Modern.az

Mais Səfərli: “Fəxr edirik ki, İlham Əliyev kimi Prezidentimiz var”

Mais Səfərli: “Fəxr edirik ki, İlham Əliyev kimi Prezidentimiz var”

Müsahibə

20 May 2010, 09:56

Modern.az saytının suallarına Yurddaş Partiyasının sədri Mais Səfərli cavab verir.

 

- Mais bəy, qarşıdan parlament seçkiləri gəlir. Sabiq deputat olaraq ölkənin ictimai-siyasi durumunu necə qiymətləndirirsiniz?

- Bu il Azərbaycanda əhəmiyyətli bir ildir. Parlament seçkiləri ilidir. Demək olar ki, bütün ölkə ictimaiyyətinin, eləcə də beynəlxalq təşkilatların  diqqəti bu baxımından Azərbaycana yönəlib. Artıq Azərbaycanda böyük seçki ənənəsi formalaşıb. Azərbaycanda son bir neçə ildə keçirilən seçkilər demək olar ki,  həm Azərbaycan ictimaiyyətini, həm də beynəlxalq təşkilatları razı salıb. Bu seçkilər həm Azərbaycan Konsitutisiya və qanunlarına, Seçki Məcəlləsinə, həm də stanadartlara uyğun şəkildə keçirilir. Yəni Azərbaycanda oturuşmuş seçki ənənəsinin mövcudluğu göz önündədir. Əvvəlki seçkilərdə olduğu kimi ölkədə bir fəallaşma hiss olunmaqdadır. Mən seçki öncəsi şəraiti çox normal dəyərləndirirəm. Belə hesab edirəm ki, seçkilərin normal keçirilməsi üçün Azərbaycan hökuməti yenə də əlindən gələn bütün tədbirləri görəcək. Hazırda ölkədə demokratik şərait mövcuddur. Hər bir partiya, hər bir ictimai qurum qaydalara uyğun şəkildə seçkilərə qatıla  və bu seçkilərdə öz qüvvəsini sınaya bilər. Bir də onu qeyd etmək istəyirəm ki, ölkədə siyasi stabillik, normal ictimai asayiş olduğuna görə, artıq Azərbaycanda 90-cı illərin əvvəlində olduğu kimi gərginlik yoxdur. Artıq seçkilərin yaratdığı  gərginlik yaşanmır. Avropada olduğu kimi, kimlər ki, seçkilərdə öz qüvvəsini sınamaq istəyir, onlar normal şəkildə seçkilərə hazırlaşırlar, partiyalar  normal şəkildə seçki hazırlığını görürlər. Əvvəllər əsəb gərginliyi mövcud idi. İndi isə hər şey öz axarndadır. Bu isə ondan irəli gəlir ki, Azərbaycanda seçkilərin keçirilməsi üçün normal qanunlar mövcuddur. Seçkilərin azad, demokratik keçirilməsi üçün isə demokratik ab-hava, şərait mövcuddur. Bu isə həmin o gərginliyi aradan qaldırıb. Yəni qanunlara uyğun şəkildə normal hazırlıq gedir. Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyaları öz işlərini qanunlara uyğun şəkildə aparırlar. Mən baxıram ki, partiyalarda bloklaşmalar gedir. Xüsusilə də müxalifət partiyaları  arasında bloklar yaratmaq üçün danışıqlar gedir. İqtidarı dəstəkləyən partiyalar da öz hazırlıqlarını görürlər. Bu çox normal şəraitdə gedir.

- Bəzi müşahidəçilər Kürboyu rayonlarda baş verən təbii fəlakətlərin seçki məsələsini kölgədə qoyduğunu söyləyirlər.

- Azərbaycanda bu il çox ciddi təbii fəlakətlər baş verir. Ölkənin bəzi rayonları sel təhlükəsi ilə üzləşib. Hətta boşaldılan kəndlər də var. Bu isə siyasi prosesləri bir qədər arxa plana qoyub. Bu da təbiidir. Çünki burada insan taleyindən söhbət gedir. Ona görə də ölkədə hökumətin, ümumilikdə isə ictimaiyyətinin diqqəti bu məsələyə yönəlib. Mən də fəlakət zonasında olmuşam. Bilirsiniz, bu, insanlardan asılı olan məsələ deyil. Təbii fəlakətlər dünyanın hər yerində baş verir. Son 10 ildə sürətli iqlim dəyişikliyi baş verir, bu isə Azərbaycandan da yan keçmir. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada iqlim dəyişikliyi müəyyən fəlakətlər yaratmasın. Azərbaycanda dağlıq ərazilər çoxdur, qar yağır, sonradan o qarın əriməsi, leysan yağış nəticəsində çaylarda daşqınlar olur. Amma mütəxəssislərin dediyinə görə bu dəfə ki daşqınlar son 100 yüz ildə ən güclü daşqınlardır. Bu da iqlim dəyişikliyinin nəticəsidir. Başlıcası odur ki, insanlarımız təbii fəlakətlə təkbətək qalmadılar. Azərbaycanda güclü hökumətin olduğu fəlakət zamanı bir daha sübut olundu. Bu gün daşqınlar və sel dünyanın demək olar ki, bütün ölkələrində olur. ABŞ-da təbii fəlakətlər zamanı onlarla insan həyatını itirdi,  bu gün Avropanın yarısı su altında qalıb. Baxmayaraq həmin ölkələrdə fövqəladə hallarla mübarizənin böyük təcrübəsi var, baxmayaraq ki, həmin ölkələrin maliyyə vəsaitləri böyükdür, onlar Avropa Birliyinə üzv ölkələrdir, ancaq təbii fəlakətin qarşısında aciz qaldılar. Amma Azərbaycanda demək olar ki, bu fəlakətdə insan itkisinə yol verilməyib. Bu birbaşa Azərbaycan hökumətinin, onun strukturlarının  xidmətləridir. Yeri gəlmişkən, bir məsləni qeyd edim, baxmayaraq ki, bizdə Fövqəladə Hallar Nazirliyi 4 il bundan əvvəl yaradılıb, mən fəlakət zonasında bu qurumun  4 il ərzində nə qədər inkişaf etdiyini, nə qədər güclü təcrübə keçdiyinin şahidi oldum. Hər cür texnikamız var, hər cür avadanlıqlar gətirilib. İnsanları fəlakət bölgəsindən  çıxarmaqda heç bir problem yoxdur. Bir nəfər suyun altında qalmadı. Maddi itkilər demək olar ki, az oldu. Bilirsiniz, bu məsələ birbaşa Prezidentinin nəzarəti altındadır. Prezident hadisə yerində oldu, məmurlara bildirdi ki, fəlakətdən acı çəkən insanların yerinə özlərini, öz ailələrini təsəvvür etsinlər. Eyni zamanda bəzi ciddi iradlarını da bildirdi, müvafiq tapşırıqlar verdi. Bu tapşırıqlar hazırda yerinə yetirilir. Bir çox kəndlərin sakinləri  öz yerlərinə qayıdıblar. Çadır şəhərciyində yaşayanlar ərzaqla, tibbi xidmətlə təmin olunurlar. Onlar üçün hər cür şərait yaradılıb. İnformasiya ilə təmin olunmaq üçün çadırlara  televizor, radioqəbuledicilər quraşdırılıb. Zərərçəkmişlərin bütün maddi itkiləri hökumət tərəfindən ödənilir. Varlı ölkələrdə demək olar ki, belə ənənə yoxdur. Amma Azərbaycan hökuməti belə bir ənənənin əsasını qoydu: dövlət  insanlara bax belə vəziyyətdə lazımdır. Bununla da Azərbaycanın güclü dövlət olduğu bir daha təsdiqləndi. Onu da qeyd edim  ki, bundan bizim düşmənlər çox məyusdurlar. Mən ilk növbədə erməniləri nəzərdə tuturam. Onlar Azərbaycanın güclü dövlət olduğunu əyani şəkildə gördülər. Bu gün çay daşqınları Ermənistanda da baş verir. Amma orada əhaliyə heç bir kömək göstərə bilmirlər. Nə maddi imkanları var, nə də resursları. Bütün bunlara rəğmən deyə bilərəm ki, yeni sel təhlükələri olacağı təqdirdə də Azərbaycan vətəndaşları bu fəlakətdən uğurla çıxacaq. Çünki, Azərbaycanda güclü hakimiyyət, güclu hökumət var. Biz Azərbaycan vəndaşı olaraq bununla fəxr etməliyik. Müstəqilliyimizin bəhrəsi bax, budur. Əgər SSRİ zamanı olsaydı, çox böyük itkilər verəcəkdik. Hesab edirəm ki, Azərbcaycan xalqının bəxti həm də onda gətirib ki, İlham Əliyev kimi son dərəcə bacarıqlı, tədbirli, müdirik və uzaqgörən Prezidenti var. Bu fəlakətin aradan qaldırılması birbaşa İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Fövqəladə Hallar Nazirliyi İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu qurum isə öz işinin öhdəsindən gəlir.

- Mais bəy, amma müxalifət partiyaları bunun əksini söyləyirlər. Bəzən onların bu məsələ ilə bağlı arqumentləri daha inandırıcı görünür axı...

- Təəssüf edirəm ki, ölkədə bəzi siyasi qüvvələr, xüsusən də müxalifətdə olan qüvvələr bu məsələni siyasiləşdirməyə çalışırlar. Belə qələmə verməyə çalışırlar ki, guya bu fəlakət hökumət tərəfindən yaradılıb. Amma bu, onlar tərəfindən absurd bir açıqlamadı, sadəcə, olaraq özlərini  gülüş hədəfinə çevirir. Çünki təbii fəlakət elədir ki, bu heç kimdən soruşulmur. Əgər torpaq sürüşürsə, torpaq gəlib soruşacaq ki, sürüşüm, sürüşməyim və yaxud yaz gələndə qar əriyirsə, çay daşırsa buna hökumət nə etməlidir? Bu təbii fəlakətdir. Sadəcə, təbii fəlakətlərin fəsadlarını aradan qaldırmaqda hökumətə qiymət vermək olar. Hökumət isə gördüyünüz kimi bu fəsadların aradan qaldırılmasında çox yüksək profissonallıq göstərdi. Bir neçə gün öncə NATO-nun fövqəladə hallarla bağlı Bakıda böyük bir toplantısı keçirildi. NATO-nun çox yüksək yetkilisinin çıxışına televiziyadan qulaq asdım. O Azərbaycan hökumətini bu təbii fəlakətin fəsadlarını aradan qaldırdığı üçün təbrik etdi. Bu, bir daha Azərbaycan dövlətinin nə qədər güclü olduğunu əyani şəkildə beynəlxalq ictimaiyyətə göstərdi. Hətta NATO Azərbaycan hökumətinə öz köməyini təklif etdi. Azərbaycan hökuməti isə bildirdi ki, öz gücü  yetərlidir. Bu, bir azərbyacanlı olaraq hər birimizdə xoş duyğular yaradır. Bu gün biz doğurdan da Azərbaycan dövlətinin vətəndaşı olduğumuza görə fəxr edirik. Düşünürəm ki, insanlarda dövlətə sevgi məhz belə yaranır. Insanlarda dövlət başcısına sevgi məhz belə anlarda yaranır. Ona görə də Azərbaycan xalqı yekdilliklə Prezident İlham Əliyevə səs verib. Qeyd edim ki, bu gün dünyanı ağuşuna alan iqtisadi böhran Azərbaycana o qədər də təsir etmədi. Amma Avropa kimi güclü bir dövlətin valyutası bu gün çökməkdədir. Avro getdikcən öz dəyərini itirməkdədir. Amerika kimi bir dövlət bu iqtisadi məngənədə çabalamaqdadır. Ancaq Azərbaycan vətəndaşları  bu iqtisadi böhranı demək olar ki, hiss etmədilər. Hər il olduğu kimi bizdə yenə də maaşlar, pensiyalar, sosial müavinətlər artmaqdadır. Hər il həyat səviyyəsi yüksəlir. Bunlar zəhmətsiz başa gəlmir. Bunlar hamısı Prezidentimizin birbaşa fəaliyyətinin nəticəsidir. Ona görə də Azərbaycan xalqı İlham Əliyevə səs verdiyinə bir daha sevinir. Azərbaycan xalqı fikirləşir ki, çox doğru olaraq İlham Əliyevi özünə Prezident seçib. Düşünürəm ki, doğurdan bu, Azərbaycan xalqının xoşbəxtliyidir ki, belə bir Prezidenti var. Yeri gəlmişkən bayaq bir məsələyə toxundum, dedim, düşmənlərimiz məyus olublar. Fövqəladə Hallar Nazirliyi güc strukturudur. Təbii fəlakət müharibə kimi bir şeydir, belə bir məqamda Fövqəladə Hallar Nazirliyi səfərbərlik, cəsurluq nümayis etdirdisə, görün müharibə olarsa, Azərbaycan hansı cəsraətlər göstərə bilər. Bu məqamda isə Kəmləddin Heydərovun xidmətlərini yada salmamaq olmaz. Ona görə də hesab edirəm ki, belə təbii fəlakətlərdən qorxmaq lazım deyil. Əksinə bu cür təbii fəlakətlər millətimizi Prezidentimizin ətrafında daha da sıx birləşdirir. Bu cür hadislər bizi daha da mətinləşdirir. Düşünürəm ki, uğurla biz bu problemi arxada qoyacağıq.

- Yurddaş Partiyasında parlament seçkiləri ilə bağlı hansı işlər görülür?

- Dediyim kimi, bu ili seçki ilidir. Azərbaycanda normal seçkilərin keçirilməsinə nail olacağıq. Belə hesab edirəm ki, hər bir partiya seçkilərə hazır olmalıdır. Bu il bizim üçün də uğurlu olacaq. Hər bir kəs bu seçkilərdə öz gücünü sınaqdan keçirə bilər. Bu gün Azərbaycanda seçkili orqanlara qatılmaq üçün hər cür şərait yaradılıb. Ona görə biz də seçkilər çox ciddi hazırlaşırıq, rayon təşkilatlarımızda hazırlıq mərhələsi, namizədlərin müəyyənləşməsi artıq başa çatıb. Düzdür, hələ seçkilərə bir neçə ay qalıb. Amma biz indidən hazırıq və bu seçkilərdə biz Prezidentin siyasətini dəstəkləyən siyasi qüvvələrlə əməkdaşlıq edəcəyik.

Təhminə PAŞAYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı