Modern.az

Xaricdə dini təhsil alan azərbaycanlıar - Dövlət Komitəsi və Təhsil Nazirliyindən AÇIQLAMA

Xaricdə dini təhsil alan azərbaycanlıar - Dövlət Komitəsi və Təhsil Nazirliyindən AÇIQLAMA

16 Yanvar 2014, 10:00

Bu gün yüzlərlə gənc istər dövlət xətti, istərsə də öz təşəbbüsləri ilə xaricdə təhsil almağa çalışırlar. Azərbaycandan kənarda, yəni İslam ölkələrində dini təhsil alan gənclər də var. Lakin onların sayı və hansı ölkələrdə oxuduqları barədə rəsmi bir məlumat yoxdur. Üstəlik, “Dini etiqad azadlığı haqqında” Qanunun 24-cü maddəsinə əsasən, vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) ilə razılaşdırılmaqla, dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir. Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli də təsdiqləyib. Lakin o, hazırda Azərbaycandan kənarda nə qədər gəncin dini təhsil alması barədə məlumatlı olmadığını bildirib.

“Bunların sayı barədə Komitədə məlumat yoxdur. Bu məlumat Təhsil Nazirliyinə aiddir”.

Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, xaricdə dövlət hesabına təhsil “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. “Bu günə qədər Dövlət Proqramının prioritet ixtisas istiqamətləri sırasında dini təhsil yer almayıb. Eyni zamanda bu günədək qeyd edilən istiqamət üzrə Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyən şəxslər tərəfindən Təhsil Nazirliyinə müraciət daxil olmayıb”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır