Modern.az

Təbii fəlakətlə əlaqədar hökumət komissiyası yaradıldı

Təbii fəlakətlə əlaqədar hökumət komissiyası yaradıldı

19 May 2010, 20:48

Son vaxtlar yağan aramsız yağışlar nəticəsində Azərbaycan Respublikasının 40 rayonunun ərazisində subasma halları baş verib, ilkin məlumatlara əsasən 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalıb, 300-dən çox ev uçub, 2 minə qədər ev qəzalı vəziyyətə düşüb, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxıb.
Yaranmış vəziyyətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bütün aidiyyəti qurumlarla birlikdə operativ qaydada görülmüş zəruri tədbirlər nəticəsində təbii fəlakətin daha böyük fəsadlarının qarşısı alınıb, zərər çəkmiş insanlar öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülüb, onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin göstərilməsi təşkil olunub.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi ilə ölkə başçısı İlham Əliyev hökumət komissiyasının yaradılması barədə sərəncam imzalayıb. Sərəncamda bildirilib:

1. Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar aşağıdakı tərkibdə Hökumət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Artur Rasizadə -Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Abid Şərifov -Azərbaycan Respublikası Baş
nazirinin müavini
Əli Həsənov -Azərbaycan Respublikası Baş nazirinin
müavini, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Kəmaləddin Heydərov -Azərbaycan Respublikasının fövqəladə
hallar naziri
Ramil Usubov -Azərbaycan Respublikasının daxili işlər
naziri
Samir Şərifov -Azərbaycan Respublikasının maliyyə
naziri
Şahin Mustafayev -Azərbaycan Respublikasının iqtisadi
inkişaf naziri
Oqtay Şirəliyev -Azərbaycan Respublikasının səhiyyə
naziri
Hüseynqulu Bağırov -Azərbaycan Respublikasının ekologiya və
təbii sərvətlər naziri
İsmət Abasov -Azərbaycan Respublikasının kənd
təsərrüfatı naziri
Ziya Məmmədov -Azərbaycan Respublikasının nəqliyyat naziri
Əli Abbasov -Azərbaycan Respublikasının rabitə və
informasiya texnologiyaları naziri

Fizuli Ələkbərov -Azərbaycan Respublikasının əmək və
əhalinin sosial müdafiəsi naziri
Misir Mərdanov -Azərbaycan Respublikasının təhsil naziri
Zeynal Nağdəliyev -Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Regional idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin müdiri
Kərəm Həsənov -Azərbaycan Respublikasının Əmlak
Məsələləri üzrə Dövlət Komitəsinin sədri
Qərib Məmmədov -Azərbaycan Respublikasının Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsinin sədri
Abbas Ələsgərov -Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Arif Vəliyev -Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsinin sədri
Səlim Müslümov -Azərbaycan Respublikasının Dövlət Sosial
Müdafiə Fondunun sədri
Əhməd Əhmədzadə -“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Nizaməddin Rzayev -“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
prezidenti
Etibar Pirverdiyev -“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin
prezidenti

2. Hökumət Komissiyasına tapşırılsın:
2.1. yaşayış yerini itirmiş ailələrə ilk növbədə həyati əhəmiyyətli məsələlərin həllində zəruri köməklik göstərsin, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyata keçirsin;
2.2. uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlasın;
2.3. təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcmini qiymətləndirsin, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etsin və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görsün;
2.4. təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidənqurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. həyata keçirilən tədbirlər haqqında əhalinin məlumatlandırılmasını təmin etsin;
2.6. təbii fəlakətlə bağlı görülən işlərin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin;
2.7. gələcəkdə mümkün ola biləcək belə halların qarşısının alınması üçün kompleks tədbirlərə dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir