Modern.az

O bizlər üçün şəhid oldu, bəs biz nəyi bacarırıq?!

O bizlər üçün şəhid oldu, bəs biz nəyi bacarırıq?!

26 Yanvar 2014, 18:34

Namidə BİNGÖL

Qələbəyə gedən yol savaşdan keçir. Bu həftə Azərbaycan-Ermənistan sərhədində gərgin məqamlar yaşandı. Bu haqda bir az sonra daha ətraflı danışacam. Öncə ölkə həyatında baş verən hadisələrə nəzər salaq.

1990-cı ilin 20 yanvar hadisələrindən 24 il keçdi. Hər il olduğu kimi bu il də xalq öz şəhidlərini unutmadı. Əslində,unutmağa haqqımız da yoxdu. Bizlərin azadlığı uğrunda canlarından keçib şəhid oldular. Allah hər birinə rəhmət eləsin. Şəhidləri ziyarət edənlər arasında mən də var idim. Xiyabanda olan bütün həmkarlarım kimi, mənim də diqqətimi şəhidləri ziyarət etməyə gələn Milli Şura üzvləri çəkdi. Seçkilərə qədər müxalifətdə təmsil olunan cəbhəçilərlə, Rəsulzadə-Elçibəy yolunu tutanlar günün 20 saatını bir yerdə keçirirdilər. Az qalmışdı ki, kirayə ev tutub çırağına yığışsınlar. Nə isə. Olanlara yenidən qayıtmaq fikrim yoxdu. Müsavatın Milli Şuradan çıxması da onların arasında olan problemdir. Vətəndaş olaraq, toxunmaq istədiyim əsas məsələ odur ki, xalq, millət, vətən deyib qışqıranlar ən azından tarixin qara günündə bir addımlaya bilərdilər. Amma bunu etmədilər. Görəsən, ölkə xarici parçalanmaya məruz qalarsa, müxalifət düşərgəsində şəxsi ədavət milli birlikdən üstün ola bilərmi?! Və yaxud da şəxsi intriqalar ucbatından ayrı-ayrılıqda xiyabana gələn müxalifətçilər bundan sonra da birlikdə xalq millət, vətən deyəcəklərmi?!

Bu arada, həftə sonu “El”hərəkatının sədri Eldar Namazov uzun-uzadı düşündükdən sonra nəhayət, rəsmi şəkildə qərar verdi. Söhbət Milli Şuradan üz döndərməkdən gedir. Əslində, bu xəbər gözlənilən idi. “Qonşulardan qalma dala” deyib Eldar Namazov da belə getdi. Halbuki, Milli Şuranın qurulmasında “xalq qəhrəmanı”na çevrilmişdi, Eldar Namazov. Hətta, az qala heykəl belə,  qoyacaqdılar.

İndi isə qayıdaq həftənin əsas olayına. Yola saldığımız həftədən etibarən start götürən işğalçı dövlətin döyüşçüləri ilə işğala məruz qalan Azərbaycan hərbçiləri arasında atəşkəs pozuldu. Sərhəd bölgələrdə yaşanan gərginlikdən öncə, söhbətə son bir neçə ay ərzində orduda ardıcıl olaraq, baş verən intihar hadisələrindən başlamaq istəyirəm. Təəssüf ki, ordudan gələn xəbərlər heç də ürəkaçıcı olmur. Hər gün bir əsgər ölür. Bu o deməkdir ki, Milli Ordunun sıralarında xidmət edənlərin arasında fərqli ab-hava hökm sürür. Maraqlıdır, Milli Ordunun daxilində nə baş verir? Bir az əvvələ nəzər salaq. Keçmiş müdafiə naziri Səfər Əbiyevdən başlayaq. 18 il ərzində orduya rəhbərlik etmək böyük məsafədir. Bu məsafəni itkisiz qət etmək böyük qəhrəmanlıq tələb edir. Təəssüf ki, bu illər ərzində minlərlə əsgər, çavuş, gizir və zabitlərimiz xidmət zamanı dünyasını dəyişdi. Bu isə təkcə, həmin oğulların ailələrini mənəvi, psixoloji durumla üz-üzə qoymadı. Həmçinin, cəmiyyət bu itkilərin qarşısında susa bilmirdi. Bir-birinin ardınca əsgər ölümünə göz şahidi olmasaq da, qulaq şahidi olurduq. Təbii ki, 18 ildən sonra orduda yeni islahatlara ehtiyac vardı. Amma, bu da son olmadı. Orduda dəyişiklik müdafiə nazirinin dəyişdirilməsindən başlasa da, səngərlərdə, hərbi hissələrdə xidmət edənlərin içində dəyişik məqam gözümüzə dəymədi. Bu cür vəziyyətdən çıxış edərək deyə bilərəm ki, qulaqlarımız əsgər ölümünə artıq vərdiş edib. Atəşkəs dövründə sıravi əsgərin orduda xidmət zamanı intihar etməsi artıq faciədir. Ölümün adı ölümdü. Fərq ondadır ki, orduya göndərdiyimiz oğulları öncə Allaha, sonra komandirə tapşırırıq. Zakir Həsənovun yeni müdafiə naziri seçilməsi orduda ölü sayını azaltmadı. Təbii ki, fərqli fikirlər səsləndirilsə də, bir reallığı da unutmayaq ki, orduya rəhbərlik edəcək kimsə saysız-hesabsız ölümə yol açmaq üçün seçilmir. Bu cür məsələlərin içində çox ciddi və incə məqamlar gizlənir. Təsəvvür edin 18 yaşına qədər sərbəst həyat tərzinə vərdiş edən yeniyetmə ordunun güclü nizam-intizam qaydalarına tabe ola bilmir. Telefon əlindən alınır, internetdən istifadə məhdudlaşır, Facebook-a giriş qadağandır. Deməli, orduda intihar edənlərin əksəriyyəti psixoloji durumla üz-üzədir.

Eyni zamanda, yola saldığımız həftə sərhəddə müharibə qoxusu ilə yadda qaldı. Erməni silahlı qüvvələri atəşkəsi bir neçə yerdən pozdular. Ermənistan ordusu 10-a yaxın hərbçisini itirdi. Yanvarın 20-dən başlayaraq cəbhədəki gərginliyin miqyası səngimək bilmir. Bu o deməkdir ki, müharibə hələ bitməyib. Təəssüf ki, biz hələ də Alişanların, Əmrahların yolunda pul töküb özümüzə dəbdəbəli toy çaldırırıq. 20 minlik telefonu əlimizə alıb qürrələnirik. Torpaqları mələr qalan bir millətin içində iradə, əzm, intellektual düşüncə yoxdursa, vay o millətin halına. Mənşəyi hara olduğu bəlli olmayan pulların sel kimi axdığı ciblərdə çox köçkünlərin gözü var. Biz isə o gözləri doyurmaq əvəzinə, cibi dolu olanların doymayan ac gözlərini doyururuq.

Keçən həftə bir zabitimiz də şəhid oldu. O vətən üçün, bizlər üçün şəhidlik zirvəsizə qalxmağı bacardı. Bəs biz nəyi bacarırıq?! Unutmayaq ki, bizim Suriyada, Misirdə gedən müharibələrdən bir fərqimiz var. Biz atəşkəs rejiminin boyunduruğu altındayıq. Bir əmrlə hər an o boyunduruqdan xilas ola bilərik. Yəni hər an müharibə başlaya bilər. Müharibənin isə bir rəngi olur. O da qan rəngi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?