Modern.az

Qənirə Paşayeva xarici ölkələrin qadın nazirlərilə görüşüb

Qənirə Paşayeva xarici ölkələrin qadın nazirlərilə görüşüb

22 May 2010, 13:24

Modern.az xəbər verir ki, Pekində Ümumidünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva sammit çərçivəsində Tanzaniyanın 1-ci xanımı Salma Kikvete, Veytnamın vitse-prezidenti Nguyen Thi Doan, Lixtnşteynin xarici işlər, mədəniyyət və ədliyyə naziri  Aurelia Friçk, Jamaikanın xarici işlər və xarici ticarət üzrə dövlət naziri Marlene Malahoo Torte, Qazaxıstanın əmək və sosial müdafiə naziri Gülsara Abdukalikova, Albaniyanın əmək, sosial məsələlər və bərabər haqlar naziri Fibloreta Kadro, Omanın ali təhsil naziri Raşua Al Busaidi, Malavinin gender, uşaq və ictimai inkişaf naziri Patrisia Annie Kaliati, Sloveniyanın təhsil və idman üzrə dövlət katibi Alenka Kovsça, Bolqarıstanın regional inkişaf və ictimai işlər nazirinin müavini Lilyana Pavlova,  Səudiyyə Ərəbistanının qadınların təhsili üzrə nazir müavini Norah Al Faiz ilə görüşüb. Görüşlər zamanı millət vəkili onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Millət vəkili Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək torpaqlarımızın 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilməməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, əsir və  girov götürülmüş azərbaycanlılar, o cümlədən qadınlar barədə məlumat verib və bu mövzuda onları maraqlandıran sualları cavablandırıb. Deputat vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə məhəl qoymaraq işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmir və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın da daxil olmaqla 1 milyon insanın öz evinə qaytmasına imkan vermir. Beynəlxalq ictimaiyyətin bununla bağlı Ermənistana təzyiqlərinin artmasının vacibliyini vurğulayan millət vəkili ölkələrində və beynəlxalq aləmdə nüfuzlu olan bu xanımlardan öz ev-eşiyinə dönə bilməyən, Ermənistan tərəfindən haqları tapdalanan azərbaycanlı qaçqın və məcburi köçkün qadınlara qarşı olan bu ədalətsizliyə qarşı hər platformada öz sərt etirazlarını göstərmələrini xahiş edib. “İnsanlar öz evlərinə dönmək həsrəti ilə dünyadan köçürlər və bir qadın üçün bundan böyük faciə ola bilməz” deyən millət vəkili bildirib ki, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların ən böyük arzusu öz evlərinə dönməkdir və onlar dünya qadınlarından öz yurd-yuvalarına dönmələri istiqamətində dəstək və səylərini gücləndirmələrini  gözləyirlər. Millət vəkili Ermənistanın əsir və girovluğunda olan qadınlar və onlara qarşı törədilən insanlıqdan kənar cinayətlər, erməni terror təşkilatlarının azərbaycanlılara qarşı törətdiyi terror aktları barədə də məlumatlar verib və onlara Heydər Əliyev Fondunun hazırladığı Qarabağ həqiqətlərinə dair kitablar və materiallar təqdim olunub.  Eyni zamanda millət vəkili  Azərbaycanda qadınların cəmiyyətin və dövlətin idarə olunmasındakı rolu, qadın və uşaq problemlərinin  həlli istiqamətində dövlətin yürütdüyü siyasət və gördüyü işlər, Azərbaycanın iqtisadi vəziyyəti, mədəniyyəti ilə bağlı qadın liderləri maraqlandıran mövzular ətrafında da fikir mübadiləsi aparıb. Görüş zamanı qadın liderlər bu cür görüşlərin və müzakirələr zamanı əldə olunan məlumatların onlar üçün vacib və əhəmiyyətli olduqlarını bildiriblər. Onlar da öz növbəsində ölkələrində bir sıra məsələlərlə bağlı fikirlərini söyləyiblər və qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

 

 

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir