Modern.az

Aynur Sofiyeva: “Mənim uşaqlığım olmayıb, həmişə tay-tuşlarıma həsəd aparmışam” - MÜSAHİBƏ

Aynur Sofiyeva: “Mənim uşaqlığım olmayıb, həmişə tay-tuşlarıma həsəd aparmışam” - MÜSAHİBƏ

11 Fevral 2014, 10:15

“Qızlarıma qarşı tələbkar olmağımın nəticəsini də gördüm”


Zərif  barmaqların zərif sahibəsi. Onu belə tanıyırıq. Bu insanla sadəcə, ünsiyyətdə olmaq kifayətdir. Yalnız beynini işə salmağı sevən bu xanımın danışmaqla heç arası olmasa da, nəhayət, sükut pozuldu. Elə söhbətə də Qaxda keçən uşaqlıq illərindən başladıq.

Beləliklə, Modern.az saytında “Pəncərə” layihəsinin budəfəki qonağı peşəkar şahmatçı hazırda Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevadır.

Aynur Sofiyeva 1970-ci il iyulun 19-da Qax şəhərində anadan olub. 1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci (birbaşa) sinfinə daxil olub, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirib.

1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. 1991-ci ildə ali təhsilini “fərqlənmə” diplomu ilə başa vurub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində ikinci təhsil hüquqşünas ixtisası alıb.

1998-2000-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb, bir çox beynəlxalq turnirlərin qalibi olub. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olub. 2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

- Aynur xanım, doğulduğunuz Qax rayonunda ailə mühitiniz necə idi?

- Sadə bir ailədə doğulmuşam. Anam müəllimə, atam mühəndis olub. Bir qardaş, bir bacı olmuşuq.

- Hər bir uşaq orta məktəbi birinci sinifdən başlayır. Amma siz yaşıdlarınızdan fərqli olaraq birbaşa ikinci sinfə getmisiz. Bu qeyri-adilik hansı səbəbdən baş verib?

- Düzdür, məktəbə ikinci sinifdən getməyə başlamışam. Bunun səbəinə gəldikdə, qardaşım məndən bir yaş böyük idi. O birinci sinfə gedəndə onunla bir yerdə məktəbə getməyimə icazə vermədilər. Buna baxmayaraq, onun gündəlik keçdiyi dərsləri həll edə bilirdim. Bəzən qardaşımın tapşırıqlarını da mən yazırdım. Bu minvalla birinci sinfin bütün materiallarını mənimsəmiş oldum. Riyaziyyatdan mənə tapşırılan tapşırıqları hamı kimi həll etmirdim. Həmişə öz bildiyim üsullardan istifadə edirdim. Qeyd edim ki, bu üsulları mənə kimsə öyrətməmişdi. Ona görə də birinci sinfə gedəndə materialları bildiyim üçün belə qərara gəldilər ki, imtahan verim. İmtahan verəndən sonra birbaşa ikinci sinfə getdim. Elə qardaşımla da eyni sinifdə oxuduq. İkimiz də orta məktəbi qızıl medalla bitirdik.

- Qeyri-adi istedada malik olmusuz. Bu irsən gələn istedad idi, yoxsa?..

- Nəslimizdə kimsə qeyri-adi istedada malik olmayıb. Əmim SSRİ dövründə qurultayların nümayəndəsi olub. Bəlkə də xüsusi istedadı ilə fərqlənən kimlərsə olub, amma üzə çıxmayıb. Düşünmürəm ki, məndə qeyri-adi istedad var. Sadəcə, məşğul olduğum məsələləri çalışmışam ki, yüksək səviyyədə həll edim. Anam müəllimə olsa da, yadımda deyil ki, hansısa dərslərimdə ona müraciət edim .Yalnız müraciətim musiqi dərsləri ilə bağlı olurdu. Çünki musiqi ilə bağlı heç bir bacarığım olmayıb. Həmçinin idman dərslərində də problemim olurdu. Çəkim artıq olduğundan idmanın müəyyən növlərini icra edərkən çətinlik çəkirdim. Bir dəfə evdə iki stulu iplə birləşdirib o qədər tullandım ki, səhər yuxudan ayılanda ayaqlarım tutulmuşdu. 3 yaşımda domino oynmağa, 4 yaşımda şahmatla məşğul olmağa başladım. 6 yaşımda artıq qızlar arasında rayonumuzun çempionu idim. Hətta o vaxt belə bir hal da yaşanmışdı. 6 yaşım olduğundan məktəbə getmirdim.  Ona görə də yuxarı siniflərin qızları narazılıq etmişdilər ki, “bu məktəbə getmir və iştirakı doğru deyil”. Məktəbdə oxuyanda dərslərimə xüsusi diqqət göstərirdim. Çünki heç kimdən geri qalmağı sevmirdim. Təkcə təhsil sahəsində deyil, digər sahələrdə də kiminsə məndən önə çıxmasını heç vaxt xoşlamamışam. Amma həmişə sağlam rəqabət aparmışam.

- Maraqlıdır, bu gün Aynur Sofiyevada rəqabət hissi qalıbmı?

- Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müaviniyəm. Təbii ki, işimlə bağlı rəqabət aparmıram. Çünki bura bir ailədir, kollektivdir. Burda fərdi işdən söhbət getmir, bizim birgə əməyimizə ehtiyac var.

- Siz dəqiq elmləri mükəmməl qavrama istedadına malik olmusuz. Amma dəqiq elmlər sahəsi üzrə yox, jurnalistika peşəsi üzrə ali təhsil aldınız. Bu, kimin seçimi idi?

- Jurnalistika ixtisası üzrə təhsil almağım düşünülmüş addımın nəticəsi sayəsində baş tutdu. Məktəbi bitirməyə az qalmış may ayında dünya çempionatına getməli idim. Əslində, ən böyük arzum hüquqşünas olmaq idi. Öz istəyimi bildirəndə dedilər  ki, “qəti surətdə olmaz. Bu sənin şahmat karyerana təsir edə bilər”. Peşəkar şahmatçı olduğum üçün həm ailəmiz, həm də şahmat federasiyası oturub məsləhət etdilər ki, elə bir peşə seçmək lazımdır ki, şahmat karyerama mane olmasın, hər iki fəaliyyəti bir yerdə icra etmək mümkün olsun. Belə qənaətə gəldilər ki, idman jurnalistikası üzrə təhsil alım. Məhz bu məqsədlə jurnalistika üzrə təhsil aldım. Məntiqlə belə daha məqsədəuyğun idi. Özümün heç bir istəyimin və həvəsimin olmamasına baxmayaraq, bu gün də jurnalistika peşəsini mənə məsləhət görənlərə, həmin illərdə müxtəlif fənləri tədris edən, bu sənətin incəliklərini öyrədən müəllimlərimə minnətdaram. Çünki məhz tələbəlik illərinin mənim həyatımda çox böyük köməyi olub. Lakin jurnalistika fakültəsində təhsil alanda da hüquqşünas olmaq istəyi məni tərk etmədi. Növbəti illərdə ikinci ali təhsil alaraq, həm də hüquqşünas oldum.

- Mətbuatda heç bir yazınıza rast gəlmədik. Maraqlıdır, indiyədək bir dəfə də olsun heç yazmaq istəməmisiniz?

- Deməzdim ki, cəmiyyətdə baş verən hansısa hadisə haqda yazmaq içimdən keçmir. Çox istəyəndə alınır. Sadəcə olaraq, görəcəyim hər işi lazımi səviyyədə həyata keçirməyə çalışmışam. Bacarmadığım işə “bunu istəyirəm” deyib girişməyin doğru olmadığını düşünürəm. Çox istərdim ki, yaxşı jurnalist olum. Sadəcə, bu sahədə davamlı çalışmadığım üçün, vaxt etibarı ilə mənə bir qədər çətin gəlir. İndi informasiya əsridir, jurnalistlər yarim saat, bir saat ərzində yaxşı nəsə yazırlar, yəni operativ olurlar. Məndə isə belə alınmaz. İnanın, həyatda ən sevmədiyim iş danışmaqdır. Mən daha çox düşünməyi, təfəkkürümdə bu və ya digər məsələni təhlil etməyi çox xoşlayıram. Bu, mənə hadisənin əvvəlcədən nəticələrini görmək imkanını verir. Hər halda, bu, uzun illər şahmatçı kimi fəaliyyət göstərməyimdən irəli gəlir. Çünki şahmat elə bir sahədir ki, danışmağa ehtiyac yoxdu. İndi isə işlədiyim yerdən asılı olaraq hər gün danışmaq məcburiyyətindəyəm.


- 2000-2005-ci illərdə Milli Məclisdə deputat kimi fəaliyyət göstərmisiz. 5 illik millət vəkili statusunda olmağınız sizə nə verdi, yaxud yarımçıq qalan planlarınız oldumu?

- 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2000-ci ildə proporsional sistem üzrə YAP-dan Milli Məclisinin üzvü seçildim. Birinci gündən sonuncu günə kimi millət vəkili kimi məsuliyyət hissini heç vaxt unutmadım. Hər birimiz bilirik ki, Milli Məclis qanunverici orqandır. Burada dövlətimizin inkişafı, vətəndaşlarımızın rifahı naminə qanunlar hazırlanır və qəbul edilir. Mən də millət vəkili kimi bu sahədə aktiv fəaliyyət göstərməyə çalışmışam və müəyyən təkliflər irəli sürmüşəm. Lakin indiki təctübəm o zaman olsaydı, düşünürəm ki, daha çox iş görə bilərdim. Yarımçıq qalan planlara gəlincə, belə bir hal olmadı. Bir məsələni həll edə biləndə sevinirsən, yaxud hansısa problemi həll edə bilməyəndə təəssüf hissi keçirirsən. Hər zaman sevinc hissini yaşamaq üçün planlarımı harada işləməyimdən asılı olmayaraq həyata keçirməyə cəhd edirəm.

- Yenidən millət vəkili olmağı düşünürsünüzmü?

- Düzü, yenidən millət vəkili olmağı düşünmürəm. Millət vəkili olmaq çox məsuliyyətli və şərəflidir. Belə düşünürəm ki, bu gün icra etdiyim vəzifə Milli Məclislə bu və ya digər formada əlaqəlidir. Biz ailə, qadın və uşaq siyasətini həyata keçiririk. Bizim fəaliyyət istiqamətimiz belədir ki, həm qanunvericiliyin təkmilləşməsi, həm də müəyyən araşdırmaların aparılması və maarifləndirmə işləri istiqamətində işlər görürük. Əgər bu işi bacarıramsa (hər halda elə düşünürəm) və alınırsa, bu iş bu gün mənim üçün daha uğurludur.

- Bu gün məşğul olduğunuz sahə sizi şahmatdan tam ayıra bilibmi?

- Düzü, heç şahmat oynamıram, heç yadıma da düşmür. Bəlkə də bu başqalarına təəccüblü gələcək. Amma 4 yaşımdan 20 yaşıma qədər çox intensiv şahmat oynamışam. Həmin illər çox gərgin fəaliyyət dövrü olub. Bütün proseslər beyində getdiyindən bütün yük beyinin üzərinə düşür. Ondan sonra da bir neçə il şahmat yarışlarında iştirak etdim. Lakin hiss etdim ki, artıq yorulmuşam. Arada ola bilər ki, oynayım. Bu gün şahmatçılar arasında rəqib axtarmaq kimi fikrim yoxdur. Əslində, bu sahədən ayrılmağımın əsas səbəbi bugünkü şahmatın klassik şahmat olmamasıdır. Artıq dünya şahmat federasiyasında bu məsələlər elə qurulur ki, şahmat daha çox maliyyəyə, pula bağlanır. Ona görə də bugünkü şahmat klassik şahmatdan tamamilə fərqlənir. Mənə klassik şahmat daha uyğun idi.

- Ailə, Qadın, Uşaq Problemləri üzrə dövlət komitəsində çalışırsız. Bugünkü ailə dəyərləri sizi qane edirmi?

- Azərbaycanda bu gün də fundamental ailə dəyərləri qorunub saxlanılır. Ailə dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi bu sosial institutun əsas funksiyalarından biridir. Biz həmişə tarixdən gələn milli adət-ənənələrimizdən danışırıq. Təbii ki, bu dəyərlərin daşıyıcısı ailədir. Ailədə böyüyən uşaq özündən əvvəlki nəsildən nə görürsə, onu öz ailəsində tətbiq edir. Əvvəllər işdən sonra hamı bir yerə yığışardı. Nahar süfrəsində söhbətlər aparılardı. Valideyn uşağın əhvalını soruşardı, uşaq onu maraqlandıran sualları valideynə verərdi. Bunun da vasitəsilə ailə dəyərləri qorunub saxlanılaraq sonrakı nəsillərə ötürülərdi. Ona görə də bizi narahat edən məsələ bu gün həmin dəyərlərin ziddiyyətlərlə müşahidə olunmasıdır. Bu gün internetdən istifadə günümüzün əsas hissəsini təşkil edir. İnternet vasitəsilə daha çox uşaqlar qurbana çevrilir, asosiallaşma gedir. Sadəcə olaraq, uşaqlar nəzarətsiz qalır. Bu zaman belə bir ailə mənzərəsi yaranır. İşdən sonra valideynlər evə gəlir, ata özü üçün ya qəzet oxuyur, ya da televizorda futbola baxır, ana öz işilə məşğuldur. Bu vaxt uşaq öz otağına çəkilir. Bu zaman internet və teleon ən yaxın dostuna çevrilir. Belə deyək də, uşaq ailədə axtardığı və böyüklərdən cavabını almalı suallara sosial şəbəkələrdən cavab alır. Bununla da problemlər yaranır. Bu gün bütün dünyada ailə institutu deformasiyaya uğrayıb. Bu gün bizi narahat edən ən böyük məsələ bu proseslərin Azərbaycan ailə institutuna təsirini qorumaq və o təsirləri neytrallaşdırmaqdır. Yaşlı insanların təcrübəsni və gənclərin müasir, kreativ düşüncəsini nəzərə alaraq, bizim komitə rayonlarda gənc nəsillə yaşlı nəsil arasında görüşlər, müzakirələr keçirir. Eyni zamanda, bu məsələlər qlobal olduğundan bununla mübarizə aparmaq çox çətindir. Əvvəllər bizdə “ictimai qınaq” vardı. İnsanlar düşünürdülər ki, bu səhv addımı atsam qohum-qonşu mənə nə deyər, işdə mənə qarşı olan münasibət dəyişərmi? Amma indi belə düşüncə yoxdu. Vaxtında araşdırılmayan məsələ, heç nəyi və heç kimi düşünmədən, etik və əxlaqi məsuliyyət daşımadan atılan addımlar zaman- zaman yığılır və dərin problemlərə yol açır.

- Siz özünüzə qarşı çox tələbkar olduğunuzu dediniz. Eyni zamanda, iki qız anasısınız. Maraqlıdır, ailədə “tələbkar ana” obrazınız var?

- Bir əhvalat danışım. SSRİ çempionu olmuşdum. Bu həm də böyük uğur idi. Qatarla gecə saat 3-də evə gəlib çatdım. Bir tərəfdən yorğunluq, digər tərəfdən də qələbə sevinci vardı. Atamla anam da dedilər ki, “yorğunsan, səhər dərsə getmə”. Amma mən səhər durub dərsə getmişdim. Özümə qarşı o qədər tələbkarlıq vardı ki, düşünürdüm, “niyə dərsdən qalmalıyam”.
Övladlarıma gəlincə, ailədə iki qız övladım böyüyür. Qızlarıma qarşı tələbkar olduğum kimi, onlar özləri də özlərinə qarşı tələbkardır. Həmişə düşünmüşəm ki, uşaq öz dərslərinə nə qədər tələbkar olarsa, nəticəsi də uğurlu olar. Qeyd edim ki, qızlarıma qarşı bu qədər tələbkar olmağımın nəticəsini də gördüm. Çalışmışam ki, övladlarım vətənpərvər və milli dəyərlər ruhunda tərbiyə alsınlar. Vətənimizə və dövlətimizə layiqli vətəndaş olsunlar.

- Qızlarınız harda təhsil alır? Maraqlıdır, niyə qızlarınız anaları kimi şahmatçı olmadı?

- Böyük qızım İngiltərədə bakalavr üzrə təhsil alır. Kiçik qızım isə Azərbaycanda Diplomatiya Akademiyasında oxuyur. Qızlarım şahmatla məşğul olmağı çox istəyirdilər. Böyük qızım iki yaşı olanda şahmat fiqurlarını artıq tanıyırdı. Lakin həmin dövr mənim yorğun vaxtıma düşdü və şahmatla məşğul olmasına nə şərait yaratdım, nə də imkan verdim. İnsan həmişə öz peşəsinin ağırlığını yaşayır və istəmir ki, övladı o çətinliyi çəksin. Hətta qalib gəldiyindən əmin olsan belə, günlərlə keçirdiyin həyəcan çox çətindir. Eyni zamanda, mənim uşaqlığım olmayıb. Həmişə sinif yoldaşlarıma həsəd aparmışam. Onlar bir yerdə kinoya, yaxud gəzməyə gedirdilər. Yadımda deyil ki, rəfiqəm olsun və mən onunla harasa gedim. Əgər dərsdən əlavə vaxtım vardısa, onu mütləq şahmata həsr etməliydim. Bütün bunları danışanda adama asan gəlir, amma çox böyük ağırlıq tələb edir. Uşağın əziyyətindən başqa valideynlərin də çox böyük əziyyəti var. Atam da, anam da mənim şahmatla məşğul olmağıma çox böyük dəstək verirdilər. Görünür, bir valideyn olaraq, mən o zəhməti çəkmək istəmədim. Düzdü, şahmatla məşğul olduğum vaxtlarda yorulan kimi etirazımı bildirirdim. Anam da deyirdi: “indi əziyyət çəkirsən, vaxt gələcək bizə təşəkkür edəcəksən”. Düşünürəm ki,valideynlərim düz ediblər.

- Siz lap uşaq yaşlarından respublikada və ondan kənarda tanınırdınız, məhşur idiniz. Bu məhşurluq sizin xarakterinizdə nəyi dəyişdi?

- Yadımdadır, Azərbaycanın hər bir bölgəsindən bizim evə məktublar gəlirdi. Təbii ki, məktubların məzmunu əsasən təbriklərdən ibarət idi. İnsanlar öz təşəkkürlərini, arzularını bildirirdilər, görüşmək istəyirdilər. Hətta həbsxanadan da bir məktub gəlmişdi. Qadın özünün hazırladığı əl işindən ibarət şahmatı hədiyyə göndərmişdi. Gələn məktubları atam oxuyub deyirdi ki, bunlara cavab verməlisən, bu mütləq lazımdır. Lakin mən bununla qürrələnmirdim. Mənim üçün əsas olan şahmat fəaliyyətim idi. Bütün diqqətimi və fikrimi şahmat oyununa, yarışlara yönəldirdim. Mənim üçün yalnız şahmat və quracağım oyunun gedişləri var idi. Bilirəm ki, o məktubları atam hələ də saxlayır. Haqqımda yazılan yazılara, mənə ünvanlanan məktublara, göndərilən hədiyyələrə çox laqeyd yanaşmışam. Şahmat oynadığım illərdə çoxlu ölkəyə getmişəm, müxtəlif insanlarla tanış olmuşam, maraqlı görüşlərim olub. İndi arxivimə nəzər salanda həmin görüşlərdə çəkilən şəkillərdən heç nə tapa bilmirəm. Buna müəyyən dərəcədə təəssüf edirəm. O vaxtlar heç düşünməmişəm ki, tanınmaq nədir, və buna ehtiyac varmı? Əksinə, məni televiziyaya dəvət edəndə, haqqımda yazılar yazılanda həmişə narazılıq edirdim. Düşünürdüm ki, buna ehtiyac yoxdu.

- Deməli, peşəkar şahmatçı Aynur Sofiyeva həm də kövrək insandır?

- Uşaq və gənclik dövrümdə belə deyildim. İndiki kimi düşünmürdüm. Məsələn, Qaxda doğulub orda orta təhsil alsam da, 16 yaşımdan Bakıda yaşayıram. Heç vaxt düşünməmişəm ki, vaxt gələcək doğulduğum yerin intizarını çəkəcəm. Görünür, yaşa dolduqca insanın daxilində bir dəyişiklik olur, kövrək məqamlar mütləq baş qaldırır. Doğulduğum yurd üçün çox darıxıram. Amma işimin çox və doğulduğum Qax rayonu ilə Bakı arasındakı məsafənin uzunluğu ora getməyimə mane olur. Buna baxmayaraq, ildə bir neçə dəfə Qax rayonuna, ata-anamın yanına gedirəm.

- Aynur xanım, 3 qız - Firuzə Vəliyeva, Nigar Sultanova və siz bir yerdə şahmat yarışlarında iştirak etmisiz. Hazırda Nigar Sultanova və Firuzə Vəliyeva ilə münasibətləriniz varmı? Bu xanımlar Azərvaycanda yaşayırmı?

- Düzün desəm, indi nə Firuzə Vəliyeva, nə də Nigar Sultanova ilə əlaqəm var. Heç onların harada yaşadıqlarını da bilmirəm.

- Deyəsən, rəfiqəlik etdiyiniz insan yoxdu?

- Çox istərdim ki, yaxın rəfiqəm olsun. Ailədə bacım olmadığından ən yaxşı rəfiqəm anam olub. Bu gün o missiyanı iki qız övladım davam etdirir. Daha doğrusu, ən yaxın rəfiqələrim qızlarımdır.



Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir