Modern.az

Azərbaycanlı deputat ermənilərə müraciət etdi

Azərbaycanlı deputat ermənilərə müraciət etdi

Parlament

21 May 2010, 18:40

Dağlıq Qarabağdakı separatçı rejim mayın 23-də qondarma “parlament seçkiləri” keçirməyi planlaşdırır. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi buna öz etirazını bildirib. Milli Məclisin deputatı Həvva Məmmədova da Modern.az saytına açıqlamasında bildirib ki, Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan qondarma “parlament seçkiləri” nəticəsi olmayan fəaliyyətdir: “Ermənistan həyasızcasına bütün beynəlxalq hüquq prinsiplərinə məhəl qoymadan özünün yaratdığı separatçı rejimə “parlament seçkisi” keçirmək istəyir. Bu, qondarma qurumun, o cümlədən Ermənistanın apardığı ən böyük eybəcər siyasətdir. Bu gün hamıya aydındır ki, beynəlxalq təşkilatlar, Avropa Şurası Dağlıq Qarabağda qondarma qurumun keçirdiyi “seçkiləri” tanımır. Beynəlxalq təşkilatlar tərəfindən heç vaxt qəbul edilməyən bu “seçkiləri” keçirməklə Ermənistan bir daha regionda Azərbaycan vətəndaşlarının daxili işlərinə qarışdığını nümayiş etdirir. İşğalçı dövlət müəyyən məqamlar gələndə qondarma qurumun müstəqilliyini irəli sürməklə pərdə arxasında gizlənsə də, özünü ifşa etmiş olur. Onsuz da Ermənistanın təhriki ilə qondarma qurumun seçkiləri heç bir dövlət tərəfindən qəbul olunmayacaq”.

Həvva Məmmədova Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət də edib: “Mən Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına demək istəyirəm ki, onlar deputatlığa öz namizədliklərini 2010-cu il Azərbaycan Respublikasının 4-cü çağrış Milli Məclis seçkilərində verə bilərlər. Biz hazırıq bunu təmin etməyə. Mən Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına demək istəyirəm ki, onlar öz perspektivlərini Ermənistanda deyil, Azərbaycanda axtarmalıdırlar. Qondarma qurum sizin taleyinizdə heç bir rol oynamayacaq. Qondarma qurum Dağlıq Qarabağda yaşayan insanları güllə altında saxlamaqla xalqa heç bir şey vəd etməyəcək. İnsanlara heç bir şey verməyəcək. Ona görə də onlar səsvermə hüquqlarından boş-boşuna istifadə etməsinlər. Mayın 23-də keçirilməsi planlaşdırılan saxta seçkilərdə səsvermədən imtina etsinlər”.

Millət vəkili hesab edir ki, ermənilərin saxta “seçkilər”ilə bağlı beynəlxalq təşkilatlar da öz sözlərini deməlidirlər: “Ermənistan Dağlıq Qarabağda keçirdiyi “seçki” ilə Azərbaycanın ərazi bütövlüyünə birbaşa müdaxilə edir. Elə hesab edirəm ki, bütün beynəlxalq təşkilatlar-BMT, ATƏT, Avropa Şurası bu “seçki” ilə bağlı təpkilər göstərməli və öz fikirlərini açıq-aşkar bildirməlidir. Onlar deməlidirlər ki, bu “seçki” həqiqətən də Azərbaycanın ərazi bütövlüyünə növbəti təcavüzdür”

 

Günay MUSAYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi