Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu gün Bakıya səfərə gəlib. Modern.az xəbər verir ki, Türkiyənin hökumət başçısını Heydər Əliyev adına hava limanında Azərbaycanın rəsmi şəxsləri qarşılayıb.
Bakıda danışıqlar gedişində Ərdoğan ikitərəfli münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələlərini müzakirə edəcək.
Bundan əlavə, Azərbaycanın Türkiyəyə təbii qaz satmasına dair saziş imzalanacağı gözlənilir.
Türkiyə baş nazirinin Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün abidəsinin açılışı mərasimində iştirakı da nəzərdə tutulub. Atatürkün heykəli Bakının Nəsimi rayonunda, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində - Türkiyə səfirliyinin qarşısında qoyulub.
Ərdoğan Bakıya İrandan gəlib. Bundan sonra Ərdoğan Batumidə olacaq, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşərək birgə mətbuat konfransı keçirəcək.. Ərdoğan Batumidən İspaniyaya yollanacaq.