Modern.az

“Atam nə rəssam, nə də jurnalist olmağıma icazə verdi” - MÜSAHİBƏ

“Atam nə rəssam, nə də jurnalist olmağıma icazə verdi” - MÜSAHİBƏ

18 Fevral 2014, 09:50
“Qadının mətbəxdə keçirdiyi vaxt ömrünün itkisidir”       


Modern.az saytında “Aparıcılarla bir gün” layihəsinin qonağı çox sevilən aparıcılardan biri Dilarə Səlimdir.  

- Dilarə xanım, uzun illərdir televiziyada aparıcılıq edirsiniz. Maraqlıdır, özününüz aparıcı yetişdirirsiniz?

 - Keçən il pedaqoji fəaliyyətə ara vermişəm. Amma iki il Bakı Slavyan Universitetində, sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demişəm. Aparıcılar yox, televiziyaçılar hazırlayırdım. Keçən il Bakı Dövlət Universitetində mühazirələr oxuyurdum. Lakin fiziki cəhətdən çatdıra bilmirdim. Çünki bu, televiziyanın xəbərlər xidmətində işləyən adam üçün bir az çətindir. Mən də ikisini uzlaşdıra bilmədiyimdən pedaqoji fəaliyyətə son vermək qərarına gəldim. Əslində tələbələrlə, gənclərlə işləmək insana zövq verir.

 - İki illik pedaqoji fəaliyyətiniz dövründə gənc aparıcılar barədə hansı qənaətə gəldiniz? 

- Təbii ki, peşəsini sevib nəsə öyrənməyə çalışan gənclərimiz var. Elələri də var deyir ki, jurnalistika təhsilini elə-belə alıram. Belə məqamlarla rastlaşanda öz-özlüyümdə fikirləşirdim: “burada həqiqətən peşəni sevən adam olmalıydı, bu adam onun haqqını yeyib”.

- Uzun illərdir Az.TV-də çalışırsınız. Sizə digər özəl kanallardan təklif gəlibmi?

- Təkliflər çox olub. Hətta 5 il televiziyaya “yox” demişəm. Çünki həyat yoldaşımın işi ilə əlaqədar ailəliklə Azərbaycandan getməli olmuşuq. Bir müddət İstanbulda yaşadıq. 5 ildən sonra Azərbaycana qayıdanda özəl kanallardan müraciətlər gəldi. Lakin həmin kanallarda işləmək istəmədiyimi bildirdim. Düşünürdülər ki, yəqin Az.TV-dən təklif almışam. Ancaq Az.TV-dən təklif gəlməmişdi. Sadəcə olaraq özəl kanallarda çalışmaq istəmirdim. Sonra elə alındı ki, Az.TV-yə dəvət etdilər. Burada diktorluq fəaliyyətinə başladığımdan təklifi qəbul etdim. Əvvəllər ABA özəl televiziya şirkətində çalışmışam, orada tok-şou proqramları hazırlayırdım.


- Bayaq pedaqoji fəaliyyətinizdən danışdınız. Necə düşünürsünüz, jurnalist üçün mütləq jurnalistika peşəsinə yiyələnmək vacibdirmi?

 - Əslində, bizim televiziyada çalışan o qədər peşəkar jurnalistlərimiz var ki, jurnalistika peşəsi üzrə təhsil almayıblar. Düşünürəm ki, peşəkar jurnalist üçün jurnalistika peşəsinə yiyələnməyin önəmi yoxdur. Mən də jurnalistika fakultəsini bitirməmişəm. İlk təhsilimi alman dili üzrə almışam. İkinci diplomumu Almaniyada jurnalistika üzrə almışam. Düşünürəm ki, jurnalistikanın nəzəriyyəsini öyrənmək üçün jurnalistika kurslarını keçməyin böyük köməyi var. Düzdür, jurnalistikadan xəbərdar, ancaq təcrübəsi olmayanlar var. Nəzəri biliklə təcrübəni birləşdirəndə nəticəsi daha yaxşı alınır. Bu zaman jurnalist püxtələşmiş olur.

 - Alman dili üzrə təhsil almısız. Eyni zamanda, jurnalistika peşəsinə Almaniyada yiyələnmisiz. Bəs almanlara oxşarlığınız haradan qaynaqlanır?

 - Mən təmiz azərbaycanlıyam. Sadəcə, ola bilsin ki, Qəbələ rayonu, şimal bölgəsinin insanları açıq ağbəniz, sarışın olular. Eyni zamanda, Qəbələ qədim Albaniyanın paytaxtı olub. Ola bilsin ki, onun da təsiri var.

- Bugünkü Azərbaycan tamaşaçısı əsasən Türkiyə və Rusiya televiziyalarının proqramlarına üstünlük verir. Sizcə, Azərbaycan kanalları bunlardan hansına çatmalıdır ki, verilişləri daha effektli alınsın?

  - Mənə elə gəlir ki, texniki baxımdan bütün dünyadakı standartlara yiyələnməliyik. Verilişin mahiyyətinə, məzmununa gəldikdə, azərbaycanlı olduğumuz üçün ortaq məxrəc deyilən bazanı tapmalıyıq. Düşünrəm ki, Rusiya kanallarındakı açıq-saçıqlığı bizim verilişlərdə tətbiq etmək lazım deyil. Çünki bunlar bizim dəyərlərimizə yaddır. Təbii, biz dünya kanallarından çox şeylər götürə bilərik, amma unutmamalıyıq ki, biz azərbaycanlıyıq. Əsas fərqlilik ölkədən kənara çıxanda hiss olunmalıdır. Əgər xaricdə kimsə televiziyalarımıza baxıb bizi tənqid edirsə, bu artıq təhqir kimi qəbul olunmalıdır. Çünki sən məni ölkəmdən kənarda tənqid edirsənsə, düşünürəm ki, sən mənim millətimi təhqir edirsən.

 - İki övladınız var. Onların tərbiyəsinə vaxt ayıra bilirsinizmi?

- İşim ağır olsa da, heç vaxt ailəmə ayırmalı olduğum vaxtı işimə sərf etməmişəm. Əgər bu gün işimə çox vaxt sərf etmişəmsə, sabah ailəmə daha artığını etmişəm.

- Həyat yoldaşınız evə gec gəlməyinizə etiraz etmir?

  - İkimiz də eyni vaxtda evdən çıxıb eyni vaxtda evə qayıdırıq. Ona görə də belə söz-söhbətlər olmur. Bəzən xəbərlərin gecə efiri olanda evə yoldaşımdan gec gedirəm. 1990-cı ildən televiziyada işləyirəm. 24 ildir. Düşünürəm ki, az vaxt deyil. Bir igidin ömrüdür. Həyat yoldaşım evə gec gəlməyimə etiraz etmir. Əvvəla, bizdə növbəli iş rejimi var. Əgər bu gün gecə efirdəyəmsə, gecə yarısı 2-də evə çatıramsa, səhər bütün günü evdə oluram.

- 24 il bundan qabaq efirə çıxan Dilarə Səlim üçün bu gün televiziya mühitində nələr dəyişib? 

- Təbii ki, müasir dövrdə çox şey etmək mümkündür. 1990-cı illərdə efirə çıxanda bugünkü texnika yox idi. Bu gün televiziyalarımızda öyrənməli nəsə yoxdu. Ona görə də məcbur olub xarici kanallara baxırıq. Digər kanallarla müqayisədə Az.TV-də sənədli filmlər çoxdur. Bu filmləri özəl kanallar da yayımlasa, nəsə öyrənmək olar. Çox təəssüflər olsun ki, geniş auditoriya qazanmaq üçün reytinqlər evimizi yıxır. Dedi-qodu verilişləri böyük tamaşaçı kütləsi cəlb edir. Ona görə də televiziyalarımız reytinq arxasınca qaçırlar.

- Amma reytinq dalınca qaçan aparıcıları evdar xanımlar lap çox sevir...

 - Ola bilsin ki, məişət dilində danışan aparıcılar sırf onların maraqlarına xidmət edirlər. Belə fikir var, deyirlər ki, media istəsə bir saatın içində hər şeyi dəyişə bilər. Bu dəyişiklik həm yaxşılığa, həm də pisliyə doğru ola bilər. Öz təcrübəmə əsaslanıb deyim ki, televiziyaya gələndə 3-4 ay peşəkar diktorlar bizimlə məşğul olurdu. Ondan sonra canlı efirə çıxmağa icazə verilirdi. Bizimlə Roza Tağıyeva, Rafiq Hüseynov kimi müəllimlər məşğul olurdu. Efirdə şivələrlə, ləhcələrlə danışmaq yasaq idi. Təəssüf ki, bu gün özəl kanallarımızda şivə ilə danışan aparıcılarımız var. Çünki həmin telekanallarda Rafiq Hüseynov kimi müəllimlər yoxdur. Televiziyada çalışan hər bir insan hər gün öz üzərində işləməlidir. Çünki hər şey dəyişir, yeniliklər çoxalır.

- Dediniz ki, 1 il Almaniyada, 5 il Türkiyyədə yaşamısınız. Ürəyinizdən hansısa ölkədə qalıb daimi yaşamaq keçibmi?

  - Qeyd etdiyim kimi, vətəndən getməyimin səbəbi yoldaşımın işi ilə bağlı idi. Xaricdə olduğum illərdə rəsmlər çəkmişəm. Əslində, uşaqlıq arzularımdan biri rəssam olmaq idi.

- Bəs niyə olmadız?

- Atam çox mühafizəkar insan olub. Rəssam olmağımı dilə gətirəndə atam dedi: “qadın da rəssam olar?” Sonra jurnalistika ixtisasını seçmək istəyəndə atam yenə dedi: “qadın da jurnalist olar, əlində mikrofon bütün günü gəzəcəksən?” Ona görə də məcbur olub tərcüməçi olmağa qərar verdim. Xarici Dillər Universitetində alman dili ixtisasına yiyələndim. Sonralar televiziyaya çıxanda atam “düz deyiblər, kimin niyyəti hara, mənzili də ora olur. Mən qarşını kəssəm də, sən yenə gəlib jurnalist oldun”, - dedi. Doğurdan da insanın ürəyində nəyəsə qarşı istək varsa, o mütləq gerçəkləşəcək. Əvvəllər elə bilirdim ki, televiziyaya təsadüf nəticəsində gəlmişəm. Çünki universitetdə oxuyanda bizi 5 il Almaniyaya göndərirdilər. O zaman da atam Almaniyaya getməyimə razılaşmadı Bir gün televiziyada müsabiqə üçün elan verdilər. Atam bu dəfə dedi ki, istəyirsən, get müsabiqədə özünü sına. Amma, ürəyində fikirləşirmiş ki, onsuz da keçməyəcək. Beləliklə, müsabiqəyə qatıldım və keçdim.

- İnsanın vaxtı nə qədər az olsa da, çox sevdiyi işlərə mütləq vaxt tapır. Sizin kitab oxumaqla aranız necədir?

- Kitab oxumağı çox sevirəm. Universitetdə oxuduğum illərdə almanların kitablarından başlamışdım. Şekspirin “Hamlet” əsərindəki Hamletin monoloqunu əzbər bilirdim. Kafkanın əsərlərini də çox sevirəm. İndi də oxuyuram. Müasir Azərbaycan ədəbiyyatdan Kamal Abdullanın, Səlim Babullaoğlunun əsərlərini oxumuşam. Ən çox sevdiyim şair Mirzə Şəfi Vazehdir. Onun şerlərini o qədər oxumuşam ki, kitablar artıq formasını itirib. Eyzi zamanda, masaüstü kitabım sayılır. Dostoyevskinin “İqroq” romanını sevirəm. Baxmayaraq ki, ən zəif romanlarından biri hesab olunur. Rəşad Nuri Güntəkinin “Acımaq” romanı məni “Çalı quşu” qədər silkələmədi. “Acımaq” romanının axırıncı səhifələrini ağlaya-ağlaya oxuyub kitabı bağladım.

- İstirahətinizi necə keçirməyə üstünlük verirsiniz?

  - Mütaliə etmək ən çox sevdiyim istirahətimdən biridir. Ölkədən kənara çıxanda çemodanımında mütləq 6-7 kitab olur. Çünki o kitabları yalnız həmin müddətdə oxuya bilirəm. Bəzi insanlar deyir ki, 3 saat təyyarədə, qatarda getməkdən yoruluram. Mən isə əksinə, yola çıxanda sevinirəm. 3 saat ərzində bir kitabı qurtara bilirəm. Tətillər zamanı həm fiziki, həm də mənəvi cəhətdən dincəlirəm.

 - Mətbəxlə aranız necədir?

- Qadının mətbəxdə keçirdiyi vaxtı ömrünün itkisi kimi qəbul edirəm. Amma məcbur olduğumdan mütləq mətbəxdə vaxt keçirirəm. Anamın çox gözəl əl qabiliyyəti var. Çalışıram ki, bundan faydalanım. Mətbəxdə şirniyyat bişirməyi lap çox sevirəm, bu zaman həm də istirahət edirəm.

- Söhbətimiz zamanı atanızın mühafizəkar olmasından danışdınız. Maraqlıdır, sizin içinizdə qızlarınıza qarşı mühafizəkarlıq var?

- Təbii ki, o mühafizəkarlıq məndə də var. Müasir ana olaraq onların üzərinə çox da getməməyə çalışıram. Bəzən alınmır. Düşünürəm ki, millət olaraq biz azərbaycanlılar bir az mühafizəkarıq. Qızlarım məktəblə əlaqədar konfranslara gedirlər. İndiyə kimi onları tək buraxmamışam. Düşünürəm ki, nəzarət mütləqdir. 15-16 yaşlarında olan gənclər hələ tam formalaşmamış şəxsiyyətdir. Amma yoldaşım mənim kimi mühafizəkar deyil, daha müasirdir. Ola bilsin ki, bu onun Almaniyada təhsil almasından irəli gəlir.

-Ancaq qətiyyən mühafizəkar görünüşünüz yoxdur...

- Görünüş aldadıcı olur. Bəzən qızlarım mənimlə mübahisə edirlər. “Qızımıza qarşı belə olacağıq. Nə istəsə onu edəcəyik”, - deyirlər. Mən də onlara “sizin qızınızla necə davranacağınızı mən də görəcəyəm”, - deyirəm. Qızlarım yaşında atam məni heç yerə buraxmayanda deyirdim: “qızım olanda onu hər yerə getməyə qoyacam”. Amma zaman gəldi, mən də valideyinlərim kimi oldum.

- Bir saatlıq görüş müddətində bizimlə keçirdiyiniz vaxtı necə dəyərləndirirsiz?

 - Doğrusu, çox maraqlı söhbət alındı. Demək olar ki, bütün mövzular haqqında danışa bildik. Hər ikinizə təşəkkür edirəm.


Namidə BİNGÖL
Misranə HƏSƏNZADƏ

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir