Modern.az

SSRİ-nin Azərbaycanda ləğv etdiyi QAN DAVASI

SSRİ-nin Azərbaycanda ləğv etdiyi QAN DAVASI

16 Yanvar 2014, 12:00

“Qan davası” əsasən müsəlman ölkələrinə xarakterik problemlərdəndir. Əsrin əvvələrində Azərbyacan da bu mənasız savaşdan xeyli əziyyət çəkib. Mərhum ədib Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” əsəri məhz bu rəzil qan düşmənçiliyinin ifşasına həsr olunmuşdu. Tayfa ənənələrindən doğan “qan davası” ilə bağlı kino lentlərində də fraqmentlərə rast gəlirik. Son zamanlar kriminal hadisələrdə müxtəlif motivli cinayət hadisələrinin şahidi oluruq. Maraqlıdır,  tarixdə qalmış qan davalarının rudimentləri  indi də varmı? Məsələylə bağlı Modern.az saytı sosioloq və vəkildən münasibət öyrənib.

Vəkil: “Məhkəmələrdə qan davası ilə bağlı işlər yoxdur”

Vəkil Xalid Bağırov məhkəmələrdə qan davası zəminində cinayət işlərinə rast gəlinmədiyini vurğuladı: “Mən xatırlayıram ki,  uzun illər bundan öncə belə bir hadisə olmuşdu. Bu geridə qalmış bir anlayışdır”.
Vəkilin sözlərinə görə, vətəndaşların dövlətin bəlkə də olmadığı və yaxud dövlətin onları qane eləmədiyi bir dövrdə, eləcə də adət hüququnun daha möhkəm oturuşduğu cəmiyyətlərdə qan davası olub.

“Amma sovet dönəmində qan davası məsələsi Azərbaycan cəmiyyətindən ləğv edilibb. Təhsilin inkişafı və insanların maariflənməsi bu hadisələri hafizələrdən silə bildi. Amma tək-tük də olsa, sovet dönəmində belə hallara rast gəlinirdi. Mən hesab edirəm ki, indi bu faktlar haqqında çox az məlumatlar var. Hətta mən deyərdim ki, məhkəmədə belə mən bu kimi hallar rast gəlmirəm”.

Sosioloq: “Qan davası məsələsi artıq öz aktuallığını itirib”

Sosioloq Əhməd Qəşəmoğlu indiki dövrdə qan davası üstündə insan öldürməyin ümumiyyətlə heç bir məntiqə sığmadığını deyir:
“Qədim vaxtlarda bu adət-ənənlərimiz olub. Bizim də bunların hamısının üstündən qara xətt çəkməyimiz düzgün deyil. Bu bir tarixdir və onun müəyən dövrlərində də ola bilsin ki, bu kimi hadisələr baş verib. Amma bu gün belə hadisələrə rast gəlinmir. Çünki artıq cəmiyyət dəyişib, indiki cəmiyyət 20-30 il bundan əvvəlki deyil”.

Sosioloqun sözlərinə görə, indi elə bir dövr gəlib çatıb ki, sosiallaşma kifayət qədər artıb. İnsanlarda sosial amillər daha çox rol oynamağa başlayıb.  “İndiki dövrdə bir ailənin içərisindən olan yaxınlar belə tamamilə bir-birinə əks mövqedə ola bilər. Bu normal hal kimi qarşılanır. Onlar arasında heç bir münaqişə yaşanmır. Amma bəzən elə hadisələrlə qarşılaşırıq ki, bir-birinə doğma olmayan, qəlbən uzaq olan insanlar var ki, onlar bu münaqişələrdə kimisə gedib öldürə bilər. İndi belə hadisələrə az rast gəlinir və insanlar da fərqli düşünür və cəmiyyətə baxışları dəyişib. Bütün bunlara əsaslanaraq deyə bilərəm ki, qan davası məsələsi artıq öz aktuallığını itirib”.

Əhməd Qəşəmoğlu onu da qeyd edib ki, bu kimi halların aradan götürülməsi üçün müəyyən işlər görmək lazımdır. Qardaş Türkiyənin televiziya kanallarında bunlarla bağlı düşünülmüş filmlər çəkilir.
“İndiki vaxtda bu filmlərin fəlsəfəsi ondan ibarətdir ki, onlar insanların  beynində müəyyən kök salmış mentalitetdən bəzi cəhətləri ya ortadan götürməyə xidmət edir, ya da  mentaliteti müəyyən qədər dəyişməyə xidmət edir. Teleserialların əsas fəlsəfəsi budur. Çox təssüfki bu bizdə çox aşağı səviyyədədir. Azərbaycan xalqının maarifləndirilməsi və tərəqqisi yolunda ciddi teleserial adı çəkmək mənim üçün mümkün deyil. Orta məktəblər də bu kimi maarifləndirici işlər görülsə daha yaxşı olar. Bunların arxasında əlbəttə ki, ciddi elmi təhlillər dayanır. Və bu elmi təhlillərə əsaslanmış  elmi fəaliyyət proqramları əsasında müəyyən işlər görmək olar”.

Pərvin ARZUQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı