Modern.az

Qarabağ mövzusuna dair təkliflər paket halına salınacaq

Qarabağ mövzusuna dair təkliflər paket halına salınacaq

18 May 2010, 19:02

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərinə həsr olunmuş dəyirmi masa keçirib.

Modern.az xəbər verir ki, tədbir Laçının işğal gününün və Laçın uğrunda döyüşlərdə həlak olmuş vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Şura sədri Azay Quliyev dəyirmi masanı giriş sözü ilə açaraq, tədbirin məsləhətləşmə xarakteri daşıdığını qeyd edib və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rəhbərlik etdiyi qurumun və QHT-lərin həyata keçirdiyi tədbirlər haqqında danışıb. A.Quliyev bildirib ki, Şuranın maliyyələşdirdiyi layihələrin 46-sı bilavasitə Dağlıq Qarabağ münaqişəsilə əlaqədardır və həmin layihələrə 400 000 manatdan artıq dövlət vəsaiti xərclənib.

A.Quliyev müzakirə mövzusu ilə bağlı ekspertləri Qarabağ mövzusu ilə əlaqədar həyata keçirilən layihələrin effektivliyi, bu istiqamətdə işləyən QHT-lər və digər qurumlar arasında koordinasiyanın olmaması, Qarabağ müharibəsindən zərər çəkmiş insanların hüquqlarının beynəlxalq məhkəmələrdə qorunmasında QHT-lərin rolu, may ayının 23-də qondarma DQR-də keçiriləcək seçkilərə QHT-lərin etirazı məsələlərinin müzakirəsinə dəvət edib.     Dəyirmi masada mövzu üzrə ekspert qismində çıxış edən millət vəkili, “Lider qadınlar” İctimai Birliyinin sədri  Məlahət İbrahimqızı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azəri–Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov, millət vəkili Cəmil Həsənli, “İnam” Plüralizm Mərkəzinin sədri Vahid Qazi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Vətəndaş cəmiyyəti uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov və başqaları Dağlıq Qarabağ münaqişəsilə bağlı peşəkar təbliğat sisteminin qurulması haqqında öz fikirlərini bildirdilər.

Tədbirdə səslənən bütün təkliflərin ümumiləşdirilərək sonrakı fəaliyyət üçün paket halına salınması haqda razılıq əldə edilib. Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər