Mayın 24-də Bakının “Gülüstan” sarayında Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII konfransı işə başlayıb. Azərbaycan hökuməti və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda qadınlar və kişilər arasında bərabərliyin təmin olunması məsələləri müzakirə olunacaq. Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində çıxış edib. Mehriban Əliyeva bildirib ki, müasir Avropa cəmiyyətində qadın bütün ictimai sferalarda, siyasətdə və biznesdə iştirak edir. Lakin bu pozitiv dəyişikliklərə baxmayaraq, hələ görüləcək işlər var. M.Əliyevanın sözlərinə görə, Azərbaycan qadın hüquqlarının müdafiəsində böyük uğurlar əldə edib. O, deyib ki, XX əsr Azərbaycan qadınlarının həyatında yeni bir dövr olub. Yeri gəlmişkən, Azərbaycanın birinci xanımı “De-yure və de-fakto gender bərabərliyinin təmin olunması” mövzusunda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin 7-ci konfransında iştirak etmək üçün ölkəmizə gələn Avropa Şurasının Baş katibinin müavini Mod de Bur Bukikkio ilə görüşüb. M.Əliyeva konfransın əhəmiyyətini qeyd ediv, burada müzakirə olunacaq məsələlərin aktuallığını vurğulayıb. Mod de Bur Bukikkio Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək Bakıda keçirilən beynəlxalq tədbirin vacibliyindən danışıb.