Modern.az

Daha bir partiya Milli Şuradan gedə bilər

Daha bir partiya Milli Şuradan gedə bilər

3 Fevral 2014, 13:29

“Bizim partiyanın qərargahı sökülür. Həmin qərargah xüsusi mülkiyyətimdə idi. Ona görə də toparlanmaq məsələsində ciddi problərimiz var”.

Bunu Modern.az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. Partiya sədri müxalifətin hazırki vəziyyəti ilə seçkiyə qatılmağın əleyhinə olduğunu qeyd edib: “Ölkədə demokratik seçkilərin keçirilməsi üçün şərait yoxdur. Seçkilərin keçirilməsi üçün normal şərait yaratdıqdan sonra seçkidə iştirak etmək lazımdır. Bunlar olmadığına görə seçkiləri saxtalaşdırırlar. Hesab edirəm ki, demokratik qüvvələr səfərbər olmalıdır. Əvvəllər müxalifətə parlamentdə yer verilirdi. Son parlament seçkilərində heç yer də verilmədi. Növbəti seçkilər də bu cür olacaq. Hazırki vəziyyətlə seçkiyə getmək məğlubiyyətdir. Hakimiyyətin apardığı siyasət nəticəsində siyasi partiyalar QHT-lərdən də zəif duruma düşüb”.

E.Musayev AMİP sədrinin “Həm Milli Şurada, həm də DQB-də təmsil olunan partiyalar seçim etməlidirlər” fikrinə də münasibət bildirib: “Demokratik Qüvvələrin Birliyinin bir neçə iclasında iştirak etmişəm. Yusif Bağırzadənin dediyində də heç bir qəbahət yoxdur. Hər bir partiya sədri öz mövqeyini açıqlaya bilər. DQB-də o qədər səmimi münasibət var ki, kimin nə sözü varsa, deyir, kimsə də incimir. Hesab edirəm ki, seçkiyə qədər partiyalar öz mövqelərini müəyyənləşdirəcəklər. Hələ müzakirələr aparılır. Ən əsası odur ki, siyasi partiyaların təklifləri dəyişikliklər üçün stimul versin”.

BAP sədri Milli Şuradakı vəziyyəti də dəyərləndirib: “Şəxsi problemlərimlə əlaqədar Milli Şuranın iclaslarına qoşula bilmirəm. Qurumda vəziyyət qənaətbəxş deyil. Faktiki olaraq, danışıqları aparan 3 nəfərdən ikisi-İsa Qəmbər və Eldar Namazov qurumu tərk edib. Partiya Milli Şura ilə bağlı qərar verəcək. Hələlik isə şəxsi problemlərimlə məşğulam”.

Qeyd edək ki, Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Azad Demokratlar Partiyası həm Milli Şurada, həm də Demokratik Qüvvələrin Birliyində (DQB) təmsil olunurlar.

İlkin

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır