Modern.az

Yaşa, yaşa, çox yaşa...

Yaşa, yaşa, çox yaşa...

Aktual

1 Fevral 2014, 16:38

 Qənirə Paşayeva

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
 Yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan!
Məhəmməd Əmin Rəsulzadə!

O azadlığın, istiqlalın elçisiydi!
O milli dövlətçilik ideyasının elçisi, ideyaların gerçəkləşməsinin həmmüəllifi, ilhamvericisi idi!
O millət aşiqi idi! Azərbaycan aşiqi idi!
 Silahdaşları ondan əmin idi, insanılarımız ondan əmin idi və o böyük şəxsiyyət  Azərbaycan  istiqlalı  günəşinin yenidən doğuşundan əmin idi!

Onun doğum gününü Ankarada - Əski məzarlıqda qəbrini ziyarət edib, ruhuna dualar oxumaqla başladıq. Ziyarətdə iştirak edən dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər,  aydınlar, gənclər... ona öz ehtiramını bir daha ifadə etdi. Duyğulu anlar idi! - Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə keçirilən 130 illik yubiley tədbirləri... "bir kərə yüksələn bayaraq bir daha enməz!" nidasındakı tarixi (və şəxsi!) əminliyin parlaq təcallasıydı!..

Əslində aramızda idi 130 yaşlı böyük Məhəmməd Əmin! Gedən cismi idi, ruhu hər  zaman bizimlə oldu! Elə gözəl bir günəşli bir gün idi ki...

 Millət üçün, vətən üzün yaşayanlar ölmür! Əski məzarlıqda sanki onu ziyarətə gələnlərə, gənclərə səslənirdi böyük Məhəmməd Əmin!  

 Əski məzarlıqda da, ziyarət sonrası keçirilən yubiley tədbirlərində də fikirlər dünyasına qərq olmuşdum... - İstər-istəməz ötən yüzilliyin əvvələrini, M.Ə.Rəsulzadə və silahdaşlarının mübarizəsinin çətinliyini, paralal olaraq o zaman da indiki dönəmdə də ölkəmizə, müstəqilliyimizə qarşı yönələn qara əlləri, bədniyyətləri düşünürdüm... 100 ilə yaxın zaman keçib, amma müstəqilliyimizə qənim kəsilmək istəyən güclər yenə var... Lakin, bir təsəllimiz var: bügünkü Azərbaycan 90 il, yüz il öncəki Azərbaycan deyil! Bugünkü dünyada yerimiz 90-100 il öncəki yer deyil! Artıq Azərbaycanla hesablaşmağa, regiondakı böyük layihələrdə sözümüzü eşitməyə vadar olurlar! Böyük Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti, millət və vətən sevgisi, böyük bir aydın, dövlət insanı keyfiyyətləri barədə Türkiyədəki səfirliyimizdə keçirilən tədbirdə çıxışımda da öz fikirlərimiz söylədim. Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkili həmkarlarım  Yaqub Mahmudov, Sabir Rüstəmxanlı, Aqil Abbas,  Məlahət İbrahimqızı, Mübariz Qurbanlı və bir sıra ziyalılarımız da geniş  çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi şərəfli yoldan bəhs etdilər və hamımızın ortaq təxminən eyni idi. Böyük Məhəmməd Əmin Rəsulzadə və bütün Müsəlman Şərqində ilk demokratik, parlamentli Cümhuriyyəti yaradan insanlar heç bir zaman unudulmayacaq və gənclərimiz onlardan, onların vətən sevgisindən hər zaman örnək almalıdır. Bununla belə, heç şübhəsiz, M.Ə.Rəsulzadənin də, bütün böyük fikir adamlarımızın, azadlıq mübarizlərimizin də ruhu QARABAĞın azad olunduğu gün əbədi dinclik tapacaq!

O günə o qədər inanıram ki! O günə inanmadan yaşamaq mümkünsüz gəlir mənə...

 Bir kərə yüksələn bayraq bir daha enməz!  Bayrağımız bizim hamımızın könlündə, qəlbində, düşüncəsində Dağlıq Qarabağda dalğalanırsa o bayraq Şuşa səmalarında təkrar dalğalanaq mütləq!

Ruhun şad olsun, adının enerjisi ömrünə çökmüş böyük şəxsiyyət! İnşallah növbəti dəfə, sənin məzarın başına bir ovuc Şuşa torpağı və İstisudan gətirib, qəbrin üstünə tökəcəyim bir qab su ilə gəlim! İnanıram ki, Şuşadan başqa heç yerdə bitməyən "Xarıbülbül" də "inadkarlığ"ından əl çəkib, o gün sənin qəbrin  yanında ətir saçacaq...



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!