Modern.az

MTN-nin mətbuat xidmətinin keçmiş rəhbəri: “Çox istərdim ki, atama oxşayım” - MÜSAHİBƏ

MTN-nin mətbuat xidmətinin keçmiş rəhbəri: “Çox istərdim ki, atama oxşayım” - MÜSAHİBƏ

Müsahibə

17 Yanvar 2014, 11:08

Araz Qurbanov: “Məni bir vətəndaş kimi ən çox narahat edən məqam əqidəsizliyin əqidəyə çevrilməsidir”

Modern.az saytında “Pəncərə” layihəsinin qonağı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, tanınmış  jurnalist Araz Qurbanovdur.

- Araz müəllim, saytımıza qonaq olmağınızı xahiş edəndə, tərəddüd etdiniz. Buna səbəb nə idi?

- Söhbət şəxsi maraqdan getmir. Əsas məsələ sənin həmsöhbətinə danışdıqlarının ictimaiyyət üçün nə dərəcədə maraqlı olmasındadır. Bəzən elə müsahibələr oxuyursan ki, sonra ona vaxt ayrımağına peşman olursan. Əslinə qalsa, özümü mətbuat üçün maraqlı müsahib hesab etmirəm. Odur ki, nə sizin, nə də oxucularınızın vaxtını almaq istəmədim.

- Uzun müddət müxtəlif mətbu orqanlarda çalışmısınız. Maraqlıdır, necə oldu, jurnalist olmaq ideyası yarandı?

- Jurnalistikaya meyl orta məktəbdə oxuyanda yarandı. O zamanlar “Azərbaycan pioneri” adlı qəzetdə kiçik xəbərim çıxmışdı. Sonra “Pioner” jurnalında iki hekayəm dərc olundu. “Babasının balası” və “Gecə oğrusu”. Belə qərara gəldim ki, orta məktəbi bitirəndən sonra sənədlərimi jurnalistika fakültəsinə verim. Yadımdadır, ingilis dilindən imtahanı gecə saat 3-də verdik. Əslində, imtahan gündüz olmalı idi. Sonra dedilər ki, “axşam saat 6-da gəlin”. Biz də saat 6-dan gecə saat 3-ə kimi universitetin həyətində gözlədik. Əvvəlki yazılı və şifahi imtahanlarım uğurlu olmuşdu. Hətta, ədəbiyyatdan şifahi imtahanda nəzarətçi kimi iştirak edən Mərkəzi Komitə katibi Kamran Məmmədov da məni ciddi sorğu-suala tutdu və nəhayət “5” aldım. Yalnız ingilis dilindən kəsildim. Səbəbi sonralar, növbəti il jurnalistika fakültəsinə qəbul olandan sonra mənə aydın oldu. O zaman bizə ingilis dilindən rəhmətlik Abdulla Qarayev dərs deyirdi. Məni “Moskva” sözünü guya, düz tələffüz etmədiyimə görə kəsən də o idi. İnsafən, gözəl insan idi. Bir dəfə Abdulla müəllimin yadına həmin imtahanı salanda etiraf etdi ki, göstəriş rektorluqdan verilmişdi. Universitet rəhbərliyi yazılmamış qayda qoymuşdu. Əgər eyni ildə qulluqçu ailəsindən iki uşaq qəbul imtahanı verirdisə, biri mütləq kənarlaşdırılmalı idi. Birinci il bacım da imtahan verirdi. O keçdi, məni isə “Moskva” sözü universitet qapısından kənarda saxladı. Bu mənim ilk həyat dərsim oldu. Məhz o ədalətsizliyə görə, Abdulla müəllim mənə soruşmadan zaçot yazırdı.

- Səhərə yaxın kim qarşıladı sizi?

- Artıq hava işıqlaşırdı. Universitetin həyətində atam qarşıladı. İnfarktdan təzəcə ayağa qalxmışdı. Dedim “darıxma, gələn il mütləq qəbul olacam”. Elə oldu ki, bir il müddətinə Xırdalanda  “Abşeron” qəzetində müxbir işlədim. Təsəvvür edin ki, şəhər mühitindən çıxan oğlan Abşeronun o kəndi, o ferması, o sovxozu qalmadı ki, oradan yazmasın. İlk jurnalistika müəllimlərim də “Abşeron” qəzetinin kollektivi oldu. Jurnalistika fakültəsinin gözəl müəllimlərinə isə ömrüm boyu minnətdaram. Məni 5-ci kursdan “Bakı” qəzetinə qocaman jurnalistimiz, həmin qəzetin baş redaktoru mərhum Nəsir İmanquliyev gətirdi. O vaxt “Bakı” və “Baku” axşam qəzetləri Azərbaycanın ən populyar nəşrlərindən sayılırdı. Yarım ştat müxbir kimi işə götürülsəm də, təqribən beş ay məktublar şöbəsində qeydiyyatçılıq etdim. Dözmədim. Nəsir müəllimin yanına getdim. Mənə qulaq asandan sonra dedi: “Özüm belə etmişəm. Oradan başla. Jurnalist qəzetin hər işini bilməlidir”. Sonra həmin yolu mənim tələbə yoldaşlarımdan Rauf Ağayev və İlqar Həsənov da keçdilər. Mənim jurnalistikada çox gözəl müəllimlərim olub. Nəsir İmanquliyev, Şamil Şahməmmədov, Rəfail Nağıyev, Tofiq Rüstəmov, Şakir Yaqubov, Əfqan Əsgərov, Əmir Mustafayev, Məzahir Süleymanzadə, Çingiz Hacıyev… Onlardan təkcə yazmağı yox, həm də oxucuya hörmət hissini, məsuliyyəti də öyrənirdik. Bir məsələni yada salım. Nəsir müəllim və müavini Şamil müəllim bəzən bir vergül xətasına, orfoqrafik səhvə görə nəinki cavan müxbirləri, hətta təcrübəli jurnalistləri də möhkəm, özü də lap möhkəm danlayardılar. Nəsir müəllim deyirdi: “Sabah bu məqalə bir məktəblinin əlinə düşər və sonra onun beynində qalar ki, bu yerdə vergül qoymaq lazımdır”. Bax, peşəyə həqiqi hörmət budur.


- Mətbuat azadlığından çox danışırlar. Bəs, siz mətbuat azadlığını necə dəyərləndirirsiniz?

- Absolyut azadlıq və absolyut səmimilik yalnız ruhi xəstələrdə olur. Azadlığın da hüquqi və mənəvi çərçivəsi var. Bu, təbii ki, mətbuat azadlığına da aiddir. Sui-istifadə hallarına, böhtana, yoxlanılmamış məlumatların dərcinə, başqalarının şərəf və ləyaqətinin alçaldılmasına görə məsuliyyət istisnasız olaraq, dünyanın bütün dövlətlərinin qanunvericiliyində nəzərdə tutulub. Unutmayaq ki, jurnalist fövqəl insan, hüququn fövqündə dayanan şəxs deyil, ölkə vətəndaşlarından biridir və qanunun tələbləri ona da şamil olunur. Qanunu pozmusansa, buyur, cavab ver. Peşəkar jurnalistlər isə siyasi mənsubiyyətlərindən asılı olmayaraq, məhz hüquq çərçivəsində hərəkət edirlər. Mətbuat azadlığı istədiyini istədiyin kimi yazmaq deyildir, ilk növbədə yazdığına məsuliyyətdir, cavabdehlikdir. Maksim Qorkinin bir sözü var: “Əgər sən dərc olunursansa, bu heç də o demək deyil ki, dərc olunmağa layiqsən”.

Bilirsiniz, nə ötən dövrün xiffətini çəkirəm, nə də bu dövrün jurnalistikasını tənqid edirəm. Sadəcə, bəzən milli mətbuatımızda jurnalistika ideallarının aşındığını, qrup maraqlarının peşəkarlığı sıxdığını görürəm. Deyirlər ki, sovet dövrünün jurnalistikası məhdud olub. Elə deyil. Çərçivələr istənilən cəmiyyətdə var və olmalıdır. Sovet totalitar dövrünün jurnalistikasında ən yüksək peşəkarlıq həmin çərçivələr içərisində həqiqəti oxucuya çatdırmaq idi. Azərbaycanın isə belə jurnalistləri çox olub. Jurnalistika fakültəsində bizə həmişə təlqin edilirdi ki, jurnalist ictimai xadimdir, o, ictimai fikri formalaşdıran, istiqamətləndirən mütəxəssisdir. Məgər elə deyilmi? Lakin cəmiyyət ideologiyasızlaşandan sonra bu yanaşma da aradan qaldırıldı və öz yerini “mətbuat bazarı” kimi kommersiya anlayışlarına verdi. Nəticədə, orta statistik jurnalist bazar münasibətləri şəraitində aktiv “informasiya satıcısına” çevrildi. Onu daha ideyalar, əqidə, əxlaq məsələləri, yazdıqlarının nəticələri, həqiqətə nə dərəcədə uyğunluğu maraqlandırmırdı. O, istehlakçı təfəkkürünə xidmət edən məlumat bazarında adi ticarət işçisi, korporativ maraqların təminatçısı obrazını qazandı. Siyasi mənsubiyyət ağa qara deməyə əsas verməməlidir. Sizi bilmirəm, mənim isə axırıncı dəfə nə vaxt oçerk, pamflet, felyeton, portret müsahibə, reportaj, ədəbi tənqid mövzusunda məqalə oxuduğum yadıma gəlmir. Əlbəttə, mən bu sözləri bütün qəzetlərə və bütün jurnalistlərə aid etmirəm. Öz nüfuzunu, peşə əxlaqını qoruyan mətbuatımız və jurnalistlərimiz var və onlar bu hallardan istisnadır. Məhz belələri  cəmiyyətin mətbu sözünə inamını bərpa edirlər.

- Jurnalist məsuliyyəti harada və necə tənzim olunmalıdır?

- Jurnalist təşkilatları, mətbuatla əlaqəli qurumlar statuslarına görə tövsiyəverici xarakterə malikdirlər. Ona görə də kənarda hansısa tənzimləyici təsisat axtarmaq lazım deyil. Ən böyük tənzimləyici orqan jurnalistin peşəkarlığı və vicdanıdır. Bir faktı xatırladım. Milli Təhlükəsizlik Nazirliyində xidmət etdiyim dövrdə qəzetlərin birində bir kəlbəcərlinin gizli dağ cığırları ilə doğma kəndinə getməsi barədə yazı və fotoşəkillər dərc olunmuşdu. Yazıda bütün marşrut, harada erməni postlarının olması, haranın nəzarətsiz saxlanılması ətraflı təsvir olunmuşdu. Qəzet bunu qəhrəmanlıq kimi təqdim etmişdi. Halbuki, bəlkə də bu gizli cığırlarla təkcə həmin kəlbəcərli keçmirdi. Az qala hər nömrəsində Qarabağ mövzusunu şüara çevirən qəzet bu materialı dərc etməklə məsuliyyətsizcəsinə ermənilərə hansı istiqamətin möhkəmləndirilməsinin, harada yeni postların qoyulmasının vacibliyini anlatmışdı. Qəzet rəhbərliyi ilə əlaqə saxladım. Dedilər ki, material bizə maraqlı göründü və biz də dərc etdik: “Qoy bilsinlər ki, bizim necə oğullarımız var!”. Halbuki, müəllif əvvəlcə məqaləni iki qəzet redaksiyasına aparmış və onlar bu yazını yaymaqdan imtina etmişdilər. Bilirsinizmi, bu gün məni bir vətəndaş kimi ən çox narahat edən məqam əqidəsizliyin əqidəyə çevrilməsidir. Kiminsə fərqli əqidəsini qəbul etməyə bilərəm. Amma əqidəsində düzdürsə, anlaşa bilərik. Demokratik cəmiyyətdə müxalifətin də, iqtidarın da olması normadır. Necə deyərlər, “ziddiyyət olmasa, inkişaf olmaz”. Amma mətbuatın iki qütbə bölünməsini anlamıram. Jurnalistika yalnız iki qismə ayrıla bilər: peşəkarlara və qeyri-peşəkarlara. Üçüncüsü, dördüncüsü, sağçısı, solçusu, mərkəzçisi, liberalı olmamalıdır. Peşəkarlar və nadanlar isə hər iki tərəfdə var. Siyasi bölgünün özü də məntiqi baxımdan çox qüsurludur. Belə çıxır ki, əgər iqtidaryönlü mətbuat dövlət qurumunu tənqid edirsə, deməli müxalifətə, əks tərəfin qəzeti hakimiyyətin uğurunu müsbət qiymətləndirirsə, iqtidara xidmət edir.

- Sizin atanız Əhmədağa Müğanlı kinossenarist olub. Ata-oğul nə oxşarlıqlarınız var? Atanız “Dağlarda döyüş”, “ Qaçaq Nəbi” kimi filmlərinin ssenarisini yazıb. Evdə sizə daha çox hansı mövzular aşılanırdı?

- Çox istərdim ki, atama oxşayım. Uşaqların dünyagörüşünün formalaşdırılmasında valideynlərdən çox şey asılıdır. Atam həddən artıq səbirli, qayğıkeş, mülayim, anam isə iradəli qadın olub. Onlar bir-birini ideal şəkildə tamamlayırdılar. Bu gün pafoslu səslənsə də, bizim evə indiyədək haram çörək, haram pul gəlməyib. Bəzən xasiyyətimdə, davranışımda onların əlamətlərini görəndə sevinirəm. Atam övladlarına milli kimliyimizi, tariximizə, klassik ədəbiyyatımıza, musiqimizə sevgini aşılayıb. Bu ruh onun filmlərində də yer alıb. Onun təklifi ilə əlimə qələm almışam, tar məktəbinə getmişəm. Tarı indiyədək yadigar saxlayıram. 1970-ci ildə alınanda 50 yaşı vardı. Şuşada düzəldilmişdi. Atam Fizulinin və Hüseyn Cavidin pərəstişkarı idi. “İblis” poemasını əzbər bilirdi. Bizə də Şəhriyarın “Azərbaycan” şerini əzbərlətmişdi. İkinci dünya müharibəsi illərində sərhəddə xidmət edib. Ən maraqlısı odur ki, atam universitetin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra onu Dövlət Təhlükəsizlik Komitəsinə dəvət etmişdilər. Atam imtina etmiş və ömrünü kinostudiyaya bağlamışdır.

- Amma siz atanızdan fərqli olaraq, MTN-də işləməkdən boyun qaçırmadınız. Bəs necə oldu ki, MTN-də işə başladınız?

- Əvvəla, MTN əvvəlki DTK deyil. İkincisi, vətənə xidmət etməkdən şərəfli nə ola bilər? Səmimi deyirəm, istefada olan zabit kimi orda xidmət etdiyim dövrlə fəxr edirəm.

- Adətən, MTN-də fəaliyyətə başlayan insanın çevrəsi bir müddət sonra ondan uzaqlaşır. Maraqlıdır, MTN-də işlədiyiniz zamanlarda sizdən imtina edənlər olubmu?

- Zaman keçdikcə insanın yaxın çevrəsi də, dostları da ələnir. Bunun harada işləməyinlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, MTN təcrübəsi insanlara sözlərinə görə deyil, əməllərinə görə dəyər verməyi öyrədir. Məndən deyil, mənim daha yaxından tanıyıb imtina etdiyim fərdlər olub və indi də onları xatırlamaq istəmirəm. Maraqlı məsələyə toxundunuz. Qanuna tabe olan, qanun çərçivəsində yaşayan, öz vətəndaş hüquqlarını bilən və bu hüquqlara riayət edən hər bir vətəndaş üçün istənilən güc strukturu adi dövlət idarəsidir. Burada çalışanlar da sənin kimi normal insanlardır və sənin, ailənin, xalqının təhlükəsizliyini qoruyurlar. Burada xoflanmağa əsas yoxdur.

- Hazırda Strateji Araşdırmalar Mərkəzində işləyirsiniz. Burada əvvəlki iş təcrübələriniz arasında fərq varmı?

- Prinsipial fərq yoxdur. Strateji Araşdırmalar Mərkəzinin təhlilçiləri jurnalist kimi informasiya ilə işləyir, analitik materiallar, hesabatlar hazırlayır, prosesləri izləyir, proqnoz və tövsiyələrini verirlər. Eyni zamanda, xüsusi xidmət orqanları ilə də müəyyən paralellər var. Azərbaycanın ictimai-siyasi vəziyyətinə, xarici siyasətinə, iqtisadi strategiyasına qarşı təhdidləri müəyyənləşdirir, qabaqlayıcı təkliflər paketi hazırlayıb dövlət qurumlarına ünvanlayırlar. Bütövlükdə, strateji tədqiqat institutlarına “beyin mərkəzləri” də deyirlər. SAM fəaliyyət göstərdiyi illər ərzində böyük uğurlara imza atıb, dünyanın tanınan strateji mərkəzlərindən biri kimi tanınıb. Burada çalışanların böyük hissəsi gənclərdir. Vətənpərvər, kreativ düşüncəli, ölkənin maraqlarını hər şeydən uca tutan gənclər. Bir neçə dildə sərbəst danışır, dünyanın aparıcı siyasətçiləri ilə eyni səviyyədə danışıqlar aparır, onların iqtisadi, siyasi sahələrdə tədqiqatlarının nəticələri nüfuzlu beynəlxalq jurnallarda dərc olunur, çıxış və məruzələri maraqla dinlənilir, rəy və təklifləri nəzərə alınır və s.

- Elə isə, təhlükə əsasən, haradan gəlir? Xaricdən, yoxsa daxildən?

- Qısası, daxili xəstəliklər də orqanizmə ciddi zərər vura bilər, xarici təsirlər də. Məsələ marionet oyuncaqları oynadan ipin ucunun kimlərin əlində olmasıdır. Siyasi mübarizə sivil cəmiyyətdə normal haldır. Lakin bu mübarizədə ümummilli mənafelər xarici qüvvələrin maraqlarına qurban verilməməlidir. Mənimlə razılaşın ki, vətəni qışqıra-qışqıra sevməzlər. Belələrinin səmimiliyi də saxtadır. Məcnun “Leyli” deyib çığır-bağır salsaydı, nə Nizami, nə də Füzuli onu əsərlərinin qəhrəmanı etməzdilər.

- Ailənizə yetərincə vaxt ayıra bilirsiniz?

 - Təəssüf ki, istədiyim qədər və istədiyim kimi yox. Ailəmə, övladlarıma, nəvəmə çox bağlıyam. Düşünürəm ki, ailəsinin qədrini bilməyən dövlətin də qiymətini bilməz. Ailənin, övladların gələcəyini düşünməyən adam xalqın gələcəyini necə düşünə bilər?! Ailə kiçik dövlətdir. O dövlətin də başçısı, müdafiə, təhsil, maliyyə naziri var. Fərq isə ondadır ki, burada seçkilər ömürdə bir dəfə keçirilir. Özü də alternativsiz. 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı