Modern.az

Telejurnalist Ceyhun Əli: “Məkrli qısqanclıq varsa, sağlam rəqabətin sütunları zəifləyir” - MÜSAHİBƏ

Telejurnalist Ceyhun Əli: “Məkrli qısqanclıq varsa, sağlam rəqabətin sütunları zəifləyir” - MÜSAHİBƏ

25 Yanvar 2014, 12:03

Danışığı, davranışı, maraqlı diksiyası ilə hər gün onu gözləyən tamaşaçılarla görüşə gələn Ceyhun Əli... “ATV Xəbər", "HəftəSonu"nda “Xüsusi müsahibə”, "Səhnədə çıxışlar" və daha nələr. Və deyim ki, qısa vaxt ərzində bir çox insanların dərin rəğbətini qazanıb. Kənardan özündən razı biri kimi görünsə də, onunla ünsiyyət zamanı bunların tamamilə əksini gördüm.

Söhbətimizə çox maraqlı və bu gün ünsiyyətdə qarşımızdakı insanın nə dərəcədə səmimi olub-olmadığını bilmək üçün bizə yardımçı olan “Bədən dili və jestlər” mövzusu ilə başladıq.

Modern.az  saytı  teleaparıcı Ceyhun Əli ilə müsahibəni təqdim edir.

 

“Ünsiyyətdə bu vacibdir  ”  

-“Bədən dili və jestlər” bu qədim  sənət növü insanları tanımaqda sizə nə dərəcədə köməklik edir?

  -Mənə hələ  xüsusi təmayüllü gimnaziyada təhsil alarkən orda mənə insanları tanımaq üçün onun gözlərinə baxmağımın kifayət edəcəyini deyirdilər. Amma uşaq gözə baxıb nə öyrənə bilər ki, o hər şeyin təmizini axtaracaq. Hər zaman insanlarda təbəssümün də, zəhimli baxışın da içdən olmasını axtarmışam. Gözlər insana yalan demir, istər sevgi olsun, istərsə qəzəb, bunlar da qondarma olmamalıdır. Bəzən üzün qırışları insanları aldada bilir.  Mən bir neçə il bundan öncə “Bədən dili” ilə maraqlanmağa başlayanda bunun qədim bir sənət növü olduğunu hələ bilmirdim. Əslində bu sənət növü Şərqdə ta qədimdən var idi. Şahın hüzuruna gələn elçilərin nə dərəcədə yalançı və ya doğru insanlar olduğunu bilmək üçün onlar jestlərə də fikir verirdilər. Ünsiyyətdə bu vacibdir.  Kimsə üçün bunlar maraqlı olmaya bilər, amma insan özünü öyrənməsə o başqalarını da öyrənə bilməyəcək. Bəzən oxuduqlarımız və öyrəndiklərimizin bizə verə bilmədiklərini bədən dili və jestlərin anlayaraq ala bilərik.  Mən bunununla istiqamət kimi məşğul olmağa başladım. Yaşadıqlarımın bir növ nəticəsi idi. Mənə insanlar hər zaman maraqlı olub. Və belə ifadə var ki, ömrünü insanları öyrənməyə sərf etmisənsə əmin ol ki, heçnə hədər getməyib. Hətta nəsə öyrənməsən də. Sevinirəm, çünki təxminlərim doğru çıxır. Ünsiyyətdə jestləri müşahidə etmək mənim üçün çox maraqlıdır. Və bu zaman verilən təyinat və təqdimat da özünü doğruldanda, bu daha çox maraqlı olur.  Bu istər teleaparıcı, natiq, istərsə də millət vəkili və məmur olsun, hər bir vətəndaş üçün önəmlidir. Biz o halda özümüzü tam öyrənə bilirik ki, hansı  jestimizin nəyə xidmət etdyini anlamış olaq. Jestlər beyinlə bağlı olan məqamdır. Fərd adlandırdığımız  şəxslərin hər biri ayrılıqda bir şəxsiyyətdir. Kimsə şəxsi keyfiyyətlərini inkişaf etdirir, bəzisi isə etdirmir. Jestlər kimi. 

“Digər uşaqlar kimi böyümədim

  -Atanızı kiçik yaşınızda itiribsiniz. Həyatda mənəvi dəstəyi  kimlərdən gördünüz?  

- Ailəvi qəzaya düşmüşdük və o zaman atamı itirdik. Ailəvi...Adətən bu sözü daha çox xoş məramlı məqamlarda  səsləndirirlər. Məndə isə bu söz həmişə ehtiyat hissi ilə müşaiyət olunub. Qəza zamanı böyüklərdən eşidirdim bu sözü. “Ailəvi qəzaya düşüblər”.  Qəzadan sonra ayağımda yarana problem yaranmışdı. Bu problem də uşaqlığımı əlimdən aldı. Bir növ məhrum oldum həmyaşıdlarımın malik olduqlarından. Velosiped və futbol topum olsa da, onlardan istifadə edə bilmirdim. Velosipedim döşəməyə bərkidilmişdi, hərəkət etmirdi. Ayaqlarımı işlətmək üçün firlamalı idim. Uşaqlıq dövrümü tez adladım, o dövrü yaşamadım. Bəlkə də bu təkan oldu ki, mən digər uşaqlar kimi böyümədim. Onu da deyim ki, həyatda heç vaxt nəyisə etmədiyim üçün peşman olmamışam. Səhvlərim belə mənə doğmadı. Çünki bunlar mənimdir. Onlar olmasa idi, bəlkə də mən yaxşının niyə yaxşı olduğunu dərk edə bilməzdim. Amma 6 yaşımdan sonra mən uşaq olduğumu hiss etməmişəm.  Bəlkə də bu ifadəm düzgün səslənməyəcək, amma bu gerçəklikdir..

-Sizin üçün dost sözünün anlayışı nədir? Yaxşı dostu necə tanımaq olar? 

- Ətrafımda dostlarım var. Sözün həqiqi mənasında  dost deyə biləcəyim şəxslərdir.

“Azərbaycan kişisi ilə qadını arasında naməhrəmlik anlamı hələ də yaşayır”  

  -  Bəs xanım dostlar ? 

- Xanım dostlarım azdır. Çünki kişi ilə qadının dostluğunu qəbul etmirəm. Bu iki nəfər arasında dostluq o zaman başlıyır ki, artıq orda sevgiyə ümid yoxdur. Mənim fikrim birmənalı qarşılanmaya bilər. Bəlkə deyəcəklər ki, özü dostluq etməyi bacarmır. Amma bu qətiyyən belə deyil. Xanımlar arasında dostlarım var. Onlarla məni işbirliyi və ümumi amal da bağlıyır. Amma əksər hallarda xanımla kişinin dostluğunda  ya o, sənə sevgi etirafı edəcək, ya da digər maraq olmalıdır. Bu iş marağı, həmkar münasibəti və ya qohumluq əlaqələri ola bilər. Məhz bizim mental keyfiyyətlərə uyğun olan bir məqam var ki, Azərbaycan kişisi ilə qadını arasında naməhrəmlik anlamı hələ də yaşayır. Və bu gözəldir.  Münasibətdə  o, ya məhrəm, yəni halalı dərəcəsinə gəlib çatır, onlar ailə qururlar, ya da ümumi tanış səviyyəsindən yüksəyə qalxa bilmirlər. Mən bunu təqdir edirəm.  

  - Bir müsahibənizdə xanımların sizi qısqandığını demişdiniz. Niyə belə düşünürsünüz, xanımlar sizi niyə qısqanmalıdır?  

- Bu hardasa daxili mülkiyyətçilik istəyindən irəli gələn bir şeydir. Yəni o, mənə məxsus olsun, o, mənimdir kimi... Digər tərəfdən bu xanımın qısqancılığı cənab üçün bir sınaq ola bilər. Açıqlayım.  Məkrli qısqanclıq varsa, sağlam rəqabətin sütunları zəifləyir.  Sağlam rəqabətdə isə hər şey aşkardır, orada şəxsi keyfiyyətlər mühüm rol oynayır. Xanımların qısqanclığına gəldikdə isə, bunun səbəbini onlardan soruşmaq lazımdır.  (Təbəssüm edir)

- Ətrafınızda bu qədər xanımın olduğu halda şəxsi həyatınıza vaxt ayırmamağınızın səbəbi ? Vaxt azlığıdır, seçə bilmirsiniz, ya necə? 

- (Gülür.)  Mənim üçün münasibət anlayışı var. Subay olduğum üçün ailə modeli təklif və təqdim etməyim doğru olmaz. Amma ailə hər şeyin ilkin mərhələdə iki nəfərə məxsus olmasından irəli gələn bir anlamdır. Kənardan onlar tam fərqli insan təəssüratı yarada bilər, amma bu onların mühiti və dünyasıdır. Onlara toxunmaq olmaz !  Düşünürəm ki,  hətta bu münasibətə valideyinlər də müdaxilə etməməlidir.  Əlbətdə ki, onların məsləhətləri qaçılmaz və vacibdir. Amma bu, iki nəfərə məxus olan bir dünyadır.  Bu dünyada qulluqçu da,  şah da, rəiyyət də şahzadə də bu iki nəfərin özüdür. Mənim şəxsi həyatıma gəldikdə isə... Söyləyəcəyim fikir kiməsə tələb kimi görün bilər. Yəqin, mən birlikdə susa biləcəyim bir insanı axtarıram.  Təkcə danışanda deyil, susanda da onun sənə, sənin də ona məxsus olduğunu anlaya biləsən. Biz o dərəcədə normal və yaşanmalı olan məziyyətlərdən və keyfiyyətlərdən uzaqlaşırıq ki, adi qeyri-adi,  normal anormal kimi qiymətləndirilir. Əslində iki insanın bir-birinə məxsus olması və bunun sevgi adlanması üçün tələblər elə də çox deyil.  Sevmək və xoşbəxt olmaq üçün insana çox şey lazım deyil.  Bu mənada xoşbəxtlik üçün insana çox şey lazım olmadığı kimi, iki insana bir-birilə ünsiyyət qura bilmək üçün də çox şey lazım deyil.  Sadəcə olaraq, sənin olanı zamanında qəbul etmək lazımdır.

- Bu gün insanlar arasında elə bir münasibət yaranıb ki, hətta ən adi, xoş münasibəti belə sevgi adlandıra bilirlər. Siz bunu necə dəyərləndirirsiniz?

- Sevginin özü azalıb, sevgi mövzusu və onun haqqında söhbətlər çoxalıb. Biz sevgini bir çox şeylərlə qarışdırırıq. Sevgi təəssüratı yaratmaq! Ən böyük problem bundadır. Bu baxımdan pəjmürdə olmaq ( rus dilində bu, populyar разочарование sözüdür  - Ceyhun Əli) halı çoxalıb. Sevgiyə gedən yolu sanki, itirmişik. Sevgiyə çatmaq və sevgini yaşamaq meyarı dəyişib. Onun yerini başqa amillər tutub.  Sevmək hər dəqiqə hiss edəcəyin məsuliyyətdir. Onun xətrinə nəyisə etmək yox, öz sevgisinə layiq olmaq üçün etmək. Söhbət daxili məsuliyyətdən gedir. 

- Planlarınız nədir. Bundan sonra hansı işləri görmək istəyirsiniz?

-Gələcək planlarım haqqında çox da danışmaq istəmirəm. İstədiyim və arzuladığım bir işi görürəm. Xəbər aparıcısı olmaq çox məsuliyyət tələb edən bir işdir. Bununla yanaşı məsuliyyəti xəbərdən heç də az olmayan səhnədə çıxış edirəm. Müxtəlif tədbirlər. Həm də pedaqoji fəaliyyət. Bu fəaliyyətin üstünlüyü ondadır ki, televiziyadan uzaqlaşmadım. Nitq sənətdir.  Nitqi, sənəti, xarici görkəmi verən ALLAHdır. Bunu sınaq kimi verib. Əgər düzgün riayət edib və buna doğru yanaşırsansa, mükafatını da alırsan. Yox, əgər bundan sui-istifadə edirsənsə, səndən ala da bilər. Az vaxt çərçivəsində olsa belə tamaşaçılarımla görüşə gələ bilirəm. Mən hər zaman deyirəm ki, az tamaşaçın olsun, amma onlar səni anlasınlar.

İlk dəfə aparıcı kimi səhnəyə 14 yaşımda çıxmışdım. Əminə Dilbazinin 70 illik yubileyini aparmışam. İndi o illərin məsuliyyətini daha yaxşı dərk edirəm. Amma inanın ki, o vaxt keçirdiyim həyəcanı mən indi də hər gün efirə çıxanda yaşayıram. Bəlkə, elə məni aparıcı kimi qoruyan da o həyəcandır.


  - Ceyhun Əli Rafiq Hüseynli məktəbindən nələr öyrəndi?

- Hər dəfə Rafiq Hüseynli ilə söhbət edəndə həyəcan keçirirəm. J Qəribə, enerji mübadiləsi gedir. Bir dəfə Nərgiz Cəlilova dedi ki; “Şərt o deyil, Rafiq Hüseynlinin tələbəsi olasan. O insanla ünsiyyətdə onun ağzından çıxan hər bir sözü toplamağı bacarmaq lazımdır. Baxın bu özü dərsdir, məktəbdir”. Mən Rafiq Hüseynliyə bu sənəti mənə ədalətlə öyrətdiyi üçün minnətdaram. Heç nə əsirgəmədi.  Hələ də onunla ünsiyyətdə öyrənirəm. Və bunun üçün minnətdaram ona. Bilirsiz, müəllim var öyrədir və özü kimi tələbələr yetişdirir. Müəlim var səni sənətlə tanış edir və deyir ki, özün ol. Öz yolun, üslubun olsun. Rafiq Hüseynli də belə insanlardandır. Rafiq Hüseynli və Rafiq Həşimov. Bu iki şəxs mənə yalnız müəllim deyil. Həm də mənəvi dayaqdır. Mən hər zaman düşünürəm ki, mühitində elə insanlar olmalıdır ki, sən onlardan mənəvi zövq alasan. Heç zaman kiminsə xoşuna gəlmək üçün nələrsə etməmişəm. Kiminləsə razılaşmaya bilərəm, amma hansısa müsbətə aparan fikri mənim düşüncəmdə çevriliş yarada bilirsə, bunun nəyi pisdir ki... Amma yetər ki, bu fikir xeyirə aparsın... 

Pərvin ARZUQIZI 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü