Modern.az

Deputat Sevinc Hüseynova: “Ailəni ikinci plana atıb karyera arxasınca qaçmaq doğru deyil” - MÜSAHİBƏ

Deputat Sevinc Hüseynova: “Ailəni ikinci plana atıb karyera arxasınca qaçmaq doğru deyil” - MÜSAHİBƏ

3 Fevral 2014, 10:19

Modern.az saytında “Pəncərə” layihəsinin qonağı millət vəkili Sevinc Hüseynovadır.


Sevinc xanım, Gədəbəydən seçilən xanım millət vəkilisiz. Bu gün Gədəbəydə sakinlər daha çox nədən narazılıq edirlər?

- Gədəbəy əhalisini narahat edən əsas məsələ yasayıs məntəqələrinin  təbii qazla təminatı ilə  bağlıdır. Rayonun 108 yaşayiş məntəqəsi var bunlardan 26–sı təbii qazla təmin edilib 3-də isə hazırda işlər aparılır. Bildiyiniz kimi, ölkə prezidenti cənab İlham Əliyevin tarşırıgı əsasında olkəmizin səhər ,qəsəbə və kəndlərinə bu sahədə sürətli işlər aparılır. Məndə olan son məlumata görə, 2014-2015-ci illər ərzində  Gədəbəy rayonunun əksər kəndlərin qazlaşdırılması həyata keçiriləcək.

Problemlər həmişə var. Doğulduğunuz yerə tez-tez baş çəkib secicilərlə görüşürsüz?

- Bəli, yayda mənim tətilimin çox hisəsi rayonda keçir. Keçən yay da belə oldu. Gədəbəy rayonunda seçicilərlə görüşdüm. Həm də tətil zamanı insanlarla ünsiyyətdə olmağa daha çox vaxtımız olur. Həmişə rayona gedəndə bir-neçə kənddə, rayon mərkəzinin özündə seçicilərə vaxt təyin edib görüşürəm. 

- Seçicilərlə görüşərkən hiss edirsinizmi ki, siz onların etimadını doğruldursunuz?

- Bu suala mənim cavab verməyim doğru olmaz. Daha yaxşı olar ki, insanlar özləri qiymət versinlər. Yalnız onu deyə bilərəm ki, özümdə bu məsuliyyəti hiss edirəm və çalışıram ki ,mənə göstərilən etimadı doğruldam.

- Ali təhsilinizi Saratovda almısınız. Necə oldu ki, ucqar kənd orta məktəbindən birbaşa ali təhsil üçün Saratova universitetinə yollandınız?

- Namidə xanım, əvvəla, sizinlə razı deyiləm. Gədəbəy heç də ucqar rayon deyil. Onda sərhəd zonalarda yerləşən rayonların hamısı ucqar sayılmalıdır?

Sevinc xanım, ən azından paytaxtla müqayisədə bunu dedim.

- Qayıdaq sualınıza. O vaxt orta məktəb ilk  komsomol təşkilatının katibi idim. Ona görə daim “Komsomolskaya pravda” qəzetini izləyirdim. Bir dəfə həmin qəzeti oxuyanda bir elanla rastlaşdım. “Saratov Dövlət Universitetinin nəzdində qiyabi hazırlıq kursları fəaliyyət göstərir”. Sözün açığı, yazı məni cəlb elədi. Qiyabi kursların iştirakçısı olmaq üçün dərhal rektorun adına məktub yazdım. Sonra qısa zaman kəsiyində poçtdan çağırdılar ki, “sizə bir bağlama gəlib”. Fkirləşdim ki, nə bağlama ola bilər ki? Gedib gördüm ki, 3 fənn üzrə 24 iş göndəriblər. Sözsüz ki, qaydalar da göstərilmişdi. Mən də həmin işləri yazıb göndərdikcə onlar orda yoxlayırdılar. Yoxlayandan sonra qiymətləndirib özümə qaytarırdılar. Heç vaxt Saratovda gedib təhsil almaq kimi düşüncəm olmayıb.

Bəs inamınız necə?

- Ali məktəbə qəbul olunacağıma inamım var idi. Amma mütləq Saratov Universitetinə getmək fikrim yox idi. Ya Moskvaya, ya da Leninqrada gedib təhsilimi bu iki şəhərdən birində almaq istəyirdim. Sonra elə alındı ki, 24 işdən 18-ni yazıb göndərmişdim. Yerdə qalan 6-nı isə yazıb göndərməyə vaxtım yox idi. Çünki may ayı olduğundan məktəb imtahanları da vardı. Mənə göndərilən və mənim göndərdiyim məktublar hələ də xatirə kimi məndə qalır.

Bəs sonra nə baş verdi?  Saratovda təhsil almağınız üçün ailənin qərarı necə oldu?  

- Sonra təklif gəldi. Məktubda yazılmışdı ki, “siz bizim kursların müvəffəqiyyətli iştirakçısı olduğunuz üçün bir aylıq əyani  hazırlıq kurslara dəvət edirik”. Düzü, təklifi adi bir hal kimi qəbul etdim. Ora getmək fikrim yox idi.  Məktubu evdə oxuyanda ,anam  dedi ki, “təklif gəlibsə, getməliyik”. Mənə də qəribə gəldi. Necə yəni, gedək. Saratov səhərinin  sadəcə adını eşitmişik. Heç vaxt orda olmamışıq. Anamın cəsarətli qərarı mənim Saratovda təhsil almağıma yol açdı və mən Saratov Dövlət Universitetinin tarix fakultəsini bitirdim.

- Atanızı erkən yaşlarınızda itirmisiniz. Ailənizin maddi durumu necə idi?

- Doğrusu, maddi cəhətdən heç bir çətinliyimiz olmayıb. Düzdü, atamı məktəbdə oxuyan illərdə itirmişəm. Ona görə də anam heç vaxt bizə atamın yoxluğunu hiss etdirməməyə çalışıb. Təbii ki, ata elə bir varlıqdır ki, onun olmamasını hiss etməmək mümkün deyil. Atanın olması övlad üçün çox vacibdir, maddi imkan yüksək səviyyədə olsa belə. 

Saratovda təhsilinizi başa vurub doğulduğunuz kəndə dönmək də vardı. 1992-ci il. Ölkənin ümumi vəziyyəti bəlli idi.

- Bəli, ölkənin siyasi durumunun gərgin olmasına baxmayaraq, Gədəbəyə gəldim. Rayona qayıdan kimi ilk olaraq işlə bağlı bir neçə yerə müraciət etdim. O zamanlar torpaq şöbəsi yeni yaradılan bir qurum idi. Məni inspektor vəzifəsinə dəvət etdilər. Deyilən təklifə yox demədim, çünki iş lazım idi. Həm də universitetin prorektoru mənə demişdi ki, “get görüm iş tapacaqsanmı”. Onun sözü özünü doğrultmamalıydı.

Maraqlıdır, tarixçi yetişdirən bir universitet mühiti Azərbaycana qayıtmağınıza qarşı sizi “blokada”ya almadı?

- Həmin dövrlər Sovet rejimi süquta uğramışdı. Həmçinin, 1992-ci illərdə Azərbaycanda da siyasi vəziyyət gərgin idi. Universitetdə təyinatların olmasına baxmayaraq, mənim azad təyinat fikrimi alqışlamadılar. Buna görə də təkidlə çox xahiş etdim ki, mənə azad təyinat versinlər. Universitetdən mənə dedilər ki, “azad təyinat sizin nəyinizə lazımdır? Biz sizi yetişdirmişik, siz bizim kadrsınız, ona görə də Azərbaycana yox, birbaşa Rusiyada qalıb çalışmalısız”. Təbii ki, o zamanlar müəyyən fikirlər səsləndi. Amma mən qərarımda israrlı olduğum üçün onlar azad təyinata razılıq verdilər. Eyni zamanda, razılıq versələr də Saratov Dövlət Universitetinin prorektoru belə bir söz işlətdi ki “siz tarixçisiz, tarix öyrənibsiniz və anlamalısınız ki, bir ölkədə müharibə gedir. Müharibə aparan ölkə gənc kadra nə verə bilər ki, siz ora gayıtmaga bu dərəcədə can atırsınız”. Mənim də cavabım bu oldu ki, “mən bura oxumağa gələndə əsas məqədim o idi ki, təhsilimi başa vurub vətənimə qayıdım və orda çalışım”.

- Rayonda neçə il fəaliyyət göstərdiniz.

- Uzun müddət Gədəbəy rayonunda işlədim. 15 ildən artıq müddətdə rayonda dövlət qulluğu sahəsində çalışmışam.

Zahiri görünüşcə heç azərbaycanlı obrazınız yoxdu.

- Əgər ,Gədəbəy rayonuna getsəniz bu cür simalarla çox rastlaşmış olacaqsınız. Bizim rayonda sarışın, ağbəniz insanlar çoxdur.

- Cəmiyyətdə erkən nikahların sayının çoxalması ölkədə ümumi qadın savadsızlığına yol açır. Bunun səbəbi nədir, ölkəmizdə qadin istirakçılıgı sahəsində aparilan işləri hecə dəyərləndirirsiniz ?

- Erkən nikahlar problem olaraq qalır. Gədəbəydə erkən nikahlar olsa da, bu kütləvi hal almayıb. Bu problem ailədə və cəmiyyətdə vaxtında müəyyən tədbirlər görülməməsi ilə bağlıdır. Ümumilikdə isə bugünkü gündə ölkəmizdə qadınların ictimai-siyasi həyatda təhsillənməsi sahəsində çox mühüm işlər aparılır. Azərbaycanin bu sahədə apardigi islər model kimi diqər olkələrdə istifadə olunur. İstər Azərbaycanda təşkil olunan, istərsə də beynəlxalq təşkilatların tədbirlərində iştirak edəndə Azərbaycanda qadın siyasəti və gender bərabərliyinin bir nümunə olduğu vurğulanır. “Eurovision” tədbiri öncəsi qadınlarla bağlı Almaniyada Konrad Adenauer Fondunun təşkil etdiyi bir tədbirdə iştirak edirdik. Fondun rəhbərini təmsil edən şəxsinin dediyi sözlər heç yadımdan çıxmır. O dedi. ““Eurovision” ərəfəsində Azərbaycanla bağlı müxtəlif səpkidə yazılar getdi. Təəssüf ki, bu yazılar içində Azərbaycanda Azərbaycan qadının tutduğu yüksək mövqe haqqında yazı verilmədi. Biz Azərbaycanda aparılan gender və qadın siyasəti sahəsindəki işi digər ölkələrdə fondun fəaliyəti üçün bir model kimi götürmüşük. Bunu müəyyən Şərq, Asiya, Afrika ölkələrində nümunə kimi göstəririk”.
Təhsilə gəlincə, onu deyə bilərəm ki, Sovet dövründə yetişmiş  bizim çox yaxşı kadrlarımız keçid zamanı təhsil müəssisələrini tərk edib üzlərini çevirib özəl sektorlara getdilər.  Bu zaman orda bir halqa qırıldı. Məktəblərdə  kadrların olmaması təhsil alan uşaqların yetişməsinə təsirsiz ötüşmədi.

- Yeri gəlmişkən, Milli Məclisdə təmsil olunan xanımların da sayı ildən-ilə çoxalır. Maraqlıdır, xanım həmkarlarınızla münasibətlər necə qurulub?

- Biz millət vəkiliyik, xalqın seçdiyi insanlarıq. Təbii ki, xanım həmkarlarımızla da  xoş münasibət mövcuddur. Düşünürəm ki, insanın dostlarının olması vacibdir. Amma bu o demək deyil ki, mütləq iş həmkarlarınla yaxından dost olmalısan. İnsan ən yaxın dostu məktəb, tələbəlik illərində və və uzun muddət calışdıgı kollektivdə qazanır. Bunların arasında dostluq, rəfiqəlik etdiyim insanlar  var. Bu münasibətlər bu günə qədər davam edir.


- Eyni zamanda, işinizdən asılı olaraq, müxtəlif xarakterli müxtəlif taleli insanlarla ünsiyyətdə olursuz. Bu ünsiyyət zamanı hansı hissləri keçirirsiz?

- Düzdü, millət vəkili olaraq, problemi olan insanlarla ünsiyyət tez-tez baş tutur. İnsanları pisə, yaxşıya bölmək olmaz. İnsanlarla ünsiyyət zamanı mütləq nəyisə aşkar etmək mümkün olur. Bu artıq qanuna çevrilib. Təbii ki, dərdini danışan insana qulaq asmaq çox çətindir. Bir tərəfdən sən onun dediklərini dinlədikcə təsir mexanizmi daha yüksək olur. Digər tərəfdən isə elə məsələlər olur ki,  millət vəkili də olsan həmin insana lazımi kömək edə bilmədiyinə görə üzülürsən. Bir insan olaraq sənə üz tutan insana hansısa səbəblərdən yardım əlini uzada bilmirsən. Onda da adam sıxılır

- 1992-ci ildə Saratovda təhsilinizi başa vurub vətənə geri dönəndə Gədəbəyin ümumi mənzərəsi ölkənin ümumi mənzərəsi kimi idi. Maraqlıdır, həmin dövr üçün siyasi şəraitə uyğun olaraq, Gədəbəy insanlarının iradəsi  hansı səviyyədə idi?

- Doğru vurğuladınız. Ölkənin də ümumi vəziyyəti gərgin idi. Həmin dövrdə rayon tez-tez hücuma məruz qalırdı. Bir hadisə heç vaxt yadımdam çıxmaz. Bildiyiniz kimi, bizdə Silahlı Qüvvələrdə hərbi hissələrin formalaşması  o zaman üçün yeni hadisə idi. Ona görə də  insanlar nəyi bacarırdısa hərbi hissəyə verirdi. Kimi evindən 2 cüt corab, kimi döşək, kimi krovat, kimi palaz, kimi də bir vedrə kartofunu verirdi ki, hərbi hissə yaradılsın. Təsəvvür edin, bir var maşınla gəlib insanlardan nəsə istəyirlər, bir də var insanlar özləri səfərbər olur. İkinci daha geniş vüsət almışdı. Sözümün canı odur ki, əhalinin maddi iqtisadi durumu ağır olsa da, torpağa sığınıb torpağı boşaltmadılar. Baxmayaraq ki, tarix fakultəsini bitirmişdim, tələbəlik dövrünü başa vurub gələndən sonra əsl tarixi canlı gördüm.

Hazırda, üz-üzə oturmuşuq. Belə baxıram ki, ünsiyyətdən qaçan xanım deyilsiz. Lakin müsahibələrinizin birində mətbuatın sizi axtarmamasından şikayət etmisiz. Maraqlıdır, bu mətbuatın günahıdır yoxsa sizin?

- İşlətmədiyim ifadəni xəbərin manşet bölümünə çıxartmışdılar. Mənim  mətbuat işçiləri ilə normal əlaqələrim var. Sadəcə olaraq, bu cür yazını  jurnalistlərimiz ona görə başlığa çıxarırlar ki, yazı reytinq qazansın. Sualınıza gəlincə, burda nə mətbuatın, nə də mənim günahım var .

- 2015-ci il növbəti parlament seçkiləri keçiriləcək. Konkret hədəfləri müəyyən etmisinizmi, yoxsa, bu barədə danışmaq tezdir?

- Uzun müddət rayonda dövlət qulluğunda çalışmışam. Sonra bir müddət Bakıda dövlət qulluğunda işlədim. Millət  vəkili kimi fəaliyyətimə gəlincə, mənim namizədliyim üzvü oldugum Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü. Bu  dövlətimiz və partiya tərəfindən mənə qarşı göstərilmiş böyuk bir etimaddır. Bu etimadı doğrultmağa çalışıram. Bu haqda danışmaq hələ tezdir. Əgər mənə bir daha belə etimad göstərilərsə,buna nail olmaq ücün secki kampaniyasinda iştirak edərəm .

Bir millət vəkili kimi məmur-vətəndaş arasında narazı məqamlara rast gəlirsiniz. Maraqlıdır, məmur-vətəndaş münasibətləri necə qurulmalıdır ki, vətəndaş bundan əziyyət çəkməsin.

- Bütün ünsiyyət növlərində oldügu kimi  məmur-vətəndaş münasibətindədə nərazılıq məqamları olur. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində də bu cür problemlər mövcuddur. Bu olub, var və olacaq. Vətəndaş həmişə nəyisə tələb edir (qanun əsaslanaraq və əsaslanmayaraq) o tələb edən tərəfdir. Məmurun bu tələbi ödəmədiyi halda onun müəyyən hərəkəti onu narazı qoyur. Hər bir  kadr tutdugu  vəzifənin məsuliyyətini tam dərk edirsə, vətəndaşlarimiz isə qanunlarımızı və hüquqlarını bilərsə, mənə elə gəlir ki, onda bu münasibətlərdə  nərazılıq məqamları az olar.  Çox vaxt problemlər hüquqi savadsızlıqdan irəli gəlir.

Ailəli xanımsınız. Maraqlıdır, karyera və ailəni bir arada necə idarə edə bilirsiz?

İdarə edə bilirik. Bilirsiz, insan həmişə nəyisə etmək istəsə bu işdə də, ailədə də belədir, ona nail olur. Çətin olsa da yol axtarıb tapır. Çünki insanda əsas istəkdir. Karyera arxasınca qaçan insan olmamışam. Sadəcə olaraq, hər zaman çalışmışam ki,  mənə tapşırılan işləri layiqincə  icra edim. Üzərimə düşən işi ona görə yerinə yetirməmişəm ki, mənə bundan artıq vəzifə verilsin. Qadın üçün ailə önəmli olmalıdır. Qadının ailəni ikinci plana atıb karyera arxasınca qaçması doğru deyil. Qadına ailə də, iş də lazımdır. Qadın ictimai-siyasi sahədə uğur əldə edə bilir. Ən əsası qadın mütləq təhsilli  olmalıdır. Karyera, vəzifə artıq qadının bacarıgından və istəyindən asılı olan məsələlərdir.  

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu