Modern.az

Azərbaycan milli siqaret bazarının “nəhəngi” Japan Tobacco International: “Tütün şirkətləri arasında rəqabət çox güclüdür” - MÜSAHİBƏ

Azərbaycan milli siqaret bazarının “nəhəngi” Japan Tobacco International: “Tütün şirkətləri arasında rəqabət çox güclüdür” - MÜSAHİBƏ

24 Fevral 2014, 18:34

Gündəlik təlabat malları bütün dünyada, o cümlədən Azərbaycanda ən sürətlə inkişaf edən sektorlardan biridir və tütün məhsulları da bu baxımdan istisna deyil.  Tütün sivil dünyaya bəlli olduğu zamandan bəri siqaret istehsalı da mövcuddur.  Əgər cəmiyyətdə siqaret çəkən kəsim varsa deməli bu bazarın keyfiyyətli məhsulla təmin olunması da vacib məsələlərdən biridir. Azərbaycan bazarında saxta və keyfiyyətsiz siqaretlərin olduğu sirr deyil. Düzgün qablaşdırılmayan, ucuz və keyfiyyətsiz tütündən istehsal olunan bu şübhəli qutuların hansı yollarla bazara ayaq açması da maraq doğurur. İstehlakçı hüquqlarını müdafiə edən qurumlar bununla bağlı dəfələrlə öz münasibətlərini bildiriblər.

Modern.az saytı Azərbaycan siqater bazarının əsas tərəfdaşlarını tapmaq və onlarla bi mövzuda danışmaq üçün uzun müddət sorqlaşdı.  Uzun zaman göztərdiyimiz cəhdlərdən sonra biz bir sıra şirkətlərdən müsbət cavab ala bildik. 

Axtarışımız maraqlı nəticələr üzə çıxardı. Sən demə Azərbaycanda dünyanın ən nəhəng beynəlxalq şirkətlərinin nümayəndəlikləri çalışırmış. Biz onların hər biri ilə görüşüb ölkəmizdə tütün məhsullarının satışı ilə bağlı tez-tez mətbuat səhifələrində qaldırılan suallarımızı verdik. Biz bu müsahibələri növbə ilə oxucularımızın diqqətinə çatdıracağıq.

Bu günkü müsahibimiz dünyanın aparıcı tütün şirkətlərindən biri hesab olunan Japan Tobacco Internationalın (JTI) Azərbaycan Nümayəndəliyinin rəhbəri, cənab Namik Quliyevdir.

Namik Quliyev 1975-ci ildə Bakı şəhərində anadan olub. O, 1993-1994-cü illərdə Nyu-Yorkun Peys Universitetində təhsil alıb, 1996-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Onun satış və marketinq sahəsində zəngin təcrübəsi var. O, Azercell, Oriflame International və British Council kimi təşkilatlarda çalışıb. JTI şirkətində 2011-ci ildən işləyir.

- Namik müəllim, bizə şirkətiniz barədə  məlumat verə bilərsinizmi? 

- JTI şirkəti Japan Tobacco Group of Companies (JT)  - Yaponiya Tütün Şirkətləri Qrupunun üzvüdür. O, 1999-cu ildə Japan Tobacco Inc. şirkəti “R. J. Reynolds” şirkətinin Amerika Birləşmiş Ştatlarından kənarda həyata keçirilən fəaliyyətini idarə etmək hüququ aldıqdan sonra təsis olunub. Daha sonra, 2007-ci ildə Böyük Britaniyada yerləşən “Gallaher” şirkətinin alınması JTI şirkətinin əməkdaşlarının sayını  təxminən iki dəfə artırdı. Hazırda, şirkətimizin 75 ölkədə 27 mindən artıq işçisi və 120 ölkədə satışları var. Bizim baş qərargahımız İsveçrənin Cenevrə şəhərində yerləşir. Biz “Winston”, hazırda “Mevius” adlanan “Mild Seven”, “Camel”, “Benson & Hedges”, “Silk Cut”, “Sobranie”, “Glamour” və “LD” kimi dünyanın bir çox məşhur brendlərini istehsal edirik. Biz dünyada ən uğurlu və nüfuzlu tütün şirkəti olmaq üçün ümumi məqsəd ətrafında birləşən çoxmilli şirkət hesab olunuruq.

- Azərbaycan bazarını necə səciyyələndirərdiniz?

- 2007-ci ildə biz Azərbaycanda çox kiçik portfel və bazar payı ilə fəaliyyətə başladıq. Əlbəttə, bazara yeni daxil olan şirkət kimi digər şirkətlərin məhsullarından istifadə edən müştərilərin ürəklərini fəth etmək və diqqətlərini cəlb etmək çox çətin idi. Lakin zaman keçdikcə, JTI özünün çeşidli portfeli ilə inkişaf etməyə başladı. Hazırda, biz Azərbaycanda aparıcı tütün şirkətlərindən biriyik.      

Biz Azərbaycanda beş siqaret brendinin satışı ilə məşğuluq: “Sobranie”, “Winston”, “Camel”, “LD” və “More”.  Azərbaycanda fəaliyyət göstərən tütün şirkətləri arasında rəqabət çox güclüdür, amma onu da deməliyəm ki,  belə bir mühitdə çalışmaq bir o qədər də maraqlıdır.

Azərbaycanda 58 nəfərdən ibarət kollektivlə çalışırıq və işçilərin sayı artmaqdadır. Bizim çoxprofilli iş stajına malik olan, habelə çətin işlərin öhdəsindən gələ bilən peşəkar kadrlarımız var. İşçilərin peşəkar inkişafını dəstəkləyir və bunu çox yüksək qiymətləndiririk. Bir çox ölkələrdə, JTI şirkəti “İnsan İnvestoru” mükafatını qazanıb və özünün ən yaxşı işəgötürən olmasını təsdiq edən digər mükafatlara layiq görülüb.

-Azərbaycan bazarına təklif etdiyiniz məhsulların keyfiyyəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycan istehlakçısı kifayət qədər tələbkar istehlakçıdır. Məhsullarımızın keyfiyyəti də onların bizim məhsullara münasibətində daha aydın görünür. İstehlakçılar bizim məhsulların keyfiyyətindən razıdırlar.

- Keçәn ilin dekabr ayında Azərbaycanda fəaliyyət göstərən bütün tütün şirkətlərinin siqaretlərinin qiymətlərində artım müşahidə olundu. Əgər qiymət dinamikasına baxsaq, qiymətlərin hər il artmasının şahidi olarıq. Bu, nədən irəli gəlir? 

- Bu proses yalnız Azərbaycanda baş vermir. Digər ölkələrə baxsaq görərik ki, tütün məhsullarının qiyməti bütün dünyada artmaqdadır. Bunun bir neçə səbəbi var. Ən əsas səbəblər kağız istehsalı və qablaşdırma materialları xərcləri da daxil olmaqla istehsal xərclərinin artması, marketinq meyllərinin dəyişməsi, rəqabətlilik və beynəlxalq qanunvericilikdə baş verən dəyişikliklərdir. Lakin qiymət artımının da öz həddi var. Burada digər ölkələrdən qaçaqmalçılığa səbəb olacaq şok qiymət artımlarına yol verməmək də çox vacibdir.

- Qiymət artımından məqsəd həm də gəncləri siqaret çəkməkdən yayındırmaq deyilmi? 

- Ümumiyyətlə, qiymətə çox həssas olan siqaret istehlakçıları qiymət artımından sonra siqareti tərgitmir, daha ucuz və bəzi hallarda qeyri-qanuni siqaretlərə keçirlər. Xüsusi olaraq qeyd etmək istərdim ki, azyaşlı insanlar siqaret çəkməməli və tütün məhsullarını əldə edə bilməməlidirlər. Gənclərin siqaret çəkməsi olduqca  mürəkkəb və kökündə bir çox amillər dayanan ictimai problemdir. Bu, sadəcə tütün sənayesinə aid olan bir məsələ deyil. Siqaret çəkmək davranışını anlamaq onu dəyişdirmək üçün əsas göstərici ola bilər. Bu bir faktdır ki, gənclərə və ümumiyyətlə hamıya siqaret çəkməyin sağlamlıq üçün təhlükəli olduğu bildirilsə də, onlar siqaret çəkməyə davam edirlər. Onlara daha çox siqaret çəkən valideynləri və həmyaşıdları təsir edirlər. Amma ilk dəfə siqaret almağa başlayan yeniyetmələr üçün qiymət amili də rol oynayır.

- Dövlət qurumları ilə əməkdaşlıq edirsinizmi? Edirsinizsə, hansı sahələrdə?

- Əlbəttə, işlədiyimiz ölkələrin hər birində biz dövlət qurumları ilə əməkdaşlıq edirik. Dövlət orqanları və tütün şirkətləri arasında dialoq məhsullarımıza dair qanunların effektiv və münasib olması baxımından çox vacibdir. Tütün sənayesinin fəaliyyətinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının beynəlxalq səviyyədə qəbul olunmuş “Daha Yaxşı Qanunvericilik” prinsiplərinə uyğun tənzimlənməsi həm dövlət siyasətinin hədəflərini, həm də şirkətlərin biznes maraqlarını təmin edə bilər. Səmərəlilik baxımından tütün sənayesinə dair qayda və qanunlar fərziyyədən daha çox real faktlara əsaslanmalıdır. Bu qanunlar praktiki olduqda və icra edilə bildikdə işləyə və daha səmərəli ola bilər. Dövlətlə məsləhətləşmələr proseslərində biz öz mövqeyimizi və arqumentlərimizi təqdim edir və başqa ölkələrin təcrübəsi də daxil olmaqla alternativ həll yollarını təklif edirik. Bunun bariz nümunəsi kimi biz tütünə dair milli standartların beynəlxalq standartlara uyğunlaşdırması ilə əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlığımızı göstərə bilərik.

- JTI şirkəti üçün Korporativ Sosial Məsuliyyət nə qədər vacibdir? Azərbaycanda Korporativ Sosial Məsuliyyət layihələriniz varmı?

- Digər şirkətlər kimi biz də uzunmüddətli biznes strategiyamızın ayrılmaz hissəsini təşkil edən Korporativ Xeyriyyə proqramları işləyib hazırlayırıq, lakin bu proqramlar bizim məhsullarımızla və ya biznes fəaliyyətimizlə əlaqədar deyil. Bizim şirkətin ümumiyyətlə dünyada təxminən 200 Korporativ Xeyriyyə proqramı var. Korporativ Xeyriyyə tədbirləri bizə işlədiyimiz ölkələrdə cəmiyyətin ictimai və mədəni hissəsi olmaq imkanı verir. Xeyriyyə tədbirlərimiz vasitəsilə biz həmçinin işçilərimizin və iş tərəfdaşlarımızın konstruktiv formada cəlb olunduğu ictimai platforma yaradırıq. Bizim məqsədimiz əlverişsiz şəraitdə yaşayan insanların yaşayış keyfiyyәtini artırmaq və çalışdığımız ölkələrdə milli incəsənətin inkişafına  dəstək verməkdir. Biz milli və qlobal mədəni irsi, müasir incəsənəti təbliğ edən təsisatları, habelə yapon mədəniyyətini dəstəkləyirik.  Məsələn, Azərbaycanda  quraq regionlarda yaşayan insanları içməli su ilə təmin etmək üçün biz bu bölgələrdə fəaliyyət  göstərən yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirik. Hazırda biz Şəki və Kürdəmir rayonlarında iki su təchizatı layihəsinin həyata keçirilməsini dəstəkləyirik. Onların icrasından sonra 8000-dən çox insan davamlı surətdə içməli sudan istifadə etmək imkanına malik olacaq. Biz  gələcəkdə də ehtiyacı olan icmaların həyat şəraitini  təkmilləşdirməyə kömək məqsədilə bu cür layihələrimizi  davam etdirəcəyik. Bu, JTI şirkətinin Azərbaycandakı fəaliyyətində strateji bir istiqamətdir.

Mədəniyyət sahəsində isə biz Azərbaycan mədəniyyətinin şah əsəri hesab olunan muğamın təbliğini dəstəkləməkdəyik. 2013-cü ildə biz üç muğam konsertinin keçirilməsində öz dəstəyimizi göstərdik və 2014-cü ildə də Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq etməklə, bu işi davam etdirməyi planlaşdırırıq. Dünyada bu qədim musiqinin təbliği ilə əlaqədar göstərilən səylərə az da olsa töhfə verdiyimizə görə çox məmnunuq.    

X. SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?