Modern.az

“Mərkəzi Bankın addımı büdcəni gəlirlərdən məhrum edəcək” – Ekspert RƏYİ

“Mərkəzi Bankın addımı büdcəni gəlirlərdən məhrum edəcək” – Ekspert RƏYİ

İqtisadiyyat

6 Fevral 2014, 15:49


Mərkəzi Bankı kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara kredit verilməsini qadağan etməsi ölkə büdcəsinə kifayət qədər ziyan vuracaq. Bunu iddia edən ekspertlərdən birinin – Samir Əliyevin fikrincə, ölkənin neft gəlirlərindən sonra ikinci gəlir mənbəyini istehlak kreditləri təşkil edirdi.

Modern.az-a açıqlamasında o, qeyd edib ki, istehlak kreditləşməsi həddindən artıq aktiv idi və bu kreditlər daxili tələbat yaratmışdı. “Məişət texnikası, avtomobil mağazada uzun müddət qalırdı və çox məhdud sayda insan onları nağd formada alırdı. Lakin istehlak kreditlərinin hesabına tələbat artmışdı. Amma Mərkəzi Bankı kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara kredit verilməsi qadağanı tələbatı azaltdı. Yəni bundan sonra proses təbii ki, bankların ziyanına işləyəcək”. Avtokreditlərin dayandırılmasının sığorta bazarına təsir edəcəyini deyən ekspertin sözlərinə görə, onsuz da az inkişaf etmiş bu sahədə daha da durğunluq yaranacaq. Gömrük rüsumlarının yığım səviyyəsində də problem yaranacağını deyən Samir Əliyev gömrük rüsum yığımının səviyyəsi aşağı düşəcəyini vurğuladı. “Hər il köhnə avtomobillərlə yanaşı, yeni avtomobillər də gətirilirdi. Həmin maşınlar gömrükdən keçiriləndə xeyli miqdarda gömrük rüsumu ödənilirdi. Amma indi xarici ölkələrdən Azərbaycana avtomobil gətirilməsi azaldığından bu rüsumun da verilməsində təbii olaraq azalma müşahidə olunur. Bundan başqa Mərkəzi Bankın tətbiq etdiyi bu məhdudiyyət avtosalonların da gəlirlərinin azalmasına gətirib çıxaracaq. İstər bank, istərsə də diler şirkətlərin fəaliyyətinin məhdudlaşması onların gəlirlərinə təsir edəcək, işçilərin sayı və dövlət büdcəsinə ödənilən vergilərin azalmasına gətirib çıxaracaq”, – deyə S. Əliyev vurğulayıb. Mərkəzi Bankın kommersiya banklarına tətbiq etdiyi bu məhdudiyyətin ölkə iqtisadiyyatı üçün problemlər yaradacağını deyən iqtisadçının sözlərinə görə, Ümum Daxili Məhsulun (ÜDM) artımında neftdən sonra əsas amillərdən biri istehlak kreditləri idi. Odur ki, istehlak kreditlərinin məhdudlaşdırılması UDM-in artım tempinə təsir göstərəcək.

“Ümumiyyətlə, təxmini hesablamalara görə, sığorta bazarı 10% ziyana düşəcək. Bank sektorunda kredit qoyuluşunun artım tempi azalacaq. Məsələn bankların kredit qoyuluşunun artım tempi əvvəllər 30% göstərirdisə, indi artıq 17% göstərəcək. Nəzərə alsaq ki, bank sektoru yüksək gəlirli iş yerlərindən biri hesab olunur o zaman işçilərin ixtisarı zamanı vergilərdə azalma müşahidə olunacaq. Sığorta bazarındakı azalma da sığortadan tutulan gəlirlərə təsirsiz ötüşməyəcək. Yəni ümumilikdə büdcə müəyyən qisim gəlirlərindən məhrum olacaq”.

 

  Gültəkin ƏLƏSGƏR      
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!