Modern.az

Yeməsək, öllük...

Yeməsək, öllük...

Aktual

8 Fevral 2014, 15:24

Zəmanəmizin aktual problemlərindən biri süni yetişdirilmiş, yaxud genləri dəyişdirilmiş qida məhsulları və onların istifadəsindən yaranan fəsadlardır. Bütün dünyada olduğu kimi Azərbaycanda da süni, geni modifikasiya olunmuş qidalara qarşı həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən daim həssaslıq göstərilir.

Əvvəlcədən qeyd edim ki, ölkəmizdə keyfiyyətli, təbii qida məhsullarından istifadə cəmiyyətimizin diqqət göstərdiyi məsələlərdəndir. Elə bilirəm, dünyada təbii qidalara Azərbaycan xalqı qədər həssaslıq göstərən, üstünlük verən ikinci bir xalq yoxdur.

Insanlarımız imkanları çərçivəsində təbii yetişdirilmiş, istehsal edilmiş qida məhsullarını əldə etməyə çalışırlar. Bu gün də alış-veriş nöqtələrində "kənd qatığı", "kənd yumurtası", "təbii kənd məhsulları", "təbii bal", "təbii inək südü", "kənd pendiri" və s. kimi yarlıqlar görmək mümkündür. Vətəndaşlarımız da ciblərinə baxaraq bu kimi məhsulları alırlar. Hətta tanıdığım elə ailələr var ki, evlərinə süni hazırlanmış heç bir qida məhsulunu buraxmırlar. Bəzən ziyafətlərdə belə müxtəlif ərzaqlara, məsələn, broyler toyuğundan hazırlanmış xörəklərə əl vurmayanlara da rast gəlirik.

Ancaq qeyd etdiyim kimi, başqa cəmiyyətlərdə süni qidalara qarşı Azərbaycan insanında olan ikrah hissini təsəvvür etmirəm. Gəlin, bir anlıq yüksək yaşayış səviyyəsinə malik Avropa ölkələrinə, avropalıların həyatına baxaq. Bu gün avropalılar üçün "təbii kənd məhsulları" anlayışı heç bir əhəmiyyət kəsb etmir. Ərzaq məhsullarını qablaşdırılmış, yarımfabrikat halında alan avropalılar üçün önəmli olan aldığı məhsulun istifadə tarixinin yeni olması, istifadəyə yararlılığı və görünüşüdür. Yaxud, götürək Amerika cəmiyyətini. Qızardılmış toyuq budu Obama qarışıq amerikanlar üçün sevimli yeməklərdən hesab olunur. Elə amerikanların bir çoxunun şişman olması da onların modifikasiya olunmuş qida məhsullarından, hazır satılan qızartma fast-foodlardan aşırı dərəcədə istifadə etməsi ilə bağlıdır. Ki, ənənəvi olaraq bu cür qida məhsullarından istifadə sonradan insanın səhhətində ciddi fəsadlara gətirib çıxarır.

Ona görə də, Azərbaycan insanının "təbii qida" anlayışına və cibimizə uyğun olaraq təbii qidaları əldə etmək imkanımıza şükür etməliyik.

Bütün bunlarla yanaşı, düşünürəm ki, texniki üsullarla hazırlanan, kəmiyyətə hesablanmış süni qida məhsulları olmasa, müasir bəşəriyyət ciddi fəlakətlə üzləşə bilər.

Bu gün dünyanın bir sıra bölgələrində bir tikə çörəyə möhtac olan insan övladı var. Dünya əhalisinin böyük qismi yaşamını texniki üsullarla hazırlanmış qida məhsullarını almaqla təmin edir. Bir anlıq mağazaları, evləri broyler şəraitində əldə edilmiş toyuq əti və yumurtasız təsəvvür edin. Yaxud, mənşəyi bəlli olmayan yağlar...

Bu qəbildən olan onlarla ərzaq məhsulu saymaq olar. Əgər qida bu kimi məhsulları olmasaydı, bəşəriyyət hansı böhranla üz-üzə qalardı.

İnsan övladı şəraitə, mühitə, suya, havaya, qidaya uyğunlaşır. Ən başlıca məsələ orqanizmimizi zərərli qidalardan və vərdişlərdən qorumaqdır. Qalan prosesləri isə insan orqanizmi özü yerbəyer edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir