Modern.az

Rəsulzadə... 97 ildən sonra Moskvada

Rəsulzadə... 97 ildən sonra Moskvada

Aktual

4 Fevral 2014, 22:50

Bu günlər hər yerdə, istər Azərbaycanda, istərsə başqa ölkələrdə  Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Hətta Rusiya paytaxtında belə yubiley mərasimi olub.

İnternetdə həmin mərasimdən çəkilmiş bir şəkilə rast gəldim, çox təsirləndim. Eyni zamanda, varlığımı qürur hiss bürüdü.

 Rusiyanın paytaxtı Moskvada - Kremlin İşlər İdarəsinin "Prezident" otelində Rəsulzadənin 130 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Rəsulzadə və Rusiya. Rəsulzadə və Moskva, Rəsulzadə və Kreml...

Böyük ideoloq Məhəmməd Əmin Rəsulzadə şüurlu həyatını demək olar ki, Rusiya imperiyasına qarşı mübarizəyə, Azərbaycanın istiqlalına həsr etmişdi. Hələ 1902-ci ildə 17 yaşında olarkən yaratdığı "Müsəlman gənclik təşkilatı" XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi qurum idi.

1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayı M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxarır. Elə həmin ilin mayında Moskvada Rusiya müsəlmanlarının qurultayında Rəsulzadə yenidən Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış edir. Qurultay səs çoxluğu ilə Böyük Öndərin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul edir.

Sonrakı mərhələlərdə Rəsulzadənin Rusiyaya, Rusiyanın Rəsulzadəyə münasibətini hamımız bilirik. İstər Çar, istərsə Sovet Rusiya Rəsulzədəyə hər zaman milli düşmən kimi yanaşıb. Sovetlər dönəmində Məhəmməd Əminin adını təhlükə mənbəyi hesab edərək hətta mənfi planda belə tarix dərsliyində çəkilməsini istəməyiblər.

Bugünsə Rusiyanın paytaxtında - Kremlin göbəyində o dahi insanın yubileyi təntənəli şəkildə qeyd olunur. Məncə, bu mərasim TARİXİ HADİSƏ kimi qəbul olunmalıdır. Hər bir azərbaycanlının fəxr edəcəyi hadisə kimi.

Rəsulzadə 97 il əvvəl Azərbaycana muxtariyyət tələbi ilə getdiyi Moskvaya bu gün üçrəngli bayrağı ilə müzəffər bir fateh kimi ayaq basdı.

Ruhun şad olsun, Böyük İnsan!

Yaxşı ki, var olmusan, yaxşı ki, varsan!


Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?