Modern.az

"Menyuda at döşü, eşşək budu, qarğa çığırtmasıdır"

"Menyuda at döşü, eşşək budu, qarğa çığırtmasıdır"

Aktual

30 Yanvar 2014, 14:17

Akif Cabbarlı

Son günlər cəmiyyətin diqqətində və medianın gündəmində olan səsli-küylü olayların - özünə od vuranların, yüksək mərtəbədən atılanların, izsiz-tozsuz yox olanların aqibəti ilə bağlı çığırtılı informasiyaların sırasına biri də əlavə olunub. Qəssabxana və marketlərdə soydaşlarımıza sırınan kolbasa və sosislərə qatılan, at, eşşək, camış və digər arzuolunmaz, dinin qadağan etdiyi və milli mentallığımızdan uzaq heyvan və quş ətlərinin törətdiyi və yaxud törədəcəyi fəsadlar barədə geninə-boluna, eninə-uzununa yazılır, danışılır, polemika aparılır, qəzetlərdə, internet portallarında və televiziya ekranlarında bu mövzudakı söhbətlər səngimək bilmir.

Bütün bunlar təzə söhbətdirmi? Əsla. Sovet dönəmində də bu və buna bənzər söhbətlər el arasında geniş yayılmışd; hansısa kənddən yaralı atları və eşşəkləri haralarasa aparır, suya pivə qatır (bəli pivəyə su yox suya pivə!), dünənnən qalmış küftəni dolmaya, sonra kotletə, daha sonra peraşkiyə döndərir, inqubator toyuğunun yumurtasını nəyəsə bulaşdırıb kənd yumurtasına (əcəb ifadədir!) oxşadır, araq satılan guşəyə "təmmiz araq" yarlıkı yapışdırırdılar. Əlbəttə bu siyahını uzatmaq da olardı, amma yadıma düşənləri sadaladım. Bütün bunları ticarətçilər gözüyumulu, ətrafındakıları, evdəkiləri, qorxub çəkindikləri məmurları belə düşünmədən həyata keçirir, varlanırdılar. Belələrində nə vətəndaşlıq hissi, milli düşüncə, nə də qanun qorxusu olmazdı. İndi də bu tendensiya davam edir, o illərdən qalma əcaib mirasdır, oturub canlarına. Elə bu yerdəcə hələ sovet dönəmində Tiflisdə bir pivə satanın dediyi sözləri xatırlıyıram; "gürcü o qədər də axmaq və acgöz deyil ki, öz soydaşının, dostunun, qardaşının və qonağının pivəsinə su qatıb mədəsini ağrıtsın". Sadədir, amma müdrikcəsinə deyilib. Bizdə isə...

Hər kəsin arzusudur ki, süfrəsi həmişə zəngin olsun, ailəsi bütün nemətlərdən dadsın, qonaq-qarasının qarşısına çeşidli yeməklərlə çıxsın. Təbii ki, ara-sıra adamın ürəyindən kolbasa, sosis yemək də keçir. Ötən əsrdə bakılılar Moskvadan gələn qatarların bələdçilərindən xahiş edib bunları gətizdirərdilər, ya da Kubinkaya baş çəkərdilər ki, ürəkləri istəyən ərzaqları əldə etsinlər. "Servelat", "Oxxotniçi" kolbasaları, "Meçta" konfetləri süfrələrin bəzəyi olardı həmişə. İndilər isə maşallah, paytaxtda və regionlardakı supermarketlərdə bazarlarda bu məhsullar? necə deyərlər, ayaq tutub yeriyir. Hələ bəzilərinin üstündə qızılı həriflərlə bir "halal" sözü də yazırlar. Qəssabxanalarda da iri hərflərlə oxuyuruq; "halal kəsilmiş dana və quzu əti". Hətta dönərxanalarda da bu sözün arxasında gizlənirlər. Hələ "təmiz araq" məsələsi. Bəs çirkli, natəmiz araqlar harada satılır görəsən? Zənnimcə, satdıqları məhsulu bu cür reklam edənlərin torbasındakı pişikləri azad etməyin vaxtıdır.

Vaxtıdır, amma bunu kim edəcək? Mağazalarda sümüklü ətin satışını qadağan edən qurumların işçiləri bununla məsələni yoluna qoyduqlarını zənn edirlərsə yanılırlar. İndi hansı penisyaçı kişi, evdar qadın cürət edib bığıburma qəssaba deyəcək ki əti sümükdən tər-təmiz sıyır ver mənə. Qəssablar çətin ki onları eşidə. İndi şəhər camaatının əksəriyyəti, lap vaxtı ilə kənddən gələnlər olsun, heç də hamı sümüyə baxıb ətin hansı heyvana məxsusluğunu ayırd edə bilmir. İnsaf qalıb satana. Nə isə bu məsələ çox dolaşıqlara aparıb çıxarır, televiziya ekranlarında əsl qoç döyüşü gedir, baytar həkimləri, mütəxəsislər bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Qəribəsi budur ki, bəzi KİV-lər də bu məsələnin fonunda "halal" brendinin arxasında gizlənən işbaz istehsalatçı və biznesmenləri təbliğ etməkdən yorulmullar. Yaxşı olardı ki, əhalənin maariflənməsinə, bazara yol açan məhsulların keyfiyyətinin yaxşılaşdırılması ilə bağl məsləhətlərə, müvafiq qurumların, hüquq - mühafizə orqanlarının adı çəkilən problemlərin həlli ilə əlaqədar məsuliyyətini artırmağa yönəlik proqramlara daha geniş yer ayrılsın.

"Menyuda at döşü, eşşək budu, camış ciyəri, qarğa çığırtmasıdır" Allah bizi nə vaxtsa bu elanı seyr etməkdən qorusun. Qarğa demişkən, qışda hər yerdə paytaxtın özündə də qara qarğalar xeyli artır, yəqin müşahidə etməmiş olmazsınız.                                                                           

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir