Modern.az

Sovet Hakimiyyətinin «unutmadığı» Hüsеynzаdələr - Əli bəy

Sovet Hakimiyyətinin «unutmadığı» Hüsеynzаdələr - Əli bəy

24 Fevral 2019, 19:19

Bu gün Azərbaycan ədibi, filosofu və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuş, XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olan Əli bəy Hüseynzadənin anadan olmasınından 155 il ötür.

Modern.az Əli bəy Hüsеynzаdə haqqında yazını təqdim edir...

1926-cı ildə Əli bəy Hüsеynzаdə Bakıya I Türkoloji qurultayda iştirak etmək üçün gəldi. O, 1910-cu ildə Türkiyəyə köçüb getsə də, Azərbaycanın ictimai həyatında göstərdiyi xidmətlər unudulmamışdı. Ancaq zaman başqa zaman idi. 1920-ci ildə Azərbaycanda qurulan Sovet hökuməti yerini möhkəmlətmişdi. Əli bəy Türkiyəyə qayıdanda qardaşı İsmayıl bəyə dedi: “Mən daha sizə məktub yazmayacağam. Bilirəm bu sizin üçün təhlükəlidir”. Bu, Əli bəyin Azərbaycana son gəlişi oldu. O vaxtdan daha buradakı əzizlərinə məktub da yollamadı. Amma Əli bəyin doğmalarını qorumaq cəhdi baş tutmadı. Əli bəy Hüseynzadənin yeganə qardaşı İsmayıl bəyin və onun övladlarının, gəlinlərinin, nəvələrinin başına Sovet hökuməti çox bəlalar gətirdi.

   …Onlar birlikdə dərdli uşaqlıq illəri yaşamışdılar. Aralarında 4 yaş fərq var idi. Əli bəy 1864-cü ilin 24 fevralında, İsmayıl bəy isə 1868-ci ilin 17 martında Salyanda dünyaya göz açmışdı. Onların atası Molla Hüseyn Hüseynzadə Tiflis Müsəlman Məktəbinin müəllimi idi. O, cavan yaşında Tiflisdə vəfat etdi. Altı yaşlı Əli bəylə iki yaşlı İsmayıl bəyə tale anaları Xədicə xanımı da çox gördü. Xədicə xanım da gənc yaşında dünyadan köçdü. İki kiçik uşaq ana babaları Axund Əhməd Salyaninin ümidinə qaldı.

   Onların ilk müəllimi də babaları - Qafqazın Şeyxülislamı Əhməd bəy oldu. On bir yaşı olanda Əli bəyi babası Tiflis gimnaziyasına apardı. Gimnaziyanı bitirdikdən sonra, 1885-ci ildə o, Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil oldu. Tələbəlik illəri Rusiyada ictimai-siyasi hadisələrin gərginləşdiyi illərə təsadüf etdi. Həmin illərdə Türkiyəyə, İstanbula gedən Əli bəy Hüseynzadə orada Ali Hərbi Tibb Məktəbində təhsil aldı, tibbə aid bir sıra əsərlər yazdı. İnqilabçı gənc türklər hərəkatına qoşuldu, «İttihadi Tərəqqi» partiyasını yaradanlardan biri oldu.

   Bakıya qayıtdıqdan sonra şəhərin ictimai-siyasi, sosial-mədəni həyatında böyük rol oynamağa başladı. Bu illər Əli bəy həkim kimi fəaliyyətini davam etdirir, şeirlər, məqalələr yazır, tərcümələr edirdi. O, “Kaspi” qəzetinin redaktoru, “Həyat” qəzetinin, daha sonra “Füyuzat” jurnalının baş redaktoru və əsas yazarlarından biri oldu. Əli bəy Hüsеynzаdə ərəb, fars, rus və alman dillərini bilirdi. Pedaqoq, rəssam, filosof, jurnalist, həkim, ictimai xadim... Bunlardan hamısında öncə isə vətənpərvər türk övladı idi.

   Əli bəy kimi İsmayıl bəyin də təhsilinə babası uşaq yaşlarından diqqət göstərmişdi. Əvvəl dini təhsil alan İsmayıl Hüseynzadə sonralar Tiflis gimnaziyasına daxil olsa da, bu məktəbi tamamlamadan nənəsinin xahişi ilə azad edildi. Salyanda yaşadı. Orada İkinci dərəcəli Müttəhid Zəhmət Məktəbində dərs dedi. Uzun illər Salyanda məktəb direktoru işlədi.

   İsmayıl bəy Əli bəydən fəqrli olaraq ailə qurmağa gecikmədi. Xalası Fatmanın qızı Mina xanımla evləndi. Onların altı uşağı - beş oğlu, bir qızı oldu. Oğlanlarından biri uşaq ikən vəfat etdi. Böyük oğulları Sultan Hüseynzadə hərbçi oldu. Rus ordusunun zabiti idi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bərqərar olduğu illərdə o, milli orduda qulluq elədi. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra adı “qara siyahı” düşdü, təqiblərə məruz qaldı. Gec-tez həbs ediləcəyini bilən Sultan Hüseynzadə İrana qaçdı. İran ordusunda xidmət edərək general rütbəsinə yüksəldi. Bir daha Vətəninə dönə bilmədi. İsmayıl bəyin qardaş həsrətinə bir də oğul həsrəti qarışdı.

   İsmayıl bəyin ikinci oğlu Bəhram Hüseynzadə əvvəlcə Şamaxı realnı məktəbində, sonra isə Bakı realnı məktəbində təhsil aldı. 1919-cu ildə AXC-nin göndərişi ilə Almaniyaya oxumağa gedən gənclərdən biri də Bəhram Hüseynzadə oldu. O, elektromexanika üzrə ali təhsil alıb 1926-cı ildə Azərbaycana döndü.

   İsmayıl bəyin digər oğlu Firudin Hüseynzadə Timirzayev adına Kənd Təsərrüfatı Elmlər Akademiyasını bitirmişdi. Aqronom idi.

   Əmisi Əli bəyin türk şairi Şəmsəddin Saminin şərəfinə Şəmsəddin adını verdiyi ailənin kiçik oğlu isə Salyandakı 1 saylı ikinci dərəcəli Müttəhid Zəhmət Məktəbində, daha sonra Azərbaycan Dövlət Politexnik İnstitutunda təhsil aldı. İsmayıl bəyin yeganə qızı Böyükxanım isə pedaqoq idi.

   Sultan bəy ailə qurmadı. Bəhram Hüseynzadə Almaniyadan Vətənə orada sevib, evləndiyi alman qızı Luizanı da gətirdi. 1929-cu ildə Rayana adlı qızları dünyaya gəldi. Firudin Hüseynzadə Aleksandra Demidovayla evləndi. Onların Atilla adlı oğulları oldu. Şəmsəddin Hüseynzadə isə Anna Yakovlevna ilə ailə qurdu. İki qızı - Leyla və Laisa dünyaya gəldi. Salyandandan köçüb Bakıya gələn İsmayıl bəylə Mina xanım da kiçik oğullarının ailəsiylə bir evdə yaşayırdılar.

   Sovet hökumətinin rəhbərləri düşmən axtarışındaydılar. Belə ağır, qorxulu günlərdə Hüseynzadələri də “unutmadılar”. İsmayıl bəyi qardaşı Əli bəyə və oğlu Sultan bəyə görə iki dəfə həbs etdilər, sürgünə göndərdilər. Cəza müddəti bitdikdən sonra Bakıya qayıtdı. Onu bundan sonra daha ağır sınaqlar gözləyirdi…

   1933-cü ildə oğlu Firudin Hüseynzadə həbs olundu. 1937-ci ildə Bəhram Hüseynzadənin ocağını söndürdülər. Alman qızı Laizaya Azərbaycanda yaşamaq qadağan edildi. Onu Almaniyaya geri göndərdilər. Qızını aparmağına icazə vermədilər. Bəhram Hüseynzadə də həbs olundu. Anasız, atasız qalan Rayananı əmisi Şəmsəddin Hüseynzadə himayəsinə götürdü. Bəhram Hüseynzadəyə ölüm cəzası kəsdilər. Sonra hökm iyirmi beş illik sürgünlə əvəz olundu. Qərar yerinə yetirildi.

 
  Böyük Vətən müharibəsindən xeyli qabaq İsmayıl bəyin qızı Böyükxanım Hacıağa İbraimbəyliylə ailə qurub, həyat yoldaşının soyadını qəbul elədi. Onu həbsxana, sürgün əzabından xilas eləyən də bu oldu.

   İsmayıl bəyin həm xalası oğlu, həm də qaynı, kimya üzrə professor Sadiq bəy Ağabəyov da Əli bəy və Sultan bəy Hüseynzadələrlə qohumluğuna görə iş yerində çox incidilir, haqqsızlıqlara məruz qalırdı. O, Azərbaycanı tərk etməli oldu. İstanbula, Əli bəyin yanına getdi və bir daha Vətəninə qayıda bilmədi.

   1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Hüseynzadələr ailəsi belə ağır günlər yaşayırdı. Bəhram və Firudin Hüseynzadələr sürgündəydilər. Bakıda qalanlar da sabah başlarına nələr gətiriləcəyini bilmirdilər.

   İsmayıl bəy artıq işləmirdi. Şəmsəddin Hüseynzadə isə Bakı Neftayırma Texnikumunda dərs hissə müdiri vəzifəsində çalışırdı. Bir gün onların qapısı yenə döyüldü. Təşviş içərisində açdılar. Gələnlər sənəd belə təqdim etmədən yalnız bunu dedilər: “Sürgün edilirsiz”. Onlara yır-yığış etmək üçün 24 saat vaxt verildi.

   Sürgün olunduqları yerə - Şimali Qazaxıstanın Balacarı kəndinə çatanadək çox əziyyətlərə qatlaşdılar. Yeni məskənlərində isə onları məhrumiyyətlərlə dolu daha acınacaqlı həyat gözləyirdi. Sürgündə yeni peşə öyrəndilər. Sürgün yoldaşları kimi faydalı yataqlarda işləməli, qızıl çıxartmalıydılar. Yaşamaq üçün mücadilə edirdilər. Belə çətin günlərdə də İsmayıl bəy kimsəyə yük olmaq istəmirdi. Hamıya bacardığı qədər köməklik göstərirdi. Gördüyü zülmlər, çəkdiyi əzablar sağlamlığını əlindən almışdı. 1942-ci ildə o, sürgündə vəfat etdi.

   Çətin günlər bütüb-tükənmək bilmirdi. Sürgün həyatı hamısını soldurub-saraltmışdı. Zəifləmişdilər. Şəmsəddin bəyin həyat yoldaşı Anna bu məşəqqətlərə tab gətirə bilməyib gənc yaşında dünyadan köçdü.

   Bir müddət sonra Şəmsəddin Hüseynzadə yenidən ailə qurdu. İkinci həyat yoldaşı Sima ukraynalı idi. Sovet hökuməti onun da babasını gülələmiş, ailənin qalan üzvlərini isə Şimali Qazaxıstana sürgün eləmişdi. Sima da sürgündə dünyaya gəlmişdi. Onun qızı da sürgündə doğuldu. Uşağa Cəmilə adını verdilər. Onu nənəsi Mina xanım böyütdü. 1955-ci il idi. Hələ onlara bəraət verilməmişdi. Şəmsəddin bəy Vətən həsrəti çəkən anasını gizlin Bakıya gətirdi.

   Mina xanım daha geri qayıtmadı. Bakıda qızıgildə qaldı. Şəmsəddin Hüseynzadə geri döndü. Nənəsinin yolunu səbirsizliklə gözləyən Cəmilə o gündən “nənəmi istəyirəm” deyib kürlük eləməyə başladı.

   1956-cı ildə Bəhram Hüseynzadə sürgündən qayıtdı. Həmin il Şəmsəddin Hüseynzadə və onun ailəsi də bəraət aldı. Şəmsəddin bəy uzun illər evinin bir küncündə gizlədib-saxladığı, solub-saralmış şəkilləri üzə çıxartdı. Onları bir-bir sonbeşik qızına göstərdi. Şəkildəki nurlu simalı ağsaqqalı altı-yeddi yaşlı qızına nişan verdi: “Bu, sənin Əli babandı”.

   Şəkillərdən birində iki kişinin üzünü mürəkkəb ləkəsindən yaxşı seçmək olmurdu. Cəmilə Hüseynzadə sonralar bildi ki, onların biri Əli bəy Hüseynzadə, digəri isə Fuad Köprülüzadədir. Üzlərinə mürəkkəb isə təsadüfən dağılmayıb. İsmayıl Hüseynzadə 1937-ci ildə şəklin ələ keçəcəyindən ehtiyat edib. Onu məhv eləməyə də ürəyi gəlməyib. Əli bəylə Fuad Köprülüzadənin üzünü mürəkkəblə tanınmaz etmək istəyib.

   İllər sonra Cəmilə Hüseynzadə atasının ona “Əli babandı” deyə tanıtdığı o nurlu simalı insan haqqında həqiqətləri öyrəndi. Babasının qardaşı Əli bəy Hüseynzadə ilə o da fəxr etməyə başladı. Ən çox isə buna təəccübləndi: atası o qorxunc vaxtlarda, sürgünə aparılarkən, sonralar əzab-əziyyətli sürgün yollarında, sürgündə sabahlarına gümanları qalmayan vaxtlarda o şəkilləri necə gizlədib, necə qoruyub-saxlaya bilib?..

   Bəraət aldıqdan sonra evlərində Əli bəy və Sultan bəy Hüseynzadələrin adları çəkilməyə başlandı. Əlbəttə ki, Şəmsəddin bəy qızına Əli bəyin ictimai-siyasi fəaliyyətindən, onun yalnız Hüseynzadələr nəslinin deyil, bütün Azərbaycan xalqının fəxri olduğundan danışmırdı. Birincisi, ona görə ki, balaca uşağa bütün bunları anlatmaq mümkün deyildi. Digər tərəfdən Sovet hökumətinin həbsxanalarından, sürgünlərindən keçənlərin əksəriyyəti kimi otuz üç yaşında sürgünə göndərilən Şəmsəddin Hüseynzadənin də canına həmişəlik xof çökmüşdü. O, kiçik qızına Əli bəy Hüseynzadənin yazdığı şeirləri öyrədirdi. Əmisinin azadlıq mücahidi, böyük Turançı olduğunu isə onun anlayacağı dildə başa salırdı.

   Cəmilə hələ də nənəsinin həsrətini çəkir, “nənəmi istəyirəm” deyib, ağlayırdı. 1957-ci ildə Şəmsəddin bəy ailəsini Bakıya gətirdi. Mina xanımla, buradakı digər qohumları ilə görüşdülər. Bir neçə gündən sonra geri qayıtdılar. 1958-ci ildə Bakıdan xəbər aldılar ki, Mina xanım vəfat edib.

   Artıq Şəmsəddin Hüseynzadənin Qazaxıstanda işi də var idi, özünə ev də tikdirmişdi. Mina xanım da dünyadan köçmüşdü. Cəmilə isə yenə də “Bakıya gedək” deyirdi.

   Şəmsəddin Hüseynzadə geri dönmələri barədə hələ 1957-ci ildə Azərbaycan Mərkəzi Komitəsinə müraciət etmişdi. 1961-ci ildə ailəsi ilə birlikdə Bakıya gəldi. Evlərini onlara qaytardılar. Şəmsəddin bəy evə baxmağa gedəndə orada iki qocanın yaşadığını gördü. Evə köçməkdən imtina etdi. Onlara başqa mənzil verdilər.

   Bakıya gələndən sonra gördülər ki, Sovet hakimiyyəti tərəfindən Əli bəy Hüseynzadənin adı unudulmağa, ya da tənqid edilməyə məhkum olunsa da, onu gizli-gizli sevənlər, qədir-qiymətini bilənlər hələ də var.

   1970-ci ildə Abbas Zamanov, Ramiz Abutalıbov və Mirzağa Quluzadə Parisdən xoş xəbərlə döndülər. Əli bəy Hüseynzadənin oğlu Səlimi görmüşdülər. O vaxtdan iki qardaşın - Əli bəylə İsmayıl bəyin övladları məktublaşmağa, telefonla danışmağa başladıdılar. Bir-birlərini görməyi, illərin həsrətinə son qoymağı arzulayırdılar. Səlim bəy Bakıya gəlmək istəyirdi. Qismət olmadı. Şəmsəddin Hüseynzadə də əmisinin yadigarlarını - oğlu Səlim bəyi, qızları Saidanı və Feyzavəri görə bilmədi. Ömrü vəfa etmədi. Onun bu arzusunu qızı Cəmilə Hüseynzadə yerinə yetirdi…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub