Mayın 23-də 18-ci ölkə kubokunun yeni sahibi müəyyənləşdi. “Bakı” və “Xəzər Lənkəran” arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan həlledici görüşlə həm də mövsümə yekun vuruldu.
Görüşün əsas vaxtında qalib müəyyənləşmədi. Amma əlavə olunan 30 dəqiqə ərzində iki qol vuran “Bakı” kubokun yeni qalibinə çevrildi. “Xəzər Lənkəran” yalnız bir qolun əvəzini çıxa bildi - 2:1.
Bununla da son bir həftə içində "Xəzər Lənkəran"a ikinci zərbəni vuran paytaxt klubu həm də Avropa Liqasında mübarizəyə ikinci mərhələdən başlayacağını rəsmiləşdirdi.