Modern.az

Arif Əliyev: “Jurnalistlər cəmiyyətə yox, daha çox öz sahiblərinə xidmət edirlər”

Arif Əliyev: “Jurnalistlər cəmiyyətə yox, daha çox öz sahiblərinə xidmət edirlər”

25 Fevral 2014, 15:27


“Əgər “online media” deyəndə online jurnalistikanı nəzərdə tuturuqsa, məsuliyyət məsələsində çap mediası ilə müqayisədə elə böyük fərqlər görmürəm. Yox, “online media” dedikdə vətəndaş jurnalistikası adlandırılan, professional jurnalist olmayanları da bu sıraya aid ediriksə, burda əlbəttə, problemlər daha genişdir. Çünki jurnalistlər az-çox müəyyən peşəkar ölçülərlə, standartlarla tanışdırlar və hər halda ona əməl etməyə daha çox meyllidirlər, nəinki online media prosesinin iştirakçısı olan adi vətəndaşlar”. Bunu Modern.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər  Birliyinin sədri Arif Əliyev online mediadakı məsuliyyət məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, ənənəvi jurnalistikada olan problemlər internet jurnalistikasından da yan keçmir:

“Online jurnalistikadakı məsuliyyət hissi ilə ənənəvi media sahələrindəki məsuliyyət arasında isə bir o qədər də ciddi fərqlər yoxdur. Yəni, qəzet jurnalistikasında, televiziya jurnalistikasında hansı problemlər varsa, eyni problemlər burda da mövcuddur. O problemlər sırasına ilk növbədə informasiyanın birinci mənbədən yoxlanılması, informasiyanın dəqiqliyi, informasiya əldə etmək imkanlarının məhdudluğundan ortaya çıxan problemlər və ümumi jurnalist professionallığından, səviyyədən irəli gələn məsələlər daxildir. Ümumiyyətlə, bir ortaq problem var ki, jurnalistika daha çox öz sahiblərinin qarşısında məsuliyyətə meyllənir, ona xidmət edir, nəinki ictimai məsuliyyəti dərk etməyə”, – deyə A. Əliyev qeyd edib.

 

 

Misranə Həsənzadə

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı