Modern.az

“Həyat yoldaşıma bənzər ikinci xanım tanımamışam” - Ayaz Mütəllibovla siyasətdənkənar MÜSAHİBƏ

“Həyat yoldaşıma bənzər ikinci xanım tanımamışam” - Ayaz Mütəllibovla siyasətdənkənar MÜSAHİBƏ

5 Mart 2014, 11:10

“Heç nəyə paxıllıq etmirəm, bircə cavanlıqdan savayı”


“Kitabımı oxuyanda kimsə öz-özündən utanacaq, kimsə hirslənəcək”

Bəzən illərin acı həsrətinə boyun əyməli olursan. Nə dünyanın gözəllikləri, nə xoş bir söz, nə də mehriban təbəssüm qürbətdə vətən həsrətini ovundurmağa yetməz.
Onunla müsahibəyə getməzdən öncə uzun-uzadə fikirləşdim ki, söhbətə hardan və necə başlamalıyam? Yol boyu qarışıq fikirlər məni tərk etmədi. Axı o, indiyədək ancaq siyasi mövzuda danışıb... Fərli nə soruşmalıyan?
Mövzunu çox uzatmaq istəmirəm. Beləliklə, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovla görüşümüz baş tutdu. Amma söhbəti siyasi motivlər üzərində qurmağı üstün tutmadım. Elə bu səbəbdən də Ayaz müəllimin bu yaşda da gümrah qalması diqqətimi çəkdi. Zarafatla dedi: “Heç nəyə paxıllıq etmirəm, bircə cavanlıqdan savayı. Gözəlliyinizin, gəncliyinizin qədrini bilin”. Bəli, Ayaz müəllim, çalışacam ki, bu tövsiyəni heç vaxt unutmayım.

Beləliklə, Modern.az saytında “Pəncərəlayihəsinin qonağı Azərbaycanın ilk prezidenti, həm də bu gün yeganə sağ-salamat qalmış eks-prezidenti Ayaz Mütəllibovdur.

- Ayaz müəllim, 20 ildən sonra Azərbaycana gəldiniz. Ölkənin 20 ildən sonrakı ümumi mənzərəsi ovqatınızda nəyi dəyişdi? Azərbaycanın iqtisadi, siyasi, mədəni cəhətdən dəyişməsi içinizdə hansı hisləri oyatdı?

- Açığı, vətənə qayıdanadək Bakını belə görəcəyimi təsəvvür belə etmirdim. Moskvada olarkən həmyerlilərimlə görüşlərimdə, onlar Bakıda və bütövlükdə respublikanın rayonlarında gedən dəyişikliklər barədə danışırdılar. Amma mənim gördüklərim bütün gözləntiləri üstələdi. Azərbaycanın qısa müddət ərzində bu səviyyədə dəyişməsi mənə indinin özündə də qürur hissi verir. Anlamaq xoşdur, sən elə bir ölkədə yaşayırsan ki, onun potensialı iqtisadiyyatın, mədəniyyətin, elmin, incəsənətin və memarlığın bütün sahələrində dəyişikliklərin daha çox olacağına əmin olmağa imkan verir. Əlbəttə, həll olunmamış problemlər də var. Ümumilikdə, əhalinin həyat səviyyəsi kifayət qədər yüksək deyil, baxmayaraq ki, bu sahədə görülən işlər də az deyil.

- Bəs, bu qədər müddətdə nə düşünürdünüz?

- Düşünürdüm ki, niyə mənə  ömrümü qürbətdə bitirmək qisməti düşüb.

- Аzərbaycanın ilk prezidenti olmusunuz. Ona görə də etiraf etməyinizi xahiş edirəm. Ölkəyə rəhbərlik etdiyiniz illəri xatırlayanda ən böyük səhvinizi nədə görürsünüz?

- Həddindən artıq insanlara inanmışam və vicdanlı olmuşam.

- O zaman geriyə - ötən illərə mütləq boylanırsınız. Maraqlıdır, keçmişə boylanan Ayaz Mütəllibov nəyə təəssüflənir?

- Əvvəla təəssüflənirəm ki, xalqa verdiyim vədləri yerinə yetirməyimə amansızcasına imkan vermədilər. Məqsədlərinə nail olmaqdan ötrü məni rəqiblərimə qarşı güc və repressiya vasitələrindən istifadə etmək zorunda qoydular. Mən isə o zaman düşdüyümüz ictimai-siyasi vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu nəzərə alaraq, Bakıda iqtidar-müxalifət savaşına yol verə bilməzdim. Bizim düşmənlərimiz elə bunu istəyirdilər. Bu səbəbdən də münaqişə zonalarında Azərbaycana qarşı təxribatlarla məşğul olurdular. Cəmiyyətdə fikir, düşüncə, ideoloji fərqlilik ola bilər. Bunların hamısı siyasi rəqabətdə öz əksini tapa bilər. Lakin bu o demək deyil ki, fərqli anlayışlar düşmənçiliyə gətirib çıxarmalıdır. Bu səbəbdən, cəmiyyətimiz ümummilli məsələlərdə də fərqli mövqedən hələ ki çıxış etmir, yekdil deyil.

- Gənclik illərində həmyaşıdlarımızın nöqsanlarını görmək istəmirik. Bu gün elə yaş dövründəsiniz ki, gənclərin nöqsanlarını demək şansınız var. Bu şansdan yararlanıb nə deyə bilərsiniz?

- Heç kəs demir ki, azərbaycanlılar arasında ideoloji fərqlilik olmasın, olsun. Ancaq bu o demək deyil ki, sən filankəsə düşmən kəsilməlisən, nalayiq sözlər deməlisən. Biz bir amal uğrunda birləşməliyik. Çünki bizim dərdimiz Qarabağ dərdidir. Vətəndaşlıq hissimiz varsa, heç nəyə biganə qalmamalıyıq. Bir də görürsən ki, cavan oğlan söyüş söyə-söyə gedir. Onu saxlayıb demək lazımdır ki, “ayıbdı, belə olmaz”.


- Elə bir insan tapılmaz ki, kövrək hisslərlə yaşamasın. Bəzi insanlar musiqiyə qulaq asanda, nostalji hisslərlə dolu olan filmə baxanda kövrəlir. Bəs, siz nəyə görə kövrəlirsiniz
?

- Əlbəttə, hər bir normal insan kimi məndə də belə hallar olur. Klassik musiqi adlanan şah əsərləri dinlədikdə, habelə ciddi filmlərdə dramatik süjetləri izlədikdə belə duyğular yaranır. Lakin mən ədalətsizlik olduqda və bu ədalətsizliklər xüsusilə müxtəlif səbəblər üzündən valideynsiz qalmış uşaqlar ətrafında baş verdikdə ən ağrılı hissləri keçirirəm.

- Kövrək məqamlar çox vaxt qələmə alınır. Siz də memuar yazırsınız. Yazdıqlarınız daha çox hansı mövzuda olur?

- Mənim memuarlarım öz şəxsi həyatım barədə olan xatirələrimdən, ailəmin həyatından və həyatda görüşdüyüm müxtəlif insanlar haqqında olan məlumatlardan ibarətdir. Dramatik tariximizin şahidi kimi yazıram. Çünki mən sağlığımda olanları öz dilimlə deyirəm.

- Dediniz ki, yazıları tarixin şahidi kimi qələmə alırsınız. Bəs, həmin yazıların qəhrəmanları özlərinin əməllərinə rast gələndə nə baş verəcək?

- Bu kitabı oxuyanda kimsə öz-özündən utanacaq, kimsə hirslənəcək.  

- Tükiyənin sabiq prezidenti Turqut Özalla dostluğunuz olub. Hətta xanımlarınız da dost olublar. Bilmək istərdik, bu gün Turqut Özalın ailəsi ilə əlaqələriniz qalıbmı?

- Prezident olduğum müddətdə Turqut Özalla iki dəfə görüşdük. Bir dəfə də o, Bakıya gəlmişdi. Görüşdə xanımlarımız da iştirak etmişdi. Halbuki, mənim xanımım həmişə belə şeylərdən uzaq olub. Turqut Özalın ailəsi ilə bugünkü dostluğumuza gəlincə, təəssüf  ki, bu gün əlaqələrimiz qalmayıb.

- Ata yurdunuz qədim Şamaxı şəhəridir. Amma nədənsə şamaxılılar sizin onlara az diqqət göstərməyinizdən şikayətləniblər. Bu, nə ilə bağlıdır?

- Düzdür, həm anam, həm də atam köklü şamaxılı olublar. Mən isə Bakıda anadan olmuşam. Başqa sözlə desək, şirvanlıyam. Təəssüf ki, vətənə qayıdandan sonra ailə vəziyyətimə görə nəinki Şamaxıda, digər rayonlarda da olmamışam. Amma hazırlaşıram. Şamaxılılara az diqqət göstərməyimə gəlincə, qeyd etməliyəm ki, Azərbaycanın hər bir bölgəsi həmişə mənə əziz olub. Ümumiyyətlə, ölkə rəhbəri oldugum vaxtlarda qısa müddətdə bütün rayonlara diqqət yetirə bilməmişəm. Amma bütün məsul vəzifələrdə fəaliyyətimi Naxçıvan Muxtar Respublikasından başlamışam. Yerli Sənaye Nazirliyinin rəhbəri, Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin sədri, Baş nazir, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifələrində, nəhayət Azərbaycan prezidenti vəzifəsində ilk ziyarətimi Naxçıvandan başlamışam. Ona görə ki, Naxçıvan bizdən aralıdadır, ortada Ermənistan var. Naxçıvana kömək etmək yüksək səviyyəli məmurların vəzifə borcu idi. Bu təcrübənin yerlipərəstliklə heç bir əlaqəsi yox idi. Şəxsən mən heç zaman ayrı-seçkiliyə, yerlibazlığa yol verməmişəm. İndinin özündə belə “haralısan” sualını rahatlıqla dilimə gətirə bilmərəm. Buna görə də mən Azərbaycan vətəndaşlığı məfhumunu hər bir şeydən üstün tuturam.

- Bir vaxtlar bugünkü müxalifətin üzdə olan fəalları ilə eyni cinahda olmusunuz. Bu gün o əlaqələr qalıbmı?

- Biz eyni cinahda olmamışıq və təsəvvür etdiyiniz münasibətimiz də olmayıb. Bunun səbəbi isə müxalifətin iqtidara qarşı sərt, barışmaz mövqe tutması idi. Ona görə də əlaqəmiz olmayıb və indi də yoxdur. O zaman baş verənlər artıq tarixi hadisələrdi, onların acı nəticələri də göz önündədir. Hərdən müsahibələrimdə keçmiş hadisələri şərh edirəm, öz bilgilərimi oxuculara çatdırıram. Əlbəttə, açıqlamalarım bəzi keçmiş opponentlərimin xoşuna gəlmir. Tarixi hadisələrdən vaz keçmək olmaz. Bir də onlar məni devirmişdilər, bunu da heç cür unuda bilmərəm. Araşdırmalarımın məqsədi bildiklərimi oxuculara çatdırmaqdır.

Yeri gəlmişkən, qeyd etməliyəm ki, prezident işlədiyim zaman müxalifətə qarşı etik normaları pozmamışam, onlarla hesablaşmışam. Çünki biz də demokratik islahatlar yoluna qədəm qoymuşduq. Bu, o demək idi ki, Azərbaycan Qərbin demokratik dövlətləri tərəfindən nəzarətə götürülüb. Biz də bununla hesablaşmalı idik. Məhz ona görə ki, bizim Qarabağ problemimiz mövcud idi. Lakin AXC liderləri mənə qarşı münasibətdə etik normaları güdmürdülər. Təhqiredici şayiələr yaymaqla məşğul idilər, Yeltsinlə aramızı vurmaq istəyirdilər və sair. Həmişəlik yadımda qalan hadisələrdən birini söyləyim. 1991-ci ilin sentyabrında Yeltsin və Nazarbayev Bakıya gəlmişdilər. Gələn günün səhəri görüş keçirdik. Mən görüşə müxalifət liderləri İsa Qəmbəri, Etibar Məmmədovu, İsgəndər Həmidovu dəvət etmişdim. Bunlar da hökumət üzvləri ilə masa arxasında bir sırada əyləşmişdilər. Bununla mən qonaqlara bildirirdim ki, Dağlıq Qarabağ məsələsində bizim mövqeyimiz birdir. Lakin AXC liderlərinin mənə qarşı düşmən mövqeyini İsgəndər Həmidov səsləndirdi. O, Yeltsinə müraciət edərək bildirdi: “Biz sizin kimi demokratik ölkə qurmaq istəyirik, biz sizin mübarizənizə kömək etmişik, mitinqlərinizdə iştirak etmişik. Bizim sizdən xahişimiz odur ki, Mütəllibovu vəzifədən azad etməkdə bizə kömək edəsiniz. Mütəllibov bildiyiniz kimi kommunistdir, “ГКЧП”ni dəstəkləyən adamdır”. Yeltsin heç nə demədi. Görüşdən sonra məndən soruşdu ki, bunlar kimlər idi? Cavab verdim ki, bunlar yerli demokratlardı. Əlavə sözə artıq ehtiyac duymuram.

- Ayaz müəllim, söhbətimizi siyasi motivlər üzərində qurmaq istəmirəm. Dediyiniz kimi, əlavə sözə ehtiyac da yoxdur. Deyirlər, insan sevib-seviləndə xoşbəxt olur. Təbii ki, qarşılıqlı sevgidən danışıram. Maraqlıdır, Ayaz Mütəllibov sevib ailə həyatı qurub, yoxsa, həyat yoldaşınızla evlənmək valideynlərinizin seçimi idi? Səmimi cavab verməyinizi istəyirəm.   

- Həyat yoldaşımla evlənmək öz seçimim idi. Biz tanış olanda 20 yaşım vardı. Xanımımla görüşərkən öz-özümə dedim: “Artıq məsələ həll olundu”. 4 il bir-birimizi sevəndən sonra evləndik. Həyat yoldaşım Ədilə xanım çox qəşəng qız olub. Ona bənzər ikinci qız tanımamışam. Mənim xanımıma azərbaycanlı demirdilər. Bir dəfə biri zarafatla soruşdu: “Yoldaşınız azərbaycanlı deyil?” Dedim: “Necə yəni azərbaycanlı deyil. Atası bakılı, anası maştağalıdır. O, əsl azərbaycanlıdır”. O zamanlar mən Rəşid Behbudov adına Mahnı Teatrında texnik işləyirdim. Cəmi bir il orda işlədim. Fikirləşirdim ki, “bu qazancla ailə saxlamaq olmaz”. Ondan sonra zavoda getdim. İşləyib ailədə atama da kömək edirdim.  

- Deyirlər, Mərdəkanda olan bağ eviniz indi də durur...

- Mərdəkanda qayınatamın bağ evi durur. Hərdən yoldaşım Ədilə xanıma deyirəm: “Vaxt vardı, yayda Mərdəkanda gedib dincəlirdik. Əncir ağacının altında otururduq. Dənizə gedib təmiz havasından udurduq. Ondan başqa xoşbəxt illəri yada sala bilmirəm”.

- Zahiri görüşünüzcə xarizmatik obrazlı insana oxşayırsınız, hətta bu yaşda da yaxşı formada qalmısınız. Maraqlıdır, idmanla məşğul olursunuz?

- Kompliment üçün təşəkkür edirəm. İnsanın xarici görünüşü onun sürdüyü həyat tərzindən xeyli dərəcədə asılıdır. Əlbəttə, idmandan çox şey asılıdır. İmkanların məhdudluğuna baxmayaraq, uşaq yaşlarımdan idmanla məşğul olmuşam. Məsələn, 50 yaşıma qədər voleybolla məşğul olmuşam. Bu, mənim sevdiyim idman növüdür. Tələbəlik illərində qılıncoynatma ilə məşğul olmuşam. Bakıda ilk dəfə “Tarzan” filmi göstərilərkən mümkün vasitələrlə kulturizmə bənzər əzələlərin şişirdilməsinə kütləvi şəkildə aludəçilik başlanmışdı. Bu həvəs məni də kənarda qoymamışdı. Bir qəbahətim olub, siqaret çəkmişəm. Ancaq gec də olsa atdım. İçki ilə heç vaxt aram olmayıb.

- Bu sualı vermək mənim üçün çox çətindir. Amma həyatın da öz qanunları var. Oğlunuz cavan yaşlarında dünyasını dəyişib. Əlbəttə, bir ata üçün övlad itkisi çox ağırdır. Oğlunuzun dünyasını dəyişməsindən sonra həyatınızda nələr dəyişdi?

- Bizim vaxtsız dünyasını dəyişmiş oğlumuz üçün olan həsrətimiz ömrümüzün sonuna qədər qəlbimizdə yaşayacaq. Onu itirmək, elə həyatımızın da dəyişməsi deməkdir.


Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir