Modern.az

Azərbaycanda yeni doğulan uşaqlara verilən adların REYTİNQİ

Azərbaycanda yeni doğulan uşaqlara verilən adların REYTİNQİ

İqtisadiyyat

17 Yanvar 2014, 11:56

“Media forum” saytı Azərbaycanda yeni doğulan uşaqlara verilən adların reytinqini araşdırıb.

Sayt bildirir ki, 2010-cu ildən Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, Əli, Hüseyn, qız uşaqlarına Zəhra, Fatimə, Nuray adları qoyulur.

2010-cu ildə yeni doğulan oğlan uşaqlarına ən çox verilən ad Əli olub. 3631 uşağa bu ad qoyulub. İkinci yerdə Hüseyn adı gəlib: 3065 uşaq. Üçüncü yeri Yusif tutub: 2956.

2011-ci ildə Yusif birinci (4011) yerə keçib. Əli (2772) ikinci, Hüseyn (2584) üçüncü olub.

2012-ci ildə yeni doğulan oğlan uşaqlarına qoyulan adların ilk üçlüyü dəyişməyib: 2649 uşağa Yusif, 1844 uşağa Əli, 1805 uşağa Hüseyn adı verilib.

2013-cü ildə Yusif adı 3501, Əli adı 2439, Hüseyn adı 2300 uşağa qoyulub.

2010, 2011, 2012, 2013-cü illərdə Azərbaycanda oğlan uşaqlarına qoyulan heç bir ad sayca Yusif, Əli, Hüseyn adlarını keçməyib.

Başqa populyar oğlan adları arasında ilk növbədə Məhəmmədi göstərmək olar. 2010, 2011, 2012-ci illərdə Məhəmməd adı oğlan uşaqlarına ən çox qoyulan adlar sırasında dördüncü olub. 2010-cu ildə 2226, 2011-ci ildə 1797, 2012-ci ildə 1296 uşağa Məhəmməd adı verilib.

2013-cü ilin populyar oğlan adları sırasında Məhəmməd beşinci yerə keçib, dördüncü Ömər olub. 2013-cü ildə 1690 uşağa Ömər, 1643 uşağa Məhəmməd adı qoyulub.

2010, 2011, 2012-ci illərdə Məhəmməd adından sonra Murad adı gəlib. 2010-cu ildə 2018 uşağa, 2011-ci ildə 1593, 2012-ci ildə 1158 uşağa Murad adı verilib. 2013-cü ildə Murad adı oğlan uşaqlarına qoyulan adlar sırasında beşinci yerdən altıncı yerə keçib: həmin il 1491 uşağa Murad adı qoyulub.

2010-cu ildən bəri Azərbaycanda qız uşaqlarına qoyulan adlar arasında Zəhra həmişə birinci yeri tutub. 2010-cu ildə bu ad 4224, 2011-ci ildə 3536, 2012-ci ildə 2430, 2013-cü ildə 3303 uşağa verilib. 

3 ildir Nuray ən populyar qız adları arasında ikinci yerdə gəlir. 2011-ci ildə 3497, 2012-ci ildə 2416, 2013-cü ildə 2719 qız uşağına Nuray adı verilib. 2010-cu ildə Nuray üçüncü yerdə olub. Həmin il 3010 qız uşağına Nuray adı qoyulub. 2010-cu ildə Zəhradan sonra ikinci yeri tutmuş Fatimə adı 3705 uşağa verilib.

2011-ci ildən üçüncü yerdə qərarlaşan Fatimə adı həmin il 2856, 2012-ci ildə 1958, 2013-cü ildə 2552 uşağa qoyulub.

Ən populyar qız adları arasında dördüncü və beşinci yerləri 3 ildir Ayan və Aylin adları bölüşür. 2010-cu ildə Ayan və Aylin adları populyar qız adları sırasında 11 və 12-ci yerləri tutub. Həmin il Zəhra, Fatimə və Nuraydan sonrakı yerlərdə Fidan (1890 uşağa bu ad verilib), Xədicə (1852 uşaq), Zeynəb (1845), Nərmin (1642), Nəzrin (1545), Leyla (1455), Aysu (1401) adları gəlib. 11-ci yeri tutmuş Ayan adı 2010-cu ildə 1341, 12-ci yerdəki Aylin adı 1307 uşağa verilib.

2011-ci ildə Ayan üçüncü, Aylin dördüncü populyar qız adı olub. Həmin il 1591 uşağa Ayan, 1556 uşağa Aylin adı verilib. 2012-ci ildə Aylin üçüncü yerə keçib (1247), Ayan dördüncü olub (1146). 2013-cü ildə Ayan üçüncü (1941), Aylin dördüncü (1742) yeri tutub.

Son illərin başqa populyar qız adları sırasında Fidan (2010-cu ildə 4-cü, 2011 və 2012-ci illərdə 8-ci, 2013-cü ildə 9-cu yer), Xədicə (2010-cu ildə 5-ci, 2011 və 2012-ci illərdə 7-ci, 2013-cü ildə 6-cı yer), Zeynəb (2010, 2011 və 2012-ci illərdə 6-cı, 2013-cü ildə 5-ci yer) adlarını göstərmək olar.

2010-cu ildən Azərbaycanda ən populyar adlar olan Yusif adı Yusif peyğəmbərin; Əli – İmam Əlinin; Hüseyn – Məhəmməd peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseynin; Zəhra və Fatimə – Məhəmməd peyğəmbərin qızı, İmam Əlinin xanımı Fatimeyi Zəhranın adından götürülüb. Nuray – ərəbcə nur, azərbaycanca Ay sözlərindən düzəlmiş addır, Ayın nuru, Ay işığı deməkdir.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar