Modern.az

Bir kəbinin tarixi

Bir kəbinin tarixi

13 Fevral 2014, 10:32

Həmidə xanım Cavanşir  xatirələrində Cəlil Məmmədquluzadə ilə nigahından danışarkən yazırdı: “1907-ci il  iyunun 15-də Quzanlıdan molla gətirdilər. Həmin molla qohumlarımın və yaxınlarımın iştirakı ilə  bizim kəbinizmi kəsdi...”.           

Həmidə xanımın bu fikri diqqətimi çəkdiyindən və xatirələrdə din xadimi haqqında hər hansı məlumat verilmədiyindən onun kimliyi ilə maraqlanmaq qərarına gəldim. Yazıda məhz bu məqamla bağlı bəzi mətləblərə aydınlıq gətirməyə çalışacağam...

Çar Rusiyasının əsarəti illərində Ağdamın Quzanlı kəndi azad kəndlilərin yaşayış məntəqəsi idi.  Hər  tərəfdən əsilzadə bəylərin torpaqları ilə  əhatə olunsalar da, kənd əhalisinə məxsus kifayət qədər torpaq sahələri var idi. Ərazidə onlarca kəhrizin olması bu prosesə müsbət təsir göstərirdi.  Odur ki, dolanışıq sarıdan əziyyət çəkmədiklərindən sakinlər təhsilə diqqət yetirməyi də unutmurdular. Çərkəz bəy, Aslan bəy, Hüseyn bəy, Əsəd bəy, Böyük bəy, Mir Cabbaq ağa, Salah bəy, Kərim bəy və Səlim bəy  kimi əsilzadə bəylərin əhatəsində kənd sakinləri özlərini daha sərbəst hiss edirdilər. Elə bu səbəbdən idi ki, kiçik bir kənddən Axund Mirzə Mehdi Həsənzadə (Molla Mehdi) və Mirzə Saleh Axundov (Mirzə Salah) kimi maarifpərvər insanlar çıxmışdı. Bu cür şəxsiyyətlərin yetişməsində kənd sakini Axund Molla Hüseynin də  rolu böyük olmuşdu. Molla Hüseyn həmin nəslin nümayəndəsi olmaqla Molla Mehdinin əmisi nəvəsi sayılırdı. Molla Hüseynin arzusu və kənd sakinləri ilə qonşu bəylərin dəstəyi  ilə onların hər ikisi müxtəlif vaxtlarda Təbriz şəhərinə ali dini təhsil almağa göndərilir. Əlavə edək ki, təxminən eyni dövrdə kənddən Mir Səməd Mir Qədir oğlu da Təbrizə təhsil almağa gondərilmişdi. Lakin təhsilini başa vurduqdan sonra o Quzanlya deyil,  Qaraməryəm kəndinə, ata yurduna dönmüşdü.

Nəzərə alaq ki,  XIX əsrin ikinci yarısı və XX əsrin birinci iyirmi illiyində,  Təbriz Ali Ruhani Məktəbində təhsil almaq hər adama qismət olmurdu.

Molla Mehdinin yeznəsi (bacısının əri) və Mirzə Salehin atası Molla Məmmədalı da din xadimi idi. Əslən Qubadlıdan olan Məmmədalı Molla Mehdi ilə Təbrizdə təhsil aldıqları vaxt tanış olmuşdular. Və bu tanışlıq sonradan dostluga çevrildi. Həyatında elə bir dövr gəlir ki, Qarabağa döndükdən sonra  27 yaşlı Molla Mehdinin savadına qiymət verən Şeyxülislam müsahibədən sonra еlmi qabiliyyətinə görə, “Axund” adı daşımasını layiq bilmiş və diplom sənədini ona təqdim еtmişdi. Məhz bundan sonra Şuşada rus-tatar məktəbinə işləməyə dəvət alan Molla Mehdi yaxın dostu Molla Məmmədalını kəndə dəvət edir, onun bu ərazinin axundu vəzifəsinə təyin edilməsinə nail olur. Bu münasibəti daha da dərinləşdirmək məqsədi ilə, atası Məşədi İsgəndərin razılğı ilə bacısı  Xədicəni Məmmədalıya nişanlayır. Məmmədalının bu nigahdan iki oğlu-Saleh və Süleyman dünyaya gəlir. Molla Məmmədalı isə Quzanlı kəndində (Orta Quzanlıda) adsız təpədə ikimərtəbəli dördgözdən ibarət ev tikdirir. Evin birinci mərtəbəsində sonralar həkim məntəqəsi, digər otağında isə aptek fəaliyyət göstərirdi. Uzun müddət Mirzə Saleh həkimlik, Süleyman isə əczaçılıqla məşğul olmuşdular.

Bir məqama da aydınlıq gətirək ki, dini təhsil aldıqdan sonra təbabətə marağı Mirzə Salehi  Tehranda tibbi təhsil almağa sövq edir. O yüksək səviyyəli din xadimi olmaqla yanaşı, həm də savadlı   həkim kimi yetişir. 

Beləlilkə, həm Molla Mehdi, həmdə Mirzə Saleh yüksək intellekt sahibi kimi yetişərək Qarabağa dönürlər.

Yeri gəlmişkən qeyd edək ki, Mirzə Mehdi elə bir  şəxsiyyətdir ki, Şuşada işlədiyi vaxt Üzеyir bəy, Zülfüqar və Cеyhun bəy Hacıbəyli qardaşları, Yusif Vəzir Çəmənzəminli, Bahadır Vəlibəyov, Mеhdi bəy Həyatov, Hüsü Hacıyеv, Həmid bəy Ağayеv, Mirzə Vəli bəy İsmayılov, Müsеyib İlyasov, Zülfüqar İlyasov, Müsеyib Varşabov və Həbib Rzayеvə dərs demiş və onların  şəxsiyyət kimi yetişməsinndə xüsusi xidməti olmuşdu. Onu da əlavə edək ki, məhz  Üzeyir bəyin Mir Cəfər Bağırovla görüşü Molla Mehdini sürgündən və represiyadan xilas etmişdi.

Mirzə Salehin bədii yaradıcılıq fəaliyyətini əks etdirən əlyazmalar isə bu gün AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır.


Təəssüflə qeyd etmək yerinə düşərdi ki, hər iki şəxsiyyətin həyat və yaradıcılığı bu günədək tədqiq edilməmiş, bir çox hallarda tarixlər üst-üstə düşmür və bu şəxsiyyərlərin soyadları elmi mənbələr də müxtəlif cür  yazılır...

Beləliklə, XIX əsrin sonlarında Quzanlı kəndindən dörd tanınmış din xadimi-Molla Mehdi Həsənzadə, Molla Məmmədalı və oğlu Mirzə Saleh Axundov, o cümlədən Mir Səməd Mir Qədir oğlu çıxmışdı.

Mirzə Mehdi Həsənzadə  1917-ci ilədək Şuşada  rus-tatar məktəbində müəllim işlədiyindən onun tərəfindən bu kəbini kəsmək ehtimalı  yoxdur. Mirzə Saleh isə atasından fərqli olaraq yuxarıda qeyd etdiyim kimi, həkimlik fəaliyyəti və bədii yaradıclılıqla məşğul olması onun tərəfindən bu kəbini kəsmək ehtimalını sıfıra endirir. Həmin illərdə Mir Səməd Mir Qədir oğlu isə Qaraməryəm kəndində yaşayırdı.

Demək, Həmidə xanım Cavanşirlə Cəlil Məmmədquluzadənin kəbini Molla Məmmədalı tərəfindən kəsilməsi daha real görünür. Qarabağın Xan nəslindən olan Həmidə xanımın kəbinini sıradan bir molla deyil, məhz bu ərazilərin axundu və tanınmış siması olan Molla Məmmədalı  tərəfindən kəsilməsi həqiqətdir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü