Modern.az

“Məşhurların övladları” - Məleykə Abbaszadənin hüquqşünas qızı

“Məşhurların övladları” - Məleykə Abbaszadənin hüquqşünas qızı

Reportaj

2 Mart 2014, 22:14

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Azərbaycanın Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadənin qızı Nərgiz Abbaszadə (Birk-Petersen) barəsindədir.

Qeyd edək ki, Məleykə Abbaszadə Azərbaycan hökumətindəki müsbət imicə malik məmurlardan hesab olunur. O, 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunub.  

M.Abbaszadənin rəhbərliyi altında tələbə qəbulu prosesində bəzi dəyişikliklər, təkmilləşdirmələr aparılıb, kütləvi tirajla dərc olunan “Abituriyent” jurnalı yaradılıb.
M.Abbaszadənin Nərgiz və Nigar adlı iki qızı, iki nəvəsi var. 

Nərgiz Birk-Petersen (Abbaszadə) 1976-cı il avqustun 7-də Bakıda doğulub. Bakıdakı 189 saylı orta məktəbi bitirmiş Nərgiz 16 yaşında Xəzər Universitetinə daxil olub.
O, ali məktəbdə təhsil alarkən universitetin Tələbə Televiziyasının ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-a gedib. Burada hüquq təhsili almaqla yanaşı, bir müddət model kimi çalışıb.

Ali təhsilini tamamladıqdan sonra Nərgiz ABŞ və Rusiyada hüquqşünas işləyib. O, ana dili ilə yanaşı, ingilis, rus, Danimarka dillərini də bilir...

Nərgiz xanım 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan “Bakı-2020” Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktoru vəzifəsini tutub. O, 2012-ci il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib.

Nərgiz xanım Eldar Qasımov və Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən “Eurovision-2012” Mahnı Müsabiqəsinin aparıcısı olub.

“Azərbaycanın bu mötəbər yarışmaya qatılması mənim üçün çox maraqlı oldu. Qalib gədiyimiz zaman sevincimin həddi-hüdudu yox idi. Mən dərhal hiss etdim ki, 2012-ci ildəki yarışmanın bir parçası olmalıyam. Belə mühüm yarışmanı dünyaya təqdim edəcəyimdən qürur hissi duyuram”-deyə Nərgiz müsahibələrinin birində qeyd edib.  

Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurmuş Nərgiz xanım hazırda bu ölkənin paytaxtı Kopenhagendə yaşayır. O, Danimarka vətəndaşıdır. Nərgiz Birk-Petersenin iki övladı var.

A.Qorxmaz 

***

***

Həmçinin oxu:

“Məşhurların övladları” - Tağı Əhmədovun hakim oğlu - Yeni rubrika
//modern.az/articles/49878/1/

“Məşhurların övladları” - Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

“Məşhurların övladları” - Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

“Məşhurların övladları” - yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

“Məşhurların övladları” - Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

“Məşhurların övladları” - Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

“Məşhurların övladı” - Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

“Məşhurların övladı” - Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü