Modern.az

Dözümün mükafatı

Dözümün mükafatı

6 Fevral 2014, 17:05

Züleyxa NADİR

DUYĞULARIMIN ƏSİRİNƏ ÇEVRİLİB AĞRIYA-AĞRIYA YAZDIQLARIM...

 

İnsan bəzən çox istədiyi, dünyalar qədər dəyər verdiyi biri haqqında nəsə xoş bir kəlmə, gözəl cümlə yazmaq istəyəndə SÖZlər qəhətə çıxır. İllah da ki, həmin insanın ömür yaşantıları ilə sənin həyat yolların üst-üstə düşəndə, qəlbində saxladığın ən məhrəm duyğularını onunla bölüşəndə məsələ lap zorlaşır. Məcbur olub SÖZün axtarışına çıxırsan, amma tapa bilmirsən. Mən bu an həmin vəziyyətdəyəm. Peşəkar jurnalist, “Xalq qəzeti”nin müxbiri, mənim rəfiqəm, qəlb dostum, ürək sirdaşım, xeyirxahım Zərifə Bəşirqızı haqqında yazacağım yazının ilk cümlələrini fikirləşirəm, amma beynimdə ona layiq bir SÖZ, bir ifadə yoxdu. Açar olacaq bir kəlmə gəlmir ki, gəlmir... Məncə, bu məqamda ən yaxşı çıxış yolu Zərifə xanım haqqında yazını niyə yazmaq istədiyimdən başlamaqdı. Eşitdim ki, bu günlərdə ömrünün 60-cı baharını tamamlayacaq. (Amma heç inanmaq istəmirəm. Nə tez 60 oldu?) Doğrudur, doğum gününü hər il quruca kəlmələrlə, amma ən səmimi, ən isti sözlərlə təbrik etmişəm, bununla belə heç bir zaman onu özümdən bir neçə yaş böyük sanmamışam. Nə etməli? Onsuz da illər bizim nə düşündüyümüzün, nə etdiyimizin fərqinə varmır. İstəsək də, istəməsək də illər ömrümüzdən yarpaq-yarpaq, ləçək-ləçək ayrılır, bizi əbədi gedəcəyimiz dünyanın son yolçuluğuna yaxınlaşdırır. Olsun! Nə gözəl! İlk beynimdən keçən fikir bu oldu: “Mütləq yaxşı bir hədiyyə almaq lazımdı... Amma nə? Hədiyyə seçməkdə də zorlandım. Çünki həm bu məsələdə bir az naşıyam, həm də mən ona nə alsam da özümün ürəyimcə olmayacaq. Odur ki, vaz keçdim. Şifahi nitq qabiliyyətimin zəifliyi ucbatından özünə söyləmədiklərim, eləcə də keçiriləcək yubiley tədbirində danışa bilməyəcəyim SÖZləri bu yazıda ona ünvanlamağım daha məqsədəuyğundur. Düşünürəm ki, bu, onun üçün ən dəyərli hədiyyə olacaq”. Bəri başdan onu deyim ki, bilmirəm bu yazı Zərifə xanıma gərəkdi, ya gərək deyil? Amma mən düşünürəm ki, lazımdı. Çünki illərdi dövlətə və dövlətçiliyə xidmət edən yazılar yazır, özü də usanmadan, yorulmadan. Bu zəhmətin əvəzində aldığı ən yüksək “qonorar” isə haqqında yazdığı insanların ona ünvanladığı təşəkkürlər, səmimi və xoş sözlər olur. Bəlkə də ürəyində deyir ki, nəyə lazım təşəkkür, bu mənim işimdi. Bilirəm mütləq bu sözlər keçir ürəyindən. Amma mən ona görə yazıram ki, bu dəfə Zərifə xanım təşəkkür etsin. Qoy bilsin ki, təşəkkür etmək nə qədər şirin, nə qədər könül rahatlığıdı. Onu da deyim ki, həmin təşəkkür bu zamana kimi aldığım təşəkkürlərin ən qiymətlisi olacaq. (Bu yerdə bir təbəssüm işarəsinə ehtiyac var. Çünki təşəkkür məsələsini zarafat edirəm)... ZƏRİFƏ XANIMI NEÇƏ GÖRDÜM? İllər öncə onu “Xalq qəzeti”ndə balaca bir otaqda qarşıladım. İşləməyə gəlmişdi. İlk baxışdanca onun müsbət aurasına düşdüm və bu günə kimi çıxa bilmirəm. Universitetin jurnalistika fakültəsində oxusaq da o illərdə gördüyüm Zərifəni xatırlaya bilmədim. Amma dəhlizin sonundakı otaqda üz-üzə gəldiyim Zərifə xanımın daxili və xarici cazibəsi anındaca məni özünə çəkdi. Bilmirəm niyə? Bəlkə ona görə ki, Allah hər ikimizə eyni torpaqda həyat bəxş etmişdi. Bəlkə də ona görə ki, eyni talenin daşıyıcıları idik. Ya da eyni bürc altında doğulduğumuzdandır ki, xarakterlərimizdəki oxşarlıq, məsləkdaş olmağımız bizi bu qədər yaxınlaşdırdı, sonradan bir-birimizin qanına-canına hopacaq dərdlərimiz yolumuzu birləşdirdi. Və həyatın bütün zərbələrinə hazır olmağı, duyğusallığı, hər bir acıya mətanətlə, qəhrəmancasına dözməyinə də bu günə kimi heyranam. Zərifə xanımı necə gördüm? Şən, mehriban, yanımcan, diqqətcil, qayğıkeş, həyatsevər, kövrək və bir az da emosiyalı. Amma heç bir şeydən çəkinməyən, qorxmayan, həyata dirəşən, həyatın yükünü təkbaşına çiynində daşıyan, bəzən hökmlü, bəzən zabitəli xanım kimi yaddaşıma hopdurdum. Mən onu belə tanıdım. Onu özümə örnək götürdüm, gücü ondan aldım, yaşamağı ondan öyrəndim. Bitmək üzrə olan potensialımı, enerjimi geri almağı öyrətdi mənə. Hətta bu xanım yenidən yazmağı da mənə başa saldı. Baxmayaraq ki, fəal jurnalistikaya nəşriyyatdan gəlmişdi. Müxtəlif səbəblərdən SÖZ yazmaqdan aralı düşüb, SÖZ redaktə etməklə məşğul olmuşdu, amma tale onu yenidən SÖZ dünyasına gətirmişdi. Çünki müqəddəs SÖZ sənətinin incəlikləri, sirrləri onun ruhunda, damarları ilə axan qanında idi. UZAQDA GÖRÜNƏN AĞ İŞIQ Zaman o zaman idi ki, ağır bir talenin zərbəsi altında inləyirdim. Dözə bilmirdim, işgəncə çəkirdim. Bəzən ölümün dalınca düşürdüm. Xoşbəxtlikdən o məşum, qara ölüm də məndən qaçırdı. Zərifə xanım elə bir məqamda özünü çatdırdı ki, artıq tükənmək üzrə idim. Amma o, əlimdən tutdu, məni gözümü dikdiyim yoldan çəkindirdi, qaranlıqdan işığa çıxardı, qapanmış gözümü açdı. (Və mən o gün, bu gün ona bir şükran borcumun olduğunu unutmuram). Çünki o da vaxtilə bu yolun izinə düşmüş və onun nə qədər məşəqqətli, işgəncəli olduğunu görmüşdü. Amma həmin yoldan xeyli uzaqda görünən ağ işığı fəhmlə duymuş, bəsirət gözü ilə görə bilmiş və ona doğru getmişdi. Həyatın bütün acılarını üsyansız qarşılamış, dərdi şərbət kimi başına çəkmişdi. Və ona görə də mənim qəm yükü altında inləməyimə qıymadı, hər kəsdən fərqli olaraq bir başqa həmdəmim oldu... Biz bu otaqda bir neçə il yanaşı oturduq, dedik-güldük, yazdıq-pozduq. Kədərimizi də, sevincimizi də bölüşdük, dərdlərimizə ortaq olduq, başqalarına söyləmədiklərimizi öz aramızda paylaşdıq. Həmin müddətdə mən onun həyatını öyrəndim, güclü sevgisinin, ailəni necə idarə etdiyinin, dörd övladını hansı çətinliklərlə təkbaşına tərbiyə edib yetişdirdiyinin şahidi oldum. Sən demə onun taleyi övladları ilə həyatı arasında bir körpü olub. Bu körpünün bünövrəsi tələbəlik illərinin bəxtəvər günlərində qoyulub. Birlikdə oxuduqları Ələkbərə könül verib, sevib, sonda isə ailə qurublar. Ələkbər də Ələkbər idi! Ucaboylu, yaraşıqlı, hər kəsin diqqətini cəlb edən bir oğlan. Fakültədəki qızların həsədlə baxdığı bu oğlan isə Zərifəni seçdi. Daha doğrusu ürəyinin ağlına diqtə etdiklərindən, qəlbinin hökmündən qaça bilmədi. Bakıya ayrı-ayrı rayonlardan gəlsələr də, böyük şəhərdə böyük məhəbbətin işığında əhd-peyman bağladılar. Jurnalistikadan ayrılıb Saatlı rayon komsomol komitəsinin birinci katibi işləyən Ələkbər Hüseynovla Zərifə xanımın arasındakı saf məhəbbət, ülvi eşq onların dörd övladının dünyaya gəlişi ilə özünü daha da qabarıq büruzə verdi. Amma “sən saydığını say, gör fələk nə sayır”mış.

Bu sevginin ömrü uzun olmadı. Ələkbər 24 il əvvəl Zərifəni yarı yolda qoydu, əbədiyyətə, sonsuzluga, geriyə donüşü olmayan bir məkana- Haqq Dünyasına getdi. Bu gediş Zərifəni yerdən yerə vurdu: “İnsan da sevdiyini tək qoyub gedərmi”? İlk günlərdə gözünü məchul bir nöqtəyə zilləyib tez-tez özündən soruşduğu bu sualın cavabını günlər, aylar keçdikcə təkbaşına böyütdüyü dörd övladında tapdı. Onda uşaqlardan böyüyü Günayın doqquz, sonuncusu Turalın isə iki yaşı var idi. Onlar atasızlığın necə bir əzab olduğunu çox sonralar biləcəkdilər. Günel və Lamiyə də hələ bu həyatın amansız oyunları ilə üz-üzə gəlməmişdilər. Hələ analarının nələr çəkəcəyinin fərqində deyildilər... ÜMİD BAHAR FƏSLİDİR Həyat sevdiklərinlə birlikdə gözəl olur. Onlardan biri əskik olduqda bu gözəllik səni tərk edir, dəyişirsən, bütövlüyün, tamlığın itir. Bu amansız, amansız olduğu qədər də şirin və dadlı həyatın coşqun fırtınaları, qəddar burulğanları bəzən səni qoynuna elə alır ki, orda çabalaya-çabalaya qalırsan. Ta o zamana qədər ki, boğulmamış, suda batmamış hansısa bir qüvvə, hansısa bir güc əlindən tutub ordan çıxarmaqda sənə kömək edir. Zərifə xanım zaman-zaman burulğana düşdü, fırtınada çabaladı, amma onun əlindən güclü qadın, dözümlü xanım xarakteri və sevimli ana olmaq istəyi tutdu. Bəzən yarımcan oldu, bəzən də gücdən düşdü, taqətdən kəsildi, amma heç bir zaman inamını, dözümünü, ən əsası isə səbrini itirmədi. Çox vaxt susdu, dərdini içinə saldı, necə deyərlər sevincini havayı paylasa da, kədərini bir kimsəyə satmadı. Hardansa oxumuşdum ki, ümid bitib-tükənməyən bahar fəslidir. Bu fəsildə qar da yağır, fırtına da qopur. Amma bütün bunlarla bərabər həmişə çiçəklər açır. Zərifə xanım bir gün olsun belə ümidini itirmədi, gücünə güvəndi, kürəyini səbrə dayadı, bahar çiçəklərinin gözəlliyindən onu ayaqda tuta biləcək qüvvə topladı – sevgisini yaşatmaq üçün. Ən əsası isə bu sadaladıqlarım dünyadan vaxtsız köçmüş, ona dörd övlad yadigarı vermiş Ələkbərə olan sevgidən qaynaqlandı. Ələkbərin sevgisi onun evinin daşına, divarına hopub. Sevgili həyat yoldaşına aid olan şəxsi əşyalarını 24 ildir evinin baş guşəsində - göz qabağında sərgiləyir. Ağlının qəlbinə hakim olduğu bu illər ərzində bir kimsə həmin əşyaları yığışdırmağa cəsarət etməyib. Zərifə xanım heç kimə icazə verməyib ki, onlara toxunsun. Ələkbərin iri bir şəklinin ətrafına topladığı bu əşyaları - Azərbaycan LKGİ MK-nın plenum üzvü, Saatlı rayon Komsomol Komitəsinin birinci katibi biletləri, eləcə də partiya bileti, Ali Komsomol Məktəbinin diplomu, əl dəsmalı, saatı, qələmi, eynəyi və sairləri Zərifə xanım göz bəbəyi kimi qoruyur. Bu sətirləri oxuyanlara Zərifə xanımın hərəkəti bəlkə mənasız görünər, bəlkə də təəccüblü, yaxud da romantik bir hiss təsiri bağışlayar. Amma gerçək olan budur ki, həmin əşyalara yalnız Zərifə xanım məhrəmdi, onlara sanki, naməhrəm əli dəyə bilməz. Bu zərif xanımın yaşadıqlarını yaşamayanlar həmin cansız əşyaların onun üçün nə qədər dəyərli olduğunu bilməz. Kimsə anlamaz ki, Zərifə xanım gözünün qabağında saxladığı bu şəxsi əşyalardan hansı enerjini alır? Heç kimin ağlına da gəlməz ki, bu xanım illərdi sevgisini, həyat yoldaşının qoxusunu məhz bu əşyalardan alır. Sevginin gücü bu deyilsə, bəs nədir?.. O, DÜNYANIN ƏDALƏT MƏHKƏMƏSİDİ Bir gün iş elə gətirdi ki, mən “Xalq qəzeti”ndən ayrılmalı oldum. Başqa bir mətbuat orqanında çalışsam da əlaqəmiz üzülmədi. Vaxtım olanda redaksiyaya gedirəm – köhnə iş yoldaşlarımı görmək, hal-əhval tutmaq üçün. Ordan ayrılsam da redaksiyanın kollektivi mənə doğmadır, əzizlərim qədər yaxındır. “Xalq qəzeti”ndə işlədiyim günlərlə bağlı o qədər xoş xatirələrim var ki, bu izlər həmin vaxtlarda baş vermiş xoşagəlməz hadisələri ört-basdır edir. Amma nə gizlədim, ən çox Zərifə xanım üçün gedirəm – onun da vaxtı varsa dərdləşməyə. Bəzən elə ağır anlarımız, elə ağrılı günlərimiz olub ki, bir-birimizin yanında olub təsəlli belə verə bilməmişik, amma bu ağrıların, bu acıların sızıltısını birlikdə hiss etmişik, birlikdə yaşamışıq. Çünki bu acıların sızıltısından qorxub, ağrısını hiss etməkdən, gözlərimizdəki kədərdən, hüzndən çəkinib görüşməmişik. Əsası bu olub ki, biz bir-birimizi özümüzdən yaxşı tanımışıq, iki ağrılı-acılı yükü birləşdirib, ayrıca inləmişik, eyni hissləri yaşamışıq ikimiz də. Dünya malında gözü olmayan, hər zaman sözünə sahib çıxan Zərifə Bəşirqızı mənim həyat idealımdır, yaşam gücüm, stimulumdu. Xasiyyət insanın taleyidi, deyirlər. Bu xasiyyət bizə verilir, onu biz qazanmırıq. Və hərəmiz bir ulduz altında doğuluruq – taleyimizi bizə çatdırır onlar. Astroloqların dolça bürcü altında doğulanlar haqda fikri belədir: “Onlar dünyanın ədalət məhkəməsidirlər”. Onlar ədalətli insan kimi doğulan və Tanrının hər bir imtahanını səbrlə, şükranlıqla qarşılayan ibadət əhlidi əslində. Psixoloqlar bu tip insanları “maddi aləmin ruhi və mənəviyyat adamları qrupu”na aid edirlər. Çoxları üçün müəmmalı görünür belə adamlar. Onları adiləşdirmək, özlərinə yaxınlaşdırmaq istəyirlər. Amma Allahın sevib, güc, dözüm verib özünə yaxınlaşdırmaq istədiyi kimsəyə bəndənin gücümü çatar?! Dolça bürcü altında doğulan Zərifə xanım bu parametrləri özündə cəmləşdirsə də, əslində güçlü deyil, dözümlüdür. Dözüm isə başqa nəsnədir, özündən sonra gələn ölümün önündə çəpərdi. Ona görə də mən deyərdim ki, daha çox adında daşıdığı zəriflik Zərifə xanımın canında, qanında, mayasındadır. Sadəcə bunu görmək, hiss etmək lazımdı. Allah öz bəndələrinin hərəsini bir cür imtahana çəkir. Və sonda o kəsləri özünə yaxınlaşdırır ki, onlar Allahın hökmündə olana səbrlə dözürlər, özlərinin etməli olduqlarını, öhdələrinə düşəni edir və insanların yox, Allahın razılığını qazanmaq üçün yaşayırlar. Zərifə xanım özünün məhz belə bir insan olduğunun fərqindədirmi görəsən? Qurani-Kərimdə deyilir ki, Yaradan heç kəsi gücündən artıq yükləmir. Amma əksər insanlar problemsiz, rahat yaşamaq üçün yükü çiyinlərindən atır, özünə asan yol seçirlər. İnsan da var ki, payına düşən hər nə varsa – yaxşını da, pisi də səbrlə qarşılayır, Allaha şükür edir və şikayət etmədən yükünü sonadək daşıyır. Zərifə xanım kimi! Əslində Zərifə xanım haqqında düşündüklərim nə danışmaqla, nə də yazmaqla bitəsi deyil. Bircə onu bilirəm ki, kim nə deyir qoy desin, mənim rəfiqəm dünyanın ən xoşbəxt qadınıdı. Hərdən cılız, səviyyəsiz, təkcə özünü fikirləşən, hissiyyatsız, mənəviyyatsız, ruhu olmayan, dar düşüncəli, pislikdən yaranmış, özündən bixəbər olub başqalarını mühakimə obyektinə çevirən, paxıl-xılt yumağı olan, ancaq danışan, düşünməyə qadir olmayan, etdiyi səhvi başqalarına yapışdıran, bağışlamağı bacarmayan, ikiüzlü, prizma tipli adam cildinə girmişləri görəndə həm kədərlənirəm, həm də sevincə bürünürəm, yaxşı ki, mənim rəfiqəm bu cəhətlərdən uzaqdı. Tanrının ona bəxş etdiyi sınaq və imtahanlardan üzüağ çıxan, sözün əsil mənasında bəxtəvərlərdəndi. O bu həyatın şirinlikləri, sevincləri ilə bərabər addımlasa da içində bir kədər, bir nisgil yaşadır. Daha doğrusu, onu bəsləyir, qoruyur, çünki ondan ayrılıqda həyatı yoxdu. Sadəcə zaman-zaman o nisgilin artmasından dolayı ağrıları çoxalır. Amma ağrısız da yaşam yoxdu...

“KÖÇ VAXTIM ÇATARSA TURALA MƏN VARAM KİMİ TOY EDƏRSİNİZ”... Bütün bu xoş ağrıların fonunda Zərifə xanım onu həyata bağlayan, uğrunda canını verməyə hazır olduğu qızlarını böyütdü, oxutdu, nişanladı, toy etdi. İndi nənədir, dörd nəvəsinin məhəbbətini hər gün özü ilə işə daşıyır, işdən də evinə aparır. Qalıb bir Tural balası. O da sevdiyi, seçdiyi qızla nişanlıdır. Yaxınlarda toyu olacaq, Zərifə xanım evinə gəlin gətirəcək. Nə gözəl! Bu sətirləri yazarkən üçüncü qızı Lamiyəni gəlin köçürəndən sonra Zərifə xanımın şəxsi facebook səhifəsində paylaşdığı sözləri xatırladım. Onu olduğu kimi çatdırıram: “Qızlarım... Bu acımasız həyatda ilk dəfə sizi tərifləyəcəm. Atalı qızın özü, atasızın isə sözü böyüyər, deyirlər. Sizə əsəbim, sağlamlığım hesabına verdiyim tərbiyənin nəticəsini gördüm. Hər üç qızım dədə-baba adəti ilə telli-duvaqlı gəlin köçdü. Sentyabrın 26-da sonbeşik qızımın da xeyir-duasını verdik. Allahın hər kəsə belə günü nəsib etsin. Siz mənə cəmiyyət içində öz əxlaqınız, tərbiyəniz, etika və mədəniyyətinizlə Cənnətin qapılarını açmısınız. Allah sizi bəxtəvər etsin. Başınızın üstündə Tanrı, yanınızda həyat yoldaşı olan bir ömrü ürəyinizcə yaşayın, mehriban olun. Məni sizə münasibətdə nəvazişdən çox zabitəli olmaqda suçlayıb “sən bizə ana yox, ata olmusan” kəlmələrinizin bəhrəsi bügünkü gündü... İllər keçəndən sonra hər şeyə görə mənə haqq qazandıracaqsınız. Mən bəzən zalım oldum, bəzən qəddar. İçimdə sizi əzizlədim, üzdə acıqlandım. Peşiman deyiləm: sizdən nəvazişi mən kəsmədim, Rəbbimin məsləhəti idi. Allah hər birinizi öz evinizdə xoşbəxt etsin. Amin. Tanrının məsləhəti olsa mənə Tural bəs edər. Qız yükü hər mənada ağır olur. Siz məni bu yükdən tələsmədən və ağılla qurtardınız. Sizə 24 ildə təkbaşına çəkdiyim bütün əziyyətləri halal edirəm, halal edirəm, yenə halal edirəm. Sağ qalarsam, başqa... köç vaxtım çatarsa, Turala mən varam kimi toy edərsiz - tək vəsiyyətim bu. O sizin atanızın eynidi”. Bu kövrək, duyğulu sözlərdən sonra mənim nəsə əlavə bir söz yazmağım yersizdi, deyəcəklərimi Zərifə xanım özü çatdırıb. Mənə qalır sadəcə ona “Əhsən” demək!.. Bir də Allahın onun dözümünə mükafat olaraq övladlarının xoşbəxtlitiyini görməyi bəxş etməsinin sevincinə qoşulmaq. Bəlkə də Zərifə xanımı ilk başdan bir jurnalist olaraq SÖZ adamı kimi, SÖZlə qolboyun olan bir şəxsiyyət kimi xarakterizə etməli idim. Yazmalıydım ki, Zərifə Bəşirqızı Tovuz rayonunda anadan olub, orta məktəbi elə orda da bitirib, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub. Məzun olan vaxtdan bu günə kimi nəşriyyat, mətbuat sahəsində çalışıb. Bu gün də sənətinə arxa çevirməyib, necə deyərlər, SÖZ adlı dağda külüng vurur. Bir də onun illərlə “Xalq qəzeti”nin səhifələrindən boylanan yazılarının nə qədər gərəkli olduğundan, jurnalist qələminin kəsərindən, həmçinin bu qələmdən süzülən sözlərə, fikirlərə oxucuların verdiyi qiymətdən bəhs etməli idim. Amma etmədim, daha doğrusu edə bilmədim, yəni bilərəkdən olmadı. Çünki yazıya başladığım andan duyğularımın əsirinə, hisslərimin kölgəsinə çevrildim. Onun iç dünyasının sirlərindən xəbərdar olduqlarımı, hiss etdiklərimi yazdım. Həm də ağrıya-ağrıya.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir