Modern.az

Azərbaycanlı alimin Nobel mükafatından imtina edən tələbəsi - MARAQLI

Azərbaycanlı alimin Nobel mükafatından imtina edən tələbəsi - MARAQLI

Reportaj

4 Mart 2014, 22:17

İşıq saça bilmirsənsə,heç olmasa işığın qarşısını kəsmə
Lev Tolstoy

Dahi rus yazıçısı Lev Tolstoy yaratdığı əsərlərlə məşhur olmaqla yanaşı, onun şəxsi həyatı, yaşadığı həyat tərzi öz qeyri-adilikləri ilə böyük marağa səbəb olub.

Modern.az saytı Lev Tolstoy haqqında yazını oxucularına təqdim edir.

Zəngin ailədə dünyaya göz açan, çox kiçik yaşlarından valideynlərini itirən yazıçı gələcək həyatında çox sadə həyat tərzinə üstünlük vüeib. Var-dövlətə və pula zərrə qədər də hərislik göstərməyən Lev Tolstoy Nobel mükafatından imtina edəndə bunu alacağı yüksək pul məbləğindən imtina etməsi ilə əsaslandırıb.

Sərt xarakterli, tünd xasiyyətli Lev Tolstoy dövlət sisteminə, onun qurumlarına qarşı amansız və barışmaz mövqedə olub. Yazıçı sadə kəndlilərin mənafeyini qorumağı özü üçün ən önəmli məsələ sayıb.

Lev Tolstoy Kazan universitetinin Şərq dilləri fakültəsində təhsil alanda görkəmli Azərbaycan şərqşünas-alimi Mirzə Kazım bəydən dərs alıb.

Dahi yazıçı 34 yaşında ailə həyatı qurub. O evlənəndə həyat yoldaşı Sofiya Bersin 17 yaşı olub. Ailə qurduqları günün səhərisi Tolstoy həyat yoldaşını məcbur edib ki, onun bütün gündəliklərini oxusun. Bu gündəliklərdə Tolstoyun çoxsaylı sevgi macəraları yazılıbmış. O həyat yoldaşı ilə arasında heç bir sirrin qalmaması üçün bunu edib. 48 il birlikdə yaşayan cütlük 13 övlad sahibi olub.
Sofiya Bers Lev Tolstoy üçün sədaqətli həyat yoldaşı olmaqla yanaşı, həm də yazıçının ən yaxın dostu, bütün məsələlərdə köməkçisi olub.

Lev Tolstoy Qafqaz müharibəsində və Sevastopolun müdafiəsində iştirak edib, göstərdiyi şücaətlərə görə orden və medallarla təltif edilib.

Dahi yazıçının məşhur “Hərb və sülh” romanının adı əvvəlcə “1805-ci il” olub. Yazıçı bütövlükdə bu əsəri səkkiz dəfə, ayrı-ayrı epizodları isə iyirmi beş dəfə dəyişdirib.

Tolstoyun bir neçə dəfə xaricə səfəri qərbi Avropada təhsil sistemi ilə tanışlıq məqsədi daşıyıb. O bu tanışlıqdan sonra belə qənaətə gəlib ki, rus təhsili, xüsusilə də kəndlilərin təhsili kökündən düzgün qurulmayıb. O, bu problemi qismən də olsa aradan qaldırmaq üçün kəndlilər üçün məktəb təsis edib.

Bununla yanaşı, yazıçı təhsillə bağlı “Əlifba”, “Yeni əlifba”, “Oxu üçün kitab” kitablarını hazırlayıb.

1885-ci ildə Tolstoy vegetarian yazıçı Vilyam Freylə görüşdükdən sonra ətdən və balıqdan imtina edərək özü də vegetarian olub. Sağlam həyat tərzi ilə bağlı öz mülahizələri olan dahi yazıçı piyada gəzməyə, at çapmağa, sonralar isə velosired sürməyə böyük maraq və həvəs göstərib.

Lev Tolstoyun dinə özünəməxsus və fərqli baxışı olub. O din pərdəsi altında öz maraqlarını həyata keçirmək istəyənlərə, dini başqa səmtə yönəldənlərə qarşı barışmaz mövqedə dayanıb. Onun dinə fərqli münasibətlərdən biri də ondan ibarət olub ki, Tolstoy Həzrəti İsanın xristian dinində Allahla bəndələrin arasındakı vasitəçiliyini qəbul etmək istəməyib. Bu məsələlərlə bağlı yazıçı mütəmadi olaraq öz açıq və sərt fikirlərini bəyan etməkdən çəkinməyib. O dəfələrlə islam dininin daha ali, daha müqəddəs və daha üstün olmasını da səsləndirib. Elə bunun nəticəsi olaraq o povoslav kilsəsindən qovulub. Tolstoy boynunda xristian xaçı əvəzinə Jan Jak Russonun portretini gəzdirib.

Lev Tolstoy ömrünün son illərini mənəvi sarsıntılar, əsəb və gərginlik içərisində yaşayıb. Hətta son illərdə həyat yoldaşı Sofiya ilə də münasibətləri kəskinləşib. Onu bu vəziyyətə salan öz düşündüyü, arzuladığı cəmiyyəti görməməyi olub. Yazıçıya elə gəlib ki, zaman keçdikcə həyat və cəmiyyət onun görmək istədiyi kimi olacaq.

Lev Tolstoy səfərdə olduğu zaman dünyasını dəyişib. Yolda olarkən ağciyərləri möhkəm soyuqlayıb. Səfərini davam etdirə bilməyən yazıçı Astapov stansiyasında dayanmağa məcbur olub. 7 noyabr 1910-cu ildə həmin stansiyanın rəisinin evində son sözünü, “Mən həqiqəti sevirəm” deyərək vəfat edib.

Rusiyada digər tanınmışların dəfn mərasimlərindən fərqli olaraq Lev Tolstoy provoslav ənənələri ilə dəfn edilməyib.

Dahi yazıçı özündən sonra 165 min səhifə əlyazmasını, 90 cildlik əsərlərinin külliyatını və 10 mindən artıq məktub qoyub gedib.

“Güclü insanlar sadə olur” deyən Lev Tolstoy 82 illik ömründə öz gücünü də sadəliyi ilə təsdiq etməyə müvəffəq olub.



İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır