Modern.az

TRT-nin Bakı təmsilçisi: “Qızımın doğum şəhadətnaməsinə Bakı yazıldı” - MÜSAHİBƏ

TRT-nin Bakı təmsilçisi: “Qızımın doğum şəhadətnaməsinə Bakı yazıldı” - MÜSAHİBƏ

27 Yanvar 2014, 13:32

Basketbolçuluqdan telejurnalistliyə gedən yol...  


Basketbolçuluqdan gəlib bu peşəyə. Bundan əvvəl isə futbol hakimi, daha sonra müəllim, müxbir və nəhayət böyük bir telekanalın əcnəbi ölkədə təmsilçisi olub.  Əmrah Timuçin Yazıcı çox gənc yaşında TRT-nin Bakı təmsilçisi təyin edilib.

İki il əvvəl Azərbaycana müxbir kimi göndərilmişdi. Söhbət zamanı deyirəm nədənsə TRT-dən ölkəmizə işləməyə gələnlər geri dönmək istəmirlər. Cavab verir ki, kim getmək istəyər ki, əgər burada işləmək, yaşamaq çox rahatdırsa.  “Ailəm də burada çox rahatdır və çox bəyənirik, Azərbaycanı sevirik” deyir.

- Əmrah bəy, gənc yaşınızda təmsilçi oldunuz və hər halda bu böyük yükü daşımaq qürurlu olsa da, çətindir. Müxbir olaraq başlamışdınız, indi isə işləriniz çoxaldı, bunun öhdəsindən gələ biləcəksinizmi?

- Əlbəttə, düz deyirsiniz. Bakıya gəlməmişdən əvvəl Ankarada fəaliyyət göstərirdim. TRT-də xəbər proqramında idman və siyasət müxbiri kimi çalışmışam. Muhsin Yazıçıoğlu təyyarə qəzasında həlak olan zaman bələdiyyə seçkiləri mərhələsi idi. Həmin ərəfədə bölgələrə gedirdim. Yozqatdan Ankaraya gələrkən telefonuma mərkəzdən zəng gəldi ki, Muhsin Yazıçıoğlunun helikokteri qəzaya düşüb. Hadisəylə bağlı dəqiq informasiya verməyimi istədilər. Mərkəzə gələndə 3 gün ofisdən ayrılmadım. Gün ərzində Muhsin Yazıçıoğluyla bağlı gələn xəbərlərə baxıb, ən doğrusunu çatdırırdıq.  Gərgin iş rejimində çalışmağıma baxmayaraq, işimi sevirdim. Təmsilçilik kənardan baxdıqda asan və rahat görünür. Amma qətiyyən belə deyil. Bütün işlərlə məşğul olursan və onların həllinə çalışmalısan. Azərbaycanda fəaliyyət göstərdiyimiz üçün işlərimizdə daha da diqqətli olmaq lazımdır. Xatırladım ki, iki il əvvəl bura müxbir kimi gəlmişdim. Məndən əvvəlki təmsilçi Yüksəl bəy Türkiyədə xəbər müdirim idi, tale elə gətirdi ki, burada da rəhbərim oldu. Azərbaycana gələndə başqa bir ölkədə olduğumu hiss etmədim. Avropanın bir çox ölkələrində həftələrlə qaldım, amma sizin kimi istiqanlı, qonaqpərvər, səmimi insanları orda görmədim. Son iki il ərzində sadəcə Bakıda qalmadım, bütün bölgələri demək olar ki, gəzmişəm. Bölgədəki insanlarınızın istiqanlılığı, səmimiyyəti tam başqadır. Azərbaycan mənim üçün çox doğmadır. Mən bura gələndən sonra evləndim. Düzdür, həyat yoldaşım türkdür. Hətta bir Bakı balası da doğuldu, qızım burada dünyaya göz açdı. Onun doğum şəhadətnaməsində doğulduğu yer Bakı yazılıb. Bu, bizim üçün böyük bir xatirə qalacaq.

- Deməli, Azərbaycan sizə uğur gətirdi: evləndiniz, burda övladınız dünyaya gəldi və rəhbər vəzifəyə təyin oldunuz...

-
Bəli, ölkəniz mənə uğur gətirdi.

- Müxbirlikdən birbaşa vəzifəyə gedən bəzi insanlar özlərini heç də rəhbər kimi görə bilmir, yenə də yaxın keçmişdəki işini davam etdirir. Bu, sizdə də belədir?

-
Biz müxbirlikdən bu vəzifəyə gəlmişik, yəni xəbərkökənliyik. Təmsilçi olsam da, xəbər vermək, hazırlamaq mənim üçün bitmədi. Bildiyiniz kimi 14 kanalımız var və həftədə 3-4 dəfə onlarla əlaqə yaradıram. 20 yanvar hadisəsinin ildönümündə TRT yenə də iş başında idi və öz vəzifəsini layiqincə yerinə yetirdi. Şəhidlər Xiyabanında 3 saatlıq canlı yayım hazırladıq. Əlavə iki əməkdaşımızla birlikdə mən yenə də kameranın önünə keçdim. Sizin də dediyiniz kimi xəbərkökənli birinin rəhbər olması keçmişi buraxa bilmir, müxbirliyi unutmur.

- TRT-də nə zamandan fəaliyyət göstərirsiniz?

-
2008-ci ildən bu qurumda işləyirəm. Universitetin riyaziyyat-müəllimlik fakültəsini bitirmişəm. Həmçinin basketbolçuydum. Ayağmdan zədə aldıqdan sonra proffesional olaraq futbol hakimi kimi çalışdım. Bir çox yarışlarda hakimlik etdim və bununla yanaşı müəllim kimi də fəaliyyətimi davam etdirirdim. TRT müxbir vəzifəsinə işçi qəbul edirdi və mən idman bölümündə müxbir olaraq vəzifəyə başladım.

- Hazırda hansı layihələriniz var?

- Hazırda “Azərbaycan ulduzları” və “Qafqazlardan əsən yellər” adıyla iki proqramımız yayımlanır. Proqramların sayını 5-ə çatdırmağı düşünürük. Çox iddialı bir proqramla tamaşaçıların görüşünə gələcəyik.

- Adlarını açıqlaya bilərsinizmi?

-
İkisi sürpriz qalsın. Birinin adını açıqlaya bilərəm – “Röya kimi”. Bu proqramda bir azərbaycanlının evinə gedib otaqlardan birini başqan ayağa rəngindən tutmuş, dizany, mebelinə kimi dəyişəcəyik.

- Seçimlər necə olacaq?

-
Proqramımızda iştirak etmək istəyənlər Bakı təmsilçiliyimizin elektron ünvanına müraciət yollayacaq. Komissiya müraciətləri gözdən keçirib bir ailəni seçəcək.

-  Seçimlərdə haqsızlıqların olmayacağına inanmaq olarmı?

-  Qətiyyən haqsıqlıq olmayacaq. Zəngin birinin də evini dəyişə bilərik, yoxsulun da. Bu, seçimdən asılı olacaq. Hər evin otağı üçün xüsusi dizayn düşünüləcək. Bütün işçi heyəti azərbaycanlı olacaq, sadəcə memarımız Türkiyədən gələcək, getdiyi evin otağına baxıb xüsusi dizayn hazırlayacaq. 3 gün içində o azərbaycanlının röyasını gerçəyə çevirəcəyik. Bütün maliyyə TİKA ilə birlikdə TRT tərəfindən həyata keçiriləcək.

- Olmazmı zənginin deyil, elə yoxsulun röyalarını gerçəkləşdirəsiniz?

-
Zənginə göstərəcəyik ki, dizayn belə olmalıdır.

- Axı onun pulu var zövqü yoxdur, digəri kasıb olduğundan zövqsüzdür...

-
İkisinin də xəyallarını, röyalarını gerçəkləşdirməyə çalışacağıq.  

- Proqram nə zamandan start götürəcək?

-
Fevral ayından başlamağa qərar vermişik. 40 dəqiqiəlik proqramda aparıcımız tamaşaçılarımıza 3 sual ünvanlayacaq. TRT Bakı təmsilçiliyinə zəng edib suallara cavab verən birinci yerin qalibi Türkiyəyə istirahətə göndəriləcək, digər iki qalib dəyərli, sürpriz hədiyyələrin sahibi olacaq. İlk layihəmiz 26 həftə davam edəcəkdir. Beləliklə, 26 adamın evini dəyişəcəyik.

- Bundan əvvəl bir neçə proqramlarınız vardı ki, artıq təqdim olunmur. Nəylə bağlıdır, tamaşaçılara maraqsız gəldi, yoxsa, ümumiyyətlə layihənin vaxtı başa çatmışdı?

-
TRT getdikcə dəyişir. Abdülhəmid bəyin zamanında “Həyat akarken” proqramı vardı kı, o zamanlar 3 telekanal fəaliyyət göstərirdi. Belə proqramlara ehtiyac duyulurdu. Hazırda 14 telekanalımız var. “Həyat akarken” indi Xəbər kanalında “Gündəm proqramı” adıyla efirə gedir. Bu gün Azərbaycandakı prodakşın şirkətləri tərəfindən Türkiyəyə 15 proqram hazırlanıb verilir. Hər həftə 15 proqram hazırlanır ki, artıq proqramları özümüz hazırlamağa başlayacağıq.

- TRT-nin digər yerli kanallarımızla müştərək hansısa layihəsi varmı?

-
Müğənni Azərin TRT Avaz kanalında bir proqramın aparıcısıydı. İndi TRT Muzik kanalında ilk dəfə olaraq xarici ölkədən aparıcı olaraq Tünzalə Ağayeva proqram təqdim edəcək.

- Niyə məhz Tünzalə Ağayeva? Azərbaycanda ondan da tanınmış sənətçilər var.

-
Azərbaycana sazın, sözün, neftin yurdu deyirlər. Gerçəkdən də Azərbaycanda musiqi sahəsi çox geniş inkişaf edib. TRT baş direktoru İbrahim Şahin də Tünzalə Ağayevanı hətta Türk dünyasının ən güclü səslərindən biri hesab edir.

- Ondan da güclü səs ifaçıları var Azərbaycanda. Sizcə İbrahim Şahin səhv düşünməklə bunu çox şişirtmirmi?

-
Türkiyədə onu çox bəyəniblər. Bir neçə həftəyə proqramına başlayacaq. Tünzalə Ağayevanın orada aparıcılıq etdiyi proqram Azərbaycandakı TV-lərdən birində həftədə bir dəfə təkrar yayımlanacaq. Digər layihəmiz də var. Fevral, ya da mart ayında təcrübə bölüşmək adı altında azərbaycanlı məsləkdaşlarımızı TRT-də 15 günlük qonaq edəcəyik. Yerli kanallarınızdan 3 nəfər- müxbir, operator və montajçı Türkiyəyə gedib 15 gun içində studiyalarımızda olacaq, qarşılıqlı təcrübə-praktikaya yiyələnəcəklər. Bilirsiniz ki, Türkiyədə gündəm tez tez dəyişir, burdakı dostlarımızın ordakı tempi görməyini istəyirik.

Laçın SƏMLA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər