Modern.az

Son mənzilin paslı açarı...

Son mənzilin paslı açarı...

29 Yanvar 2014, 11:13

Son günlər ölümlü xəbərlərin sayı çoxalıb. İntihar edən, Suriyada ölən, torpaq ugrunda şəhid olan, Laçına həsrət “Laçınım” oxuyub Laçınsız ölən mügənnimiz...Hər bir xəbərə fərqli üzülmüşəm. İstənilən halda sonunda geri dönməmək üzrə qara torpağın altına getmək var. Hər bir xəbərdə də özüm o torpaq altında yatar kimi üşümüşəm...

Amma bu səhər çox fərqli bir ölüm xəbəri aldım. Bəlkə adi gələcək, amma haqqında yazacağım bu insanın həyat hekayəsi çox fərqlidir. Kəndimizdə bir Əlisəfa kişi vardı. Qısa olaraq Səfa cağırırdılar. Heç kim ona ciddi yanaşmırdı. Deyirdilər ki, arsız adamdı, dünya vecinə deyil. Harda toy vardı, tanıdı-tanımadı gedib yeyib-içib oynayırdı. “Araz aşığından, kür topuğundan” məsəli. Dünya dağıla vecinə almırdı. Axşamlar da kəndin çayçısında günün keçirirdi.  

Hətta məsələ çevrilmişdi. Kənd camaatı bir şey olanda deyirdi ki, “Arsız Səfasan?”. Eləki müharibə başladı, Səfa kişinin deyib-gülməyindən əsər-əlamət qalmadı. Çünki döyüşə ilk gedən onun gözünün ağı-qarası bir oğlu oldu. Getdi və 3 ay sonra qara xəbəri gəldi. Oğlu şəhid olmuşdu. Heç kim onun ağladıgını görməmişdi. Oğlunu dəfn edib evinə qayıtmışdı. İki gün sonra yenə kəndin çayxanasında görsənmişdi. Amma o vaxt deyirdilər ki, Səfa dinib danışmır, artıq kimsənin yanında belə, oturmur. Küncdə saatlarca oturur, səsiz-səmirsiz çayın içib hamıdan sonra da durub evinə gedir.

Xeyli keçdı, arsız Səfa oldu dəli Səfa. Bir dəfə kəndə gedəndə Səfanın əlində çubuq kəndin gənclərinin arxasından qaçdığını gördüm. Dedilər başına hava gəlib. Harda gənc görürsə, “döyüşə get!” deyib vurur, qovurdu. Oğlunun yoxluğunu qəbul edə bilmirmiş. 

Sonra Səfa kişinin ayağı çayxanadan da kəsilib, kənd toylarından da. Bütün günü əlində dəyənəyi kəndi başdan-ayaga gəzirmiş. 

Bir dəfə  kəndə gedəndə eşitdim ki, Əlisəfa kişinin gözləri tutulub. Sən demə oğlu şəhid olanda el içində ağlamayan insanalrın “arsız” dediyi bu adam hər gecə səhərə qədər yatmadan ağlayırmış. 

Artıq o əlindəki dəyənəklə gənclərin arxasından qaça da bilmirdi. Dəyənəyini yerə döyə-döyə hər gün oğlunun məzarına gedib-gəlirdi. Sonra rayon  işğal olundu. Səfa da şəhid oğlunun məzarını qoyub Bakıya gəldi. Əsində onu aldadıb gətiriblər. Yoxsa  “mən getmirəm” deyə israr edirmiş.

Sumqayıtda yaşamaga başlayan şəhid atasını ondan sonra bir neçə il görməmişdim. Yaxın qohumlarından biri sahib çıxıb onu və yaşlı həyat yoldaşını yataqxanalardan birinə yerləşdirib. Bir dəfə yataqxanada yaşayan köçkün qohumlarımdan birinə gedəndə Səfa kişi gördüm. Yataqxananın qapısının kandarında oturmuşdu. Əlindəki cəliyinə söykənib mürgüləyirdi. Yaxınlaşıb halın soruşdum, cavab belə, vermədi. Dedilər qaçqınlıq başlayandan kiminləsə kəlmə  kəsmir. Hər gün soyuq-isti demədən bu yataqxanın qapısında oturur. Gözlərinin işığı qalmadığına görə, başı aşağı oturub axşam da otağına gedir...

Bu səhər yaxınlarımdan biri dedi ki, Səfa kişi rəhmətə gedib. Nə zamandı xəstə yatağındaymış. Can üstə olanda nə istədiyin soruşublar. Uzun illərdən sonra ilk dəfə səsin eşidiblər. Şəhid oğlunun şəkilini istəyib. Bir də işğal altındakı evinin açarını... Son istəyi bu olub arsız, dəli, kor, lal Şəhid atası Əlisəfanın... Şəhid oğlunun məzarına həsrət ölən bu adam o son mənzilə ilk mənzilindən qalan paslı açarla gedib...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər