Modern.az

Sizifə çevrilən jurnalistlər

Sizifə çevrilən jurnalistlər

21 May 2010, 16:17

Müstəqil Azərbaycanın çağdaş jurnalistikasının inkişaf tarixinə baxdıqda onun uğurları və problemlərinin biri-birinə tən gəldiyini birmənalı demək mümkün deyil. Əlbəttə, çağdaş milli mətbuatın ictimai-siyasi həyatda öz yerini tutmasını və proseslərə təsir etmə imkanlarını inkar etmək düzgün olmazdı. Azərbaycan KİV-i MDB ölkələri içində özünəməxsus şəkildə oturuşmuş bir sahə olmaqla əhəmiyyətli bir media seqmenti yarada bilib. Lakin problemlər də az deyil. Mühüm olan budur ki, hamının danışdığı bu problemlər hazırda gələcək Azərbaycan KİV-i üçün layiqli vərəsilik institutunun yaranmasında ciddi maneələrdən birinə çevrilib. 1980-cı illərin sonu 1990-cı illərin əvvələrində yaranmış müstəqil mətbuat özünün kəsərliliyi və müstəqilliyi ilə bir etalon kimi xatırlanırsa, çox təəssüf ki, 2000-ci ildən bu yana formalaşan KİV haqqında bunu demək olmur. Hazırki mətbuat daha çox subyektiv mövqelərdən asılı olmağa başlayıb. Bunun səbəbləri isə kifayət qədər ciddidir. Mən burada siyasi üsul-idarənin KİV-ə basqılarından və bu sahəni inhisara götürməsindən danışmaq niyyətində deyiləm. Bu barədə kifayət qədər yazılıb.

Fikrimcə, milli KİV-in "Axilles dabanına" çevrilmiş nöqtələri haqqında açıq danışmaq zamanı çatıb. İlk öncə jurnalist peşəkarlığından danışmaq lazımdır. İndi bu barədə hamı haray qaldırıb və bu bəlanın qarşısının tezliklə alınması üçün müxtəlif reseptlər təklif edirlər. Kimi jurnalistika fakültəsinin səviyyəsini qaldırmağa çağırır, kimi bunun üçün inzibati tədbirlərin vacibliyini vurğulayır. Lakin niyə heç kim KİV-də qeyri-peşəkarlığın belə vüsət almasının səbəblərini araşdırmaq və bundan danışmaq istəmir? Zənnimcə, bunun köklərini axtarmaq üçün yetərli faktlar və səbəblər kifayət qədərdir.

Demək belə, cənablar! Ortada olan birinci sual budur: Dünyada ən elitar sahə sayılan medianın Azərbaycan hissəsində meydan sulayan qeyri-peşəkar jurnalistciyəzlər haradan peyda oldular? Müstəqil Azərbaycan KİV-nin əsasını qoyan, sözün əsl mənasında jurnalist olan, bu yola yenicə gələn gənclərə nümünə olacaq peşəkarlar hara yox oldular? Hamletsayağı qoyulan bu sualların cavabı özü ilə çağdaş jurnalistikanın yaxın tarixinə ekskurs etməyi tələb edir. "KİV-də peşəkarlar" kodunun açarı məhz həmin yaxın keçmişin arxivlərində gizlənir. Fikrimcə, Azərbaycan mediası özü üçün "sələflər və xələflər" problemini həll edə bilmədi. Bizə yazmaq üçün istinad nöqtəsi ola biləcək şəxslər "boz jurnalistikanın" rəsmi və "portret şəxs"lərinin hikkəsi ucbatından formalaşmadı. Azərbaycanın gənc yazarları isə həmin bu şəxslər qarşısında məsuliyyət hiss etmədiklərindən indi qeyri-peşəkarlar haqqında vay-şivən baş qaldırıb.

Ölkəmizdə KİV-dən söz düşəndə hamı barmağını Həsən bəy Zərdabiyə tuşlayır, Qafqazda ilk qəzet banisi haqqında ağız dolusu danışır, bununla da işlərini bitmiş hesab edirlər. Bəs milli mətbuatın tarixi Zərdabiyləmi bitir? Bəs çağdaş media tarixini yaradan şəxslərdən niyə danışmırıq?

Bu siyahı kifayət qədər uzundur və öyrənilməyə layiq bir məktəbdir. Əlinə yenicə qələm alan jurnalist ilk növbədə Hikmət Sabiroğlunun, Fəxri Uğurlunun, Zərdüşt Əlizadənin, mərhum Elmar Hüseynovun, Məmməd Nazimoğlunun, Kamal Əlinin, Məmməd Süleymanovun, Rauf Mirqədirovun, Mehman Cavadoğlunun, Azər Rəşidoğlunun, Bahəddin Həziyevin, Hüseynbala Səlimovun, Fatma Abbasquliyevanın, Mirşahinin və adını çəkə bilmədiyim daha neçə şəxsin yazıları ilə tanış olmalıdır. Azərbaycan mətbuatının tanınmış imza sahibləri indi müxtəlif QHT-lərdə gün keçirməklə məşğuldur. Halbuki bu kövrək zənciri yaratmaqla biz özümüz üçün istinad nöqtələrini yarada bilərdik, bu isə KİV-ə yeni gələn yeni jurnalistlər üçün ibrət götürmək və məsuliyyət hiss etmək üçün bir əsas olardı.

Azərbaycan mətbuatında jurnalist əməyinin qiymətləndirilməsi sahəsində ən eybəcər metod hökm sürür. Halbuki əməyin qiymətləndirilməsi peşəkarlıq səviyyəsinin formalaşmasında ən mühüm amil sayılır. Qəzet redaksiyalarında informasiyanı dəyərləndirmə şkalası və ona uyğun qiymət kəsmə mexanizmi yoxdur. Dünən mətubata gələn jurnalistlə 10 il bu sahədə çalışan şəxsin əmək haqqısı eyni səviyyədə ölçülür. Bu isə dünyanın özünə hörmət edən heç bir qəzet redaksiyasında müşahidə olunmayan bir hadisədir. Bunun nəticəsidir ki, bizdə siyasi hadisələr haqqında sanballı şərh gündəlik informasiyalarla bir tərəziyə qoyulur və qiymətləndirilir. Nəticədə peşəkarlıq ikinici plana keçir, konveyer üsulu önə çıxır.

Digər problem qəzetin buraxılması ilə bağlıdır. Bu sahədə də dəhşətli bir özbaşınalıq hökm sürür. Heç kimin tanımadığı, ömründə bircə sətir belə yazmayan şəxslər böyük miqdarda pulların ayrıldığı qəzetlərə başçılıq edir və redaksiya formalaşdırır. Nəticədə subyektiv meyarların hökm sürdüyü bir KİV mühiti ortaya çıxır. Sonra da KİV-lə bağlı təkşilatlar "mətbuatın siyasiləşməsindən, inhisara alınmasından" haray çəkirlər. Baxmayaraq ki, ölkədə kövrək də olsa, qəzet yaradılması üçün potensial baza var. Nəcəf Nəcəfovun yaratdığı "Azadlıq", Elçin Şıxlinskinin "Ayna-Zerkalo"su, Rauf Talışinskinin "Exo"su, Zərdüşt Əlizadənin "İstiqlal"ı, Emin Eminbəylinin "7 gün"ü bu baxımdan örnək ola biləcək mənbə sayıla bilər. Lakin bunun əvəzində nəyin şahidi olmuşuq? Əndərəbadi adlarla zəngin media palitrasında tanınmayan adlar bu gün "mətbuat" adı ilə meydan sulayır, KİV-lə bağlı tədbirlərdə ağızları köpüklənə-köpüklənə "söz azadlığından" dəm vururlar.

Situasiyadan çıxmaq üçün isə resept var: fikrimcə, yenicə çıxmağa hazırlaşan qəzetin baş redaktorunun tərcümeyi-halı və professionallığı Mətbuat Şurasında müzakirəyə çıxarılmalı və xüsusi rəylə ona bu nəşrə rəhbərlik edib-etməyəcəyi bildirilməlidir. Bəlkə o zaman bu sahədə hər hansı bir dirçəliş yaranacaq.

Digər problem qəzet bazarının kasadlığı ilə bağlıdır. Ölkədə çıxan qəzetlərin əksəriyyəti bir-birinin təkrarını xatırladır. Çox az KİV var ki, özünəməxsus stil və fəndlərlə oxucuların görüşünə gəlir. Rusiyanın qəzetlərini vərəqlədikdə mövzu müxtəlifliyinin və rəngarəngliyinin şahidi oluruq. Sosial və siyasi həyatın ən müxtəlif hadisələrinə özünəmxsus yanaşması və təqdimetməsi ilə seçilən bu qəzetlərdə oxucu istədiyini tapa bilir və bunun müqabilində "sevimli qəzet" anlayışı meydana gəlir. Azərbaycanda çox təəssüf ki, "sevimli qəzet" anlayışı formalaşmayıb. Düzdür, onun ayrı-ayrı elementləri vaxtaşırı hiss olunub. Bu, xüsusilə Azərbaycan media tarixinin ən uğurlu layihəsi saylacaq "Avropa" qəzetinin timsalında daha qabarıq nəzərə çarpdı. Xüsusi bir simpatiya ilə oxucu rəğbəti qazanan bu qəzet fəaliyyətini xeyli vaxtdır dayandırsa da, "Avropa"nın peşəkarcasına yaratdığı inam və etimad ilğımı həmişə arzuolanan məqama çevrilib. Təəssüf ki, bu nümünə təkdir.

Digər amil "sarı mətubatla" bağlıdır: Azərbaycan KİV-də "sarı mətbuat" ayrıca bir seqment kimi formalaşmayıb, əksinə, bilavasitə ciddi qəzetlərin kölgəsində sürünür. Fikrimcə, artıq "rənglərin" ayırd edilməsi zamanı da yetişib.

Növbə gəlib çatdı əlahəzrət "sosial vəziyyətə!". Bu sahədə problem o qədərdir ki, bilmirsən haradan başlayasan. Jurnalistlərin böyük əksəriyyətinin maaşı gündəlik tələbatları ödəməyə zorla çatır. Media əhlinin qarşısında duran ən böyük dərd evsizlikdir. Jurnalistlərin əksəriyyəti kirayədə qalır və aldıqları pulun böyük qismini bura xərcləyir. Beş ildən artıq yaratdığımız "Jurnalist" Mənzil Kooperativinin işi ilə əlaqadar apardığımız proses göstərdi ki, bu sahədə əməlli-başlı hərcmərclik hökm sürür. KİV işçilərini evlə təmin etmək heç kimin yadına belə düşmür. Süründürməçilik və laqeydlik elə bir həddədir ki, söz tapmaq mümkün deyil.

Halbuki Bakı kimi böyük paytaxt meqapolislərinin aparıcı infrastrukturunu təşkil edən media seqmenti bütün ölkələrdə inkişaf və tərəqqi üçün açar hesab olunur. Bakının oturuşmuş əmək infrastrukturunu təşkil edən bütün nazirliklər, ali məktəblər, dövlət qurumları tabeliklərində olan işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün iş görür. Bizə bəlli oldu ki, bu təşkilatlar öz işçiləri üçün ev də tikirlər. Amma media strukturlarına gəldikdə bu sahə hamı tərəfindən unudulub. Bizə çatanda "bir milyon qaçqın, işğal olunmuş torpaqlar və keçid dövrü" prioritetə çevrilir.

Halbuki evsizlik KİV-in inkişafını əhəmiyyətli dərəcədə sarsıdan bir amildir. Biz nə təklif edirdik? Jurnalistikada 10 ildən artıq işləyən və taleyini bu sahəyə bağlayan insanların ev problemi həll olunsun! Hətta cazibədar görünən bir layihə də təklif etmişik: dövlətin himayəsi ilə "Media-Siti" layihəsi həyata keçirilsin və jurnalistlər üçün şəhərcik salınsın... Hələ ki, "yuxarılar" bizə şübhəli -şübəhli baxmaqda davam edirlər. Ən ağrılısı odur ki, bir çox qəzet redaktorları bu məsələdə öz işçilərini dəstəkləmirlər.

Qarışda duran vacib məsələlərdən biri də jurnalistlərin pensiya və sığorta məsələləridir. Bəllidir ki, jurnalistika ən təhlükəli peşə sayılır və necə deyərlər, "ölüm mələyi" buradan əskik olmur. Lakin ölkədə KİV sektorunda çalışanların pensiya məsələsinə barmaqarası baxılır. İşə götürülən jurnalistlərlə əmək müqaviləsi bağlanmır. Jurnalistlər var ki, neçə illərdir əmək müqaviləsi olmadan fəaliyyət göstərirlər. Bəs belə müqavilə yoxdursa, pensiya yaşı çatanda onların pulu necə hesablanacaq? Yoxsa hamıya elə gəlir ki, jurnalistikada olanlar daima cavan qalacaqlar?

Problemli sahələrdən biri də jurnalist həmrəyliyidir. Həmkarlıq bizdə çox bərbad vəziyyətdədir. Bu işi təşkil etməyi boynuna götürmüş təşkilatlar isə "toy generallarını" xatırladır. Bütün bu toxunduqlarım KİV-də həllini gözləyən ən vacib məsələlərdir. Yuxarıda nahaq yerə "qeyri-peşəkar jurnalistciyəzlər haradan peyda olur?" sualını açıq qoymamışam. Fikrimcə, nə qədər ki, KİV-də çalışan jurnalistlərin fəaliyyəti "Sizif əməyi"ni xatırladacaq, o zamana qədər bu başabəla "qırmızı jurnalyuqalar" meydan sulayacaq və bizə "necə yazmağı" öyrədəcəklər.

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir