini müvafiq icra strukturlarına və Milli Məclisin tribunasına daşıyasan, bu problemlərin həlli üçün tez-tez məmurların qapılarını çalasan. Bunlar həqiqətən əsəbi, ağır və bezdirici işlərdir. Vaxt çatmırdı, bəzən həftələrlə gecələri yatmırdım, Sloveniyanın, Türkiyənin, Almaniyanın, Fransanın, ABŞ-ın bizdə müzakirəsi keçiriləcək layihələrə uyğun gələn müvafiq qanunlarını əldə edib öz pulumla tərcümə etdirir və öyrənirdim. Bir dəfə hüquq siyasəti komissiyasının qanun layihəsinin müzakirəsi zamanı çox kəskin çıxış etdim, layihəyə çoxlu iradlar tutdum. Bu komissiyanın sədri Zakir Zeynalovun xoşuna gəlmədi, iradlarımı qətiyyətlə rədd edib əks arqumentlər gətirdi. Ertəsi gün tutduğum iradların doğruluğunu təsdiq edən 15-ə yaxın qanunu ona təqdim edəndə, Zakir müəllim əvvəlcə gözlərinə inanmadı, təqdim etdiyim qanunvericilik  təcrübələrini öyrənəndən sonra növbəti plenar iclasda tribunaya qalxıb məndən üzr istədi, iradlarımın isə doğru olduğunu etiraf etdi. Tam səmimi deyirəm, Milli Məclisdə hamı elə bilirdi ki, mən ixtisasca hüququşünasam. Halbuki, Milli Məclisə deputat seçilənə qədər qanun yaradıcılığı barədə ən azı təsəvvürüm belə yox idi.

Mən hər gün öyrənirdim, öyrənməkdən doymurdum. Öyrəndiklərim isə həmişə karıma gəlirdi. Xüsusilə Avropa ekspertləri ilə dialoqlarımız zamanı onların mənsub olduqları ölkələrin qanunvericiliyindən gətirdiyim örnəklər bu ekspertləri həmişə çaş-baş salırdı.

Seçicilərlə görüşmək üçün xüsusi bir sistem hazırlamışdım. Hər həftə plenar iclaslar olmayan günlərdə Kürdəmir rayonuna gedib, bir neçə kəndi gəzir, insanların arzu və tələblərini öyrənib qeydlər aparır, yerli icra strukturuna aid olan məsələləri icra başçısı ilə müzakirə edir, Bakıya aid olanları müvafiq nazirliklərə çatdırırdım. Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yüksək əxlaqi keyfiyytələrə malik bir məmur idi, biz onunla yaxşı anlaşırdıq, bu isə seçicilərimin tələblərinin yerinə yetirilməsinə həmişə pozitiv təsir göstərirdi. 

Bu gün iftixarla deyə bilərəm ki, birinci çağırış Milli Məclis deputatları arasında ilk dəfə məhz mənim təşəbbüsümlə yeddi kənddə təzə məktəb binası tikildi, elektrik şəbəkəsinin vəziyyətini yaxşılaşdırmaq üçün təzə yarımstansiya quruldu, Ağsudan Kürdəmirə 32 kilometrlik su kəmərinin çəkilməsi üçün büdcədən vəsait ayrıldı, kəndarası yolların təmirinə başlanıldı.

Seçicilərim mənə inanmağa başladılar, onlar yanıma ümidlə gəlirdilər, mən də var qüvvəmlə çalışırdım ki, onların bu ümidini doğruldum.


- Parlamentin bugünkü fəaliyyəti sizi qane edirmi?

- Mənim razı qalıb-qalmamağım nəyi dəyişə bilər ki? Əsas olan seçicilərin bu fəaliyyətdən razı qalmalarıdır. Bayaq dediyim kimi, parlament fəaliyyəti ağır, gərgin, hərtərəfli iş tələb edir. Bizim dörümüzdə də, elə indi də bəzi depuatatlar var ki, bir neçə vəzifə daşıyırlar. Bu vəzifələrin hamısının öhdəsindən gəlmək üçün sutkanı beş dəfə uzatsan, yenə bəs etməz. Bir nəfərin üzərinə bu qədər ağır öhdəliklərin düşməsini heç cür başa düşə bilmirəm. Hələ orasını demirəm ki, qanunvericlik pedaqoji fəaliyyətdən başqa digər ödənişli vəzifələrdə çalışmağı deputata qadağan edir. Görünür, elə bu üzdən bəzi deputatlar komitə və plenar iclaslarda bircə dəfə ağızlarını açıb danışmırlar, hətta qanun layihələrini belə oxumurlar. Mənim fikrimcə, Milli Məclisin iş rejimi xeyli dərəcədə qüsurludur. Dünyanın heç bir yerində parlamentlər bizdə olduğu qədər az müzakirələr keçirmir. Fransa, Türkiyə, Rusiya, bir çox başqa ölkələrdə qanun layihələrinin müzakirələri hər gün, ehtiyac olarsa hətta üç növbədə aparılır. Bizdə isə deputatlar plenar iclaslara həftədə vur-tut iki dəfə toplaşırlar. Elə buna görə də vaxt darlığından qanun layihələri sürətlə müzakirə olunur, maddə-maddə, cümlə-cümlə deyil, fəsil-fəsil səsverməyə çıxarılır. Bu isə öz növbəsində qəbul olunmuş qanunların keyfiyyətinə mütləq mənfi təsir göstərir. Yaxşı yadımdadır, üç oxunuşu aylarla sürməli olan böyük həcmli “Vergi məcəlləsi” qısa bir müddətdə, cəmi bir həftədə qəbul olundu. Altı ay sonra isə həmin məcəlləyə 600-dən çox əlavə və dəyişikliklər, redaktə xarakterli düzəlişlər gəldi.

- Sizcə, internet mediası yavaş-yavaş dövri mətbuatı sıxışdırıb aradan çıxarırmı? Qəzet oxucularının sayı günbəgün azalır, əvəzində internet istifadəçilərinin sayı sürətlə çoxalır. Nə vaxtsa dövri mətbuata ehtiyac qalmayacağını real sayırsınızmı?

- Yox, saymıram. Ənənəvi media ilə yeni medianı bir-birinə qarşı qoymağın əleyhinəyəm. İnformasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı təkcə sosial medianı inkişaf etdirməyəcək, dövrü mətbuatı da sürətlə dəyişməyə, çevik və peşəkar  olmağa məcbur edəcək.

Ona görə də jurnalist əməyinin cəmiyyətin durulmasına, şəffaflaşmasına təsirinin artırılması yolları üzərində düşünməyə ehtiyac var.

O ki qaldı sosial mediaya... Əksəriyyətin yeni media adlandırdğı internet şəbəkələrinin hüdudları həqiqətən nəhayətsizdir. Sabah onun daha yüksək zirvələrə dırmanacağı qaçınılmazdır. Bu gün internet mediası ilə təkcə peşəkarlar deyil, kiçikdən böyüyə hər kəs məşğul olur. Bu iş o qədər kütləviləşib ki, ömründə əlinə qələm almayanalar da bloqlar yaradır, qəzet açır, informasiyalar paylaşırlar. Jurnalistika bütün dünyanı məşğul edən ən önəmli peşəyə çevrilib.  Soruşsanız ki, bu yaxşıdır, ya pis, doğrusu, birmənalı cavab vermək çox çətindir.  Əlbəttə, bu, bir tərəfdən yaxşıdır ki, insanlar evlərindən çıxmadan dünyanın ən ucqar guşələri ilə əlaqə qurmaq, fikirlərini bölüşmək, gündəm yaratmaq, bəşəriyyəti düşündürən problemlər barədə müzakirələr açmaq imkanına malik olublar. Buradakı mövzu genişliyinə, müstəqilliyinə, düşüncə və ifadə azadlığına sadəcə həsəd aparmaq olar. Digər tərəfdən, məncə, internet media həm də bəşəriyyəti böyük bəlalara sürükləyir. Dələduzların, oğruların, canilərin cəmiyyət qarşısında heç bir məsuliyyət daşımayan avaraların, millətçilərin, şovinistlərin, faşistlərin internet vasitəsi ilə nə kimi tufanlar qopara biləcəklərini, taleləri şikəst edəcəklərini, dezinformasiyaların artacağını, yalanla həqiqətin sərhədlərinin itəcəyini də inamla söyləmək olar. Çünki bu qədər genişliklə sərbəstlik  mütləq anarxiyaya gətirəcək, xaosa yol açacaq. Qanunlarla idarə olunmayan bir dünyada fəlakətlərin baş verməsi qaçınılmazdır. Hələ ki internet media insanların azadlıqlarına qucaq açan yepyeni bir dünya kimi görünür. Sabah nə baş verəcəyini isə indidən söyləmək çətindir.

    - Rizvan müəllim, ənənəvi mediadan danışarkən çox doğru olaraq peşəkarlığı önə çəkdiniz. Sizcə, peşəkar jurnalist necə olmalıdır?

- Peşəkarlıq son nəticə olaraq, keyfiyyətin yüksəldilməsinə pozitiv təsir göstərən bir amildir. Jurnalistika fakültəsinin tələbələri üçün yazılan bütün dərsliklərdə peşəkar olmaq üçün bir siyahısı sadalanır:  Ədəbi istedad, ədalətlilik, qərəzsizlik və tərəfsizlik ixtisas təhsilinə və geniş dünya görüşünə yiyələnmək, bir neçə dil bilmək, analitik düşüncəyə və dərin müşahidə qabiliyyətinə malik olmaq, texniki nailiyyətlərdən istifadə etməyi bacarmaq və s. Şübhəsiz ki, bu keyfiyyətlərin hamısı çox vacibdir. Ancaq sən bu qüsurlu təhsil sistemində və xirtdəyəcən çamura batan batan cəmiyyətdə “super insanı” haradan tapacaqsan? Uzun illərin təcrübəsinə söykənərək, əminliklə deyə bilərəm ki, peşəkar jurnalist də ona hava su kimi lazım olan beş keyfiyyəti olmalıdır.

Birincisi peşəyə sevgi-peşəsinə məhəbbəti olmayan jurnalist qərib ömrü yaşayan insan kimi nə qədər çırpınsa da, heç vaxt xoşbəxt olmayacaq, hər vaxt sıxıntı çəkəcək.

İikincisi cəsarət-jurnalisti jurnalist eləyən onun cəsarətidir. Gözəl qələmin, şirin dilin, hamını heyran qoyan üslubun ola bilər, ancaq gördüklərini və əldə etdiyin faktları qorxmadan, çəkinmədən, güzəştə getmədən yazmağa, yazdıqlarını sona qədər müdafiə etməyə cəsarətin yoxdursa, heç vaxt peşəkar jurnalist ola bilməyəcəksən.

Üçüncüsü müstəqillik-müstəqillik olmadan mətbuatda azadlıq mümkün deyil. Ya azadsan cəmiyyətə, ya da köləsən, şeytana xidmət edəcəksən.

Dördüncüsü vicdanlılıq-vicdanlı jurnalist ədalətli tərəfsiz və qərəzsiz jurnalistdir. Heç vaxt haqqı tapdamaz, güclünün, imkanlının qarşısında əyilməz.

Cəmiyyət qarşısında məsuliyyət daşımaq bu dörd nişanənin məcmusu kimi meydana gəlir. Cəmiyyət qarşısında məsuliyyət daşıyan jurnalist düşündüyü kimi danışır, danışdığı kimi yazır, yazdığı kimi də yaşayır. Əgər sən yazdığın kimi yaşamırsansa, deməli, xislətində bir qüsur var.


- Mətbuatımızın bu günü və sabahı barədə nə düşünürsünüz? Keçmişlə müqayisədə mətbuatımız indi  harada durur?

- Məgər köşklər mətbuatımızın harada dayandığını göstərmirmi? Kağız üzərində 3 minə yaxın qəzet qeydə alınıb. Onlardan cəmi 50-si, ya da 100-ü çap olunur. Reallıqda isə hər gün köşklərdə vur-tut 3-4 qəzet satılır, qalanları isə gəldiyi kimi toxunulmadan geri qayıdır. Artıq on illərdir ki, vəziyyət bu gündədir. Zəhmli Mətbuat Şurası, adı olub özü olmayan Jurnalistlər Birliyi, onlarla digər ictimai təşkilatlar mətbuatımızın dirçəldilməsi üçün illərdir “çaba” göstərirlər. Ölkəmizdə mətbuata həqiqətən dövlət qayğısı var. Mətbuata yardım fondu xeyli işlər görür, mükafatlı müsabiqələr keçirir, yardımlar edir, ölkə prezidentinin yaxın köməyi ilə jurnalistlər üçün yaşayış evləri tikildi və istifadəyə verildi. Bütün bunların fonunda mətbuatımız 20 il əvvəlki yerindən bir qarış da qabağa getməyib. “Bəs niyə belə olub” sualına isə birmənalı cavab vermək çətindir. Artıq qulaqları yağır eləyən standart frazalar da köməyə çatmır: mətbuata təzyiq var, reklam düzgün bölüşdürülmür, peşəkar kadrlar çatışmır,  qəzetlərin satışına əngəl törədilir və s. Bütün bunlar quru bəhanədən başqa bir şey deyil. Səbəb daha dərindədir. 20-30 il bundan əvvəllə müqayisədə cəmiyyət böyük sürətlə dəyişir, inkişaf edir, media isə hələ də “Əkinçi” dövrünü yaşayır. Qəzetlərimizin böyük əksəriyyəti maddi cəhətdən yaxşı durumda deyil.  Sponsor axtarışı fəlakətli nəticələr verir, çünki kimin arabasına minsən onun da havasına oynamalısan. Əgər sovet dövründə qəzetlərin bir ağası vardısa, indi yüz ağası var. Hər qəzetin arxasında bir partiya, hər jurnalistin arxasında bir iş adamı, bir qolu zorlu dayanıb. Köklü, radikal islahatlar keçirilməsə, bu problemlər hələ uzun illər yerində qalacaq.

- Rizvan müəllim, media haqqında bugünkü bütün qanunvericilik bazası sizin rəhbərlik etdiyiniz işçi qrupunda hazırlanıb. Bu qanunlar mükəmməldir, dünya və Avropa məkanında ən yaxşılardan hesab olunur. Həmin qanunların hazırlanmasında, müzakirə və qəbul edilməsində sizin rolunuz danılmazdır. Bəs, nə üçün KİV haqqında qanunvericilik paketinə “Diffamasiya haqqında” qanunu salmadınız?

- Əvvəla, ünvanıma söylədiyiniz xoş sözlərə görə sizə minnətdaram. Bu gün heç kəs xatırlamır ki, o mükəmməl dediyiniz qanunvericilik  bazasını yazıb ərsəyə gətirmək üçün biz nə qədər əziyyətlər çəkdik. Kimlərlə sözün həqiqi mənasında vuruşmalı və mübarizə aparmalı olduq. Yadınıza salın: “KİV haqqında” qanunu iki dəfə dəyişdik. “İnformasiya əldə etmək haqqında” qanunun qəbulu üç il yubandı. “İctimai Televiziya və Radio yayımı haqqında” qanunla bağlı Avropa Şurasının ekspertləri ilə dərin münaqişə yaşadıq və öz mövqeyimizi qəbul etdirə bildik. Bu gün hamı bunları unudub. Sanki Rizvan Cəbiyev heç yerli-dibli olmayıb. Mən ən çox jurnalist həmkarlarımdan və Mətbuat Şurasından incimişəm. O ki qaldı “Diffamasiya haqqında” qanuna, mən o qanunu 3-4 variantda işləyib hazırlamışdım. Həmin variantları indi də arxivimdə saxlayıram. Sonra o qanundan imtina etdim. Bilirisinizmi, niyə? Fikirləşdim ki, bu qanun Milli Məclisdə qəbul olunsa, cəmiyyətə xeyrindən çox zərəri dəyəcək. Şərəf və ləyaqət Azərbaycan cəmiyyəti üçün çox həssas bir məsələdir. Bu sahədəki hər hansı boşluq düzəldilməsi mümkün olmayan faciəyə gətirib çıxarar. Avropa ilə Azərbaycan cəmiyyəti arasında həm milli, həm də tarixi zəmində xeyli fərqlər var. Məsələn, Avropada cinsi azlıqların bir-birilə evlənməsi normal bir şey sayılır. Bu məsələ Azərbaycanda  nə indi , nə də yüz il sonra qəbul edilə bilməz. Xalqın mentaliteti buna yol vermir. Halbuki Avropa Şurası bizdən təkidlə belə bir qanun qəbul olunmasını tələb edirdi. Avropada belə hesab edirlər ki, jurnalist istədiyi şəxs barədə ən nalayiq, ən təhqiramiz formada məqalə yaza bilər. Çünki mətbuat azadlığının meyarı budur. Bizim xalq bu meyarı qəbul etmir və heç vaxt da qəbul etməz. Sən birinin anasını-bacısını söyərsən, o da səninlə barışmaz düşmənə çevrilər. Və bir gün mütləq intiqam alar. İndi Avropa Media İnstitutu görün bununla bağlı nə yazır: “Mətbuat azadlığı o deməkdir ki, jurnalist ən ağılsız, ən mədəniyyətsiz, ən xoşagəlməz həqiqətə uyğun olmayan qorxulu və araqarışdıran informasiyaları qəzetlərdə çap etdirə və efirə verə bilər”. Hələ bu harasıdır, görün bu bəyanatda daha sonra nə deyilir: “Hüquqi təsnifatı hələ dəqiqləşdirilməmiş səhvlərin və günahların, o cümlədən, separatizmin dəstəklənməsini, milli heysiyyata toxunulmasının qarşısını almağa yönəldilən qanunlar azadlığına ağır zərbələr vura bilər”. Bu gün hər bir Azərbaycan vətəndaşının içərisində yatan əxlaq qanununa görə milli heysiyyatın təhqir olunması ən ağır cinayət sayılır və istənilən Azərbaycan kişisi, ya da qadını bu əməlinin qarşısı qanunla alınmazsa, ona daxilindəki əxlaq qanununa uyğun şəkildə itkilər təkbaşına həll etməyə qalxışar. “Diffamasiya haqqında” qanun isə şərəf və ləyaqətin alçaldılmasını demokratiyanın, mətbuat azadlığının bir ünsürü sayır və hər hansı şəkildə cəzalandırılmasının əleyhinədir. Biz bir millət olaraq buna hazırıqmı? Qətiyyətlə deyə bilərəm: yox. Sabah hazır olacağıqmı? Bu suala isə nə mənfi, nə də müsbət cavab verməyə qətiyyətim çatmır.

- Televiziya kanallarını izləyirsinizmi? Sizcə, bu gün televiziya məkanında hansı qüsurlar mövcuddur?

- Qüsurlardan söz açmazdan qabaq ədalət naminə qeyd edim ki, telekanallarımızda verilişlərin keyfiyyətini yüksəltmək üçün son dönəmlər böyük çaba hiss olunur. Görünür, Milli Televiziya və Radio Şurasının ardıcıl şəkildə keçirdiyi monitorinqlər və digər sanballı tədbirlər öz müsbət təsirini göstərməkdədir. Ancaq təəssüf ki, bunlar hələ kifayət deyil. Köklü radikal dəyişikliklər aparılmalıdır. Hələ də proqramlar kasaddır. Bir-birindən rəngarəng və cəlbedici verilişlər azdır. Mövzu yeknəsəqliyi, bir-birinə oxşayan darıxdırıcı şoular, şit-duzsuz zarafatlar, milli mentalitetdən uzaq səhnələr hələ də qalmaqdadır. Televiziya bir məktəbdir, ona baxan hər kəs nəyisə öyrənməlidir. Övladının bic olduğunu iddia edən atalardan, yeniyetmə yaşında ehtirasına qurban gedən qızlardan, çətinlik qarşısında arvad kimi ağlayıb göz yaşı tökən kişilərdən televiziya tamaşaçısı nə örnək ala bilər? Xüsusilə, canlı verilişlərdəki yersiz qalmaqallar, ədəb qaydasından kənara çıxılması, dövlət dilinin tələblərinin pozulması seyircidə dərin təəssüf  hissi doğurur. Qəbul olunmuş dünya təcrübəsi budur ki, canlı verilişlərin “menyusu”  qabaqcadan düşünülmüş şəkildə hazırlanır. Şikayətçilərin kimliyi, tələblərinin məğzi, əsaslı olub-olmaması mütləq öncədən araşdırılıb dəqiqləşdirilir, yalnız bundan sonra həmin  süjet canlı efirə buraxılır. Bəzi kanallardakı canlı verilişlərə baxanda isə belə təəssürat yaranır ki, verilişə ayrılan saatı doldurmaq xatirinə adamları küçədən tutub zorla proqrama gətiriblər. Ancaq buna baxmayaraq, mən pessimist deyiləm. Qələbəyə gedən yol məğlubiyyətdən, doğruya gedən yol səhvlərdən keçir. Bu gün həqiqətən yüksək potensialı olan aparıcılarımız, prodüsserlərimiz, yaxşı qələmi olan jurnalistlər nəsli yetişməkdədir. Çox inanmaq istəyirəm ki, Azərbaycan tamaşaçısı yaxın gələcəkdə keyfiyyətli proqramlara baxmaq üçün başqa ölkələrin kanallarını axtarmaq məcburiyyətində qalmayacaq.


- Rizvan müəllim, ictimai teleradio yayımının formalaşdırılmasında əməyiniz çox olub. Sizcə, ictimai yayım nədir və kanal yaradılmasına səbəb olan missiyanın öhdəsindən gələ bilirmi?

- “İctimai Televiziya və Radio yayımı haqqında” qanunu işləyib hazırlayarkən bir ictimai kanalı kommersiya kanallarından fərqləndirən 6 başlıca istiqamət müəyyənləşdirdik. Birincisi, yayım ölkənin ən azı 95 faiz ərazisindəki auditoriyaya çatdırılmalıdır, ikincisi, bu yayım kommersiya maraqlarından və hər cür digər qazanclardan uzaq tutulmalıdır, üçüncüsü, ictimai yayın bilavasitə vətəndaşların vəsaiti hesabına maliyyələşdirilməlidir, dördüncüsü yayımın təsis və idarəçiliyinə, ona nəzarət edilməsinə geniş ictimaiyyət cəlb olunmalıdır, beşincisi cəmiyyətdə milli-mənəvi özünü dərkin formalaşdırılması məqsədilə milliyyətindən, irqindən, cinsindən, dini baxışlarından və siyasi mövqeyindən asılı olmayaraq ölkə vətəndaşlarının hər birinin maraqlarına xidmət edən maraqlı proqramlar hazırlanmalıdır, altıncısı, yayım hər cür təsirlərdən - həm dövlət, həm də kommersiya və siyasi təzyiqlərdən qorunmalıdır. Bu missiyanın öhdəsindən gələ bilmək üçün qanun İctimai Televiziya və Radio yayımı şirkətinin qarşısında 3 başlıca vəzifə qoyub: 1.Vətəndaşların informasiya almaq hüququnun həyata keçirilməsi. 2. Maarifləndirici, məlumatlandırıcı və əyləndirici proqramlar vasitəsilə vətəndaşların ümumi maraqlarının təmin edilməsi. 3.Efirdə hər kəsin öz fikrini sərbəst şəkildə idarə etməsinə bərabər imkanlar yaradılması.

Qanun bu 3 vəzifəni yerinə yetirərkən, həmçinin ictimai yayımçı 3 tələb qoyub:

- Proqramların keyfiyyətinə diqqət yetirilsin

- İnformasiyanın qərəzsizliyini və tərəfsizliyini təmin etsin

- Verilişlərin rəngarəngliyinə daim diqqəti artırsın.

Nəhayət, qanundan irəli gələn bu 3 vəzifə və tələbi həyata keçirən ictimai yayımçı öz fəaliyyətini 3 təməl prinsipi üzərində qurmalıdır.

1. Müstəqil olmalıdır

2. Universal olmalıdır

3. Kommersiya yayımlarından ciddi şəkildə fərqlənməlidir.

Mən sizə “İctimai Televiziya və Radio yayımı haqqında” qanunun bütün mahiyyətini açan qısa tezisləri verdim. İndi siz özünüz müqayisə edib nəticə çıxarın: İctimai kanal öz missiyasının öhdəsindən gələ bilirmi, əgər gəlirsə onda necə gəlir? Əgər məndən soruşursuzsa, qısaca belə deyim: Xeyr gəlmir. Bu gün İctimai Televiziya mədəniyyət kanalının təkrarına çevrilib və öz mahiyyətindən xeyli uzaq düşüb. Qanunun müəyyənləşdirdiyi tələb və vəzifələri diqqətlə öyrənərək ictimai kanalın səkkiz illik fəaliyyəti ilə tutuşdurduqda bunu daha aydın görmək olar.

- Sizcə, Rizvan Cəbiyev kimdir?

- Bunu mən sizdən soruşmalıyam. Çünki insanın kimliyi kənardan daha yaxşı görünür. Soruşmusunuz, cavab verməyə çalışım. 74 yaşım var. İnanın, hələ də özümü tanıyıb kəşf edə bilməmişəm. İçimdə iki “mən” yaşayır. Hamının tanıdığı Rizvan Cəbiyev sakit təbiətli, ailəcanlı, hər şeyi və hər kəsi sevən, xeyirxahlıq etməyi xoşlayan, başıaşağı bir adamdır. Bir də içimdə heç kəsin, hətta özümün də tanımadığım səbirsiz, dikbaş, savaşqan bir Rizvan yaşayır. Onun nə vaxt nə edəcəyi bəlli deyil. Gah sakit təbiətli Rizvanla elə dostlaşır ki, aralarından su da keçmir, gah da düşmən olur, onu məşhər ayağına çəkir. İçimdəki bu üsyankar ruhu açıb buraxmağa cəsarətim çatmadı. Qorxdum açığı. Kaş bu qədər gecikməyəydim. İndi bu yaşda etirafım kimə və nəyə yarar ki? 


- Həyatınızı doğrumu yaşamısınız?

- Bilmirəm, hər halda, doğru bildiyim kimi yaşamağa çalışmışam. Səhvlərim çox olub. Səhvlər bizim müəllimimizdir, onlardan qorxmaq lazım deyil. O bizə yanlış addımlardan nəticə çıxarmağı öyrədir. Ömrüm boyu inancıma sarılmışam. İndi dəqiq bilirəm, Allah inancına sarılanları sevir. Amma paradoks nədədir, bilirsinizmi? İnsanı səhvləri yetişdirir. Jurnalistin isə səhv etməyə haqqı yoxdur. Jurnalistin hər yanlış informasiyası bir insan faciəsinə səbəb olur. Biz ancaq doğruları və yalnız doğruları yazmağa məhkumuq. Ona görə də gərək yüz ölçüb bir biçək.

- Yaxın olduğunuz deputat dostlarınız varmı? Onlarla görüşürsünüzmü?

- Təbii ki, var. Mənim həyatımda ən böyük sərvətim dostlarımdır.  Yeni Azərbaycan Partiyasında da, Milli Məclisin indiki və sabiq deputatları arasında da belə dostlarım var. Jurnalist dostlarım çoxdur. Tez-tez zəngləşir, vaxtaşırı görüşürük, ötən günləri xatırlayıb nostalji hisslər keçiririk, nərd-şahmat oynayırıq, “91-lər” hərəkatının üzvləri ilə daha sıx əlaqələrimiz olur. Ulu öndər  Heydər Əliyevin məzarı üstünə gedir, onun ruhunu hörmətlə yad edirik, abidəsi önünə tər çiçəklər qoyuruq. Yeni Azərbaycan Partiyasının veteranları kimi xatırlanmalı, müzakirə edilməli gündəm məsələlər barədə diskussiyalar aparır və fikirlərimizi bölüşürük.

- YAP-ın ictimai-siyasi tədbirlərində yenə əvvəlki kimi iştirak edirsinizmi?

- Əlbəttə, sağ olsun partiya yoldaşlarım. Bizi unutmurlar. Bütün tədbirlərə dəvət edirlər. Unudulmadığını bu yaşda da nəyəsə yaradığını bilmək insana çox xoş gəlir.

- Ailəniz haqqında danışaq...

- Mən şəxsi həyatım haqqında danışmağı sevmirəm. Cavanlıqda da belə idi, indi də belədir. Çünki ailəm mənim tabumdur. Elə hisslər var ki, onları kağıza tökə bilməzsən. Elə sirlər var ki, səninlə qəbir evinə getməlidir. Elə dərdlər var ki, tək çəkilər, başqaları onu bilməməlidir. Elə sevinclər var ki, heç kəslə paylaşılmaz, səssiz-səmirsiz yaşanır. Mənim həyat fəlsəfəm belədir: Ailə özəldir, toxunulmazdır və başqaları ilə müzakirə edilməz. 

- Övladlarınız nə işlə məşğuldur? Oğlunuz Anar Nağılbaz son zamanlar ekranlarda niyə az görünür?

- Təkcə onu deyə bilərəm ki, övladlarımın üçü də iş-güc, ailə sahibidir. Onların mənim yolumla getmələrini istəmədim. Çünki jurnalistin səfasından çox, cəfası var. O ki qaldı Anar Nağılbaza, cəmiyyətdə onu məndən daha çox tanıyırlar. Bu günlərdə məni şoka salan bir əhvalat oldu. Onu sizə danışım.  Anası 5 yaşlı nəvəmə öyüd-nəsihət verir ki, bağçada özünü yaxşı apar. Qoy görsünlər ki, Rizvan Cəbiyevin nəvəsi necə ağıllı oğlandır. Nəvəm anasına nə cavab versə yaxşıdır? Mənim atam Rizvan Cəbiyev deyil ki, Anar Nağılbazdır. Atamı hamı tanıyır, amma babamı heç kəs tanımır. Görürsünüz, 5 yaşlı uşağın düşüncəsini...?










Pərvin ARZUQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub