Modern.az

Vahid Əhmədov: “Namizədliyimi indi deputat olduğum dairədən irəli sürəcəm”

Vahid Əhmədov: “Namizədliyimi indi deputat olduğum dairədən irəli sürəcəm”

17 May 2010, 12:41

 

Modern.az saytının suallarını mıllət vəkili Vahid Əhmədov cavablandırır

 

- Vahid müəllim, təbii fəlakətlərin iqtisadiyyatımıza vurduğu zərbənin miqyası barədə nə demək olar?

- Dünyanın istənilən ölkəsində baş verən təbii fəlakətlər  iqtisdiyyata müəyyən qədər mənfi təsir göstərir. Ona görə də Azərbaycanda da son vaxtlar təbii fəlakətlərlə əlaqədar ciddi hadisələr baş verir. Bir sıra dağ rayonlarında torpaq sürüşmələri, çayların öz məcrasından çıxıb daşması nəticəsində əkin sahələrinin məhv olması, evlərin su altında qalması, o cümlədən Kür çayının daşması ilə əlaqədar olaraq Salyan, Sabirabad, Saatlı, İmişli və digər rayonların müəyyən hissəsinin su altında qalması, bunların hamısı təbii ki, Azərbaycan iqtisadiyyatına təsir göstərəcək. Kürün daşması Kürətrafı yerlərdə əkin sahələrini yararsız hala saldı ki, əlbəttə bu, Azərbaycanın iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatına mənfi təsir göstərəcək. Digər tərəfdən də həmin hadisələr zamanı evlərini itirmiş insanların problemləri də Azərbaycanın iqtisadiyyatına təsir göstərəcək. Amma Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş dövlətlərin iqtisadiyyatı səviyyəsindədir. Ehtiyatımız böyükdür, 22,5 milyard dollara yaxın dövlətin ehtiyatı var. Məhz buna görə də dövlət başcısı göstəriş verdi ki, heç bir fond yaradılmasın, yardımlar edilməsin. Bütün ehtiyaclar dövlət büdcəsindən, ehtiyat fonddan ödəniləcək. Ona görə də ciddi problemlər olmamalıdır. Təbii ki, bu hadisələr kənd təsərrüfatı məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək. Amma bir az əvvəl qeyd etdiyim kimi ehtiyatımız var. Lazım olanda, xarici bazarlardan müəyyən idxal mümkün olacaq.

- Üçüncü Çağırış parlamentin fəaliyyəti bir neçə aydan sonra başa çatır. Ötən müddətdə dəfələrlə məsələ qaldırılmasına baxmayaraq insanların sovetlər dönəmindən qalan əmanətləri geri qaytarılmadı. Əmanətçilər batan əmanətlərdən əllərini birdəfəlik üzməlidirlərmi?

- Bilirsiniz, əmanətlərlə bağlı məsələni biz dəfələrələ qaldırmışıq.  Bu məsələ ilə bağlı seçicilərin çoxsaylı şikayətləri var. Həmin müraciətləri mən də Mərkəzi Banka, “Kapital Bank”a və digər əlaqəli təşkilatlara göndərmişəm ki, araşdırsanlar. Bu məsələ ilə bağlı yalnız öz dairəmdən deyil, bütün ərazilərdən minlərlə seçici qəbul etmişəm. Onlar əmanətlərini tələb edirlər. Faktiki olaraq MDB ölkələrində əmanətlər insanlara qaytarılıb. Amma proses tam başa çatmayıb. Hətta Ermənistan qərar çıxarıb ki, yaşlı insanların əmanətləri qaytarılsın. Azərbaycanda da 2006-cı ildə bununla bağlı Prezidentin sərəncamı olub. Sərəncama əsasən, komissiya da yaradılıb. Bunun üçün büdcədən 40 milyon vəsait nəzərdə tutulmuşdu. Ancaq sonradan müəyən dəyişikliklər oldu. Ona görə də proses dayandı. Əsas gətirildi ki, burada müəyyən problemlər var. Müəyyən narazılıqlar ola bilər. Bilirsiniz, harada pul, əmlak var, orda problemlər, narazılıqlar olur. Bundan qorxmaq lazım deyil. Dövlət başcısı siyasi qərarını vermişdisə, iqtisadi təmayüllü nazirliklər, hökumət üzvləri bunu həll etməli idilər ki, bu gün  belə ciddi problem yaşanmasın. Baxın, sovet vaxtında kassaya pul qoymaq o qədər də rahat deyildi. Yəni qazanmaq çətin idi, hər şey nəzarətdə idi. Bazar iqtisadiyyatı deyildi ki, gedib yüz yerdə işləyəsən, qazanasan. İnsanlar ağır günləri üçün bu pulu toplayıb banklara qoymuşdular.

Bu çağırış Milli Məclis dövründə məsələni Milli Məclisdə dəfələrlə qaldırmışam. Sonradan spiker Oqtay Əsədov bildirdi ki, bununla bağlı komissiya yaradılmalıdır. Komissiya yaratdıq. Sədr 1-2 dəfə müəyyən təkliflər verdi, qanun layihəsi də hazırlanıb verildi, ancaq sonra məsələ qapandı.

Bu ilin mart ayında hökümət hesabat verəndə təzədən məsələni qaldırdım ki, əmanətləri qaytarmayacaqsınızsa, camaata açıq deyin. Yox, vermək fikrindəsinizsə, Prezidentin də sərəncamı var, bunu icra etmək lazımdır. Məsələ belə açıq qalıb.

- Əmanət sahiblərinin neçə faizininsə dünyasını dəyişdiyi barədə statistika varmı? - Bunu deyə bilmərəm. Amma qeyd edə bilərəm ki, əmanətlərin 70 faizə qədəri 2000 manata qədər olan əmanətlərdir, 10 faizə qədəri bir qədər yüksəkdir, hardasa 10 min manatdan yuxarıdır. Qalan 20 faizi də 2 min 10 min civarında olan əmanətlərdir. Burada ciddi problem yoxdur. Azərbaycanın müstəqilliyi 20 ilə yaxındır ki, elan edilib. Bu pullar alın təri ilə qazanılmışdı və mütləq verilməlidir. Mən alternativ görmürəm. - Üçüncü Çağırış Milli Məclisin fəaliyyətini necə qiymətləndiririsiniz? - Milli Məclisin ümumi fəaliyyətini müsbət qiymətləndirirəm. Səlahiyyəti daxilində Milli Məclisin fəaliyyəti müsbətdir. Xüsusilə Milli Məclisin sədri Oqtay Əsədovun adını çəkmək istərdim, o,  insanlarla təmas qurmağı, onları dinləməyi bacarır. Ancaq qeyd edim ki, Milli Məclisin səlahiyyəti olduqca aşağıdır. Biz hökümətin hesabatını dinləyirik, amma orda müəyyən dəyişikliklər etməyə nail olmaq çox çətin problemlər yaradır. - Sizə elə gəlmir ki, bu gün bizdə deputatlar bəzən “JEK” müdirləri tərəfindən belə qəbul edilmirlər. Bunun səbəbini nə ilə izah etmək olar? - Bilirsiniz, bunlar hamısı Milli Məclisin statusu ilə əlaqəlidir. Mənim yadıma gəlir, 1990-1995-ci illərdə Milli Məclisin deputatı idim, həm də İqtisadi siyasət komitəsinin sədri idim. Nazirlər komitə sədrinə hesabat verirdilər. Nazirlərin hesabatını komitədə qeyri-qənaətbəxş hesab edərək geri qaytarırdıq. Bütün məsələlərə dövlətçilik baxımından yanaşırdıq. Ancaq indi elə məsələ yoxdur, axı. Bayaq mən qeyd etdim, nazir başa düşür ki, biz istəsək də, istəməsək də, o qanun qəbul olunacaq. Çünki o cənab Prezidentdən gəlib. Cənab Prezidentdən gələn qanunu biz heç vaxt geri qaytarmırıq. Yalnız müəyyən razılaşmalar əsasında müəyyən dəyişilik edirik. Ona görə də bundan istifadə edən məmurlar var. Fikir verin, son vaxtlar məmur özbaşınalığıdır, hətta deputatları qəbul etmirlər. Bu hallar var, bunu biz müşahidə edirik. - Bunun səbəbini nədə görürsünüz? - Millət vəkilini gərək xalq seçsin. Xalq əgər millət vəkilinə etimad göstərirsə, onu seçirsə, o millət vəkili də arxayın öz sözünü deyəcək. Ancaq millət vəkili kabinetində oturacaqsa, xalqın taleyi ilə maraqlanmayacaqsa, o millət vəkili təbii ki, çətinliklərlə üzləşəcək. Həmişə fikir verirəm, deməli, Milli Məclisdə millət vəkilləri var ki, istənilən halda sözlərini deyirlər, iradlarını bildirirlər. Elələri də var ki, bildirmirlər, bildirməkdə çətinlik çəkirlər, müəyyən asılılıqlar var burda, bunu hamımız başa düşürük. Amma yenə deyirəm xalq seçən millət vəkili həmişə öz sözünü deyir. - Parlament seçkisi ərəfəsi olmasına baxmayaraq siyasi aləmdə süstlükdür... - Mən belə hesab etmirəm. Seçkilərə hələ start verilməyib. Yalnız qərar var ki, 7 noyabrda seçkilər keçiriləcək. İyun ayından başalayaraq yəqin ki, prosesə start veriləcək, dairələr təsdiq olunacaq. O zaman bilinəcək ki, kim harda öz namizədliyi verməli olacaq, aktivlik də nə qədər olacaq. Digər tərəfdən partiyalararası danışıqlar gedir. Ona görə də mənə elə gəlir ki, aktivlik hələ qabaqdadır, biz bunun şahidi olacağıq. - Siyasi partiya demişkən, sizə partiyalardan hansısa təklif gəlibmi? - Müəyyən təkliflər olur. Ancaq bu il də namizədliyimi yenə də indi deputat olduğum dairədən irəli sürəcəm. Mənim partiyalara ehtiyacım yoxdur. Keçən 4 il yarım müddətində mən seçicilərimlə mütəmadi görüşlər keçirmişəm. Onların problemlərini həll etmişəm. Namizədliyimin irəli sürülməsi həm də seçicilərin tələbidir. - Növbəti parlamentin tərkibini necə görmək istərdiniz? -

Mən növbəti parlamentdə daha çox demokratik fikirli insanları görmək istəyərdim. İstər YAP-dan, istərsə də müxalifətdən olsun, ancaq fikrini deyən, millətini sevən, millətin qayğısına qalan, öz şəxsi mənafeyini millətin mənafeyindən üstün tutmayan insanları millət vəkilləri görmək istəyərəm. Millət vəkili danışanda sağına-soluna baxmamalıdır. Ola bilsin onun fikri hansısa nazirin, millət vəkilinin xoşuna gəlməsin, bunun məsələyə dəxli yoxdur. Bilirsiniz, millət vəkili millətin vəkili olmalıdır. Yəni millət səni seçirsə, sən onu müdafiə etməlisən, onun sözünü deməlisən. Mən 2005-ci il seçkilərində çox ciddi mübarizə apardım. Cənab Prezident də mənə bu məsələlərdə kömək edib. Deyim ki, deputatlıq dövrümdə yadıma gəlmir ki,  hansısa nazirdən nəsə xahiş edim, o məsələyə biganə yanaşsın. Bu insanın özünün keyfiyyətindən də asılıdır.

- İndiki tərkibin neçə faizinin dəyişməsini istərdiniz? - Fikrimcə, ən azı 30-40 faizi dəyişməlidir. Açığı, qadın deputatlarımız arasında demokratik fikirli insanlar daha çoxdur. Bəzilərinin çıxışları çox xoşuma gəlir. Məsələn, Qənirə Paşayeva, Gültəkin Hacıbəyli, bu xanımlar çox savadlı, yüksək səviyyədə, həm beynəlxalq, yerli, həm də  seçildikləri dairə ilə bağlı məsələlər qaldırırlar. Bütün məsələlərə dövlətçilik baxımından yanaşırlar. Həm də Milli Məclisdə qadınların olması yaxşıdır, kişilər müəyyən qədər özlərini yığışdırırlar. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın amnistiya ilə bağlı hazırladığı qanun layihəsi minlərlə insanı azadlığa qovuşdurdu. Parlamenti gəncləşdirmək də lazımdır. Ancaq hər gənci də mən orda görmək istəməzdim. Milli Məclis millətin taleyini həll edən orqandır. Burada dünyagörmüş, elmdən başı çıxan insanların olması daha çox diqqətə layiqdir. Gənclərə etiraz etmirəm, ancaq eləsini seçmək lazımdır ki, Milli Məclisdə sözün desin, milləti müdafiə etsin. Yoxsa gəlsin, otursun, getsin, buna ehtiyac yoxdur. Hər halda yaşlı insanlar var ki, onların bir kəlməsi digərləri üçün qanun şəklində qəbul olunub. Nəyə görə Sovet vaxtı Ali Sovetin sessiyasını açanda ən yaşlı insanı seçirdilər ki, sessiya sədri o olmalıdır. Bunlar dünyanı görmüş insanlardır. Mən parlamentdə çıxış edəndə əvvəlcə fikirləşirəm ki, bu sözü belə desəm necə olar? Qəbul olunar, olunmaz. Bunun hamısı çox önəmli məsələlərdi. - Vahid müəllim, növbəti parlament seçkiləri ilə bağlı ilkin proqnozlarınızı bilmək olarmı? - Mübarizə olacaq. Bilirsiniz, YAP güclü partiyadır. Dövlət başcısı bu təşkilatın sədridir. Dövlət başcısına xalqın hörməti böyükdür. Bəzən mən vəzifəli adamlarla, deputatlarla mübahisə edirəm, deyirəm ki, İlham Əliyevin yerinə kim olsaydı, bu qədər məsuliyyəti üzərinə götürməzdi. Səbəbini də deyim, o, hakimiyyətə gələndə heç nəyə ehtiyacı yox idi. Ancaq o, millətə yol açmaq, sabaha aparmaq üçün bu qədər məsuliyyətli işə razılıq verdi. Baxın, minlərlə məktəb, səhiyyə ocaqları, yollar inşa olunu, tikintilər aparılır və s. Açıq deyək, görülən işləri saymaq mümkün deyil. İndi Yeni Azərbaycan Partiyasının ən müsbət cəhəti odur ki, onun lideri İlham Əliyevdir. Ona görə də qarşıdan gəlkən parlament seçkilərində YAP-ın qələbəsi şəksizdir. Diqqət edirəm, müxalifət pariyaları da müəyyən danışıqlar aparır. Burada birləşmək niyyəti də var. Ümumi müxalifətin 15-20 deputat mandatı qazanması da mümkündür.   Təhminə Paşayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi