Modern.az

Rusiyanın Qarabağdan Davosa atdığı güllə

Rusiyanın Qarabağdan Davosa atdığı güllə

28 Yanvar 2014, 23:34

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Müharibəyə başlamaq üçün iqtisadi gücümüz olsa da, siyasi baxımdan əlverişli  məqam lazımdır

Son günlər cəbhə xəttində yaranan gərginlik cəmiyyətdə heç də bir mənalı qarşılanmır. Bəziləri Qarabağ müharibəsinin başlayacağını, bəziləri isə bu fikrin əksini deyirlər. Neçə illərdir ki, aparılan sülh danışıqlarının bu problemin çözülməsində heç bir səmərə vermədiyini nəzərə alsaq, gec, ya tez müharibənin əlbəttə ki qaçılmaz olduğunu söyləmək olar. Lakin indiki durumda dünyada qlobal siyasi şərait bizim müharibəyə başlamağımız üçün nə qədər əlverişlidir, sualı barədə də düşünmək lazımdır. Biz Ermənistan tərəfindən rəsmi olaraq işğal olunmuş torpaqlarımızı müharibə yolu ilə azad etmək hüququna malik olsaq da, bu heç də o demək deyil ki, sabah müharibəyə başlayaq. Müharibəyə başlamaq üçün iqtisadi gücümüz olsa da, amma bununla yanaşı həm də siyasi baxımdan əlverişli  məqam lazımdır.

Nəzərə almaq lazımdır ki, cəbhədə yaranan bu gərginlik Azərbaycan prezidentinin Davosa səfəri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Parisdə təşkil etdiyi Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşü və Ukraynada Rusiya və ya Gömrük İttifaqı yönümlü Ukrayna Prezidenti V.Yanukoviçin müxalifətçilər tərəfindən “sıxışdırıldığı” bir vaxtda baş verdi. Mətbuatda Azərbaycan Müdafiə Nazirliyinin rəsmisinin sözlərinə istinadən verilən məlumatlarda, Tərtərin Qapanlı-Seysulan kəndləri istiqamətində mövqelərimizə həmlə edən erməni diversiya qrupunun geri oturdulması zamanı onların qeyri-erməni dilində komanda vermələri vurğulanır. Aydın məsələdir ki, ermənilər Qarabağı kimin əli ilə işğal ediblərsə, elə onların əli ilə də bu günə qədər birtəhər qoruyub saxlayırlar.

Yuxarıda qeyd olunan Azərbaycan üçün önəmli görüşlərin keçirildiyi günlərdə təmas xəttində vəziyyəti qəsdən gərginləşdirən tərəfin və ya tərəflərin kimliyini güman etmək çətin deyil. Qarabağdakı mövcud durum həm Rusiyaya, həm də Qərbə sərf edir. Belə ki istər Rusiya, istərsə də Qərb Qarabağdan siyasi spekulyasiya kimi istifadə edirlər. Hələlik Rusiya Qafqazda strateji mövqeyini qoruyub saxlamaqla, Qərb isə enerji resurslarına sahib olmaqla kifayətlənir. 

Belə olmasaydı, bu günlərdə cəbhədə olan vəziyyətin gərginləşməsi beynəlxalq gücləri belə tez hərəkətə gətirməzdi. ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mari Harfın Vaşinqtonda keçirdiyi brifinqdə “güc tətbiqi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil”, ATƏT-in Minsk qrupunun həmsədrlərinin “baş vermiş hadisələr danışıqları pozur və sülhün əldə olunmasının perspektivlərini azaldır” söyləmələri, Qarabağla bağlı qulağımızı döyənək eləmiş ənənəvi qəbul olunmuş ümumi sözlərdən başqa bir şey deyil. Maraqlıdır, görəsən xanım Mari Harf və məşhur “üç həmsədrlər kimi” olanlar öz dedikləri sözlərə nə qədər inanırlar?

Kim nə deyirsə desin, biz yaxşı bilirik ki, onsuz da Qarabağın azadlığı müharibədən keçir. Çünki onu mis məcməyidə bizə heç kim bağışlamayacaq, onu biz özümüz qan bahasına geri almalıyıq. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bu gərginliklə bağlı mətbuatdakı çıxışında, bu məsələnin arxasında Moskvanın dayandığını qeyd edir. O, “Rusiya Ukraynadakı uğursuzluqlarını görərək Qərbə meydan oxumaq və Qərbin Azərbaycandakı maraqlarına zərbə endirmək istəyir” deyir.  Məncə, cəbhədəki bu canlanmanı həm də Rusiyanın Azərbaycan Prezidentinin Davosda Avropa Birliyinə və Gömrük İttifaqına necə münasibət bildirməsi üçün təsir vasitəsi kimi hesablandığını da güman etmək olar. Başqa sözlə desək, bunu Rusiyanın Qarabağdan Davosa atdığı güllə kimi də adlandırmaq olar. Hərçənd Rusiya qış olimpiadası ərəfəsində Qafqazda müharibənin alovlanmasını ən azı özü üçün istəməz. Onun üçün hazırki vəziyyətdə artıq 20 illik buz kimi donmuş olan “soyuq müharibəni” qızışdırıb istiləşdirmək sərfəli olmaz. Əks təqdirdə bu “istilikdən” Soçiyə sürüşməyə gələnlərin qarı əriyər, onların, xüsusən də elə Rusiyanın özünün bütün “xizəkləri” yerə, torpağa ilişər. Odur ki, bu sadəcə Rusiyanın nəzərdə tutduğu siyasi manevrasından başqa bir şey deyil. Bütün bunlara rəğmən, zənnimcə, ölkə prezidenti İ.Əliyevin Davosdakı çıxışı Qərbə doğru inteqrasiya kursu götürmüş ölkəmiz üçün kifayət qədər diplomatik bir çıxış oldu. Belə ki o, Azərbaycanın həm Avropa Birliyi, həm də Gömrük İttifaqına üzv olan ölkələr ilə ayrı-ayrılıqda iqtisadi-siyasi əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğuladı. İ.Əliyev Azərbaycanın heç bir ölkədən asılı olmayan ölkə olduğunu qeyd edərək, bu iki qurumun heç birinə üzv olmasına lüzum olmadığını açıq-aşkar bəyan etdi.

İndi qayıdaq əsas məsələyə, cəbhədəki gərginlik zamanı ordumuz tərəfindən düşmənin 10 əsgərinin və 1 hərbi texnikasının məhv edilməsi, hava şahinlərimizin təmas xətti boyu uçuşlar həyata keçirməsi bizə döyüşə atılmaq üçün nə qədər döyüş ruhu versə də, gərək indiki şəraitdə Qarabağı azad etmək üçün müharibəyə başlamağa tələsməyək.

Bizim üçün müharibəyə başlamaq o zaman əlverişli olar ki, ilk növbədə hərtərəfli güvənc yerimiz olan qardaş Türkiyədə rüşvət və korrupsiya qalmaqalları öz ədalətli həllini tapsın və ölkəni siyasi-iqtisadi baxımdan çalxalayan bu problem tezliklə aradan qaldırılsın.

Qərb iqtisadçılarının fikrincə, neftin qiymətinin 60 dollara düşəcəyi təqdirdə Rusiya iqtisadiyyatının qəflətən çökəcəyi söyləmələrini nəzərə alsaq, bu zaman Rusiyada da daxili çəkişmələrin, yəni iqtisadi-siyasi böhranın baş verəcəyini gözləmək olar. Məhz belə olan halda bu məqam bizə müharibəyə başlamaq üçün ən əlverişli şəraitdən biri ola bilərdi. Rusiya Prezidenti V.Putin deyilənlərin gözlənilən olduğunu anladığından, Gömrük İttifaqı yaratmağı qarşısına prioritet məsələ kimi qoyması, məncə, əbəs yerə deyil. 

Qonşu İran İslam Respublikasının bizimlə din qardaşı olmasına baxmayaraq ötən illərin təcrübəsi göstərdi ki, İran daim Ermənistanın yanında olaraq onlar üçün “nəfəsverici aparata” cevrilir. Bunun səbəbi hamımıza aydındır. İran heç vaxt istəməz ki, biz Qarabağı azad edib Cənubu Azərbaycanın azadlığına bir ölkə kimi hərtərəfli dəstək nümayiş etdirək. Qərbin uranın zənginləşdirməsi ilə əlaqədar İrana qarşı tətbiq etdiyi iqtisadi və siyasi sanksiyalar öz “bəhrəsini” verdi. Hazırda İranla Qərb arasındakı mövcud siyasi sabitliyi bizim Ermənistanla müharibəyə başlamağımıza mane olan bilən əngəllərdən biri kimi də qiymətləndirmək olar.

Bundan əlavə, ordumuzun nə qədər yeni silahlarla təchiz olunmasına baxmayaraq, müharibə aparan ölkələrin daim silaha ehtiyacı olur. Bu mənada Ukraynada siyasi böhranın aradan qaldırılması da bizim üçün ən vacib məsələlərdən biri hesab olunmalıdır.

Beləliklə, bizim müharibəyə başlamağımız üçün Türkiyə və Ukraynada tam sabitlik hökm sürməli, Rusiyada iqtisadi böhran baş verməli, onun daxili və xarici siyasəti tənəzzülə uğramalı və Rusiyanın əlaltısı olan İran yenidən iqtisadi və siyasi cəhətdən Qərbin ciddi təqibinə məruz qalmalıdır.

Bütün bunlarla yanaşı ölkəmizin daxilindəki bəzi sosial problemlər də öz həllini tapmalıdır. Burada hökumət tərəfindən Qarabağ qazilərinin sosial qayğılarına diqqətin ayrılması əsas şərtlərdən biridir. Bütün Kütləvi İnformasiya Vasitələri öz yayımlarını müharibə gedən ölkəyə uyğun şəkildə proqramlaşdırmalı, hərbi sirləri aça və cəmiyyətdə panika yarada bilən yayımlardan çəkinməlidirlər. Bəzi sosial şəbəkələr müharibə bitənə qədər müvəqqəti olaraq dondurulmalı və bu müharibə birinci Qarabağ müharibəsindən fərli olaraq bütün ölkədə hiss olunmalıdır. Bakıda və ya Qarabağdan aralı şəhər və rayonlarda “Qarabağ” şikəstəsinə feyziyab olmaqla, düşmən tapdağı altında qalan torpaqlarımızı azad edə bilmərik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir