Modern.az

Hüseyn Cavid «tapılmışdı» - Heydər Əliyevin tapşırığı yerinə yetirilməliydi...

Hüseyn Cavid «tapılmışdı» - Heydər Əliyevin tapşırığı yerinə yetirilməliydi...

Ədəbi̇yyat

24 Oktyabr 2015, 10:59

"Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır".
İlham ƏLİYEV

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli Azərbaycan şairi və dramaturqu, "Ana",  "Maral", "Şeyx Sənan", "Şeyda", "İblis", "Azər",  "Nil yavrusu", "Peyğəmbər", "Topal Teymur" , "Səyavuş", "Xəyyam"  kimi  ölməz əsərlərin müəllifi Hüseyn Cavidin  adı  90 illik yubileyini qeyd edən Naxçıvan Muxtar Respublikasının tarixinə silinməz izlərlə, qeyri-adi çalarlarla yazılıb. Taleyinə ağrılı-acılı, məşəqqətli  bir ömür yazılmış Hüseyn Cavid əzəli Azərbaycan torpağı olan  Naxçıvanda dünyaya göz açıb, taleyin amansız hökmlərindən, Sibirdə məhbus həyatını yaşadıqdan və nəhayət vətəndən çox-çox uzaqlarda doğmalarından xəbərsiz dünyasını dəyişdikdən sonra tarix «ədalətdən qaça bilməyib»,  böyük söz ustadını məhz ulu Naxçıvan ağuşuna alıb, xatirəsi müdrik şəxsiyyət – ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində ona layiq şəkildə əbədiləşdirilib. Bütün bunlar Hüseyn Cavidin ömür yolunun acılı-şirinli səhifələri olmaqla qədim Naxçıvanın tarixinin əzəmətini artırmış, parlaq Cavid şəxsiyyəti Naxçıvan tarixini rövnəqləndirib.

Hüseyn Cavidlə bağlı Naxçıvan tarixinin şanlı səhifələrindən biri 1982-ci il oktyabrın 3-də yazıldı. Həmin günü ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda səfərdə olarkən şərəfli bir işə xeyir-dua verdi. Cavidsevərlərin  müqəddəs bir arzusunun reallaşmasına geniş imkanlar açıldı. Belə ki, 1956-cı  il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması  müşkülə çevrildiyindən, soyuq Sibirdəki dəmir seyflərin açılması, «sovsekretno» sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. 

1982-ci il oktyabrın 3-də Heydər Əliyevin Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsinə xeyir-dua verməsi nəcib, tarixdə çox nadir hallarda təsadüf edilən bir nəcib işə start verdi. Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duasından, dəyərli göstərişlərindən sonra - oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi  Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etdi və belə bir şərəfli işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova – məhz elə Naxçıvanda məsul vəzifələrdə işləyərkən Cavid sorağına  düşmüş bu cavidsevərə həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin  qərarından sonra  Naxçıvanın üç vətənpərvər oğlu - Həmid Cəfərov, muxtar respublikanın   daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirov Sibirə yollandılar.

Qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz  onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir  müşküllükdən söhbət  gedə bilməzdi. Əksinə, ulu öndərimizin adı, şərəfli bir işə dəstək durması Naxçıvanın tarixinə şanlı səhifələr kimi yazılacaq şərəfli bir missiyanın həyata keçirilməsində Cavidin mənəvi övladlarını  ruhlandırır, onlara qol-qanad verirdi. Çünki, bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü  rəhbərlik edirdi.  Ədəbiyyatımızın böyük qayğıkeşi olan Heydər Əliyev «Bakinski raboçi» qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin «birinci şəxsinə» - Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Y.V.Andropova müraciət etmişdi.
 Bəli, bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Bütün bunları isə millətinə bağlı, qəlbində xalqının tarixi və mədəniyyətinə sonsuz sevgi hissləri olan  şəxsiyyət – Heydər Əliyev edə bilərdi.

Naxçıvandan uzaq Sibirə gələnlərin Cavid soraqlı elə ilk günlərində bir sıra arxiv sənədləri öyrənildi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının  yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.

 Doğrudur, Cavidin “sakini olduğu” əlillər evinin 1956-cı ildə  dağıdılması, Sibirin sıx meşələrindəki  Şevçenko  kəndinin  itib-batması, orada  indi heç kimin  yaşamaması haqda  məlumatlar Cavidin sorağına düşənləri sarsıdırdı.  Eyni zamanda bildirirdilər  ki, 30 dərəcə şaxtada həmin  yerlərə  getmək  həm  mümkünsüzdür, həm  də təhlükəlidir. Lakin bu  məlumatlar  Naxçıvanın qeyrətli övladlarını  yolundan döndərə bilməzdi. Heydər Əliyevin tapşırığı yerinə yetirilməli idi.

 Azərbaycandan gələn nümayəndə heyətinin təkidli və təkrar-təkrar xahişlərindən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin “gedər-gəlməz” saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Bütün ümidlər isə 1941-ci ildə Cavidin “həbs evində”- islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi.  O qətiyyətlə bildiridi ki, “Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb”. 
Oktyabrın 21-də Şevçenko kəndi «ram edildi». Kənd əslində 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldı.  İki saat axtarışdan sonra  Şevçenko rayon prokuroru Yelena  Xaritinovanın səsi gəldi: “Tapdım!”.  
Prokuror Yelena  Xaritinova qəbrin açılması üçün sanksiyanı imzaladı və Cavidin qəbri qazıldı… Heç nə hədər getməmişdi, Hüseyn Cavid “59”-da uyuyurdu. Hüseyn Cavid «tapılmışdı» - Azərbaycanın böyük oğlunun tarixi bir tapşırığı yerinə yetirilmişdi.

Hüseyn Cavid Şevçenko-Tayşet – İrkutsk – Moskva – Yerevan – Naxçıvan marşrutu ilə doğma yurduna “qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa  Həmid Cəfərova Bakıdan gələn tapşırığı  çatdırdı: “Heydər Əliyevin göstərişi ilə siz  oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”.

Azərbaycan rəhbərinin - Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin “ayağı” İrəvana dəyməməliydi, Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı.

1982-ci il oktyabrın 26-da Cavid Moskvadan Bakıya,  sonra  isə Naxçıvana “uçdu”. Naxçıvanda – evinin qarşısında torpağa tapşırıldı. Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar 1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər keçirildi. Bu tədbirlərin hər biri, xüsusən də Hüseyn Cavidin onilliklərdən sonra doğma torpağa tapşırılması Naxçıvanın tarixinin bir-birindən dəyərli və həm  də səhifələri idi.


Bəli, tarixi ədalət naminə qeyd olunmalıdır ki,  ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə 1982-ci ilin oktyabrında reallaşan  tədbirlər tarixdə nadir hadisələrdəndir. Heydər Əliyevin SSRİ miqyaslı nüfuzu sayəsində ilk dəfə olaraq Sibirin caynağından məzar qoparılmışdı. Bu, sözün həqiqi mənasında ulu öndərimizin böyük vətənpərvərliyinin məntiqi nəticəsi idi.  Vətənpərvər şairimiz Xəlil Rza Ulutürk  haqlı olaraq  yazırdı ki, “Mən dahi Hüseyn Cavidimizin cənazə qalıqlarının ən uzaq məsafədən Bakıya gətirilməsini və təntənəli biçimdə şairin öz vətənində - Naxçıvanda torpağa tapşırılmasını HEYDƏR QƏHRƏMANLIĞI anlayışına daxil edirəm”.
Ədalət naminə onu da qeyd etməliyik ki, bu nəcib işin icraçıları da – Heydər Əliyev dühasına söykənərək, bu dahi şəxsiyyətin bəşəri ideyalarını reallaşdırmaq üçün  Naxçıvandan Sibirə yol qət edərək «gedər-gəlməz» yerlərdən – 40  min insanın dəfn olunduğu  bir məzarlıqdan «Cavidi tapmaqla» Naxçıvanın üç vətənpərvər oğlu - Həmid Cəfərov, Telman Əliyev və  Zakir Nəsirov öz vətənpərvər əməlləri ilə Naxçıvan tarixində iz salmış, gələcək nəsillər üçün isə nümunə oldular.

 Ulu öndərimiz ikincə dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələndən sonra da görkəmli şair və dramaturq Hüseyn Cavid irsinin qiymətləndirilməsində və nəşrində, xatirəsinin əbədiləşdirilməsində misilsiz xidmətlər göstərdi və bununla da qədim yurdun – Naxçıvanın tarixində müasir dövrümüzlə bağlı bir sıra şanlı səhifələri yazıldı.

 Təsadüfi deyildir ki, Cavidin cənazəsinin Azərbaycana gətirilməsinə, onun Naxçıvanda dəfn olunmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  yüksək qiymət verərək qeyd etmişdi ki, «Şairin cənazəsinin uzaq Sibirdən vətəninə gətirilməsi, məzarı üzərində məqbərənin ucaldılması adı totalitarizmin günahsız qurbanlarının rəmzinə çevrilmiş Cavidə və 1930–cu illərin repressiyalarına məruz qalmış minlərlə Azərbaycan ziyalısının xatirəsinə xalq ehtiramının təcəssümüdür». 

 1996-cı il  sentyabrın 13-də Müşkünaz xanımın məzarı Bakıdan, Ərtoğrul Cavidin məzarı isə Naxçıvandan Cavid türbəsinə gətirildi. 1996-cı il  oktyabrın 29-da isə böyük ədib Hüseyn Cavidin məqbərəsinin açılışı oldu və nəhayət bir neçə ildən sonra böyük sənətkarın son yadigarı – qızı Turan xanım da öz doğmaları yanında əbədiyyətə qovuşdu. 

Beləcə, qeyri-adi taleləri ilə Cavid və cavidlər Naxçıvan tarixini rövnəqləndirmiş, bu şanlı tarixə bir daha əzəmət bəxş etmişlər…                                                                               




Hikmət Xudiyev (Cəmilzadə)                                                                        
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi,
daxili xidmət polkovniki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi