Modern.az

Politoloq: “ABŞ üçün Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması olduqca vacibdir”

Politoloq: “ABŞ üçün Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması olduqca vacibdir”

3 Fevral 2014, 13:44

“ABŞ Qarabağ münaqişəsinin həll olunmasında maraqlıdır. Çünki Qarabağ probleminin həll olunmamış qalması regionda Rusiyanın iştirakı və nüfuzunu təmin edir. Rəsmi Vaşinqton bölgədə müharibə olmasını istəmir”. Bunu Modern.az saytına sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. O, ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanatı şərh edib. Siyasi ekspert bildirib ki, Cənubi Qafqazda Rusiya faktoru vəziyyəti gərginləşdirdiyindən ABŞ lazımı tədbirlər görməyi qərara alıb. Onun sözlərinə görə, ABŞ üçün Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması olduqca vacibdir: “Buna görə birinci növbədə Dağlıq Qarabağ probleminin həllinə nail olunmalıdır.  Problemin həllinin necə çözülməsi isə başqa məsələdir. Çünki təcavüzə uğrayan Azərbaycanla işğalçı Ermənistan arasında əksər hallarda bərabərlik işarəsi qoyurlar. Tərəflərin hər ikisi kompromisə çağırılır. Halbuki torpaqlarımızı işğal edən Ermənistanla Azərbaycan eyniləşdirilməməlidir. Azərbaycan heç bir şeyi güzəştə getməməlidir”.

Politoloq bildirib ki, məsələyə belə yanaşma Dağlıq Qarabağ probleminin anatomiyasına diqqət yetirilməməsindən irəli gəlir: “Lakin Rusiya ilə nisbətdə ABŞ problemin həllinə obyektiv yanaşmağa çalışır”.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın dövlət katibi Con Kerri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi işlər apardığını bəyan edib.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır