Modern.az

“Artıq hamı dərk edir ki, Akademiya iş yeridi, bura vaxtında gəlib-getməlidir” - MÜSAHİBƏ

“Artıq hamı dərk edir ki, Akademiya iş yeridi, bura vaxtında gəlib-getməlidir” - MÜSAHİBƏ

29 Yanvar 2014, 15:54

Akademik Vaqif Fərzəliyev: “Tənbəl işçi həmişə bəhanə gətirir”


Modern.az
saytı elm xadimləri ilə silsilə müsahibələrini davam etdirir. Elmi problematika və polemikanı özünə əks etdirən silsilənin budəfəki qonağı Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevdir.

- Sovet dövründə böyüyüb püxtələşmiş insanam. Orta məktəbi rus dilində oxumuşam. Daha sonra Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil oldum. Universitetə daxil olanda 25 ballıq baryerdə bir bal yığa bilmədim. Ona görə də bizi Azərbaycan bölməsinə götürdülər. Ali təhsilimi ana dilində oxuyub bitirdim. Qarşıma kimyaçı olmağı məqsəd qoyandan sonra isə bütün diqqətimi dərslərimə yönəltdim və universiteti “Lenin təqaüdü” ilə bitirdim. O dövrdə belə bir qayda var idi ki, universiteti əla qiymətlərlə bitirəndən sonra birbaşa aspiranturaya yəni,  indiki doktoranturaya keçmək olardı. Mən də Aşqarlar Kimyası İnstitutunun aspiranturasına daxil oldum. Elmi rəhbərim mərhum akademik, bax, bu institutun yaradıcısı Əli Quliyev idi. Namizədlik və doktorluq işlərini müdafiə etdim. Vəzifədə isə laboratoriya müdirindən direktorun elmi işlər üzrə müavini vəzifələrinə qədər yüksəldim. Nəhayət, 1987-ci ildən Aşqarlar Kimyası İnstitutunun direktoru oldum. Bununla yanaşı, AMEA-ın müxbir üzvü seçildim. 2007-ci ildə isə akademik elmi dərəcəsini aldım. Elə həmin ilə də kimya elmləri bölməsinin akademik katibi seçdilər və üstündən altı ay keçməmiş akademiyanın akademik katibi oldum və keçən ilin sonlarına qədər bu vəzifədə çalışdım. Daha sonra orada kadr dəyişməsi baş verdi. Hazırda mən elə direktor kimi vəzifəmi yerinə yetirirəm.

Təbii ki,  həmişə bilirdim ki,  sovet dövrü qapalı bir cəmiyyət idi. Mən də çalışırdım ki, xaricə gedim. Bundan ötrü ingilis dilini mükəmməl öyrəndim. Bir sıra elmi ezamiyyətlərdə oldum. İngiltərədə 3 ay, Hindistanda isə 6 ay çalışdım.  

- Kimya elminin fəlsəfəsini konkret olaraq necə ifadə edərsiniz?

– Kimya elminin fəlsəfəsi müxtəlif xammaldan dəyərli bir materialın, məhsulun alınmasıdır.

- Bir kimyaçı kimi sizin fikriniz bizə maraqlıdır: kimyanın öz poetikası varmı?

– Əlbəttə.  Bu gün həyatda kimyasız heç nə ola bilməz. Bütün materiallar kimyadır. Kimya nədir: fizika ilə  müqayisə edək, fiziki proseslərdə  materiya,  molekullar dəyişmir, ancaq fəza dəyişir. Amma kimyada maddələrdə dəyişiklik gedir. Bununla əlaqədar insan müxtəlif istiqamətli materiallar yarada bilər. Kimyanın poetikası da məhz, maddələrdəki dəyişikliyin özüdür. Nono-texnoloji kimyəvi materiallar var, onlardan  nə  qədər dəyişiklik gedir?! Mən kimya vurğunuyam. Həyatın özü kimyəvi maddələr deyil?!  Bu da kimyanın ən böyük poetikasıdır.

Orta əsrlərdə “Əl-kimya” deyilən bir anlayış var idi. Onun mahiyyəti nədən ibarət idi ?

– “Əl-kimya” elə “kimya” deməkdir. Amma təbii ki,  o dövrdə onların öz metodikası, funksiyası başqa cür idi. İndi onları deyəcəyəm. O zaman hər şeyi empirik yolla etməyə çalışırdılar. “Əl-kimya”çılar istəyirdilər ki, hər kimyadan qızıl alsınlar . Bu da təbii ki,  mümkün  deyildi. Amma onlar da nəyəsə nail olurdular. Məsələn, Hindistanda indiyə qədər paslanmayan qızıl sütun var. Bizim eradan da əvvəl hazırlanıb. Burada əl-kimyaçıların da əməyi var. Empirik olaraq bu prosesləri həyata keçiriblər. Sonra yavaş-yavaş kimyəvi maddələrə keçiblər. Cismin tərkibi,  hansı elementlərdən ibarət olması onları çox maraqlandırıb. Bürüncü də “Əl-kimya”çılar yaratdılar. Elmlərin çoxu demək olar ki, hamısı Şərqdə yaranıb, sonra Qərbə keçib. Elə İbn Sinanı götürün. Onun da xeyli “Əl-kimya” işləri var. O da o dövrün böyük alimləri kimi universal idi. Çünki onları universal olmağa şərait məcbur edirdi. Çünki bütün elmlər fəlsəfədə cəm olmuşdu və fəlsəfə də həyatın mənasını özündə əks etdirirdi.  Sonra elmlərin ayrılma prosesi baş verdi. Kimya, fizika, riyaziyyat – hamısı ayrıca bir elm sahəsi oldu. Amma indi görürsüzmü,  kimya üzrə fəlsəfə doktoru, fizika üzrə fəlsəfə doktoru deyirlər. Deməli, biz yenə də elmlərin konvergensiyasına,  yəni birləşməsinə qayıdırıq. Əgər biz bu gün nono-texnologiyalardan danışırıqsa, görəcəyik ki, o həm kimya,  həm fizika, mexanika, kibernetika, eləcə də ayrı-ayrı elm sahələrini əhatə edir. Sırf nono-texnologiyanı öyrənən adam gərək bu elmləri də bilsin.

- Sözlərin kimyası ola bilərmi?

– Bu məcazi mənada deyilə bilər. Birinci sözün quruluşu və quruluşdan məqamında istifadəsi,  ikincisi  də hər sözün eşidilmə və istifadə olunma qabiliyyəti  var. Kimyada hər maddənin öz rəngi,  iyi var. Öz sahəsində çalışan kimyaçı  maddələri buna görə müəyyən edir. Yaxud da ətriyyatçı iy vasitəsilə nəyin necə olmasını bilir. Söz də maddə kimi bir şeydir. Sözün  də mütəxəssisi sözü rəngindən,  iyindən, quruluşundan hiss etməlidir.

Kimyəvi proseslərlə siyasi proseslər arasında hansı oxşarlıqlar var ?

– Kimya proseslərdə prosesin getməsi üçün öncə enerji lazımdır. İkincisi də müəyyən maddələr var ki,  onlar da enerjini azaltmaq işini görürlər. Enerjini azaldırlar ki,  proseslər az miqdarda enerji sərf etsin. Onlara katalizatorlar deyirlər. Yəqin eşitmisiz, deyirlər ki,  filankəs filan siyasətdə katalizator rolunu oynayır. Katalizator nədir: o reaksiyanın gedişatını dəyişmir, amma sürətini artırır. Yaxud da ki provakatorlar var. Prosesdə istifadə olunan elementlər imititrlar həmin prosesə mane olanlar isə inqibtrlar  adlanır. Dərmanların da üzərində onların inqibitr rolu yazılıb. Cəmiyyətdə gedən proseslərdə də bəzi insanlar var ki, onlar imititr, bəziləri də var ki onlar inqibitr rolunu oynayır.

Fəlsəfədə müəyyən kateqoriyalar var. Onlardan biri də şəxsiyyət və tarix adlanır. Məsələn tarixin gərdişini dəyişmək olmaz.  Amma bəzi şəxslər var ki onu azalda və artıra bilər.

– Bəs özünüz siyasətlə maraqlanırsınız?

– Elm xadimləri elədir ki onlar cəmiyyətdə baş verən bütün hadisələri analiz edirlər. Biz də təbii, laqeyd qalmırıq.

- Bu gün Azərbaycanda elmin vəziyyəti sizi qane edirmi? Azərbaycan elmi dünya elmi ilə nə dərəcədə uzlaşa bilir?

– Elmlər Akademiyasının bugünkü vəziyyəti bizim işləməyimiz üçün kifayətdir. Siz əgər 6-7 il bundan qabaq bu binaya gəlsəydiniz inanmazdınız ki, bura elmi müəssisədir. Artıq Akademiyanın çox binaları təmir olunub, yeni binalar tikilir, təbiət elmlərinə lazım olan cihazlar üçün xüsusi maliyyə ayrılır. Xarici ezamiyyətlərin, beynəlxalq konfransların sayı artıb.

– Bunlar çox gözəl. Maaşdan şikayətlənən alimlərimiz də az deyil. Akademik olaraq sizin narazı qaldığınız məqamlar hansılardır?

– Əgər əmək haqqından narazılıq edirlərsə, hər şey nisbidir. Biz bu gün qonşularımızı, Orta Asiya ölkələrini götürsək, görərik ki, onlardan çox irəlidəyik. Bizim alimlər onlardan çox maaş alır.  Biz hamımız keçmiş ittifaq tərkibindən çıxmışıq. Bircə Rusiyada alimin maaşı babatdır. Amma o birilərində bu belə deyil. Təbii ki, elmin inkişaf strategiyasında nəzərdə tutulub ki, maaşlar get-gedə artsın və sosial şərait yaxşılaşsın.

Akademiyada kart-nəzarət sisteminə keçildi. Ciddi intizamdan da şikayət edənlər var...

– Bəzən insan nəyəsə adət edir. Onda nizam-intizam zəifləyir. Fərz edir ki,  istənilən vaxt  getmək-gəlmək, başqa yerdə dərs vermək olar. Amma son nöqtədə bura iş yeridir. Bizdə də elektron giriş-turniket qoyulub. Kimin nə zaman gəlib-getməyi dəqiqəsinə qədər əks olunur. Özünüz bilirsiniz ki, elm adamı, elmə vurğun adam mütləq elmlə məşğul olmalıdır. Çətin vaxtlarda bir çox adamlar elmdən uzaqlaşdılar, elmdən getdilər. Kimisi bizneslə, kimisə də başqa sahə ilə məşğul oldu. Amma kim ki, elmin vurğunu idi, o yenidən qayıtdı. Əsl elm adamı heç vaxt  elmi tərk etmir. Əlbəttə, istəyirik ki, hamı çoxlu maaş alsın, sosial şəraiti yüksəlsin. Hazırda Akademiya rəhbərliyi bu sahədə fikirləşir.  

- Bir rəhbər kimi bu kimi tədbirlər  işinizə yarayırmı?

– Bu Avropada qəbul edilmiş qaydadır. Bir şeylər ki, inkişaf etmiş ölkələrdə qanun şəklində işləyirsə, niyə də bizdə olmasın. Mən əlbəttə ki, razıyam. Elə olub ki, işçi tənbəlliyindən yubanır, yaxud səhlənkarlığından tez çıxır gedir. Ha soruşursan, hərə bir bəhanə gətirir. Amma sonunda bu normadır. Sən işçisən, vaxtında gəl, vaxtında get! Əgər iş səni qane etmirsə, get başqa yerdə işlə. İndi müqayisə edək. Azərbaycanda bir çox şirkətlər fəaliyyət göstərir. Hansı şirkətdə işçi yarım saat gecikə bilər?! Yaxud tez gedə bilər?!

– Turniketdən sonra töhmət alan, yaxud işdən qovulan varmı?

Bizdə turniket təxminən iki həftə bundan qabaq qoyulub. Çünki binada əsaslı təmir gedirdi və son günlərdə bitib. Turniketi də iki həftə bundan qabaq işə saldılar. Artıq hər şey kompüterdə həkk olunur. Sizə açığın deyim, qabaqlar beləydi ki, ayrı-ayrı şəxsləri  nizam-intizamın yoxlanması üçün təhkim etmişdim. İndi rahatçılıqdır. Kompüter hamısını yazacaq. Təbii ki, indi tıxacla, nəqliyyatla, bağlı problemlər olsa da ən çox gecikənlər 5-10 dəqiqə gecikir. İnsanlar artıq dərk edir ki, bura mənim iş yerimdi və bura vaxtında gəlib, vaxtında gedilməlidir. Beşin yarısı iş qurtarır və hamı da  gedir. Vaxtında gəlməyə qaldıqsa, isə indi insandır da, uzağı müəyyən səbəblərə görə 5-10 dəqiqə gecikir və biz onu güzəşt edirik.  Bizdə artıq siyahı var. Ayın axırında ona uyğun xəbərdarlıq ediləcək.  Bəzən yubanmağa və getməyə görə izahat da alırıq. Bizdə həm də elmi işdir. Bəzən işlə araşdırma müdafiə ilə bağlı burdan getmək məcburiyyətində qalır. Onda da rəsmi olaraq buraxılışla icazə veririk.

- Turniketdən şikayətlənənlər adətən az maaş səbəbindən başqa işdə çalışanlardı. Onlar buna məcburdurlar. Amma turniketdən sonra harasa getmələri çətinləşir.

– İşdən də işə fərq var. Akademiyada aparıcı alimlər ali məktəblərdə ixtisas kursu deyirlər. Elmlə təhsilin vəhdəti prioritet məsələ olub. Buna görə də öz kadrımızın ali təhsil müəssisəsində dərs deməsinə şərait yaradırıq. Təbii ki, razılıq və icazə əsasında. Bundan başqa biz ali təhsil müəssisəsindən də hər hansı bir kadrı institutumuzda staj artırmasına imkan yaradırıq. Yəni bu cür məsələlər ola bilər. Eyni anda iki yerdə işləmək də olmaz. Bunlar nə direktor, nə də Akademiya rəhbərliyi səviyyəsində həyata keçən iş deyil. Bunlar qayda qanundur və qaydalara da hamı hörmət etməlidir. Əgər mən direktor olaraq buna nəzarət etməsəm, iş getməz.

– İnstitutunuz son illərdə hansı qrantların qalibi olub?

– Qrantların verilməsi 2003-cü ildən başladı. 8 qrantın müəllifi olmuşuq. Ölkə daxilində də 9 qrantın. Bu, Elmin İnkişafı Fondu və Neft Fondunun qrantlarıdır. Bəzi qrantlar var ki,  o yalnız cihazın alınması üçün nəzərdə tutulur. Məsələn, iki il bundan qabaq pilot layihələrində 1 milyon manat qrantın qalibi olduq. Bununla da laboratoriyamızda cihazların sayını xeyli artıra bildik.

– Yeni hansı layihələr təklif edəcəksiniz?

– Son təklif olunan qrantlardan üçünü udmuşuq. Hətta gənclər üçün də bir qrant layihəsi nəzərdə tutmuşuq. Akademik Akif Əlizadə gənclərin fəallaşması üçün çox işlər görür. Bizim institutda da bu sahədə mükəmməl iş aparırlar. Gənc alim və mütəxəssislər şurası var. Onun sədri də çox fəal oğlandır. Bizim institutda BDU-nun neft-kimya və kimya texnologiyaları kafedrasının filialı açılıb. Mən özüm onlara ixtisas kursu deyirəm.

- Bir akademiklə söhbətdə demişdi ki, elmə gəlməyən indiki gənclər 10-15 ildən sonra çox peşman olacaqlar. Doğrudanmı,  elmin gələcək inkişaf potensialı bu səviyyədə olacaq?

Bilirsinizmi, hər şey təhsildən başlayır, hər şey insanın biliyə olan hərisliyindən başlayır. İstər orta məktəbdə, istərsə də ali məktəbdə bu belədir. İstedad orta təhsildə oyanmağa başlayır. Orta məktəbdə oxuduğu dövrdə gəncdə elmə maraq oyandısa o, elmi özünün əsas həyat istiqaməti kimi götürəcək. İndi gənclərin elmə gəlişi nisbətən artıb. Amma bu daha da sürətlənməlidir. Onları cəlb etmək üçün daha çox iş görülməlidir.


Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər