Modern.az

Fəlakət zonasında ürək, qan təzyiqi və şəkərli diabet problemi olanlar çoxluq təşkil edir

Fəlakət zonasında ürək, qan təzyiqi və şəkərli diabet problemi olanlar çoxluq təşkil edir

21 May 2010, 17:29

Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar respublikanın ayrı-ayrı şəhər və rayonlarında yaranmış mürəkkəb vəziyyətlə bağlı olaraq Səhiyyə Nazirliyində xüsusi müşavirə keçirilib. Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, təbii fəlakət səbəbindən insanların sağlamlığına vurulan ziyanı minimuma endirmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevin tapşırığına əsasən təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb. Plana əsasən, yerlərdə tələb olunan tibb mütəxəssisləri təbii fəlakətlə üzləşən bütün zonalara cəlb olunub, təcili və təxirəsalınmaz yardım maşınlarının və həkimlərin növbətçiliyi gücləndirilib. Bu işə eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də cəlb olunub. Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin hadisəyə dair açıqlamalarına əsasən, təhlükə yarandığı ilk gündən Respublika Klinik Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun hərəsində 2 həkim briqadası yaradılaraq, öncə Sabirabad, Şirvan, Zərdab rayonlarına göndərilib. Terapevt, mama-ginekoloq, kardioloq, nevropatoloq və pediatrlardan ibrət həkim briqadaları təşkil olunub. Hazırda Sabirabadda yaradılmış çadır şəhərciyində 1 həkim məntəqəsi, 3 səyyar briqada çalışır. Sabirabadın Boranlı kəndindəki şəhərcikdə isə 1 həkim məntəqəsi təşkil olunub. Şirvan şəhərindəki çadır şəhərciyində 2 həkim məntəqəsi, 2 səyyar briqada fəaliyyət göstərir. Hacıqabulda da 1 səyyar briqada yaradılıb. Zərdab rayonundakı çadır şəhərciyində 1 həkim məntəqəsi, 4 səyyar briqada, Saatlıda 3, Salyanda 4, İmişlidə 1, Kürdəmirdə isə 5 səyyar briqada fəaliyyət göstərir. S.Əliyev həkim məntəqələri və briqadaların kifayət qədər dərman preparatları, tibbi ləvazimatlar və köməkçi materiallarla, hətta ilan zəhərlənməsi əleyhinə zərdablarla da təmin edildiyini, ehtiyacı olan xəstələrə qlükometrlər paylandığını bildirib. Müşavirədə bildirilib ki, daşqınlar və sel nəticəsində ümumilikdə 14 kənd, 20 minə qədər insan, təxminən 4300-dən artıq ailə zərər çəkib. Onların hər biri çadır şəhərciklərində, peşə məktəblərində, orta məktəblərdə və s. məskunlaşıblar. Çadır şəhərciklərində olan insanlara lazımi tibbi yardımla yanaşı Səhiyyə Nazirliyi tərəfindən kişi, qadın, uşaq geyimləri, yataq dəstləri və s. verilib. Həkimlərə müraciətlər əsasən ürək, qan təzyiqi və şəkər problemi ilə əlaqədar xüsusən çoxluq təşkil edir. Sel və daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə infeksion xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri də gün ərzində bir necə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları eləcədə təhlükə zonasına yaxın rayonların tibb işçiləri də səfərbər olunub. Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdə saxlanır və bu qayda təhlükə aradan qalxanadək davam edəcək.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər