Modern.az

AŞPA-da Azərbaycanla bağlı hesabat dinlənilib

AŞPA-da Azərbaycanla bağlı hesabat dinlənilib

Təhsil

20 May 2010, 09:30

Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin iclası  keçirilib. Modern.az xəbər verir ki, iclasda  Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Cozef Debono Qrexin  hazırladıqları  Azərbaycanda demokratik institutların durumuyla bağlı hesabat dinlənilib.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sözlərinə görə, ölkəmizdə demokratik təsisatların fəaliyyəti ilə bağlı məruzənin müzakirəsi konstruktiv şəkildə keçib.

 

“Biz çox maraqlı bir məqamın şahidi olduq. Bu ondan ibarətdir ki, monitorinq komitəsinin üzvlərinin əksəriyyəti Azərbaycanda gedən prosesləri ən yüksək səviyyədə qiymətləndirərək, bu proseslərin məruzədə daha qabarıq şəkildə əks olunmasının tərəfdarı kimi çıxış ediblər.  Komitə bu məsələni məruzədə nəzərə almaya bilməz. Başqa illərlə müqayisədə Azərbaycanla bağlı bu məruzə özlüyündə daha obyektivdir. Əlbəttə, məruzədə bəzi tənqidi məqamlar da öz əksini tapıb”,-deyə Səməd Seyidov bildirib.

Onun sözlərinə görə,  komitə üzvləri tərəfindən hərtərəfli müzakirə olunmuş məruzə demək olar ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında müzakirə olunmaq üçün tam hazırdır. “Əminəm ki, yay sessiyasında komitə tərəfindən hazırlanmış məruzə müzakirələr zamanı Azərbaycan tərəfindən lazım olan əlavələrlə müşayiət olunacaq və bununla da Avropa Şurası ilə Azərbaycan arasında münasibətlər yeni bir mərhələyə qaldırılacaq”.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı