Modern.az

“Burada hər şey var” - Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfiri - MÜSAHİBƏ

“Burada hər şey var” - Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfiri - MÜSAHİBƏ

17 Fevral 2014, 10:38

“Regionda daha sıx münasibət Azərbaycanla yaradılıb”


Xarici ölkə vətəndaşlarının iş məqsədilə ən çox üz tutduğu ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Əmirliklərdə fəaliyyət göstərən müəssisələrin və fiziki şəxslərin gəlir vergisi mövcud deyil. Məhz buna görə də ölkəni “vergi cənnəti” adlandırırlar.

Diplomat kimi ilk dəfə Azərbaycanda işə başlayan Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab  Salem Xalifa Mohamed Əl-Ğafi ilə görüşərək ölkələrimiz arasındakı əlaqələr və digər məsələlər barədə söhbət etdik.
Modern.az saytı səfirlərlə silsilə müsahibələrin növbətisini təqdim edir.

- Cənab səfir, Birləşmiş Ərəb Əmirlikləri - Azərbaycan əlaqələrinin indiki durumu hansı səviyyədədir və hazırkı vəziyyət size qane edirmi?

-  Əlaqlərimiz çox yüksək səviyyədə inkişaf edir. Əgər iki ölkənin başçılarından danışırıqsa, onlar arasında qardaşlıq münasibətləri daha da güclüdür. Həm Azərbaycan, həm də Ərəb Əmirliklərinin xarici siyasətləri arasında da böyük bir oxşarlıq var. Bunu həm daxili, həm də xarici siyasətə aid edirik. Heç bir ölkənin daxili işlərinə qarışmırıq. Bütüt problemlərin dinc yolla, danışıqlarla həllinin tərəfdarıyıq. 

- Bəs bu iki dost ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri gözlənilirmi?

- Əlbəttə. Xatırladım ki, hətta rəhmətlik Heydər Əliyev prezidentlik dönəmində ölkəmizi ziyarət etmişdi. Xarici İşlər nazirlərinin ildə bir dəfə qarşılıqlı səfərləri olur. Gələcəkdə də yüksək səviyyədə görüşlər planlaşdırılır.

- İlk dəfə səfir kimi Azərbaycana təyinat alan keçmiş hüquqşünas bu təyinatı necə qarşıladı, çətin olmadımı?

- Yox, əksinə, keçmiş təcrübələrim, işlərim, əlaqələrim bu vəzifədə işləməyə mənə çox kömək etdi. Xarici İşlər Nazirliyindən əvvəl dövlət müəssisələrində çalışmışam, hüquqşünas kimi fəaliyyət göstərmişəm. Açığı, bundan əvvəl Azərbaycana gəlməmişdim. Amma dostlarımdan, yaxınlarımdan ölkəniz haqqında eşitmişdim. Azərbaycanla Ərəb Əmirlikləri arasındakı əlaqələr tarixən yüksək səviyyədə olub. Buna görə də Əmirlikdən bura hər hansı nümayəndə heyəti gələndə onlar üçün yaxşı abı-hava yaratmış olur. Ümumiyyətlə, iş adamları, rəsmilərlə görüşəndə Əmirlikdən olduğumuzu biləndə əlaqələrimiz çox rahat qurulur. Çox adamın ölkəmiz haqqında məlumatı var.

- Bəzən deyirlər ki, Ərəb Əmirliklərinin regionda ən gözəl münasibətləri Azərbaycanla qurulub...

- Bəli, düz deyirlər.  Doğurdan da regionda daha sıx münasibət sizin ölkənizlə yaradılıb.

- Azərbaycan daha çox hansı məhsulları ölkənizə ixrac edir? Necə düşünürsünüz, neft sahəsində əlaqələrimiz yaxşı inkişaf edibmi?

- Neft sahəsində əlaqələrimiz mövcuddur. Neft sənayesi üçün gərəkli olan elə məhsullar var ki onları biz Əmirlikdən Azərbaycana göndəririk. Bəzi qida məhsullarını da Azərbaycandan ölkəmizə ixrac edirik.  Həmçinin SOCAR-ın artıq Dubayda ofisi fəaliyyət göstərir.  Şirkətin Füceyra Əmirliyində neft anbarı var. Bundan əlavə, bu sahənin mütəxəssisləri ilə daima görüşlər təşkil edilir, qarşılıqlı təcrübələri paylaşılır.

- Turizm sahəsində əlaqlələrdə nə kimi yeniliklər var? Azərbaycan viza məsələlərinin həlliylə bağlı elektron formaya keçməliydi. Bu problem həllini tapdımı?

- Viza məsələsinə prezident səviyyəsində maraq göstərilmişdi. Hazırda bizim üçün çox gözəl şərait yaradıblar. Belə ki, qonaqlarımız bura gələndə hava limanında qısa zaman ərzində vizalarını ala bilirlər.  Onu deyə bilərəm ki Azərbaycan turizm sahəsində çox böyük inkişafa nail olub. Əmirlikdən gələn qonaqlar turistlər üçün axtardıqları hər bir şeyi burada tapa, əldə edə bilirlər: təbiət, qonaqpərvərlik – burada hər şey var. Burada hər şey bizim üçün çox rahatdır. Bizim ölkəni ziyarətə gəlincə, istənilən turizm şirkətlərinə müraciət edib viza almaq mümkündür və bu məsələdə heç bir problem yaşanmır. Düzdür, müəyyən qanunlar işləyir. Amma nəinki Azərbaycanda, bütün dünyada şərait yaradırıq ki turizm vizalarına əngəllər olmasın.

- BƏƏ-nin tərkibi yeddi əmirlikdən ibarət olsa da, nədənsə ilk xatırlanan paytaxt Əbu Dabi və Dubay əmirliyi olur. Bu, ölkə ərazisinin çoxunun bu əmirliklərin payına düşməsiylə bağlıdır, yoxsa başqa özəlliyi var? Məsələn, Dubayın Qərbi Asiyanın ən varlı şəhəri olmasıdır?

- Bilidyiniz kimi, Əmirliklərin ərazisinin 80 faizini paytaxt Əbu-Dabi əhatə edir. Dubay ticarət mərkəzi sayılır. Siz bir gün ölkəmizin digər əmirliklərinə getmək istəsəniz, hər hansı sərhəd kimi yer görməyəcəksiniz. Hamısı eynidir. Xidmətlər də həmçinin. Ras Əl- Hayma Əmirliyinə getmək üçün Dubay hava limanında düşüb 30 dəqiqəlik bir yol qət etmək lazım gəlir. Bir yerdən başqa yerə getdiyini hiss etməyəcəksən.

- Dubayda turistlər üçün verlən sərbəstlik ölkənizin digər əmirliklərində də keçərlidirmi?

- Əmirliyin bir qanunu var və bu qanun digər əmirliklərdə də keçərlidir. Yəni dediyiniz kimi turistlərə verilən o sərbsətlik yerdə qalan əmirliklərdə də icra edilir.


Laçın SƏMLA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi