Modern.az

Laçınlı jurnalistlərin Laçın haqda düşüncələri...

Laçınlı jurnalistlərin Laçın haqda düşüncələri...

18 May 2010, 12:13

st1:*{behavior:url(#ieooui) }

Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 18 il keçir. Laçın 1992-ci il mayın 18-də işğal edilib. Bu gün müxtəlif mətbuat oqranlarında xeyli laçınlı jurnalist çalışır. Onlardan bəziləri Laçınla bağlı hisslərini Modern.az-la bölüşüb.  

 

  Müstəqil jurnalist İlham Qəhrəman: “Mənə fikrimcə, Laçın Azərbaycanın açıq yaxasıdır. Sərhəd bölgəsi, işğal altında olduğuna görə bu cür deyirəm. Bu açıq yaxa nə qədər açıqdırsa, burdan Azərbaycana o qədər də soyuq olacaq. Laçının işğalından 18 il ötür və 19 –cu ilə keçir. Bu kifayət qədər böyük bir müddətdir. Bizim övladlarımız böyüyüb, boya-başa çatıblar və bizim gedəcək yerimiz yoxdur. Onların Laçın haqqında təsəvvürləri bizim söhbətlərimizdən o tərəfə getmir. Nə qədər gözəl olardı onları aparardım Laçına, uşaqlğımın keçdiyi yerləri, oxuduğum məktəbi göstərərdim. Qışı da, yayı da Bakıda keçirən bir Laçınlı kimi gedəcək yerimiz yoxdu deyəndə, bunu nəzərdə tuturam. Ümumiyyətlə, Laçında doğulub, orda böyüyən adamaları həmişə bir hiss təqib edir - Laçını görmədən ölmək qorxusu. Bu məni həmişə bir kabus kimi izləyir.  O hissin təhlükəsindən qorxaraq mən “Laçın folkloru” kitabını yazdım ki, ola bilər ki, o Laçından çıxan nəsil yaddan çıxar. Özüm təşəbbüs göstərib o folklor nümunələrini o Laçını görməmək kabusu altında yazmışam ki, ola bilər mən də Laçını görmərəm. Heç olmasa, bu folkloru toplayım. Çünki sözün ömründən uzun ömür heç nəyi bilmirəm. Bu da Laçınsızlığın təsirindən doğan bir iş olub. Torpaqların itirilməsinin  yaradıcılığıma təsiri bundan ibarət olub ki, Laçın işğal olunmasaydı, mən yurd həsrətli şeirlər yazmazdım. Çox təəssüf ki, mənim yaradıcılığımın bir qolu yurd həsrəti, Laçınla bağlı şeirlər yazmağa həsr olunubdu. Allahdan təmannam odur ki, yazdığım bu şeirlər öz ömrünü başa vursun və o sızıltılı, nisgilli şeirləri oxuyanda artıq oxucuya təsir etməsin. Yəni Laçın alınsın, mənim yurd həstrətli şeirlərim öz əhəmiyyətini itirsin. Təəssüf ki, bu hələ belə deyil.  Nə qədər ki, Laçın alınmayıbdı, elə bilirəm o töhmət mənim boyunumdadır. Vətənin işğal olunmuş hər bir qarışına görə mən azərbaycanlı, vətən övladı kimi özümü də borclu, günahkar bilirəm. Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, elə bilirəm ki, bu töhmət  mənim boyunumdadır.

 Laçının işğaldan azad olunacağına düşünənlər arasında bəlkə mənim qədər optimist adam yoxdur.Çünki başqa bir fikri mən ağlıma yerləşdirə bilmirəm. Mən qəti şəkildə  inanıram ki, Azərbaycanın işğal altında olan hər bir əraziləri, Laçın da daxil olmaq şərti ilə alınmalıdır. Laçın alınmasa, Azərbaycanın yaxası açıq qalacaq. Və Azərbaycan həmişə o açıq yaxadan üşüyəcək. Laçın strateji əhəmiyyətə malik olan ərazidir. Eyni zamanda biz Laçını itirməklə gələcəkdə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən şirin su mənbələrindən məhrum ola bilərik. Hamı çalışmalıdır ki, ermənilər qarşısındakı bu töhməti boyunumuzdan götürək.

Elə hüznlüyəm belə təhərsiz

Gözü kölgəli, lal torpaq kimiyəm

Mən məğlub ölkə şairi

Endirilmiş bayraq kimiyəm.

Mənim kimi, endirilmiş bayraq kimi olan adamlar ölkədə az deyil, çoxdur. Mən arzu edirəm ki, endirlmiş bayraq kimi olan adamlar bir gün qaldırılmış bayraq hissini yaşasınlar”. “Media forum” portalının baş redaktoru Azər Qaraçənli: “Laçını ancaq orta məktəb illərində, yay tətili günlərində görmüşəm. Laçının qışı sərt, payızı soyuq olsa da, onu təbiətin isti vaxtında, gül-çiçəkli vaxtında gəzmişəm. O yerlər mənim yadımda isti yay dövrünün, işıqlı, işığı bol, gülü-çiçəyi bol bir yer kimi qalıb. Sözsüz ki, qışın da, payızın da öz gözəlliyi var. Laçının yay vaxtı çox gözəl təbiəti vardı. İstər Laçın rayonu olsun, istərsə də başqa rayonlar, itirilmiş hər bir rayon artıq bizim fərdi dədə-baba ocağı olmağımızdan çıxıb, geniş mənada hamımızın dədə-baba ocağıdır. Ümumilikdə aydındı ki, vətən hamının vətənidir. Amma bu gün Laçın, Şuşa , Kəlbəcər, Qubadlı, yaxud Zəngilan və ya Xankəndi bizdən ötrü heç birinin fərqi yoxdur, hər biri bizim dədə-baba ocağımızdır. Laçının işğalı mən düşünürəm ki, mənfi mənada həyatımda çox şeyi dəyişdirib. Laçın işğal olunanda mən universitet tələbəsi idim, 19 yaşım vardı. Yeni-yeni müstəqil həyata qədəm qoyduğum vaxtda doğma torpaqlarımız işğal olundu. Fikirləşirəm ki, elə olmasaydı, Laçını, həmçinin digər işğal olunmuş rayonlarımızı daha yaxından görərdim. İşğal faktoru hər bir insanın-nəinki dünyada sağ olan, hətta ölüb getmiş adamların da taleyinə zərbə vurub. Məsələn, kiminsə qəbiri dağıdılır. Çünki o  qəbir də insanın taleyinin bir hissəsidir. Əgər o insanın qəbiri dağıdılırsa, doğmaları onun qəbiri üstünə gedə bilmirsə, torpaq ümumiyyətlə düşmən tapdağı altındadırsa, onun da taleyinə təsir edir. Yəni işğal nəinki sağ olan, hətta dünyadan köçmüş adamların da, uşaqların, gənclərin, qocaların da həyatına və gələcək nəsillərə də təsir edib. Ümumilikdə hamının taleyinə təsir edir. Ancaq ən çox mənfi təsir gənclərin həyatına dəyir. Onların taleyinin yeni-yeni formalaşan dövrüdü, onlar öz gələcəklərini planlaşdırıb, bu istiqamətdə müəyyən addımlar atırlar. Müharibənin, işğalın həmin dövrə düşməsi onları taleyində, gələcək planlarında nələri isə dəyişdirməyə məcbur edir. Bu baxımından torpaqlarımızın işğal dövrü, müharibənin odlu-alovlu dövrü mənim gənclik dövrümə düşdü. Mənim həyatımda çox şey dəyişib. Baxmayaraq ki, mən Bakıda doğulub-böyümüşəm. Mənim həyatda ən çox gördüyüm yer Bakıdır. Hətta deyərdim şüuraltıma da ən çox bağlı olan yer Bakıdır. Bununla belə dədə-baba ocağı kimi o yerlərin işğal olunması, o işğalın məhz  mənim gənclik dövrümdə baş verməsi həyatıma sözsüz ki, bir zərbə oldu. Bu zərbənin gələcəkdə də davam eləməsinin qarşısını almaq olar, amma onun vurduğu yaraları heç vaxt aradan qaldırmaq mümkün deyil. Zaman keçir və zamanı heç nə ilə dondurmaq mümkün deyil”.

 

"525-ci qəzet"in sabiq əməkdaşı, Dini İşlər üzrə Dövlət Komitəsində şöbə müdiri Gündüz İsmayılov:

"Laçının işğalının mənim həyatıma təsirini ifadə etmək üçün açığı  mən söz tapa bilmirəm. Bunu sözlə ifadə etməkdə çox  acizəm. Mənə qəribə gələn də budur ki, yaşlaşdıqca, illər keçdikcə mənə elə gəlir ki, Laçına doğru getməyə başlayıram. Yəni o Laçın həsrəti, Laçın nisgili zaman keçdikcə daha da böyüyür. Zaman keçdikcə insanın sanki, ağrısı da, acısı da, nisgili, həsrəti də böyüyür. Tam səmimi deyirəm. Mənə hərdən elə gəlir ki, hər şeyi bir kənara qoyub, hər şeydən imtina edib savaşa başlamaq lazımdır. Düzdü mən Laçında uzun müddət yaşamamışam, təxminən 10 yaşımdan çıxmışam. İndi 28 yaşım var. Ancaq mənə elə gəlir ki, ömrümün daha çox hissəsini Laçında yaşamışam, nəinki Bakıda. 10 illik zaman kəsiyi bəlkə də mənim üçün 50, 100 il zaman kəsiyindən daha böyükdür. Daha müqəddəsdir, daha şirindir. Sözlə ifadə etmək mümkün deyil o hissləri. Bəzən yaddaşımda qalmış o yerlər, hətta bəzən elə olur ki, ömrümdə bircə dəfə görmüş olduğum hadisə, dərə-təpə, qaya belə yaddaşımda ilişib qalıb. İnanın yuxumda da kəndi başdan ayağa gəzirəm. Çox vaxt da bunu məşq olaraq edirəm ki, yaddımdan çıxmasın. Gördüyüm o mənzərələr yaddaşımdan itməsin. Tez-tez onu təzələyirəm. Mənə elə gəlir ki, onu yadaşımdan silmək mənim üçün günah sindromu yarada bilər".

 

“Axar.az” saytının baş redaktoru Taleh Şahsuvarlı:  “Əslən Laçındanam. Mənim babam Laçın rayonun Qarqışlaq kəndindən İkinci Dünya müharibəsindən sonra Bərdəyə gəlib. Mən Bərdədə doğulmuşam. Ancaq Laçın bizim həyatımızda həmişə önəmli bir yer tutub. Bizim orda qohumlarlarımızla əlaqələrimiz həmişə sistemli şəkildə olub. Mən Laçında ömrümün xeyli bir hissəsi olmasa da, çox mühüm bir hissəsini yaşamışam. Xüsusilə ilə yay aylarında və yaxud qış tətilində Laçına gedərdik. Rayon yaddaşımda çox yaxşı qalıbdı. Laçının işğalı nəticəsində birinci o mühiti , o doğmalığı itirmişəm. Hardasa ola bilsin təftəl şüur baxımından çox ciddi ağrılar olubdu. Ümumiyyətlə, mən həmişə fikirləşirəm ki, mənim həyatda ən güclü olduğum hansı an olubdu? Uşaqlığımda dava etdiyim anları, Bərdə, Bakıda yaşadığım dövrləri xatırlayıram. Ancaq mənə  elə gəlir ki, mən bir an son dərəcədə güclü adam olmuşam. O da həmin vaxt idi ki, Laçına getmişdik. Laçına gedəndə uşaq idim, 6-cı sinifdə oxuyurdım. Orda bir yer göstərdilər. Dedilər bura babalarının qara damı olub. Qara damı hiss elədiyim andakı orda babalarım yaşayıbdı, onda özümü həddən artıq güclü adam hiss etmişəm. Belə deyək, son dərəcə güclü adam olmuşam.

Bizdə həmişə vətənə torpaq kimi, meşə kimi baxırlar. Ancaq mən daha çox insan kimi baxıram. Vətən ilk növbədə insandır, insanların yaratdığı mühitdir. O mühitin dağılması, pərakəndə düşməsi çox pis haldır. Təsəvvür edin işğal günü, mayın 18–də anadan olmuş adamın artıq 18 yaşı var və o hərbi xidmətə getməlidir. Bu kiyafət qədər ciddi bir andı, tarixi məqamdı. İşğal günü anadan olmuş və Laçının 18-ci il dönümündə hərbiyə çağrılacaq gənclər təbii ki, hər şeyi onların boyununa qoymamaq şərti ilə Laçını geri almalıdırlar. Bunun başqa bir yolu yoxdur. Laçın heç vaxt bazarlıq mövzusu ola bilməz.  Laçın heç vaxt alver predmeti ola bilməz. Onun geri qayıtmamaq imkanı yoxdur. Ya Azərbaycan Laçınla bütövdür, ya da bütöv deyil, yarımçıqdır. O yarımçıqlıq da istər-istəməz xalqın psixologiyasına çox ciddi təsir göstərə bilər.

 

92-nin mayında

Körpü qulağından gəlib keçdirdilər

QAZ-53-ü Qarqışlaqda saxlayıb

Temirin bulağından su da içdirdilər... 

Köçürdü "Eyvaz"lı, "Pıtıx"lı,

Uşaqlar “kuza”ya dolurdu,

Arvadlar başını yolurdu…

 

O arvadlardan biri Nəzakət xalaydı,

Poladın anası. 

Bütün ömrü boyu dizinə döyəcəkdi,

Kaş balasının yanında qalaydı.

Poladı ruslar güllələmişdi...

Sən görməmisən

Qarıqışlağın ortasında 

Cahandar ağaya oxşayan kişini,

İbiş müəllimi.

O İbiş müəllimi ki, 

Qaragöldə Moskvadan gələn 

komissiyanın sədrini sillələmişdi.

"Qanımla bu gölü qızardaram" deyə...

Onu da öldürdülər,

Elə Kosalarda kəsdilər başını,

Məzarı da olmadı,

Üstünə qoymadılar bir yurd daşını

Dedilər: di öl! 

Qızardı o gün Qaragöl, 

utandığından!..

 

Bizim Laçında heç nəyimiz qalmadı, oğlum, 

heç nəyimiz qalmadı

Nə ev, nə gəbə, nə qoyun...

Badyada südümüz, axurda inəyimiz qalmadı.

 

Bizim Laçında bir qurdumuz qaldı,

Hər payız Ağyarda dalımızca uladı.

Bizim Laçında bir yurdumuz qaldı, oğlum, 

O yurdu ki dədəm İkinci Vətən savaşında tərk etmişdi.

 

O yurd bir qara damdı

O yurd Nəcəfalıların bağıydı.

O yurd bir qara adamdı

Şahsuvar oğlu Abış

Yaman oynağanıymış deyirlər... 

O yurd Sona bulağında bir alaçığıydı.

Bu gün bir yaşın tamam olur,

Mən sənə deyirəm ki, 

Sən böyüyəndə 

Nəcəfalıların bağında bir ağac əkməli,

Eyvazlı məhləsində bir qara dam tikməli,

Qaragöldə bir alaçıq qurmalısan

Bəlkə mən padşahın qəzəbinə tuş gəldim...”.

 

  

“Vergilər” qəzetinin əməkdaşı Rüfət Mərdanov: “Laçının işğalı mənim həyatımda hər şeyi dəyişdirdi. Bir insanın doğma torpağını itirməsi, yurd-yuvasından olması o insanın faciəsidir. Bunu ancaq o insanlar başa düşə bilər ki, torpağını, hər şeyini itirib. İnsan hər şeydən əvvəl torpağının olması ilə qürürlanır, fəxr edir. Ancaq Laçın bu gün yoxdu. Çox ağır bir hal kimi xatırlayıram, işğaldan 18 il keçir. 18 ildir ki, Laçınsızıq. Laçının o dağları, torpaqları, atamızın yurdunu 18 ildir  görmürük. Bizim üçün bundan böyük faciə yoxdur. Biz laçınlılar həmişə fikirləşirik ki, torpaqlar mütləq hərbi yolla azad olunmalıdı, başqa yolla mümkün deyil. Çünki biz qürurumuzu, mənliyimizi torpaqları əldə etməklə qaytara bilərik. Başqa yolla torpaq bizə lazım deyil. İşğal faktı həmişə bizim başımızı düşmənin qarşısında aşağı əyəcək bir hadisədir. Yəni biz istərdik ki, torpaqları müharibə yolu ilə, qanla, düşməni məğlub etməklə qaytaraq. O zaman o torpaqlarda xoşbəxt yaşaya biləcəyik. Bir laçınlı kimi mən onu deyirəm ki, biz başı aşağı o torpaqlara qayıtmaq istəmirik. Müharibə olmalıdır, başqa yolu yoxdur”.

 

Modern.az saytının əməkdaşı Lalə Musaqızı: “Sonuncu dəfə Laçında 1991-ci il may ayının sonu, ya da iyun ayının əvvəlində oldum. Atam Bakıdan həyəcanla gəlib məni və bacımı nənəmgildən götürüb elə həmin gün də qayıtdı Bakıya. Ağlım kəsəndən ömrümdə ilk dəfə göbələk yeyəcəkdim o gün, babamın yağışdan sonra yığdığı göbələkləri nənəmin bişirəcəyini elə həvəslə gözləyirdim ki... Göbələyi yeməyib yola düşdüyümüzə görə o vaxt elə heyfsilənmişdim ki, uşaq ağlımla… Amma onda bilmirdim ki, o göbələyin bitdiyi dağları, yamacları da itirdiyimizə görə heyfsilənəcəyəm böyüyəndən sonra…

Hərdən kəndimiz elə yadıma düşür ki, yerimin içinə girib xısın-xısın ağlayıram. Hərdən yollarda üzərinə İmişli, Quba, Qusar, Masallı və digər bölgələrimizin adı yazılan avtobusları görəndə ixtiyarsız olaraq gözlərim Laçın adını axtarır. Elə bilirəm ki, bu dəqiqə üzərinə Laçın yazılan avtobus da gəlib keçəcək… Aldanmağıma baxmayaraq, hər dəfə  bu hissi yaşayıram.

Bir də rəhmətlik babamın hər il may ayı gələndə kəndimizə dönmək arzusu ilə yaşamasını unuda bilmirəm. Hər il səbirsizliklə balaca uşaqlar kimi may ayını gözləyərdi babam. Hər il may ayı yaxınlaşanda elə bilirdi mütləq kəndimizə qayıdacaq…

Nənəmgilin xırmanı, xırmandakı alban qəbirləri, bulağın başından yarpız yığıb pendir-çörəklə yeməyim, lalələrlə örtülmüş «Mürşüdün yeri» və bu yerdən çiçək yığarkən paltarımı güllərin şehi ilə islatdığıma görə nənəmin məni danladığını heç unutmuram. Kaş ki, yenə də nənəm məni danlayaydı, lap elə “lapatkanın” sapı ilə döyəydi… Amma biz kəndimizdə olaydıq…”.

AZADİNFORM İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin müdiri İlham Məmmədov: “Mən Laçını yay tətillərində görsəm də, oraların hər bir cığırı və çınqılı indi də gözümün qabağındadır. Elə bil ki, dünən görmüşəm oraları. 1992-ci ilin yay ayları idi, Laçının işğalından 2 ay keçirdi. Sumqayıtda orta məktəbin 8-ci sinifində oxuyurdum. Bir gün səhər tezdən oyanıb kiçik bir kağız parçasına «Mən Qarabağa getdim, salamat qalın. Hamınızı öpürəm» kəlmələrini yazaraq masanın üstünə qoyub evdən çıxdım. Sumqayıt avtovağzalına gəlib, Qubadlı rayonuna yola düşdüm. Çünki, onda bölgədə ermənilərlə vuruşan “N” saylı hərbi hissə Qubadlının Muradxanlı kəndində orta məktəbdə yerləşirdi. Qəlbimdə vətən sevgisi, qisas yanğısı və dəli bir qürurla yol gedirdim. Avtobusda yanımda həmin hərbi hissənin bir döyüşçüsü əyləşmişdi. Yol boyu suallarımla həmin döyüşçünü bir an belə olsun gözünü qıpmağa qoymadım. Hərbi hissənin həyətinə girəndə qapının kandarında Milli Ordu geyimində, əlində silah öz bibim oğlunu gördüm. Bu rastlaşma mənim vətən uğrunda vuruşmaq arzularımın alt-üst edilməsi demək idi. Elə də oldu, üç gün orda qaldıqdan sonra hərbi hissə komandanlığı yaşımın az olduğunu əsas gətirərək məni geri, evimizə göndərdi. Laçının işğal olunması tək laçınlılar üçün deyil, bütün vətənsevər insanlar üçün ağır bir itki oldu. Tayqulaq Andranikin ordusunu Zabıx dərəsində məhv edən Sultanbəy və Xosrovbəyin yurdu indi erməni dığalarının əsarətindədir. Qorxuram Laçının da taleyi, Dərbəndin, Borçalının, Dərələyəzin, Zəngəzurun və İravanın taleyi kimi ola. Vallah qısqanıram, torpağımın meyvəsini, suyunu, otunu, havasını, daşını, çiçəklərin ətrini.... Qısqanıram Türkün düşməni ermənilərə. Qınamayın məni, vətəndə özümü vətənsiz hesab edirəm. Ay Laçın, ay Laçın…”.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir