Modern.az

Xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlər...

Xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlər...

Media

18 May 2010, 13:03

Modern.az xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin ailə dramını davam etdirir. Bu dəfəki yazımız Türkiyə vətəndaşı ilə evlənərək hazırda Ankara şəhərində yaşayan jurnalist Şəhla Əbusəttar barəsindədir. Şəhla xanımın və Mustafa bəyin bir övladı var.

Qeyd edək ki, Şəhla Əbusəttar Bakıda yaşadığı müddətdə “7 gün”, "Olaylar", "Reytinq", "Azadlıq" qəzetlərində, 

“Himayədar” jurnalında

işləyib, "Yeni Müsavat", "Kriminal" qəzetləri ilə əməkdaşlıq edib, QHT sektorunda çalışıb.

Şəhla Əbusəttar Türkiyə vətəndaşı ilə ailə qurmağını belə xatırlayır: “Həyat yoldaşımla evlənməyimizə səbəb olan adam qardaşımla bir yerdə işləyirdi. Bizə qonaq olduğu zaman məni görmüş və gələcək yoldaşımla tanışlığımıza səbəb olmuşdu. İlk görüşümüz telefonla oldu. Onun səsi xoşuma gəldi. Qərara aldıq ki, bir az danışaq və ortaq nələrimizin olduğunu aydınlaşdıraq. Müasir informasiya texnologiyaları köməyimizə gəldi. İnternetdə bir neçə dəfə söhbət etdik. Söhbətimiz tuturdu. Hətta anası və xalası da məni ilk dəfə internetdə gördü. Mən tərəddüdlü olsam da Mustafa daha qərarlıydı. Mənim tərəddüdlərimə belə baxmadan Bakıya gəlməyə və ailəmizlə görüşməyə qərar verdi. Böyük qardaşım bir az tərəddüd edirdi. Necə olmasa da adamı heç tanımırdıq. Mustafa isə bizə düşünmək üçün doğru-dürüst zaman belə, ayırmadı. Həm də fevralda işdən icazəsi vardı. Nə olursa olsun, məhz bu müddətdə evlənməyə qərarlıydı. Sonralar mənə dedi ki, vaxtın uzanacağından və bizimkilərin etiraz edə biləcəyindən qorxub, belə deyib. Bakıda ailə içində bir nişanımız oldu və rəsmi evlənmək  üçün 2008-ci ilin fevralında Türkiyəyə gəldik. Burada da ailə içində balaca bir yığıncaq etdik. Aşırı dəbdəbəni özüm istəmədim. Xoşbəxtlik üçün bunların şərt olmadığını dərk edəcək qədər kamil yaşdayam”.

Şəhla xanım Ankarada özünü çox xoşbəxt hiss edir: “2004-cü ildə ilk dəfə «türk-türkə dəstək» şüarı ilə bir qrup jurnalist Ermənistan və Türkiyə sərhədlərinin açılmasına etiraz etmək üçün aksiya keçirəndə mən də aralarında idim. O vaxt düzənli, təmiz və sakit şəhər təsiri bağışlayan Ankaraya vurulmuşdum. Ancaq nəinki burda ailə qurub yaşayacağımı, hətta təkrar bir daha bu şəhərə gələcəyimi ağlımın ucundan keçirməmişdim. Ankara ideal şəhər deyil, ancaq Bakı kimi qarışıq, gurultulu, düzənsiz və xaotik bir şəhərdən sonra mənim üçün əsl dincəlmək yeri idi. Həm də Ankaranın daha çox elitası yaşayan səmtində yaşayırıq. Standartlarımız bu qədər yüksək olmasa da, burada orta təbəqənin mövcudluğu toplum arasında bir balans yaradır”.

Ş.Əbusəttar əvvəllər xarici vətəndaşla ailə həyatı qurmağı fikirləşmədiyini deyir: “Heç vaxt “xarici birisiylə evlənərəm” deyə bir hədəfim olmayıb. Düzünü desəm ümumiyyətlə evlənməyəcəyimi daha çox düşünürdüm. Əslində nəinki xarici, hətta yerli birisi ilə də ailə quracağımı daha düşünmürdüm. Bəlli bir yaşdan sonra məncə evlənmək həvəsi tamamən yox olur. Ancaq qaçqın kimi deyil, başqa qanuni yollarla Avropaya getməyi düşünürdüm. İngiltərədə yaşayan 20 illlik rəfiqəm ailəsi ilə bunun üçün mənə kömək etməyə hazır idilər. İngiltərədə əvvəlcə dil kurslarına qatılmaq, sonra isə ali təhsil almağı planlaşdırırdım. QHT və mətbuatdakı fəaliyyətim ürəyimcə idi, insanlara fayda verən bir işlə məşğul olub həm də çörək pulu qazanmaq xoşuma gəlirdi. Amma hər şey qismətə bağlıdır”.

Həmkarımızın deməsinə görə, həyat yoldaşı Mustafa Yaman Ankaradakı böyük səfirliklərindən birində məmur olaraq işləyir: “İşi ilə bağlı olaraq reklam olunmağa qarşıdır. Yumor hissi çox yüksək olar bir insandır. Hər ikimizin çox ortaq alanlarımız var. Səyahət etmək, latın rəqsləri də bunlardandır”.   Şəhla xanım oğlunu bizə bu cür tanıtdı: “Bir oğlumuz var altı aylıq. Oğlum demək azdır- Hazar Safa mənim dünyamdır. Ana olmaqla yaşanan hissləri türklər demiş kolay-kolay sözlə anlatmaq olmaz. Həyat yoldaşımın ailəsində ilk oğlan nəvə olduğuna görə hər kəs onu çox sevir. Hazar, yəni Xəzər olaraq mənə sahilində doğulub böyüdüyüm və xüsusilə nostaljisini yaşadığım dənizin yerini doldurur həm də. Safa isə qaynatamın adıdır. Türklərdə uşağa iki ad verilməsi halları daha çoxdur”.

Şəhla xanım Ankaraya köçəndən sonra əsla darıxmadığını deyir: “Ankaraya gəldiyimdən əsla özümü başqa bir yerdə hiss etmədim. Elə bil bütün həyatımı durda yaşamışdım. Bakının çətinliklərindən sonra burada çətinlik kəlməsi gülməli görünür. Burada Bakıdakı kimi istədikləri vaxt işıq, qaz və ya suyu kəsə bilməzlər. Burada istədikləri yerə bir dükan tikə bilməzlər. Marşrutlarda işləyən avtobuslarda nəinki sarsaq musiqi, heç musiqi eşitməzsən. Sürücülər insanları siqaret tüstüsündə boğmur. Hətta bir il olar bütün qapalı alanlarda - restoran, kafe, xəstəxana və bütün dövlət və qeyri-dövlət qurumlarında siqaret çəkmək qadağan olunub. Bu mənim üçün həyat deməkdir. Əslində çox gərəksiz görünə biləcək bu detallar insan ömrünü tükədən amillərdir. Tək bir problem var burada, qaraj yoxdur və maşınları küçələrdə saxlayırlar. Küçələr artıq maşınlardan daşmağa başlayıb. Balacamı gəzdirməyə çıxaranda çox çətin olur”.

Həmkarımız deyir heç çətinliklə də qarşılaşmayıb: “Xırda-para dil problemini nəzərə almasaq, hər şey yolundadır. Ancaq oğlum doğulandan sonra çətinliklərim oldu. Bütün yaxınlarım Bakıdadı. Burda bir yaşlı qaynanam var, o da xəstə qaynatama ancaq baxa bilir. Oğlum qeysər kəsiyi ilə doğuldu və yalnız başıma qaldım. O, bir aylıq olanda böyük gəlinimiz bir həftə gəlib yanımda qala bildi. Kiminin iş problemi var, kiminin də maliyyə. Gəlib-getmək asan deyil. Balacamla çətinliklərlə qarşılaşınca uzaqda yaşadığımın fərqində ola bilirəm”.

O, türklərlə azərbaycanlıların adət-ənənələrində xeyli fərqin olduğunu deyir: “Məsələn, burada süfrəyə verilən çayın  yanına o qədər yeyəcək şirin və duzlu şeylər qoyurlar ki, kökəlməmək hər adamın işi deyil. İlk gəldiyimdə təsəvvür edin, axşam çaya dəvət ediblər, yeməkdən sonra getmişik. Çayın yanına verdikləri xəmir məmulatları mənim hətta gün boyu yediyim unlu məmulatlardan üç dəfə artıq olurdu. Zamanla anlatdım ki, mən gecə saatlarında  xəmir yeməkləri heç yemirəm. Fərqlərdən biri də budur ki, türklər yeməyin üstündən o dəqiqə məsələn, paxlava kimi xəmir tatlısı yeyirlər. Mən hələ də buna alışmadım və düşünürəm ki, alışmayacağam da. Çünki bizdə yeməkdən xeyli sonra çayla şirniyyat yeyilir. Bir də türklər avropasayağı çay içirlər - yəni çayın içinə şəkər qatıb içirlər. Biz isə çayı konfet və ya qəndi dişləyib içirik. Mən nə zamansa çayı şəkərlə qarışdırıb içəcəyimi zənn etmirəm. Çünki belə olanda çayın dadını, qoxusunu bilmirsən. Mustafa Bakıda bizdə olanda biz çayı özümüz içdiyimiz kimi verirdik və hətta yanına qaşıq da qoymamışdıq. Təbii ki, o da bizim gözümüzdən yayınıb çayına şəkər ata bilərdi. O zaman da qaşıq olmadığından çayı qarışdıra bilməyəcəkdi. Qaşıqla yeyəcək bir şey olmadığından süfrəyə qaşıq qoymamışdıq. Yalnız nişan süfrəmizdə şirin çay içə bilmişdi. Mən bu alışqanlıqlarını Ankarada öyrəndim və hər dəfə o günləri xatırlayıb gülürük. Deyir ki, qız istəməyə gəlmişdi, “verməzlər”- deyə qorxurmuş, ona görə çaya bibər belə, atsaydılar içərmiş. Bizdə uşaq doğulanda ailə içindən başqa kimsə qırx gün gəlməz. Ancaq burda xəstəxanadan evə gələr-gəlməz hər kəs uşağı görməyə gəlir. Əsasən də qızıl pul taxırlar uşağın üstünə. Var bəzi fərqlər təbii ki, ancaq oğlumun qayğıları içində bu qədərini xatırlaya bildim”. Üç ilə yaxındır ki, Türkiyədə yaşayan eks jurnalist bu müddətdə hələ Azərbaycana gəlməyib: “Burada olduğum birinci yayı bal ayına çıxdıq. Kuş adasında yoldaşımla gözəl bir tətil yaşadıq. Pamukkale, Efes, Kuş adası və İzmiri gəzdik. Keçən yay hamilə idim deyə, riskə atmaq istəmədim özümü, yoldaşım çox israr etsə də getmirəm dedim. Böyük qardaşım bizə qonaq gəldi. Beləcə bir il də geçdi. Bu il də gəlməyi düşünmürəm. Uzaq yolçuluq  və iqlim dəyişikliyi üçün oğlum çox balacadı. Gələn il ya yazın sonu, ya da payızın əvvəlində gəlməyi düşünürük. Əslinə qalsa,  sevdiyim Bakı çoxdan yoxdur. İndiki Bakı üçün darıxa bilmirəm. Nankorluq kimi görünməsin, ancaq pafoslu şüarlar və statlar dolu «üstü bəzək, altı təzək» bir şəhərə çevrilən Bakı məni ancaq sevdiklərimi ziyarət edəcəyim üçün çəkir”.

Şəhla Əbusəttar yenidən Azərbaycana dönüb, burada yaşamaq fikrində tərəddüdlüdür: “Bu çox ağır bir sualdır. Bilmirəm…İndi məni Türkiyəyə bağlayan çox sevdiyim yoldaşım və oğlum var, onlar harada, mən də orada. Hətta ölsəm belə, onlara daha yaxın bir yerdə dəfn olunmaq istərdim. Bəlkə nə vaxtsa yoldaşım istərsə və oğlumuzdan uzaq qalmamaq kimi bir vəziyyət olarsa, bəlkə düşünə bilərəm. İndi bunu düşünmək belə istəmirəm”.

Türkiyə vətəndaşı ilə ailə quran jurnalistimizin əvvəlki düşüncəsi ilə indiki düşüncəsi arasında yerlə göy arasındakı qədər fərq var: “Xarici vətəndaşla evlənmək fikrinə əvvəllər çox qarşı olmuşam. Hətta Bakıda dəfələrlə mənimlə tanış olmaq istəyən türklərə çox ağır təpki verdiyim vaxtlar olub. Ancaq indi düşünürəm ki, Bakıda Mustafadan heç vaxt olmayıb, yoxdur və olmayacaq da. Rubrikanızı izləyirəm və baxıram jurnalist qızlardan bəziləri Azərbaycandan kənara çıxıb. Az-çox dünyanı dərk edən, geniş dünyagörüşü olan qızların bu addımına qiymət vermək mənə yox, bizim qadınları «tükəzbanlar» adlandıran novruzəlilərə düşər. Biz də novruzəlilərə «yem» olmadığımıza şadıq”.

 

Günay MUSAYEVA

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı