Modern.az

Dünyaya açılmayan pəncərə...

Dünyaya açılmayan pəncərə...

8 Fevral 2014, 15:00

Məhsəti Şərif

Türkiyədə yaşadığım binanın tam alt mərtəbəsində “odunluq” deyilən bir yer var. Adətən qonum-qonşu burda köhnə və işlətmədiyi əşyalarını saxlayır. Pəncərəsiz və havasız yerdə qoyulan əşyalar o qədər sağlam qorunmasa da, kimsə buna heyfsilənmir. Sonucda lazımsız əşyadı və bir müddət sonra ehtiyacı olan birinə verilmək üçün ordan çıxarılacaq.

İki gün əvvəl “odunluq”da səs-küy eşitdim. Orda mənim də saxladığım bir-iki parça əşyam olduğuna görə qapını açıb göz gəzdirdim. Səs-küy artırdı, qonşular hamısı orda idi. Dedilər ki,  “odunluğa” ailə köçür. Ona görə də orda kimin nəyi varsa, imkan daxilində çixarsın.

Düzü təəccübləndim. Burda yaşayanların, bina sahibindən başqa hamısı kirayişin olduğuna görə, ev sahibini içimdə qınadım. Yəni acgözlük bu qədər güc gəldi? İnsanların lazımsız əşya yığdığı zirzəmini də kirayə verir?  

Bu fikrimi hay-küyü seyr edən qonşuma da söylədim. Cavabından isə təsirləndim. Həm araşdırmadan gəldiyim düşüncəmə görə, həm də o zirzəmidə yaşayacaq ailəyə görə. Sən demə burda yaşayacaq yeni qonşumuz Suriyadan Türkiyəyə pənah gətirən qaçqın ailəsidir. 8 nəfərdən ibarət ailə zirzəminin daş döşəməsində yaşayacaq. Oranın sadəcə bir dəmir qapısı var. Hava alacaq heç bir yeri yoxdu.

Buz kimi zirzəmidə qonşuların köməkliyi ilə soba quruldu. Sonra hər kəs gücü çatan əşyalardan yardım etdi. Yorgan, kilim, qab-qacaq, oturacaqlar... Kimin nəyə gücü çatır və elə “odunluğa” yığılan bizə lazım olmayan əşyalardan onalar üçün yararlı olanları veririk.

8 nəfər ailə. Ata, ana, yaşlı baba və uşaqlar. Öyrənirəm ki, uşaqlardan ən kiçiyinin 5 yaşı var. Buz kimi zirzəmidə min cür xəstəliyə qucaq açacaq bu ailənin Suriyadakı yaşayışı bəlkə də çox yaxşı olub. Amma indi bu zirzəmi onlara isti və rahat gəlir. Ev sahibi deyir ki, onlar xeyli vaxtdı Suriyadan Türkiyə sərhəddini keçiblər. Bir neçə şəhəri gəzdikdən sonra isə İstanbula üz tutublar. Burda isə hələki yaşamaga yer tapmadıqları üçün parklarda gecəliyirmişlər. O da təsadüfən rast gəlib və açıq havadansa, bu zirzəmidə yaşamağı uyğun görüb.

Artıq iki gündü qonum-qonşu növbə ilə bu ailyə yemək, ərzaq yardımı edir. Bələdiyyədən və polisdən də  gəlib maraqlanıblar. Deyirlər qeydiyata alacaqlar. Amma mən bu ailəni görəndə yadıma 1993-cü ildə rayonumuzun işğalı düşdü. O zaman bizdə qapısı-bacası olmayan yarımçıq bir binaya yığışmışdıq və orda özümüzü xoşbəxt hiss edirdik. Ən azından küçədə yatmırdıq və sığındığımız qohum evindən qurtarıb azadlığa çıxmışdıq.

Həyat qəribədir, dünyanın müxtəlif yerlərində insanlar eyni taleni yaşaya bilirlər...

Amma bizim Suriyadan gələnlərlə bir fərqimiz vardı. Biz düşmənlə savaşıb didərgin olmuşduq. Bu insanlar isə bir-birlərinin qanını tökürlər... Qardaş qardaşın açdığı güllənin qurbanı olmamaq üçün tanımadığı bir ölkənin zirzəmisinı sığınıb...

Bir də, nəyi düşündüm? İndi elə Azərbaycandan, Türkiyədən bəzi gəncləri aldadaraq “cihat” adı altında Suriyaya döyüşə aparırlar. Görəsən o gənclər döyüşə getdikləri ölkədə nə baş verdiklərini və qardaşın (müsəlmanın-müsəlmana) qardaşa güllə açdığını bilirmi?
Onlar anlayırmı kimi kimdən qorumağa gedirlər?  
Anlasalar yəqin ki, gözü bağlı şüurusz olaraq bu yolla ayaq basmazlar. Onların “cihat” deyərək,  getdikləri ölkənin günahsız 5 yaşlı uşağı bu gün pəncərəsi belə, olmayan bir zirzəmidə yaşayır.

Mən bu gənclərin dünyaya hansı pəncərədən baxdıqlarını bilmək istəyirəm...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir