Modern.az

Dünya tarixində ilk HADİSƏ: Prezident qızını birinci ledi elan edib - FOTOLAR

Dünya tarixində ilk HADİSƏ: Prezident qızını birinci ledi elan edib - FOTOLAR

27 Fevral 2014, 12:37

Miloş Zeman Çexiyada həm də xalqın seçdiyi ilk dövlət başçısıdır


Modern.az
 saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Çexiyanın birinci xanımından bəhs edirik.

Miloş Zeman Çexiya tarixinə ilk dəfə xalqın seçdiyi prezident kimi düşəcək. Qeyd edək ki, buna qədər Çexiyada dövlət başçısı parlamentdə seçilirdi. 2013-cü ilin yanvar ayında keçirilən səsvermədə isə Zeman rəqibini üstələyərək prezident seçilib. Amma o təkcə xalqın seçdiyi prezident kimi tarixdə qalmayacaq. Miloş Zeman səsvermənin nəticələri elan olunandan sonra keçirdiyi mətbuat konfransında dünya tarixində də bir yeniliyə imza atıb. Bu, olduqca qeyri-adi görünəcək bir addım idi. 

Dünyanın hər bir ölkəsində birinci ledi deyəndə məhz dövlət başçısı olan şəxsin vətəndaş, yaxud rəsmi nikahında yaşadığı həyat yoldaşı təsəvvür olunur. Ancaq Çexiya prezidentinin həyat yoldaşının əvəzinə qızını birinci ledi elan etməsi ilk hadisədir, onun xanımının birinci xanımı olmaqdan imtinasının səbəbinə gəldikdə, bu onların heç də boşanmaları, yaxud ərlə arvad arasında hansısa ailədaxili ciddi problemin olması ilə qətiyyən bağlı deyil. Əsl səbəb Miloş Zemanın həyat yoldaşının xarakteri ilə bağlıdır. Rəsmi məlumatlarda qeyd edilir ki, İvona Zeman kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmağı xoşlamır.


“Qızım, birinci ledi olarsan?”

Zemanın həyat yoldaşı İvona haqda məlum olan həm də budur ki, cəmiyyət qarşısına çıxmağı xoşlamır, hətta  və öz iş yerini də gizlədir,  işə götürəndən də bununla bağlı açıqlama verməməsini xahiş edib. Bundan əlavə, İvona prezident seçkilərinin birinci turu keçirilən zaman prezidentliyə əsas iddialılardan biri olan ərinin seçki qərargahında nəticələrin açıqlanmasını gözləməyərək evə gedib. Beləliklə, ərinin ilk turun nəticələrinə görə qələbəsindən televiziyadan xəbər tutub.

İvona özü hadqa danışanda da deyir ki, heç bir halda kübar şəxs deyil, hətta bundan sonra da belə bir iddiası yoxdur. Qızına gəldikdə, əksinə, onun xarakterinin tamamilə fərqli olduğu bildirilir. Atası prezident seçiləndə 18 yaşında olan Katerjina həmişə diqqət mərkəzində olmağı sevir. Onun atasının prezident seçkiləri ilə bağlı keçirilən kampaniya zamanı bütün tədbirlərində, görüşləörində çox fəal iştirak etməsi də bunu bir daha sübut edib.

“Katenka, baxmayaraq ki, bizim aristokrat titulumuz yoxdur, amma sən qeyri-formal olaraq mənim birinci xanımım olmağa razılaşacaqsan?” Bunu Miloş Zeman prezident seçildiyi tam məlum olandan sonra keçirdiyi mətbuat konfransında deyib. 18 yaşlı qızı tərəddüd etmədən “hə” cavabı verib və ata ilə qızı bir-birinə sarılaraq öpüşüblər.

Miloş Zemanın şəxsi həyatı ilə bağlı məlum olan budur ki, 1970-ci ildə Blanke adlı xanımla evlənib və 1978-ci ildə boşanıblar. 1993-cü ildə assistenti İvona Bednarçikova ilə ailə həyatı qurub.


Birinci ledi ilə bağlı eyş-işrət  qaqlmaqalı

Prezidentin qızına gəldikdə, birinci ledi elan olunmasından bir müddət sonra Çexiyada bu gənc qızla bağlı ciddi qalmaqala səbəb olan məlumatlar yayılıb. Yerli internet portallarından biri olan “Extra.cz.”də o vaxt 18 yaşı olan sarışın qara yubkalı Katerjinanın gecə klubundakı pornoaxşamda iştirakını əks etdirən şəkillər yayılıb. Bu şəkillərlə bağlı məlumatda iddia edilirdi ki, Katerjina bir neçə rəfiqəsi ilə qatıldığı gecədə cinsi akt imitasiyasına bənzəyən striptiz nümayiş etdirilib. Sarışın gözəlin özünün eyş-işrət məclisinə birbaşa iştirakı iddia edilməsə də, ancaq orada baş verənləri yaxından və həvəslə müşayiət etdiyi bildirilib. Bundan əlavə, Katerjina bir neçə şəkildə əlində siqaret də görüntülənib. Katerjinanın özü isə əvvəllər mediaya açıqlamalarında siqaret çəkməyə heç vaxt meylli olmadığını bəyan edibmiş. Bu səbəbdən yayılan şəkillər birmənalı qarşılanmayıb. Bu məlumatların prezident seçkiləri kampaniyası ərəfəsi yayılması isə təsadüfi hesab olunmayıb. Katerjina özü də bu tədbirdə iştirakını təkzib edib. Onun sözlərinə görə, bu saxtakarlıqdır: “Mən heç vaxt belə aksiyada iştirak etməmişəm. Söhbət saxtakarlıqdan gedir”.

“Extra.cz.”nin redaktoru Pavel Novotnı isə öz növbəsində deyib ki, heç bir saxtakarlıqdan söhbət gedə bilməz. O hətta iddia edib ki, fotodakı qız prezidentin qızına bənzəyir, onun hətta üzündəki xalı da üst-üstə düşür.

“Zemanın qızı heç vaxt pornogecədə olmayıb. Bu saxtakarlıqdır və çap olunan fotoda kimin əks olunduğunu araşdıracağıq”. Bu məlumatı isə dövlət başçısının mətbuat katibi Hanna Burianova verib. Ancaq bundan sonra “Blesk” adlı bulvar qəzeti qalmaqallı fotoları təkrar çap edərək Miloş Zemanın qızını məzəmmət edib, onu qeyr-səmimi olmaqda qınayıb.

Yanvarın 25-26-da keçirilən ikinci turda Miloş Zeman 55 faizə yaxın səs toplayıb, onun rəqibi, xarici işlər naziri Karel Şvartsenberq isə 45 faizdən bir qədər çox səs qazanıb. İkinci tur ərəfəsi təbliğat kampaniyası (birinci turda rəqiblər arasında fərq 1 faizdən az olub) çox aqressiv keçib – Zemanın seçki qərargahı xüsusilə fəal olub. Onun təbliğatçıları rəqibini Çexiyaya yad adam kimi (Şvartsenberq – Avstriya knyaz nəslinin nümayəndəsidir) qınayıblar, eyni zamanda xatırladıblar ki, həyatının böyük hissəsini mühacirətdə keçirib, arvadı isə Vyanada yaşayır və çex dilində danışa bilmir.

Xatırladaq ki, 10 il əvvəl baş nazir işləyən Miloş Zeman artıq prezident olmaq üçün cəhd etmişdi. O 2003-cü ildə Vatslav  Klausun əsas rəqiblərindən biri olmuşdu, amma o zaman birinci turda məğlub olmuşdu. Ən təəccüblüsü isə öz partiya yoldaşları olan sosial-demokratların gizli səsvermə zamanı onun namizədliyinin əleyhinə səs verməsi idi. Buna baxmayaraq, Miloş Zeman 10 ildən sonra hətta pensiyaya çıxsa da, prezidentlik iddiasını reallaşdıra bilib.


Prezident qızı üçün mühafizə tələb edib

Çexiyanın yeni prezidenti Miloş Zeman rəsmi müraciət edərək ölkənin birinci ledisi olacaq qızı Katerjina üçün dövlət mühafizəsinin ayrılmasını xahiş  edib. Bu haqda polis rəhbərinin müavini Tomaş Kujel məlumat verib. Çexiyada isə qanuna görə dövlət mühafizəsi yalnız prezidentə və onun həyat yoldaşına ayrıla bilər. Ancaq buna baxmayaraq Çexiyanın daxili işlər naziri Yan Kubitse prezidentin bu istəyini yerinə yetirib.









Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi